Ovcunda isit soyuq adamı – Yeni Şeirlər

Ovcunda isit soyuq adamı – Yeni Şeirlər
19 aprel 2019
# 18:47

Kulis.az Bəhruz Xəlilin yeni şeirlərini təqdim edir.

Pəncərədən boylanırdı kölgələr

qarışqalar qənd gəzirdi masamda...

Mən səsimi köçürürdüm telefona

Ki, öləndə şeir deyim yasımda.

Hər tərəfdən tənha qalır yetimlər

Danışmağa bir nəfərin yoxdusa

yaşadığın ömür belə yuxusa...

Bu yuxunun içində də yoxumsan

Hər tərədən tənha qalan yetiməm.

Pəncərədən günəş dolar otağa

sən özünü bağlayarsan yatağa.

Tutunmağa bir nəfərin yoxdusa

nə fərqi var yuxulusan, oyaqsan

nə fərqi var, ölmüsən, ya da sağsan.

Böyümədin, uşağsan ey, uşağsan.

***

Bulanıq su hövzəsidir bulud torpağın üstdə

Yağış amansızcasına dəlir yerin başını.

Əvvəllər su şırıltısı keyidirdi ağrımı

indi isə, indi isə itirmişəm başımı...

Çox güman ki, səndə qalıb fikirlərim gecədən.

Ağacların sinəsində çiçək açır tumurcuq

arıların bayramıdı, sənin bahar dediyin..

Ağrıdıqca əllərimi aparıram başıma

barmağımın ucundadır mənim şəfa dediyim

barmağımın ucundadır sənin tumar dediyin.

Nağıl qoşub danışıram, ötüb, bitib, keçəndən.

Mən beləyəm: - hissə-hissə məhv oluram - gedirəm.

Ayaqlarım bədənimdən ən birinci gedəndir.

Əvvəl-axır dönəcəksən, adım kimi əminəm

ürək deyil sinəmdəki, ürəkdən çox vətəndir.

Əvvəl-axır dönəcəksən-

Gec olacaq, qayıtma!

***

Qapıların üzünə bağlandığını görüncə

səkiləri də qucaqlamaq olur.

Dizlərini də qucaqlamaq olur, şəkilləri də...

Bircə kədəri gizlətmək olmur saxta gülüşlərin arxasında..!

Özünü məcbur edib, üzündən təbəssüm asanda da

görənlərin: "üzün gülür" suallı baxışlarına

"zarafat edirəm" deyə bilmirsən!

Hamını bir-bir itiririk: -

Ata-anamıza növbə gəlincə

gedənlərin heç kim olduğunu anlayırıq.

Bəlkə də allah ilk insanı göz yaşıyla yoğurub deyə

hər gün ağlayırıq..!

Balıq boyda uşaqlar idik, ana bətnindən

çırpınıb düşdük...

Dünyaya əllərimizdən ilişdik, ata, əllərimizdən..!

***

Beynimin bir küncünə

şəkil kimi asdığım...

Nə yaxşı susmaq olur

gözlərinə baxanda.

Gözlərimin içində

sevgi qığılcımları.

Barmağımın ucunda

buz parçası gətirdim

Qollarında gizlənim

bu amansız soyuqdan.

Sən hiss edirsən deyə

mən susuram bayaqdan.

Nəfəs kimi asılım

dodağının ucundan.

Ürək kimi asılım

ürək kimi yaxandan

***

Bir az gecikir adamlar:

bir az -

Hardasa bir ömür.

Bir az gecikir adamlar:

Hardasa sənin kimi.

İndi bir az əşyayam,

indi bir az bədənəm.

Sahibi köçkün düşən

unudulmuş vətənəm.

Nə yaxşı ki, gəlmisən..!

Yığışdır bu dağınıq, bu buz tutmuş adamı

yığışdır. Ovcunda isit soyuq adamı.

# 3632 dəfə oxunub

Oxşar xəbərlər

Sanballı tarixi-bioqrafik romanların müəllifi - O, hansı erməni millətçisini susdurmuşdu?

Sanballı tarixi-bioqrafik romanların müəllifi - O, hansı erməni millətçisini susdurmuşdu?

14:00 26 may 2026
"Hər bir sənətkarın içərisində bir şeytan gizlənib..." - Mətanət Vahid

"Hər bir sənətkarın içərisində bir şeytan gizlənib..." - Mətanət Vahid

11:40 26 may 2026
50 yaşından sonra ilk kitabı çap olunan 10 məşhur yazıçı

50 yaşından sonra ilk kitabı çap olunan 10 məşhur yazıçı

10:15 26 may 2026
Əri üçün müsəlman oldu, amma boynundakı xaçı gizlətdi - "Lal ev"in böyük sirri

Əri üçün müsəlman oldu, amma boynundakı xaçı gizlətdi - "Lal ev"in böyük sirri

10:00 26 may 2026
"Hər şeyinizi sevgiyə verin..." -  Emersonla Rumini birləşdirən ortaq məqam nə idi?

"Hər şeyinizi sevgiyə verin..." - Emersonla Rumini birləşdirən ortaq məqam nə idi?

15:00 25 may 2026
"Caz poeziyasının atası" adlandırılan şair - O,  Bakı səfəri haqqında nə yazmışdı?

"Caz poeziyasının atası" adlandırılan şair - O, Bakı səfəri haqqında nə yazmışdı?

15:30 22 may 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər