news-inner
clock17:30 calendar-gray 12 Aprel 2019 view-gray829 dəfə oxunub
view-gray829 dəfə oxunub

Anar, Musa Yaqub, Şəhriyar: əl çəkin bu davadan! - Ömər Xəyyam yazır...

Anar şair Şəhriyar del Geraniyə yazdığı cavabda adımı çəkib. Mənim Musa dədə ilə görüşdüyümü, bu görüşdən sonra Musa-Anar münasibətinin əsli və bu münasibət haqda yayılan söz-söhbətin əsassızlığına dair təmkinlə, ağır-arxayınca möhtəşəm qeydlər edib.

Tamamilə doğrudur. Mən söz-söhbət yayılan gün şairlə görüşdüm və məlum oldu ki, əslində, gənclərin Musa dədəyə sevgilərindən yana ürəyi yanıb; öz boylarınca, öz qələmlərincə şairə dəstək olmaq istəyiblər, fəqət gənclik ehtirasıyla özləri də bilmədən Musa dədəni incidiblər, qaşınmayan yerdən qan çıxarmaq üçün iynəli sözlərlə urvatsız xəbər düzəldiblər.

Məni bu cür yazmağa qələmlilər məcbur etdi. Məlum məqalədən sonra bir neçə nəfər mənə yazıb ki, gərək sən bu qılıncın altından keçməzdin.

Guya mənim yazıçı Anara münasibətim əxlaqsızlıqdır.

Guya mən Anarı danmalı, onun yazıçı olmadığına dair gənc qələmlilərin dəst-xəttiylə bir neçə status yazmalıyam.

Əzizlər, məndən ötrü məşhur AYB-AYO, ANAR-SEYMUR, ANAR-VAQİF dava-dalaşı sənətdən, ədəbiyyatdan iraq.

Anar yazıçıdırmı? Yazıçıdır. Həm də, çox yaxşı yazıçıdır.

Anar yaxşı rəhbərdirmi? – həə, bax mən bunu bilmirəm. Təkcə ona görə yox ki, mənim idarəçilik məsələlərindən, kürsü-divan söhbətlərindən başım çıxmır, həm də ona görə ki, mənə və sənətə yazıçı Anar lazımdır.

Mənim rəhbər Anarla, AYB-nin sədri Anarla bir işim yoxdur və məncə, yazıçılıq QHT ilə, üzvlüklə, nə bilim, qruplaşmaqla əmələ gələn şey deyil.

Guya yazıçıların qurultayı haqda susmaqla hansısa məsələdən ehtiyat edirəm, hansısa müstəvidə qorxuram.

Qurultay keçiriləcək, lap yaxşı.

Təzədən kimi seçəcəklər, kim seçiləcək, - düşünürəm ki, SÖZ bu məsələlərin fövqündədir.

Tutalım, bu dəfə Anar yox, Elxan Elatlı seçildi. Bəs yaxşı, bu dəyişiklik Seymur Baycanın, Eminquey Akifin qələminə təsir edəcəkmi?

Kim seçilir, seçilsin, axı bu adamlar yenə yaza bilməyəcək. Bir düz-əməlli cümlə qura bilməyəcək və öz publisistik mətnlərini ədəbiyyat adıyla soxuşduracaq.

Belə dava-dalaşın məqsədi maddi imtiyazdır. Ədəbiyyatın qurumu, idarəsi olmur. Olmaz. Olmamalıdır.

Yox, əgər, bizim qələmlilər başları üstdə bir adam istəyirlərsə, öz qələmiylə, xidmətləriylə ən məsləhətlisi Anardır.

***

Ustad demiş, mən Nobel də ala bilərəm, bəs yaxşı, bu xalq Nobelə layiqdirmi?

Sistem budur. Belədir. Ev istəyirsiniz? Bahalı yaşamaq istəyirsiniz? - daş daşıyın, araba sürün, qoyun otarın...

Bu dəqiqə bizim sistem üçün, gələcəyimiz üçün yazıçıdan, şairdən çox bir fizikə, bir hüquqşünasa daha çox ehtiyac var.

Anarla davanın predmeti nədir? - ev, pul, maşın... Sənət bu şeylərin fövqündə.

Tutalım, Anar da yoxdur, AYB də yoxdur...

Hanı mətn?

Hanı yazı?

Əl çəkin bu qara sevdadan.

Anarın mətni də var, yazısı da. Əgər Seymur Baycanın, Şəhriyarın və başqa çılğınların davası Anarın mətni, Anarın yazısı olsaydı, xub!

Mən yaxşı bilirəm ki, bu söz-söhbət başdan-ayağa epatajdır və bu söz-söhbətin sənət adına, mətn adına zərrə faydası yox.

Musa Yaqub atam adamdır, fəqət Musa Yaqub bu ölkə üçün nə edib? Gəlin, qələmi vicdanın üstdə qoyaq: o zəmanədə ki, min şeirdən bir çörək əfzəldir, niyə dövlət baba bir şairə ev verməlidir, ona xüsusi diqqət göstərməlidir?

Başa düşürəm, sənət, mədəniyyət... Amma bu məqamda sənət illüziyadır, çərənçilikdir... İndi elə bir gündəyik ki, bizim xilasımız sənətdə deyil, şeirdə deyil.

Ədəbi-bədii zövq? - indi elə bir gündəyik ki, bu zövq bizdən iraq.

Gələcək? - mənim bir qızım var və mən arzu edirəm ki, qızım ədalətli hüquqşünas olsun, fizik olsun, kimyaçı olsun, nə bilim peşəkar həkim olsun, fəqət yazıçı-şair olmasın.

Bu dava-dalaş haqda uzun-uzadı yazmaq da olar, ancaq acam.

Yaxşı göy qutabı ola, bir də ərik arağı…

news-inner-user
Ömər Xəyyam

39 məqalə

Paylaş

Oxşar xəbərlər