Rəssamlarımız Dubayda ustad dərsləri keçdilər

Rəssamlarımız Dubayda ustad dərsləri keçdilər
16 aprel 2019
# 09:56

Azərbaycan rəssamlarının Dubayda keçirdikləri “Baku breeze” (“Bakı sahil küləyi”) sərgisi çərçivəsində armudu stəkanlarda Azərbaycan milli ornamentinin motivləri əsasında vitraj naxışı üzrə ustad dərsi təşkil olunub.

Ustad dərsinin məqsədi əcnəbilərin diqqətinin Azərbaycanın qədim mədəniyyətinə, zəngin milli incəsənətinə cəlb edilməsi və onlara ənənəvi ornamentlərin təqdim olunmasıdır.

Sərginin təşkilatçısı və “Mincə sənət” qalereyasının sahibi Fidan Bədəlova AZƏRTAC-a müsahibəsində bildirib ki, sərginin və ustad dərsinin keçirilməsi Azərbaycanın zəngin mədəniyyətinin, bütövlükdə incəsənətin, o cümlədən təsviri sənətin təbliğinə xidmət edir. Onun sözlərinə görə, əsas diqqət geniş ictimaiyyəti, xüsusən əcnəbiləri rəssamlarımızın istifadə etdikləri Azərbaycanın milli ornamentləri ilə tanış etməyə yönəldilib. F.Bədəlova əlavə edib: “Bildiniz kimi, vitraj nəqqaşçılığında buta, nar və digər xalça elementlərindən də istifadə olunur. Sevindiricidir ki, sərgiyə gələnlər incəsənətimizi çox bəyənirlər, onlar ölkəmizlə daha yaxından tanış olmaq, ustad dərslərində iştirak etmək istəyirlər. Əlamətdar haldır ki, həm burada yaşayan soydaşlarımız, həm də yerli sakinlər və turistlər tərəfindən sərgiyə yüksək maraq göstərilir. Onlara “Mincə sənət” qalereyası tərəfindən Azərbaycan suvenirləri təqdim edilir və bu insanlar özləri ilə ölkəmizin bir parçasını aparırlar. Sabah sərgi çərçivəsində akvarel üzrə növbəti ustad dərsi keçirməyi nəzərdə tuturuq”.

Sərginin təşkilatçısı onu da qeyd edib ki, bu tədbir Azərbaycanın çox zəngin mədəniyyətinin təbliği istiqamətində atılan daha bir addımdır. O deyib ki, rəssam-dizayner Mehriban Əliyevanın keçirdiyi ustad dərsində azərbaycanlı və əcnəbi iştirakçılara armudu stəkanların ornamentlərlə bəzədilməsi nümayiş etdirilməklə yanaşı, öz əlləri ilə ornamentləri əlavə edən qonaqlara bu stəkan və üzərindəki naxışlardan bəhs edilib. F.Bədəlovanın sözlərinə görə, rəssam-dizayner Mehriban Əliyevanın özü bir neçə texnika ilə məşğul olur və “Dərvişi” mövzusunda keçədən hazırladığı əl işi olan böyük xalçanı təqdim edir.

F.Bədəlova diqqətə çatdırıb ki, sərgidə əl işləri nümayiş etdirilən 25 azərbaycanlı rəssamdan hamısı Dubaya gəlməyib. Burada iştirak edən rəssamlar Nadejda Bıçkova, Məhbubə Paşayeva, Səidə Əkbərova, Tamilla İbrahimova, Aydan Məmmədova və Sevil Kərimova aprelin 11-dən 17-dək Dubaydakı Azərbaycan Ticarət Evində keçirilən ekspozisiya günlərində öz əsərlərini təqdim edirlər.

“Mincə sənət” qalereyasının rəhbəri qeyd edib ki, Azərbaycan rəssamlarının sərgisi uğurla davam edir. “Düzünü desək, biz sərgiyə bu cür böyük marağı gözləmirdik və buradakı rezonansı, müxtəlif millətlərin nümayəndələrinin və yerli sakinlərin toplaşdığını görmək çox xoşdur. Bizim sərgiyə gələnlər arasında ingilislər, almanlar, ərəblər və digər xalqların nümayəndələri var. Onlar xoşlarına gələn əsərlərlə maraqlanır, biz də qonaqlara rəsmlərimiz, əsərlərin konsepsiyası, incəsənətimiz haqqında ətraflı məlumat veririk. İncəsənətimizin ruhlarını oxşadığını deyən insanların reaksiyasını görmək çox xoşdur. Bu, bizi çox sevindirir və biz burada öz ölkəmizi, incəsənətimizi təmsil etməkdən olduqca məmnunuq. Bununla əlaqədar, mədəniyyətimizi Birləşmiş Ərəb Əmirliklərində təqdim etməyə yaratdığı imkana görə Azərbaycanın baş konsulu Cavidan Hüseynova təşəkkür etmək istərdim”.

Qeyd edək ki, “Mincə sənət” qalereyası qarşısına Azərbaycan rəssamlarının əsərlərinin xarici ölkələrdə təqdim edilməsi məqsədini qoymuş startapdır. “Xüsusi olaraq vurğulamaq istəyirəm ki, dövlətimiz incəsənətin inkişafını və istedadlı insanların talantının üzə çıxarılmasını, həmçinin milli incəsənətimizin təbliği ilə məşğul olan startaplarımızı ciddi surətdə dəstəkləyir. Biz azərbaycanlılar da Azərbaycanın zəngin mədəniyyətinin ölkəmizin hüdudlarından kənarda tanıdılması işinə öz töhfəmizi verməyə çalışırıq”, - deyə F.Bədəlova sözlərinə yekun vurub.

# 2724 dəfə oxunub

Oxşar xəbərlər

Xalq şairi Nəriman Həsənzadənin son vəziyyəti

Xalq şairi Nəriman Həsənzadənin son vəziyyəti

16:32 27 dekabr 2025
Gör, özüm hardayam, ürəyim harda... - Gürcü şairin Naxçıvan xanının qızına yazdığı şeir

Gör, özüm hardayam, ürəyim harda... - Gürcü şairin Naxçıvan xanının qızına yazdığı şeir

16:00 27 dekabr 2025
Qazax rejissorun serialını yayım platformaları rədd etdi

Qazax rejissorun serialını yayım platformaları rədd etdi

15:30 27 dekabr 2025
Qlobal mədəni ikon Eyfel qülləsi haqqında maraqlı faktlar

Qlobal mədəni ikon Eyfel qülləsi haqqında maraqlı faktlar

14:40 27 dekabr 2025
Azərbaycanın ilk qadın rejissorlarından biri  haqqında aktyor həyat yoldaşı nə yazırdı?

Azərbaycanın ilk qadın rejissorlarından biri haqqında aktyor həyat yoldaşı nə yazırdı?

14:00 27 dekabr 2025
"Quran"ın türkcə tərcüməsini yandıran şair - O, niyə mükafatdan imtina etmişdi?

"Quran"ın türkcə tərcüməsini yandıran şair - O, niyə mükafatdan imtina etmişdi?

13:30 27 dekabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər