Yazıçılar Birliyinin pul yumaq siyasəti

Yazıçılar Birliyinin pul yumaq siyasəti
2 may 2019
# 10:53

Ayxan Ayvaz

AYB yazıçıları mükafatlandırıb. İstər-istəməz bu cür hadisələrdə mütləq ki, obyektivliyin itməsi kimi hallar olacaq. Özü də sözügedən mükafatlandırma AYB-nin adı ilə bağlıdırsa, məsələ məlumdur: burda obyektivlik axtarmaq çöldə iynə tapmaq qədər çətindir.

Deməli, AYB-yə 800 min pul verildi, onlar da bu məbləği hara xərcləyəcəklərini bilmədilər, düşündülər, düşündülər və... nəhayət, dedilər ki, belə bir əlüstü mükafat təsis edək.

İmadəddin Nəsimi, Mirzə Cəlil, Cəfər Cabbarlı və İsmayıl Şıxlının adlarına mükafat verək – hərəsinə 2 min manat.

Xub! Çox gözəl. Nə deyirik? Düzü, o pulu daha gərəkli işlərə xərcləmək olardı. Kitabları xarici dillərə tərcümə etmək, gənc yazarları stimullaşdırmaq üçün onları başqa ölkələrdə təhsil almağa göndərmək, vacib birinin ev, yaxud sağlıq məsələsini həll etmək və s.

AYB yenə ən asana qaçır: dostların cibinə bir az pul basaq məsələ həll olunsun! Onsuz da bu qurumdan əlimizi üzmüşük, bu heç. Bir neçə gəncə mükafat verməklə də gözümüzə kül üfürüblər. Olsun.

Amma bu mükafatları hansı meyarlarla seçiblər? Hanı bu mükafatların əsasnaməsi, nizamnaməsi, münsifləri, əsərləri qiymətləndirmə meyarları? Axı bu vəsait dövlət tərəfindən ödənilir. AYB-nin hansısa gəlirindən verilmir. Çox şübhəsiz ki, metod belə olub: pul verilib, necə edək, iş görmədən özümüzü işləyən kimi göstərək!

Axı böyük ədiblərin adına mükafat təsis etmək maliyyə ilə yanaşı həm də qanuni baza, ən azı kargüzarlıq işi istəyir. Olmayan yerdən mətbuat üçün normal bir açıqlama yazmaq lazımdır.

Heç biri yoxdur!

Sadəcə qəfil Şaxta Baba kimi hədiyyələr paylanır və almayanlar narazılıq edir.

Mirzə Cəlil Məmmədquluzadə adına nəsr mükafatları ilə Xalq yazıçısı Elçin Əfəndiyev, akademik Kamal Abdulla və Xalq şairi Sabir Rüstəmxanlı təltif edilib.

Bəlkə Elçin müəllimin kitab çıxarmağa pulu yoxdur, biz bilmirik?

Eləcə də Kamal Abdullanın bu pula doğrudanmı ehtiyacı var?

Yaxud, Sabir Rüstəmxanlı?

Tamam, deyə bilərsiniz ki, onlar yaxşı yazıçılardır. Buna bir söz demirik. Amma və lakin burda meyarın yazıçılıq olduğu şübhə doğurmaya bilmir.

Olmazdımı ki, mükafat imkanı olmayan və həm də yaxşı yazan yazıçılara verilsin? Heç bu haqda düşünmüsünüzmü?

Musa Yaqubla Vaqif Bayatlını da Nəsimi mükafatına təqdim ediblər. Anar müəllim yaxşı tapıb: onların müalicə pulu da beləcə getdi! Kimsə soruşanda, qayıdıb deyəcək ki, bəs mən onlara Nəsimi mükafatını vermişəm, əl çəkin məndən. Yəni Əlinin papağını Vəlinin başına, Vəlinin papağını Əlinin başına. Çevir tatı, vur tatı. Köhnə hamam, köhnə tas.

Hələ Əjdər Ol, Nizaməddin Şəmsizadə, İntiqam Qasımzadəni demirəm. Onların da bu mükafatı almasının səbəbi gül kimi aydındır.

# 4055 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #