news-inner
clock15:00 calendar-gray 17 May 2019 view-gray234 dəfə oxunub
view-gray234 dəfə oxunub

Onun başına oyun açdılar - Reportaj

Bir mədəniyyət ocağının, teatrın qarşısında belə qələbəlik görmək adamda gələcəyə ümid yaradır. Təkcə Gənc Tamaşaçılar Teatrı deyil, son illər heç bir teatrın qarşısına hələm-hələm belə tamaşaçı axını olmur.

Gənc Tamaşaçılar Teatrının qarşısına “Dəli yığıncağı” Pantomima Teatrını deyib gəlmişdik. Bu teatrın 25 illik yubileyi qeyd olunurdu. Bilirdik ki, bu qeyd olunma, digər qeyd olunmalar kimi cansıxıcı çıxışlarla, standart, darıxdırıcı olmayacaq. Bilirdim ki, fərqli, yeni ideyalarla, maraqlı nömrələrlə müşahidə olunacaq. Teatrın yaradıcısı və bədii rəhbəri, xalq qrtisti Bəxtiyar Xanızadə “dəliləri”ni başına yığıbsa, demək, orda ideya, yaradıcılıq qaynayacaq. Bu o “dəlilər”dir ki, 1994-cü il mayın 14-də yığılıb Azərbaycanda nə anlam daşıması, mahiyyəti heç bəlli olmayan Pantomima Teatrını yaradıblar. İndi həmin adamlar mədəniyyətin müxtəlif istiqamətlərində imzası, layihələri ilə seçilən sənətkarlardır. Amma izləri Pantomima Teatrının səhnəsində, tarixində qalıb.

Teatrın 25 illik yubileyi münasibəti ilə cəm olmuşdular ustadlarının ətrafına. Ümumi iş üçün qazanclarından keçmişdilər bir neçə aylıq, yubiley tədbirinə səfərbər olmuşdular. Bu faktın özü maraqlı bir gecədən xəbər vermişdi zatən.

İşin təşkilinin arxasında çox gərgin əmək də görünür, yalnız tədbirin yaradıcı hissəsinin demirəm, dəvətnamələrin paylanmasına qədər hər şey səliqəli təşkil olunmuşdu. Hər kəsin zalda öz yeri vardı, ayaq üstündə qalanlar özləri bu seçim edənlər idi. Yəni, yer olmadığını bilə-bilə birtəhər zala keçmişdilərsə, bəlli ki, ayaq üstündə sənəti seyr etməyə razı olmuşdular. O qədər adam vardı ki, hamı əlinə keçən nə iləsə özünü yelləyirdi, hava da yer kimi hamıya çatmırdı.

Səhnəyə əvvəlcə aparıcı çıxdı və Mədəniyyət naziri Əbülfəs Qarayevi təbrik üçün dəvət etdi. Əlində bir neçə A 4-lə çıxan nazir kağızları göstərib “mənə belə çıxış yazıblar”- dedi. Ürəyimiz qırıldı. Yaxşı ki, Əbülfəs müəllim sözün arxasınca “Amma mən öz fikirlərimlə bu istedadlı kollektivi təbrik edəcəm”, - deyə əlavə etdi.

Adamın Allahı var, qısa və lokanik təbriklə sözü ötürdü Teatr Xadimləri İttifaqına. Qısa çıxışından Pantomima Teatrını və onun tamaşaçılarını sevindirən o oldu ki, teatr çox keçmədən təmir olunub çətinliklərdən qurtulacaq. O isə çıxışının əvvəlində “teatr canlı orqanizmdir və canlı orqanizm heç vaxt problemlərdən və ağrılardan qurtula bilmir ”-deməsi bizi qorxuya salmışdı.

Teatr Xadimləri İttifaqının birincisi yox, ikincisi, xalq artisti Hacı İsmayılov Sov. İKP – nin XXVII qurultayının çıxışçıları fason uzun və təntənəli təbrik nitqini söyləyib gurultulu alqışlara yerinə qayıdandan sonra Pantomima Teatrının 25 illik yubiley tədbirini başlanmasından xeyli məmnunluq hiss edə bildik.

Səhnədə baş verənlər Pantomima Teatrının keçmişini və gələcəyini əhatə edirdi. Əvvəlcə böyük teatr məktəbinin banisi, SSRİ xalq artisti K.Stanislavski, daha doğrusu, teatrın dostu, xalq artisti Ramiz Həsənoğlu Stanislavskinin rolunda səhnəyə çıxıb Pantomima Teatrının 25 illiyi olduğunu və bu teatrı təbrik etməyi özünə borc bildiyini izhar etdi: “Çünki bu kişi 25 ildir teatrla məşğuldursa, böyük adamdır”, - dedi.

Onun teatra hədiyyə etdiyi “Sehirli xalat”la aktyorlar Pantomima Teatrının keçmişinə də getdilər, gələcəyinə də. Amma böyük Stanislavski xəbərdarlıq etmişdi ki, gələcəklə bir az ehtiyatlı olun.

