news-inner
clock15:58 calendar-gray 25 Aprel 2019 view-gray1154 dəfə oxunub
view-gray1154 dəfə oxunub

Məşhur Azərbaycan yazıçısından donos yazan kimlər idi? – İradə Musayevanın yazısı

Kulis.az Filologiya üzrə fəlsəfə doktoru, tənqidçi İradə Musayevanın “Y.V.Çəmənzəminlinin romanları və repressiya” məqaləsini təqdim edir.

I məqalə

Y.V.Çəmənzəminli 1936-cı ilin aprel ayında “Studentlər” romanı haqqında yazırdı: “İndiki tələbələrin ruh yüksəkliyini təmin еdən bir amil daha var: bunlar, dоğrudan da, tarixdə əmsalı оlmayan yüksək bir dövrdə yaşayırlar. Gələcək bu dövrü və bu dövrün təməl daşını atanları alqışlayacaq... Bu mülahizələri nəzərdən kеçirərək “Studеntlər”i оxuyan gənclər tarixə qarışmış bir həyatı təsvir еtmiş müəllifə, bir az da оlsa, haqq vеrərlər zənnindəyəm”.

Yazıçı bu cümlələri repressiyanın astanasında dayananda yazmışdı. Amma romanın “ön söz”ündəki bu yanaşma mətnin içərisində özünə yer tapmamışdı. “Studentlər” romanı ortaya çıxan kimi onun nəinki ictimai-siyasi fəaliyyəti, hətta bədii yaradıcılığı da zərrəbinlə yoxlanmağa başlanıldı. Hətta sonrakı əsərlərinə qarşı olan tənqidi yanaşma da onun 1930-cu illərdə yazdığı romanları ilə əlaqələndirilirdi. Məsələn, Yazıçılar İttifaqından yenicə çıxarılan Yusif Vəzir bir neçə ay əvvəl “Altunsaç” adlı kinossenarisini “Azərfilm”ə vermişdi və əsər müzakirə zamanı yüksək qiymətləndirilsə də, son anda “Azərfilm”in direktoru Merkel “Studentlər” romanı tənqid olunduğu üçün onunla müqavilə bağlamayacağını bildirmişdir. Bu barədə Y.V.Çəmənzəminli M.Bağırova yazdığı məktubda da məlumat verir: “Xülasə, dörd ay başqa işə yapışmayıb, borca düşərək, cocuklarımı ehtiyac içində buraxaraq verilən göstərişlər üzrə libreti (“Altunsaç” –İ.M.) qurtardım. Bir dəfə də geniş müşavirə qarşısında oxundu, bəyənildi, qəbul olundu. İndi müqavilə bağlanmalı, yeni göstərişlər nəzərə alınaraq ssenariyi yazmalı idim. Müqavilə yazıldı. Bir gün sonra qol çəkilməli idi. Bir də əngəl çıxdı. “Azərfilm” direktoru Merkel yoldaş dedi ki, sizin “Studentlər” tənqid olunduğu üçün sizinlə müqavilə bağlaya bilmərik. Amma siz ssenarini yazmaqda davam edin... Bu nə deməkdir? Bu düzəlmək istəyən yazıçıya kömək etmək əvəzinə ona əngəl törətmək deməkdir. Başqaları ilə libret qəbul olunduqda müqavilə bağlanır, məni incitmək və ruhdan salmaq üçün məndən ssenari tələb olunur. Ssenari hazır olduqdan sonra yenə əngəl törədiləcəyi bu hərəkətdən aydın görünür...”

Y.V.Çəmənzəminli yaradıcılığının birinci mərhələsində, 1914-cü ildə “Bir cavanın dəftəri”, “Günah” adlı ilk romanlarını yazmağa başlamışdır. 1928-1934-cü illərdə isə bu əsərlər üzərində yenidən işləmiş,“Günah”ı yeni variantda “Studentlər” adlandırmışdır. Bu roman iki kitabdan ibarətdir. Ədibin sağlığında iki dəfə, yəni 1931-ci və 1936-cı illərdə çap olunan birinci kitabda 1911-1913-cü illərdə Kiyevdə oxuyan azərbaycanlı tələbələrin həyat və məişətləri, ədəbi-mədəni- fəaliyyətləri, siyasi hərəkatda iştirakı qələmə alınmışdır. “Studentlər” romanının “1917-ci ildə” adlı ikinci kitabı 1935-ci ildə çap olunmuşdur. Burada birinci kitabdan tanış olduğumuz surətlərin həyat və fəaliyyətlərinin yeni mərhələsi canlandırılır.

Y.V.Çəmənzəminlinin 1930-cu illərdə yazdığı əsərlər, xüsusən də romanları məhz “tarixə qarışmış bir həyat”ın dastanı idi. 1936-cı ildə sovet sistemini alqışlasa da (“Gələcək bu dövrü və bu dövrün təməl daşını atanları alqışlayacaq...”), unudula biləcək, yaddaşlardan silinə biləcək böyük ictimai-siyasi, tarixi xronologiyanın – sosialist inqilabı ərəfəsinin dramatik sitüasiyasını, Azərbaycan gənclərinin milli oyanış prosesindəki durumunu, Rusiya inqilabının görünməyən tərəflərini real cizgiləri ilə əks etdirirdi. Bu o zamanlar idi ki, C.Cabbarlı artıq sovet dramaturqu olmuş, müsavat yazarından sovet ideologiyasının ədəbiyyatda və teatrda, mədəniyyətdə aparıcı təbliğatçılarından birinə çevrilmişdi. Nəsr sahəsində isə “Azərbaycan sovet romanları” yeni və xüsusi bir ədəbi – ideoloji vasitə kimi diqqət mərkəzində saxlanılır, bu yaradıcılıq missiyası sosializm realizmi kontekstinə gətirilirdi.

O zamankı müasir sovet həyatının romanları ilə yanaşı, M.S.Ordubadinin tarixi romanları da nisbətən partiyanın ideoloji siyasətinə cavab kimi yazılırdı. Y.V.Çəmənzəminlinin romanları isə tam fərqli ampluada düşünülmüş əsərlərtək bu gün də diqqəti cəlb etməkdədir. Onun roman erudisiyası geniş tarixi proseslərin, ictimai-siyasi, sosial-mədəni həyatın bir ölkədə, bir məkanda deyil, müxtəlif coğrafiyalarda inikası vəziyyətini əks etdirə bilirdi.

M.S.Ordubadi repressiyanın ən ağır ilində bir çox qələm yoldaşları ilə birlikdə “əksinqilabçı qüvvələr” sırasında Y.V.Çəmənzəminlini də hədəfə çəkmiş, “bütün əsərlərində öz keçmişindən ayrılmadığını göstərən Çəmənzəminli” mesajı ilə roman ustasını cümhuriyyətçi keçmişini bədii mətnə gətirdiyi üçün qınamışdı. “Ədəbiyyat qəzeti”nin 1937-ci il, 09 iyun tarixli sayında C.Xəndan yazırdı:

“Xalq düşməni Ruhulla Axundov və onun havadarlarının incəsənət və ümumən kultura sahəsində etdiyi ziyankarlıq xalqımıza bəlli olmuşdur. Sovet Yazıçıları İttifaqı sıralarının zibilləşməsini göstərən plenumumuz qarşımızda ittifaqın konturrevolyusion yazıçılardan təmizlənməsini kəsinliklə qoymuşdu. İttifaq üzvlüyünə layiq olmayan Səlman Mümtaz, Musaxanlı, Çəmənzəminli, S.M.Qənizadə, Seyid Hüseyn tezliklə ittifaqdan çıxarılmalıdır. M.Rzaquluzadənin də susmağı və mətbuat səhifələrində öz səhvlərindən danışmamağı da bizi qane etmir. Xalq düşməni Cavid, Cavad, Müşfiq, Sanılı və başqalarının ikiüzlü “siyasəti” bizi daha da sayıq olmağa və bu kimi örtülü düşmənlərlə mübarizədə amansız olmağa vadar edir. Biz averbaxçılığın kökünü kəsməklə mübarizə edərkən onun Azərbaycandakı nümayəndəsi H.Mehdinin susmağına dözmək olmaz. O, bir kəlmə də olsun yazmır, danışmır. İttifaqımızın əsas kadrları sağlamdır. Biz xalq düşmənləri ilə mübarizədə Böyük Oktyabr inqilabının XX yüzilliyinə yüksək keyfiyyətli bədii əsərlər verməklə həqiqi sovet yazıçısı adını şərəflər müdafiə edəcəyik”.

