news-inner
clock14:20 calendar-gray 09 May 2019 view-gray789 dəfə oxunub
view-gray789 dəfə oxunub

Babamın Müharibəsi – 9 May hekayəsi

Kulis.az Daşın Məmmədovun “Babamın müharibəsi” hekayəsini təqdim edir.

Hər il may ayının doqquzu gələndə babam orden və medallarını yaxasına sancaqlayar, təntənəli rayon tədbirlərində iştirak edərdi. Amma babamın həmin günlər sevindiyini heç hiss etməzdim. Həmin günlər qəmli və nəmli gözləri yol çəkərdi, fikri uzaqlarda olardı.

Bir gözünü, otuz iki dişini və tək qardaşını qoyub gəldiyi müharibədən danışmağı heç sevməzdi. Ən böyük və sevimli nəvəsi olsam da, bu barədə bütün cəhdlərim uğursuz olardı. Çox insanlar müharibədə olanları sonradan bir az yox, lap elə əməlli şişirdərək danışmağı sevsələr də, babam niyə susurdu?

Yalnız anamdan, bir döyüşdə güllənin babamın ağzının içindən keçərək bütün dişlərini tökdüyünü, digər döyüşdə gözünü itirdiyini, müalicə olunduğu hospitalın bombalandığını və babamın üç gün uçqun altında qaldıqdan sonra sağ tapıldığını, Leninqradın mühasirəsindən Ladoqa gölünün buzları üzərindən sürüdülərək çıxarılmasını eşitmişdim. Qardaşının isə bir kəlmə ilə itkin düşdüyünü söyləmişdi babam.

Müharibədən sonra qardaşının övladlarını öz övladları ilə birgə böyüdən babam qardaşı haqda söhbət düşəndə, illər keçməsinə baxmayaraq göz yaşlarını saxlaya bilmirdi.

Artıq müharibədən 49 il keçmiş, “Böyük Vətən” dağılmış, “Böyük qardaş” kiçik qardaşlarının hər birini “mükafatlandırmış”, bizə “20 yanvar” və “Qarabağ” müharibəsini cəza kimi rəva görmüşdü.

Babam son günlərini yaşayırdı, övladları demək olar ki, hamısı yanında idi. Növbə ilə qulluğunda dururdular. Allah, babamı gözəl övladlarla mükafatlandırmışdı. 6 oğlu, 3 qızı var idi, hamısını təhsilə çatdırıb yerbəyer etmişdi. Müharibədən sonrakı illər babam üçün elə də rahat keçməmişdi. Dörd qardaş övladı, doqquz da öz balasını, dolandırmaq üçün gündüzlər məktəbdə müəllimlik, axşamlar isə evdə ustalıq edirdi. Babamın əlindən gəlməyən iş yox idi, desəm yanılmaram. Musiqi alətləri yığar və kökləyər, silah təmir edər, dəmir alətlər düzəldərdi, hətta zərgərlik də edərdi. Hə, bu arada babam orta boylu, göy gözlü, arıq kişi idi. Səliqəli geyinərdi, panama və qalstuksuz evdən çıxmazdı. Zəhmətə alışqanlığı onu ömrünün sonunadək tərk etmədi. Bağda daim ağaclara qulluq edər , hər il kiçik tərəvəz sahəsi salardı. Bizim tərbiyəmizə çox fikir verərdi, bir dəfə çayı nəlbəkidən içərkən az qala məni nəlbəkidə boğacaqdı. Demə, bu keşməkeşli, şərəfli, uzun ömrün sahibinin dünya ilə vidalaşmağına sayılı günlər qalmışdı.

Həmin gün otaqda üç dayım və mən var idim. Elə bil bu gün babam bir az özünə gəlmişdi. Yatağında oturmasına kömək etməyimizi istədi. Bir neçə qaşıq şorba yeyib, meyvə şirəsindən də bir-iki qurtum içdi. Bizi yaxınına çağırdı.

