Bunları bilsəydik Elina ölməzdi - Alov İnannanın yazısı

Bunları bilsəydik Elina ölməzdi - <span style="color:red;">Alov İnannanın yazısı
19 aprel 2019
# 13:20

Kulis.az Alov İnannanın “Gözümçıxdıya salma: kökləri, nəticələri, qurbanları” yazısını təqdim edir.

Bu yazı, yaxın günlərdə baş vermiş məlum dəhşətli hadisənin ilkin səbəbi haqqındadır: mobbinq haqqında.

Hazırda sosioloji termin kimi istifadə edilən “mobbing” sözü, latın dilindən gəlir. “Mob” - “mobilusmus vulgus - hərəkətli kobudluq” sözlərinin qısaldılmış şəklidir. İngiliscədə mobbinq - “bullying” adlanır. Bizim dilə “gözümçıxdıya salmaq” kimi tərcümə eləmək olar.

İlk dəfə mobbinq anlayışını elmi ədəbiyyata gətirən, heyvan davranışlarını araşdıran avstriyalı alim K.Lorenz olub; o, qaz sürüsünün, qorxutmaq məqsədilə bir tülküyə necə hücum etməyini təsvir edərkən “mobbinq” anlayışından istifadə edib. Daha sonra isveçli həkim P.Heinemann kiçik yaşlı məktəblilərin məktəbdə qrup halında sinif yoldaşlarını necə təkləyib incitdiklərini ifadə etmək üçün “mobbinq” sözünü uyğun bilir. Heinemann yazırdı ki qarşısı alınmazsa, mobbinqə məruz qalan uşaqların sonu intiharla nəticələnə bilər.

Mobbinq nədir?

Mobbinq davamlı, məqsədli, sistematik olaraq, söz və davranışlarla bir nəfərin - bir və ya bir neçə adam, bəzən bütöv bir qrup tərəfindən gözümçıxdıya salınması, haqsız günahlandırılması, məsxərəyə qoyulması, aqressiv fiziki və psixoloji təzyiqlərə, işgəncələrə düçar edilməsi, əzab verilməsi, həyatdan usandırılması, cəsarətinin qırılması, şəxsiyyətinin sarsıdılması, mənliyinin alçaldılması, özünəinam və özünəhörmət hissini məhv etmək cəhdidir. Mobbinq ən çox iyerarxik sistemin və təsəvvürlərin hökm sürdüyü mühitdə baş verir: ağa-nökər, yuxarı-aşağı, böyük-kiçik, rəhbər-tabeçi, kişi-qadın və s.

Mobbinqin baş verdiyi yerlər

- Ailə içi mobbinq: məsələn, qız uşaqlarını oğlanlarla müqayisə edib əskildilməsi, yaxud gəlinin - ailəyə sonradan daxil olduğuna görə - ər evi tərəfindən daim gözümçıxdıya salınması, alçaldılaraq “ram edilməsi” və s.

- Məktəblərdə mobbinq: bir şagirdin bir və ya bir neçə şagird tərəfindən (bəzən müəllim də mobbinqçi ola bilər) qapazaltı edilməsi;

- Qrup daxilində, dostlar arasında, “məhlə uşaqları” arasında mobbinq;

- İş yerlərində mobbinq: bir işçinin müdir, yaxud iş yoldaşları tərəfindən lağa qoyulması, əksildilməsi, onun daim təkrarlanan psixi və bəzən də fiziki zorakılığa məruz qalması;

- Hərb sistemində mobbinq: daha əvvəl xidmətə başlayan təcrübəli əsgərlərin - “ded”lərin yeni gələnləri - “molodoy”ları gözümçıxdıya salıb əzmələri. (Bu hərbi jarqonlar rus hərb sistemindən bizə qalan qeyri-rəsmi “miras”dır.)

- Həbsxanalarda mobbinq: xəbərçilik edənlərin, homoseksualların, payını bölüşməyi sevməyənlərin və s. içəridəki “qanuni oğru” və onun əshabələri tərəfindən cəzalandırılması;

- Qonşuluqda mobbinq: müxtəlif səbəblərdən (əxlaqsız sayılmaq, kasıblıq, köməksizlik və s.) bir qonşunun başqa qonşular tərəfindən gözümçıxdıya salınması;

- İnternetdə mobbinq (Cuber-Mobbing): müxtəlif sosial şəbəkələrdə birinin kütləvi kiber-hücuma məruz qalması. (1998-ci ildə Amerika prezidenti B.Klinton ilə qalmaqallı münasibətindən sonra Monika Lewicki özünü internet dünyasında kütləvi kiber-mobbinqə məruz qalan ilk faciəvi şəxs hesab edir).

Mobbinq qurbanları nələrə məruz qalırlar

- Qurbanın özünü ifadə etməsini və başqaları ilə ünsiyyətini qısan davranışlar ortaya çıxır: onunla yüksək səs tonuyla, ya da məsxərə tonunda danışılır; onun şəxsi və sosial həyatı müzakirə edilir; o danışanda sözü kəsilir, nə eləsə bir qulp tapıb tənqid edilir, təhqirə məruz qalır, qorxudulur, telefonla, e-maillə sözlü və ya yazılı narahat edilir, bədən diliylə - jest və baxışlarla gözümçıxdıya salınır.

- Qurbanın sosial münasibətləri daraldılır: ondan uzaq gəzilir, onunla sanki yoxmuş kimi davranılır; o, təklənir, süni yalnızlığa məhkum edilir, izolyasiya edilir; onunla münasibət quranlar alçaldılır.

- Qurbanın şəxsiyyətini sarsıtmaq üçün edilən hərəkətlər: onun arxasınca daim danışılır, adına əskildici ləqəb taxılır, gülünc hala salınması üçün tələlər qurulur, şəxsi həyatındakı dəyişikliklərə gülünür, qərarları, söz və hərəkətləri təhqir və məsxərəyə səbəb olur, xarici görünüşü, milliyyəti, dini, siyasi və sosial düşüncələri lağa qoyulur, səsi, yerişi, işlətdiyi ifadələr komik formada yamsılanır; o, anormal, iyrənc, dəli yerinə qoyulur, daimi tənqid hədəfinə çevrilir, söyülür; ona kinayə edilir, böhtanlar atılır, seksual xarakterli alçaldıcı təkliflər edilir.

Image result for mobbing

Mobbinq prosesində kimlər rol oynayır

1. Mobbinq edənlər

Mobbinq edənlərin xüsusiyyətləri: komplekslilik, özünü əskik saymanın nəticəsi kimi başqalarına qarşı nifrət və paxıllıq hissi, özünü təsdiq üçün başqasını inkar etmə, böyükluk etmək üçün başqasını alçaltma ehtiyacı, gizli müdafiə duyğusunun hücum formasında təqdimatı, başqalarının daha uğurlu olub onu ötəcəyi qorxusu, rəqabət hissi, özünü başqalarından üstün görmə və bu “üstünlüy”ü saxlama ehtiyacı, ağalıq iddiası, empatiya çatışmazlığı, başqalarının əzabından sadistcəsinə həzz alma, özünün vaxtilə məruz qaldığı mobbinqin qisasını başqalarından çıxmaq istəyi və s.

2. Mobbinqin qurbanları

Mobbinq qurbanlarının xüsusi cəhəti yoxdur, hər kəs mobbinqə məruz qala bilər: qrupa yeni daxil olan məktəbli, əsgər, məhbus, işçi, yaxud, qadınların çox olduğu yerə gələn tək kişi, ya da, kişilərin çox olduğu yerə gələn tək qadın, evlilərin çox olduğu yerdə tək subay, yaşlıların içinə gələn gənc, gözəl olmayanların içinə gələn gözəl görünüşlü biri, yaxud, başqaları ilə qaynayıb-qarışmayan, fərqli tərzdə geyinən, fiziki baxımdan hansısa qüsuru olan, təriflənən və daim uğur qazanan biri və s.

Mobbinq qurbanları içində qadınlar daha çoxdur. (Hərbi sistem və həbsxanalar nəzərə alınmazsa.)

3. Mobbinqə tamaşa edənlər

Mobbinqə tamaşa edənlər - mobbinq prosesinin passiv və ya az aktiv iştirakçılarıdır. Onlar müxtəlif cür davranırlar; bəziləri qurbanı müdafiə edəcəkləri təqdirdə özləri də mobbinqə məruz qalacaqları qorxusuyla mobbinqi qıraqdan izləyir, hadisələrə heç qarışmırlar. Bəziləri mobbinqçiyə tərəfdar olur, bununla özlərini qorumuş olurlar. Bəziləri ikili oyun oynayır, ancaq sonda güclü olana tərəfdar çıxırlar.

Mobbinqin səbəbləri

- Hədsiz dərəcədə hiss olunan iyerarxik quruluş;

- İnsani dəyərləri görməməzliyə vurmaq;

- Pis liderlik, ya da rəhbərlik və pis idarəçilik;

- Mobbinq haqqında biliksizlik;

- Stressli və ya monoton mühit;

- “Günah keçisi” axtarışı;

- Özünün imtiyazlı olduğuna inam;

- Rəqabət;

- Eqoizm.