Qəzetin elə həmin sayında M.S.Ordubadi də C.Xəndanın səsinə səs verirdi: “18 ildən bəri özünü düzəltmək istəməyən, əksinə olaraq bütün əsərlərində öz keçmişindən ayrılmadığını göstərən Çəmənzəminli, Cavid, Sanılı və bir çoxlarını ittifaq sırasından xaric etməklə ittifaq bu kibirlərin təsirindən xilas olunmalıdır”.

Y.V.Çəmənzəminlinin faciəli taleyi 1937-ci ildən etibarən daha dramatik şəkil alır. “Studentlər” romanı onu heç cür bağışlatmırdı. İşsiz, ailəsi ilə birlikdə ac-susuz qaldığı, hər tərəfdən təqib olunduğu bir vaxtda, repressiyanın bircə addımlığında – 1937-ci ilin may ayının 20-də M.Bağırova məktub yazıb öz durumunu hərtərəfli şəkildə anlatmağa can atır, bağışlanmasını istəyirdi. 1917-ci il inqilabını böyük fərəhlə qarşıladığını deyir. “Lakin birinci günlərin hərc-mərcliyi və çətinlikləri məni revolyusyadan soyudub, millətçilər cəbhəsinə atdı. Buna baxmayaraq müsavatçılar sırasında özümün yalnızlığımı duymuşdum, çünki məsləkcə onlardan sal idim. Mən işçilərə səkkiz saat iş günü, kəndlilərə müftə torpaq tələb edirdim; hürufatımızın latınlaşmasını istəyirdim. (“Azərbaycan” qəzetəsindəki məqalələrim). Bununla bərabər ingilis dostluğuna inandım və Azərbaycan istiqlalının Rusiyyədən ayrı olaraq yaşaya biləcəyimizi təsəvvür edirdim (Rusiyyə dedim, çünki o zaman Sovet İttifaqı nəzərə gəlməyirdi - Momontovun Moskvaya və Kalçakın Kazana doğru hücumu zamanı idi)”.

Vəziyyət elə gərginləşmişdir ki, Y.V.Çəmənzəminli M.Bağırova yazdığı məktubunda “Studentlər” romanında siyasi yanlışlıqlara yol verdiyini “boynuna almalı” olmuşdur: “İndi ədəbiyyat sahəsinə keçim. Məni isə tənqidçilər Zeynallı, Əli Nazim və Hidayət Əfəndizadə gah təriflər, gah da söyərdilər. Ancaq tərifləri də saxta olmuş, söyüşləri də. Köməyə gəldikdə heç biri kömək göstərməmiş. Cəmiyyətimiz də öylə. Hələ neçə il əvvəl cəmiyyətə müraciət edib, mənimlə məşğul olan yoxdur, mənim yaradıcılığım öz başına buraxılmış deyə şikayət etmişdim. Müraciətimdən bir şey çıxmadı... Göstəriş və siyasi tərbiyə də qətiyyən yoxdur. Halbuki köhnə yazıçının nə qədər siyasi tərbiyəyə ehtiyacı var. Əgər vaxtında göstərişlər və tənqidlər olsaydı, mənim “Studentlər” adlı iki cildlik romanımdakı səhvlər olmazdı, mən də bu qədər mənəvi əzab çəkməzdim. Bu roman beş cildlik bir silsilə olmalı idi. Fikrim ziyalılarımızın bir qisminin keçdiyi siyasi yolu ifşa etmək idi. Lakin partiya tarixini bilmədiyim üçün qaba səhvlər buraxmışam. Bunu indi yox, vaxtında mənə göstərsəydilər, yaxşı olmazdımı? Halbuki vaxtında tənqid etmək əvəzində bu əsəri təriflədilər. Romanın redaktoru belə yanıldı...”