- Sizə danışacaqlarımı demək üçün çox gözləməli oldum, Sovet hökuməti dağılmasaydı bəlkə heç söyləməyəcəkdim də. Deyəcəklərimi sirr kimi saxlamaq, heç kəslə bölüşməmək , bunu yaşamaq qədər ağır oldu mənə. Bilmirəm, mən bu dərdlə, bu sirrlə bu qədər uzun necə yaşaya bildim. Bəlkə Allah bu dövlətin dağılmasını görmək və bu sirri sizə söyləyə bilməyim üçün bu qədər çox yaşatdı məni. Sizə heç vaxt müharibə haqda danışmamışam, indi də elə çox söz söyləməyəcəm - Babam nəfəsini dərib davam elədi:

- Müharibə başlayandan aylar keçirdi. Hərbi komissarlıqda işləyirdim. Hər gün onlarla yerlimi cəbhəyə yola salsam da, gənc kommunist kimi müraciətimə baxmayaraq hələ ki, mənə öz işimlə məşğul olmağımı söyləyir, müharibəyə aparmırdılar. Çox keçmədi ki, növbə gəlib böyük qardaşım Şərifə çatdı. O zaman mən subay olsam da, cəmi bir yaş fərqimizə baxmayaraq qardaşımın üç oğlu, bir qızı var idi.

Mən siyahıda qardaşımın adının arxasınca öz adımı yazıb ayağa qalxdım. “Şərif hara getsə mən də ora gedəcəm” deyib qardaşımın əlindən tutdum. Və bir-birimizin əlini son dayanacağa qədər buraxmadıq. Bizi ayrı hərbi hissələrə salmaq üçün bir neçə bölgü məntəqəsində möhkəm döysələr də sonda yazıqları gəldi, beləcə cəbhə xəttindəki hərbi hissəyə birgə çatdıq.

Həm kommunist, həm də təhsilli olduğum üçün mən rotamızın (bölük) təsərrüfat işlərinə rəhbərlik və yeməyin bölüşdürülməsinə nəzarət edirdim. Qardaşım arada ona normadan artıq yemək verməyimi xahiş edəndə, “hamı necə, biz də elə” deyərək onun xahişini rədd edərdim,- bu yerdə babamın gözlərindən yaş axmağa başlamışdı, -Artıq bir neçə döyüşdə olmuşduq. Şəriflə daim yanaşı vuruşar, bir-birimizə arxa durar, bir-birimizi qoruyar, bir-birimizin ölümündən qorxardıq. Qardaşımı çox sevirdim, -babam az qala hönkürürərək,- bir gün belə onu düşünmədən yaşamadım. Bəlkə mən heç yaşamırdım Şərifimi yaşadırdım. Mən onun yadigarlarını yaşatmaq üçün yaşadım. Mən onu ürəyimdə yaşatmaq üçün yaşadım. Kim onu mənim qədər yaşadardı ki? Uşaqlarının heç yadına gəlmirdi, uşaqlarını doyunca görməyən qardaşım...

Babam ağlayır, biz isə gözləri dolmuş halda ona qulaq asırdıq.