Mobbinqin səbəbləri, baş verdiyi məkana, mobbinq edənə və qurbanlara görə dəyişir.

Mobbinqin nəticələri

- Açıq və gizli depressiya;

- Baş ağrıları, mədə və bağırsaq problemləri və s. kimi psixosomatik simptomlar;

- Ağlama krizləri;

- Tənhalıq, tərk edilmişlik duyğusu;

- Həyatdan zövq alma hissinin itirilməsi;

- Aqressivlik;

- İntihar.

Mobbinqlə mübarizə

Mobbinq - baş verdiyi məkana, yaranma səbəblərinə, mobbinqi tətbiq edənin və mobbinqə məruz qalanın yaşına, fəaliyyətinə görə fərqlənir.

1980-ci illərdən başlayaraq Avropada və eləcə də dünyanın başqa ölkələrində mobbinqlə bağlı ciddi elmi araşdırmalar aparılır, problem cəmiyyətə tanıdılır, xüsusilə təhsil müəssisələrində geniş təbliğat və informasiya xarakterli işlər görülür, məktəblərdə və iş yerlərində mobbinqin qarşısını ala biləcək proqramlar həyata keçirilir.

Mobbinq, adətən lağ, məsxərə, tənqid, təhqir, irad və s. kimi sözlü formada başladığına görə, hazırcavablıq qabiliyyəti olmayanlar asanlıqla mobbinq qurbanına çevrilə bilirlər. Hazırcavablıq isə anadangəlmə xüsusiyyət deyildir, sonradan da qazanıla bilər. Məsələn, Almaniyada, mobbinq atmacalarına qarşı hazırcavablıq öyrədən kitablar çap edilir.

Avropa ölkələrində iş yerlərində mobbinq problemi daha çox araşdırılıb. Başlıca səbəb, fikrimizcə, kapitalist faydaçılıqla bağlıdır; çünki hansısa müəssisədə olan mobbinq - iş atmosferini pisləşdirə, işin keyfiyyətini zədələyə, işin məhsuldarlığını azalda, işçilərin diqqətini yayındıra və beləliklə, maddi baxımdan müəssisəyə ziyan vura bilər.

Məktəblərdə mobbinq araşdırmaları da kifayət qədərdir.

Mobbinqin az qala norma kimi qəbul edildiyi yerlərdə: hərb sistemində və həbsxanalarda mobbinqlə bağlı ciddi bir tədqiqat əsərinə rast gəlmədim. O yerlər ki, mobbinq qurbanları ən çox ordadır...

Mobbinqin, yuxarıda yazıldığı kimi, heyvanlarda da görülməsi onun tarixini təsəvvür etməyə imkan verir. Dilimizdə “gözümçıxdıya salmaq”, “qapazaltı eləmək”, “göz verib işıq verməmək” və s. kimi ifadələrin varlığı, mobbinqin bizim kulturamızın da keçmişinə yad olmadığını göstərir.

Azərbaycanda mobbinq az qala ənənəyə çevrilib, ona sosial həyatın hər sahəsində rast gəlmək olar. Hazırda isə ölkəmizdə mobbinqlə bağlı ən böyük problem, onun problem olması haqqında biliksizlikdir.

# 4505 dəfə oxunub

Oxşar xəbərlər

"Tütək səsi" bədii filmi nümayiş olunacaq

"Tütək səsi" bədii filmi nümayiş olunacaq

11:00 25 aprel 2024
“Qədim incəsənətin şah əsərləri”  sərgisi açıldı

“Qədim incəsənətin şah əsərləri” sərgisi açıldı

10:40 25 aprel 2024
Şayamalanın "Tələ"si - Treyler

Şayamalanın "Tələ"si - Treyler

10:20 25 aprel 2024
Kitab oxumayan, filmlərə baxmayan dayaz aktyorlarımız - Mirmehdi Ağaoğlu

Kitab oxumayan, filmlərə baxmayan dayaz aktyorlarımız - Mirmehdi Ağaoğlu

09:00 25 aprel 2024
Erməni tarixçi:  “Dünyada erməni adında xalq olmayıb" - Müsahibə

Erməni tarixçi: “Dünyada erməni adında xalq olmayıb" - Müsahibə

21:00 24 aprel 2024
Çingiz Aytmatovun abidəsinin açılış mərasimi baş tutdu

Çingiz Aytmatovun abidəsinin açılış mərasimi baş tutdu

18:27 24 aprel 2024
# # #