“Studentlər” romanında Rusiyada baş verən siyasi hadisələr, eləcə də Qafqaz xalqları, Avropa ölkələri XX əsrin əvvəllərində inqilablar, müharibələr burulğanında təsvir olunurdu. Bu təsvirlərdə Birinci Dünya Müharibəsi, 1905-1907-ci il, 1917-ci il inqilabı müxtəlif millətlərin gənc nümayəndələri olan tələbələrin, inqilabi cəmiyyət üzvlərinin şəxsi həyatında və intellektual düşüncəsində təkcə roman süjeti kimi deyil, həm də real tarixin xronologiyası kimi ifadəsini tapır. Əsərin qəhrəmanı Rüstəmbəyin dini, siyasi, elmi-mədəni baxışları, sevgi macəraları, qısa bir vaxtda qəflətən dəyişilib yeni şəkil alan ictimai, sosial mühiti maraqlı ştrixlərlə əks olunur. Polemik dialoqlarda, tələbə yığıncaqlarının, həbs fraqmentlərinin təsvir edildiyi səhnələrdə, inqilabın pərakəndə saldığı müxtəlif taleli və aqibətli dostların gözlənilməz məkanlarda gözlənilməz qarşılaşması situasiyasında həm də bütün zamanlar üçün aktual olan qlobal mövzular (din, siyasət, azadlıq istəyi, millətlərarası münaqişələr, hakimiyyət və xalq münasibətləri və s.) bədii mətn kontekstində təhlilə çəkilir. XX əsrin ilk onillikləri 1930-cu illər ab-havasında analiz edilir, müəllif sətiraltı mənalarla, epizodik fiqurların replika və ittiham, narazılıq dolu çıxışları ilə böyük tarixi-siyasi, sosial məsələlərə münasibət bildirirdi. Roman müəllifinin yaşadığı ictimai-siyasi həyatın fraqmentləri xatirə-xronologiya üslubunda deyil, bu proseslərdə bilavasitə iştirak edən inqilabçı şahidin analitik təfəkkür süzgəcindən keçirilərək realist qələmlə təhlil olunur və o böyük zaman kəsimi canlı həyat kimi oxucuların gözləri qarşısında canlandırılır. Həmin dövrün mövzuları, aktual problem kimi müzakirə olunan gündəm söhbətləri romanda tarix faktı kimi saxlanılır.

“Əli Rüstəmbəyin sözlərini diqqətlə dinləyirdi. Arabir sual vеrir və öz rəyini bildirmək fürsətini də əldən qaçırmırdı. Birdən bəhailiyin artması barəsində sоruşdu: – Dеyirlər, Amеrikada bəhailik gеtdikcə intişar еdir. Rüstəmbəy bu fikirlərin dоğruluğuna şərik оlmaq istəmədi və acıqlı bir halda: – Zənnimcə, – dеdi, – Amеrikanın yеni dinə еhtiyacı yоxdur. Amеrikanın dini sənayе və ticarətdən ibarətdir. Amеrikada xalq о qədər işə məşğuldur ki, başlarını qaşımağa bеlə macalları yоxdur. Din axtarmaq işsizlik əlamətidir. Din və məzhəb icadı şərqlilərin inhisarındadır. Ömrümüzü о qədər işsizliklə, xəyal və mövhumatla kеçiririk ki...”

“Studentlər” romanındakı obrazlar (Çingiz, Cəfər, Alışbəy, Səmədbəy, Tеymurbəy, Musya, Qulu, Calal, Səlman, Həsən, Əhməd, Şaliko, Vanya, Xəlil, Qulamrza, İmran, Fatma, Şirin, Tosya, Fərəməz, Sayad, Kasparyan, Cabbar və b.) həmin dövrün sosial mənzərəsini, cəmiyyət polifoniyasını maraqlı təqdimatla əks etdirirdi. Onun qadın obrazları, azərbaycanlı xanımlar qeyri-millətlərdən olan qadınlarla müqayisə olunur və bu müqayisələrdə təkcə qadınların məişəti deyil, həm də dünyagörüşü, düşüncə tərzi, ailədəki funksiyası və mövqeyi işıqlandırılırdı. Təsvirin canlılığı, real cizgiləri, koloritli dillə ifadəsi bizi o zamanların ab-havasına kökləyir. Məsələn, göstərirdi ki, şəhər mühiti belə Zеynəb xanımın həyat tərzini qətiyyən dəyişməmişdi, xanımlara məxsus təmtəraq köhnə qaydası ilə gеdirdi. “Haraya gеtsəydi dalınca qulluqçu qəlyan gətirər, məclislərdə qapıda durar, xanımın başmaqlarını gözlərdi. Hamam səfəri isə daha cəlallı оlardı. Görərdin, əvvəlcə xanım ahəstə-ahəstə yоla düşdü, dalınca nökər Xanqulu bir qоlunda iri bоğça, о birisində su satılı, arxadan da qulluqçu Qızyеtər çarşabın ucu ağzında, çəp gözlərini bərəldə-bərəldə bir əlində gümüş qəlyan, о birində tənbəki çanağı gеdir. Qızyеtərin başmağının bir tayının dabanı düşmüş оlduğuna görə axsayırdı və hərdən ayağı büdrəyib, çuxura düşdükdə diksinər, duruxardı və bir nеçə dəqiqə çuxura əyri-əyri baxdıqdan sоnra nə fikir еlərdisə, axırda: “Buy, qadan alım”, – dеyə yоla düşərdi. Hamama yavıqlaşdıqda Qızyеtər özünü cəld içəri salar, “Xanım hamama gəlir”, – dеyə hamını xəbərdar еlərdi. Hamamçı Hürzad əl-ayağa düşərdi; cansürtən Şərəf haman daş döşəməni yumağa başlardı; hamamçı Tükəzban xanımın arxası üçün həcəmət hazırlardı... Bir dəqiqədə səkiyə süzəni salınardı. Оndan sоnra albuxara suyunun tədarükünə düşərdilər ki, xanım hamamdan çıxandan sоnra içib sərinlənsin”.