- Boş vaxt olan kimi uşaqlardan danışardıq. Onları oynadardıq, böyüdərdik, sünnət edərdik, oxudardıq, iş tapardıq, evləndirərdik. Hamısını tək etməli oldum, arzuları ürəyində qaldı qardaşımın. Heç hamı kimi sevib evlənmək də qismət olmamışdı qardaşıma. İki dayım ardıcıl toy gecəsi namaz üstündə ölmüşdü. İkinci, həm də sonuncu dayım öləndə anam gəlini geri qaytarmayaraq qardaşımın bütün etirazlarına və yaşının azlığına əhəmiyyət vermədən onunla evləndirmişdi,-Babamın ürək dağlayan hekayəsi sanki heç zaman bitməyəcəkdi,- Çox ağır günlər idi, yağışın qarın altında yatıb dururduq. Döyüşlər təsadüf ara verirdi. Şərif rusca bir kəlmə də bilmirdi, mənim onu öyrətmək cəhdlərim də faydasız idi. Komandirimizin başqa dillərdə danışanlarla arası yox idi. Bizim milləti isə nədənsə heç sevməzdi. Məndən kommunist olduğuma görə bir az çəkinsə də, qardaşımla qəti yola getmirdi. Tez-tez söyür, danlayır, mən yaxınlaşanda yerə tüpürüb gedirdi. Şərif onun dediklərindən heç nə anlamasa da komandirin onunla düşnüşdüyünü bilirdi. Səbəb də başa düşmədiyi əmrləri yerinə yetirməməsi idi. Bu arada Şərifin qayını Bəxtiyarın qəhrəmancasına ölümü bütün cəbhəyə yayıldı. Çox pis olmuşduq. Bəxtiyar evin tək oğlu idi, bir yerdə böyümüşdük. O qədər kasıb böyümüşdü ki, sonradan qəzetlərə verməyə yazığın evdən bir şəkli belə tapılmadı. Həmin vaxtlar Bəxtiyar haqda şeir bütün azərbaycanlıların dilində əzbər idi.- şeiri sonradan mən tapdım, on alman əsgərini öldürdükdən sonra gülləsi qurtaran yaralı Bəxtiyar zabitin boğazını gəmirərək öldürmüş, özü də qanaxmadan ölmüşdü, Rəsul Rzanın 1942-ci ildə yazdığı bu şeir bir zamanlar çox məhşur olub:

Külək qarı səpələr, Bəxtiyar!

Ağ geyinib təpələr, Bəxtiyar!

Gecə qara,yol uzaq, qardaşım,

Göylər bulud, çöl-düz ağ,qardaşım.

Kaman çalan kimdir o, Bəxtiyar?

Küləkdi, ya simdi o, Bəxtiyar?

Hənirtini duydu kəhərin?

Tüfənginə yapışdı əllərin.

Düşmən əli bir, təkcə sən, nə zərər?

Tənlik işarəsidi güllələr!

Gənclik, həyat şirindir,qardaşım!

Vətən qat-qat şirindir qardaşım!

Ellərimin balası Bəxtiyar!

Qəlbi vətən qalası Bəxtiyar!

Qurtarırsa əsgərin gülləsi

Silahıdır qəlbinin kin səsi.

Məhv etdin on yağını, qəhrəman!

Qan sızırdı sənin də yarandan.

Boğazını zabitin gəmirdin.

İradə qüvvətinlə dəmirdin!

Qalib nəğmə səslənir qardaşım!

Qalibiyyət nəğmədir qardaşım!

Kaman çalan kimdir o, Bəxtiyar?

Küləkdi ya simdir o, Bəxtiyar?

Adın bu nəğmələrdə - nəqarət!

Dostlar gedir cəbhəyə, rahat yat!

Bax qızarır üfüqlər, qardaşım!

Sən qorudun vətəni, Bəxtiyar!

Vətən unutmaz səni, Bəxtiyar!

Bundan sonra fəxr ilə analar

Körpəsinə ad qoyar Bəxtiyar.