Bəxtiyar Xanızadənin çiyninə o xalatı salan aktyor ustadını keçmişdən gələcəyə gətirdiyinə peşman oldu. Gördülər ki, keçmişdə Bəxtiyar müəllimin metoduna gülür, özünü isə düymə ilə idarə edirlər. Gələcək teatrda qadını müxtəlif əşyalarla əvəz edirlər. Şekspirin belə əsərlərinin tamaşasında aktrisa yoxdur, ləğv ediblər. Xalatlarını geyinib bu günə qayıdan sənətkarlar Pantomima Teatrının yaşadığı bugünkü problemlərə - məşq zamanı kanalizasiyanın tutulmasına, suyun, işığın kəsilməsinə, darısqallığa, çətin şəraitdə məşq eləmələrinə, hər şeyə az qala, şükür etdilər. Bir məqamı da deyim, bu çətinliklərin hamısı xırda detallarla pantomimanın dili ilə pıçıldamaq idi. Ağlaşma deyildi, xahiş, minnət, yalvarış deyildi, danışan sənət idi səhnədə.

Məşqin qızğın yerində Bəxtiyar Xanızadə açarı, kanalzasiya rezinini götürüb kanalzasiya açmağa qaçır. Yaxud tamaşa ərəfəsi işıqlar kəsilir, Bəxtiyar Xanızadə ayağının altına nərdivan qoyub qırılmış işıq xəttini bərpa edir. Bunların hamısını öz gözlərimlə Dövlət Gənclər Teatrında Hüseynağa Atakişiyevin “ifası”nda da görmüşəm. Bu gün həmin çətinliklərlə yaşayan Pantomima Teatrı yubileyində həm də bunları nəql edir. Səhnədən bir növ haray çəkir ki, biz bu yaşa bunlarla gəlmişik, sənətlə məşğul olub, boş cibimizin dərdinə ağlamışıq. Ətrafımızda sənətdə xaltura edənlər həyatda bizi arxada qoyublar. Heç olmasa, bundan sonra bizim yaşamaq uğrunda mübarizəmizə dəstək verin-deyir. Sənəti xalturadan yüksəyə qaldır, əziz tamaşaçı, bu səndən asılıdr, qoyma gələcəkdə görmək istəmədiklərimiz başımıza gəlsin.

Gedişatda çox sevimli “Nağaraçalanlar”, “Pantomiam buketi” kimi tamaşalardan səhnələr də ifa edilirdi, həm də köhnələrin ifasında.

Sonda “Dəli yığıncağı” Pantomima Teatrının bütün “dəlilər”i, özülünü qoyanlar - Rövşən İsax, Siyavuş Hüseynli, Azər Şabanov, Nicat Kazımov, Əsəd İsmayılov, Elman Rəfiyev, Nargilə Hüseynovadan tutmuş bugünkü fədakarlarına qədər hamısı səhnəyə çıxdı. Ustadları Bəxtiyar Xanızadənin ətrafında birləşdilər. Teatrın yaranmasında xidmətləri olan ən kiçik texniki işçidən tutmuş böyük Həsənağa Turabova qədər minnətdarlıqla anmağı da unutmamışdılar. Aktyorların hamısının üzündə sevinc, fərəh və o sevinc çox böyük ustalıqla tamaşaçıya ötürülmüşdü. Uzun illərdən sonra ilk dəfə səhnə ilə zalın bir ürəkdə döyündüyünü görürdüm. Hər iki tərəf bir-birini və sevgini, birliyi, vəhdəti və sənəti alqışlayırdı.

Pantomima, 25 yaşın mübarək!

news-inner-user
Ramilə Qurbanlı

171 məqalə

Paylaş

Oxşar xəbərlər

Xəbər lenti

Bəxtiyar Vahabzadədən unudulmaz sevgi şeiri
12:54 25 Avqust 2019
Ölənlərin səsləri həmişə mənimlədir... - Borxesin şeirləri
16:41 24 Avqust 2019
Elyanora
16:36 24 Avqust 2019
“Koroğlu” operası tamaşaçılara təqdim olunacaq
15:51 24 Avqust 2019
“Dejavü” növbəti dəfə nümayiş ediləcək
14:25 24 Avqust 2019
Öldürmək istədiyim hamilə qadın - Əyyub Qiyasdan əfsanə
13:29 24 Avqust 2019
Məşhur italiyalı aktyor vəfat edib
12:41 24 Avqust 2019
Şairə xanım Firudin Qurbansoya səsləndi: "İnsanların haqqına girməkdən qorxun!"
11:38 24 Avqust 2019
"Mama, nolar ölmə"
10:44 24 Avqust 2019
Ceyms Bond haqqında yeni film sonuncu ola bilər
10:04 24 Avqust 2019
İran qadınlarının həyatı: fahişədən general arvadınadək
09:01 24 Avqust 2019
“Doktor Jivaqo” hədsiz zəif əsərdir” – Brodskinin qeyri-adi müsahibəsi
21:01 23 Avqust 2019
Onlar 2019-da hamıdan çox qazandılar - Siyahı
19:00 23 Avqust 2019
Nəsiminin 650 illik yubileyinə həsr olunan xatirə pulu buraxılıb
18:24 23 Avqust 2019
Mirzə Cəlilin son cümlələri... - Mehman Qaraxanoğlu yazır
17:29 23 Avqust 2019
“İt gəzdirən xanım” tamaşası yenidən nümayiş olunacaq
16:37 23 Avqust 2019
Tələbəsinə aşiq olan, 20 Yanvarda adamları ölümdən qurtaran aktyor – Maraqlı faktlar
15:45 23 Avqust 2019
Oğru adlandırılan şair danışdı: “Olur belə şeylər"
15:07 23 Avqust 2019
Yaqub Zurufçu: “Ququşun “Ayrılıq" mahnısı seksual səslənir” – Müsahibə
14:58 23 Avqust 2019
İlqar Əlfioğlu yeni verilişdə - Anons
14:20 23 Avqust 2019