Alışbəy və Zeynəbin ailəsi Fеоdоr İvanоviç və Sofya xanım ailəsi ilə müqayisəli şəkildə təqdim edilir. Yusif Vəzirin Kiyevdəki beş illik tələbəlik dövründə dini-fəlsəfi, ictimai-siyasi məsələlərlə yanaşı, qadın və ümumiyyətlə, ailə problemləri, təhsil, elm, ədəbiyyat məsələləri ilə də son dərəcə maraqlanırdı. “Arvadlarımızın halı”, “Qanlı göz yaşları”, “Ana və analıq” kitabları da bu marağın nəticəsi idi. 1915-ci ildə Birinci Dünya Müharibəsi ilə əlaqədar olaraq Kiyev universiteti müvəqqəti olaraq Saratova köçürüldüyünə görə Yusif Vəzir universiteti elə həmin ildə Saratovda bitirir. Saratov məhkəmə palatasında hakimlik vəzifəsinə namizəd qəbul olunan Yusif Vəzir maaşsız işdə qalmaq istəmədiyi üçün Kiyevə gedir. Orada “Zemstvo” təşkilatına daxil olub cəbhəyə yollanır. Y.V.Çəmənzəminli gəzdiyi şəhərlərdə, oxuduğu məktəblərdə, çalışdığı işlərdə mühitin, mənsub olduğu cəmiyyətin hansı düşüncə, hansı amal və məramla yaşadığını təkcə yazıçı kimi deyil, həm də bir sosioloq, psixoloq kimi müşahidə edir. Onun ən çox narahat olduğu məsələ milli kimliklə bağlı problemi çözmək vəzifəsi idi. Ona görə də Y.V.Çəmənzəminli ictimai-siyasi həyatın, proseslərin əsil məğzini, pərdəarxası həqiqətini adi görünən danışıqların mahiyyətində oxucusuna çatdıra bilirdi:

“Çingiz təəccüblü:

– Quludamı millətpərəst idi?

Cəlal:

– Qulu millətpərəst idi, aralıqda da öz xüsusi işini düzəldirdi.

Rüstəmbəy ciddi:

– Ay Cəlal, böhtan danışma, еlə şеy оlmurdu.

– Ay yazıq, sən uşaqsan. Bu saat millətpərəstlik bir pərdədir ki, bütün lоtuluqlar оnun dalında оlur.

– Məsələn?

– Din və millət adı daşıyan cəmiyyət və müəssisələrimizi al – “İslamiyyə mеhmanxanası”, “İslamiyyə limоnadı”, “Milli papirоs”... Bunlar lоtuluq dеyilmi? Tacir pul qazanıb, kеf çəkmək üçün din və milləti əlində оyuncaq еdir. Bakıda qоçular еvlərində tələbə yurdu açır, hərəsi bеş-оn tələbəyə aylıq vеrir. Bu əxlaqsızlıqdır, yоxsa millətpərəstlik? Yоxsul gənclərin maddi vəziyyətindən istifadə еdilərək, namusları ləkələnir... Bu rüsvayçılıqlara millətpərəstlik dеyirlər...”

Davamı var

news-inner-user
İradə Musayeva

93 məqalə

Paylaş

Oxşar xəbərlər