- Bəxtiyarın igidliyi komandirin bizə qarşı nifrətini daha da artırmışdı, “qaraların” igidliyinə də paxıllıq edirdi alçaq. Çox az rast gəlinən sakit günlərdən biri idi. İstilər düşmüş canımız əməlli isinmişdi. Əsgərlərin yemək paylarını almaq üçün qərərgaha getmişdim, gedən yerdə qıçım sınardı kaş,-babam yenidən hönkürdü,- Uzaqdan komandirlə qardaşımı üz-üzə görüb addımlarımı sürətləndirdim. Komandir yenə qışqırır, qardaşımsa bu dəfə susmurdu. Alçaq birdən silahını çıxardıb qardaşımın düz alnından vurdu. Güllə elə bil Şərifin alnından deyil, mənim ürəyimdən dəydi,- babam uzun müddət, bərkdən ağladı,- Bəlkə üstümdə silahın olmaması yaxşı oldu. Mən Şərifimin üstünə atıldım. Sanki qorxulu yuxu görürdüm. Komandirin necə getdiyini hiss etmədim. Var gücümlə qışqırırdım, Şərifimi çağırırdım. Gözümün qabağında, qucağımda qardaşım, tək arxa-dayağım getdi. Nə çəkdiyimi bir Allah bildi.- hönkürüb ağlayaraq xeyli ara verəndən sonra- bir tikə çörəyi qıymadığım qardaşım,-yenə hönkürür,- ən çox məni ona artıq çörək verməməyim yandırır. Bu məni ölənəcən yandıracaq. “Hamı necə, biz də elə” deyirdim, demə elə deyilmiş, biz hamı kimi deyilmişik. Biz sadəcə rusun dilini bilmədiyimiz üçün ölümə layiqmişik. Qardaşımı elə orda dəfn etdilər. Sonra həmin yeri almanlar aldı. Məni çoxlu kağızlara imza etdirirdilər, heç nə soruşmadan, heç nə oxumadan qol çəkirdim. Yəqin günahın qardaşımda olduğunu təsdiqlədirdilər. Artıq yalnız bir arzum var idi, nə olur olsun bu hərbi hissədə qalım. Allahım var imiş, almanların güclü hücumu başladı və mənim yerimi dəyişməyə vaxt çatmadı. Döyüşlər ara vermirdi. “Döyüşlər” sözü bu insan qırğınını ifadə etməydə çox acizdi. Minlərlə gənc adamın, ana balasının öz doğma evindən min kilometrlərlə uzaqda hissələrə parçalanraq torpağa qarışmasını, qəbirsiz, kəfənsiz, adsız, izsiz yoxa çıxmasını bir ucuz kəlmə ilə ifadə etmək olmaz. Mənim üçün kimin artıq qalib gələcəyi, kimin məğlub olacağı maraqlı deyildi. Öz canım da maraqlı deyildi, amma canımı qoruyurdum. Qoruyurdum ki, qardaşımın qisasını almadan ölməyim. Özü də şəxsən alım qisasımı, həmin alçağı almanlar məndən qabaq öldürməsin. Mənim artıq bir düşmənim, bir müharibəm var idi, öz düşmənim və öz müharibəm. Çox gözləməli olmadım. Heç bir həftə çəkmədi. Amma bu yeddi gün mənə yeddi il kimi gəldi. Yeddi yuxusuz, yeməksiz, susuz, günəşsiz, işıqsız uzun il kimi. Düz deyiblər ki, müharibədə və sevgidə zaman sürətlənir. Boş vaxtlarım səngərin küncündə silahımı qucaqlayaraq ağlamaqla keçirdi. Bütün döyüşlərdə mən o alçağı vurmaq üçün girəvə axtarırdım, ancaq elə etməli idim ki, heç kəs görməsin. Snayper (kəskin nişançı) olmağım bu işi asandlaşdırırdı. Döyüşün ən qızğın vaxtında komandiri nişangahda gördüm, hamının başı özünə qarışmışdı. Bu bəlkə son şans idi, qaçırmadım, düz başından vurdum. Və mənim düşmənim artıq yox idi, müharibəm də bitmişdi,- babam göz yaşlarını silib gülümsədi,- aldım qardaşımın qisasını, Allah məni qisassız qoymadı. Bəlkə o alçağı mən öldürməsəydim bu qədər yaşamazdım, Şərifimi bu qədər yaşada bilməzdim,- o susan susdu babam. Bir neçə gün tavana zillənən gözlərindən arada yaş süzülürdü. Artıq qardaşı, ata və anası ilə görüşə hazır idi. Bu dünya ilə bütün işlərini tamamlamış, arxasında yarımçıq heç bir iş buraxmamış babam, bu əbədi görüşə alnı açıq, üzüağ gedirdi.

