Raquf Orucovu təqdimatda gözləyən yazıçı – Reportaj

Raquf Orucovu təqdimatda gözləyən yazıçı – <span style="color:red;">Reportaj
22 aprel 2019
# 13:12

19 aprel tarixində "Bakı Kitab Mərkəzi”ndə Şərif Ağayarın "Komandir” romanının təqdimatı keçirildi. Roman əfsanəvi kəşfiyyatçı, "Murov qartalı” ləqəbli Raquf Orucov haqqındadır.

Kitabı təqdimatdan təxminən bir həftə qabaq oxumuşdum və obrazları canlı görəndə keçirdiyim hisslər bayırdakı soyuqdan üşüyüb zala dolan küləyin səsinə oxşayırdı. Həm də adını xatırlaya bilmədiyim klassik musiqinin fonunda. Yarımsaat tez gəlmişdim. Kitabçılar Şərif Ağayarın "Komandir” romanını qutulardan çıxarıb imza masasına düzürdü. Çox keçmədi özü də gəldi. Elə ağır yeriyirdi, sanasan, romanı indicə bitirib. Görüşüb həm özüm üçün, həm də Orxan üçün kitab imzaladandan sonra bir xanımın səsini eşitdim:

– Deyəsən, sizi tanıyıram?

– Rəvan Cavid.

– Yox, yanılıram yəqin, xoş gəlmisiniz!

Sevinc xanım idi. Komandirin həyat yoldaşı. Kitabda oxuduqlarım; Raquf Orucov haqqında xatirələri, evlilik həyatları, komandirə münasibəti, zarafatları – hamısı üzümə balaca bir təbəssüm qondurdu. Yanındakı balacaboy bəyin kim olduğunu Şərif bəydən soruşanda "Zabildi, yadına düşdü?” cavabını qaytardı. Komandirin qardaşı idi. Erməni uşağı əsir götürəndə əfsanəvi kəşfiyyatçı onun taleyini Zabilin taleyinə oxşatmışdı və əsgərlərinə tapşırmışdı ki, incitməsinlər. Romanda məhz o hissəni oxuyanda, yalan demiyəcəm, üzülmüşdüm. Belə bir adamı tanımadığıma və üstəlik itirdiyimizə görə.

Zal yavaş-yavaş dolurdu. Qarabağ hekayələrinin özünəxas imzalarından biri də gəlmişdi – Elçin Hüseynbəyli. Sonra görüşdüyüm şəxsi isə ilk dəfə görürdüm – Səfər Alışarlı. Budur komandirin yerlisi də buradadır – Aqil Abbas. Qənirə Paşayeva və Fazil Mustafanı isə uzaqdan sezdim.

Tədbir bir dəqiqəlik sükutla başladı və aprel şəhidləri haqqında hazırlanmış videoçarx ilə davam etdi. Şərif Ağayar oturmamışdı, ayaq üstə kimisə gözləyirdi elə bil. Söz birinci ona verildi. Buraya gəlməmişdən əvvəl müəllifin roman haqqında qırx dəqiqəlik söhbətinə qulaq asmışdım. Ancaq eyni şeyləri danışmadı. Yadımda qalan və tədbirdən sonra da dilimin ucunda o yana – bu yana gedib-gələn cümlə bu idi:

"Raquf Orucov haqqında roman yazmaq Günəşin qarşısında şam yandırmağa bənzəyir!”

Şərifvari cümlə idi.

Yenidən video təqdim edildi. Bu dəfə Raquf Orucovun "Murov qartalı” ləqəbini aldığı o əfsanəvi kəşfiyyat haqqında. İlk dəfə idi Qarabağ üçün darıxdım. Zalda oturanların, demək olar ki, hamısı qarabağlı idi, hamısı videoya baxanda qəhərlənmişdi və hamısı mənə kitabda oxuduğum komandiri xatırladırdı. Qarşıdakı stulda Zabil bəy oturmuşdu, mən iki stul o yanda isə Nəbiyev. Nəbiyev adı da mənə tanış gəlmişdi. Sadəcə kədərli olduğunu görüb yaxınlaşmadım. Amma fürsət tapan kimi Zabil Orucova sualımı verdim:

– Ailədə kimsə kəşfiyyatçı olmaq istəyir, Raquf Orucov kimi?

Bir az susdu. Sonra cavabı tapmış kimi gülümsəyib:

– Çətin Raquf Orucov kimi olsun...

İkimiz də güldük. Ömrünü hərbə verən çox az adam olurdu. Bu taleyin özün seçmək belə qəhrəmanlıq idi.

Daha sonra Aqil Abbas həmişəki təhkiyəsiylə Şərif Ağayarı təbrik edib uzun bir nitq söylədi. Aprel şəhidləri haqqında ssenari yazdığını, tezliklə çəkiləcəyi xəbərini də tez-bazar verdi.

Deputat Gövhər Baxşəliyevanın çıxışı isə emosionallığı ilə seçildi. O danışanda hamı susmuşdu, çünki Qarabağ haqqında ilk o problem kimi danışırdı. Əllərini gözlərinə qaldıranda ağladığını hiss elədim. Bir də baxdım Elçin Hüseynbəylinin də gözləri dolub. Bəlkə də mənim görmədiyim ilk sıradakı Sevinc xanım da, Zabil bəy də eyni situasiyada idilər.

Kitabın redaktoru İlham Tumas müəllif haqqında danışan ilk adam idi. Sözünü bitirəndə Şərif Ağayar ayağa qalxıb ona romanın yazı prosesində kömək eləyənlərə təşəkkürünü bildirdi.

Tədbir çox rəsmi idi. Bir-bir deputatlar, yazıçı dostlar danışır, Raquf Orucovu xatırlayırdılar. Danışdıqca gözlərində işıq, üzlərində üzüntü hiss eləyirdim. Şərif bəyin gözləri isə hələ də yolda idi. Kitablara imza atanda da pilləkənlər tərəfə boylanırdı.

Təqdimatların davamı olacağı elan olundu. Bundan sonra bir neçə imza günü keçiriləcək. Bu xəbəri də qeyd edib qalxdım. Bir neçə şəkil çəkib bayıra çıxanda fikirləşdim ki, bəlkə Şərif Ağayar komandiri gözləyirdi.../artkaspi.az/

# 2681 dəfə oxunub

Oxşar xəbərlər

"Qul" bədii filmi nümayiş olunub

"Qul" bədii filmi nümayiş olunub

10:40 19 aprel 2024
"Oldboy"  serial olacaq

"Oldboy" serial olacaq

10:14 19 aprel 2024
Rihanna artıq sarışındır - Foto

Rihanna artıq sarışındır - Foto

18:30 18 aprel 2024
Teylor Svift fanatlarına qarşı dələduzluq etdi

Teylor Svift fanatlarına qarşı dələduzluq etdi

18:00 18 aprel 2024
Tarantino son filmini çəkməkdən qərarını dəyişdi

Tarantino son filmini çəkməkdən qərarını dəyişdi

17:30 18 aprel 2024
Elşən Qaraca “Cəsur ürək” sərgisini təqdim edir

Elşən Qaraca “Cəsur ürək” sərgisini təqdim edir

17:00 18 aprel 2024
#
#
# # #