Babam iyun ayında rəhmətə getdi, müharibənin başlandığı ayda, bəlkə həm də qardaşının öldüyü ayda bunu heç vaxt bilməyəcəyik. Bildiyim odur ki, babamla birlikdə mən məzarda həm uşaqlığımı, həm də böyük müharibə, şərəfli qələbə haqda fikirlərimi də dəfn elədim. Bu bir faşizm üzərində başqa faşizmin-milyonların qanı hesabına daha faşistcəsinə qələbəsindən başqa bir şey deyildi. Çünki dünyada faşızm bitmədi, yalnız adını dəyişdi. Məzara torpaq ata-ata, bir neçə ay əvvəl danışanda ziddinə getmədiyim Fin müharibəsindən başlayıb Berlinə qədər gedən Əhməd kişinin ağlayaraq dediyi “müharibədən sonra vətənim Axıskaya dönəndə gördüm yurdumuz xarabadı, heç kim yoxdu. Aylarla axtardıqdan sonra ailəmi Qazaxıstan çöllərində tapdım. Çoxu yollarda ölmüşdü, qəbirləri belə yox idi. Mən kimin üçün, nə üçün vuruşmuşdum, kimi kimdən qorumuşdum bilmirəm” sözlərini xatırladım və anladım ki, bu müharibənin məğlubu ölənlər, qalibi isə sağ qalanlar idi. Şərif məğlub idi, Mustafa isə qalib.

2015

news-inner-user

13549 məqalə

Paylaş

Oxşar xəbərlər

Xəbər lenti

Şimali Kiprdə rəssamımızın sərgisi keçirilib
13:47 16 Dekabr 2019
"Soyuzmultfilm" məşhur cizgi filminin davamını çəkdi
13:19 16 Dekabr 2019
Rövşən İsaxın yeni serialı plagiatdır - İddia
12:46 16 Dekabr 2019
“Azğın” təqdim olundu - Fotolar
12:15 16 Dekabr 2019
Bığına görə AzTv-yə buraxılmayan, gürcü qızıyla məcbur evlənən dahi
11:41 16 Dekabr 2019
Boşboğazların əsri - Etimad Başkeçid yazır...
11:08 16 Dekabr 2019
Tanınmış rejissor deputatlığa namizədliyini verdi
10:44 16 Dekabr 2019
Fransız kinosu əfsanəsini itirdi
10:16 16 Dekabr 2019
“Nəsimi” baleti Türkiyə səhnəsində
09:57 16 Dekabr 2019
Əli Əmirli: “O xanımın yaradıcılığı ədəbiyyatımızda hadisədir” – Müsahibə
08:59 16 Dekabr 2019
Bir Cabir Novruz şedevri
12:27 15 Dekabr 2019
"Youtube" son 10 ilin ən məşhur kliplərini təqdim edib
17:20 14 Dekabr 2019
Atam ölən yaşda öləcəyəm... - Həmid Piriyevdən hekayə
16:30 14 Dekabr 2019
Elton Conun əlyazması satıldı
15:30 14 Dekabr 2019
“Baladadaşın toy hamamı” nümayiş olunub
14:46 14 Dekabr 2019
Qədir Rüstəmov jurnalisti niyə tutdurmaq istəyirdi? - Anım
13:40 14 Dekabr 2019
“Yol” filminin aktrisası dünyasını dəyişdi
13:00 14 Dekabr 2019
“Xaç atası” filminin aktyoru vəfat etdi
12:00 14 Dekabr 2019
Milli Qəhrəman Albert Aqarunova həsr edilmiş rəqs festivalının qalibləri mükafatlandırılacaq
10:50 14 Dekabr 2019
Həyat adamı məyus edir - Seymur Baycan yazır...
10:12 14 Dekabr 2019