news-inner
clock12:32 calendar-gray 03 Aprel 2019 view-gray1668 dəfə oxunub
view-gray1668 dəfə oxunub

Ən çox bu havada ölməkdən qorxuram - Sevinc Çılğından Yeni Şeirlər

Kulis.az Sevinc Çılğının yeni şeirlərini təqdim edir.

Mam...

Ən çox bu havada ölməkdən qorxuram,

mam, ayaqlarım donur...

O ağacın altındakı boşluq mənim olmasın

istəmirəm, mam...

əllərim əsir...

Burda, bax burda

içimdə bir yer göynəyir

ovuram, olmur

ovuduram, olmur

ən dadlı tikələr də boğazımda qalır

mam, uda bilmirəm...

Nə vaxtsa tarım hördüyün saçlarımın dibi

indi ağrayır

barmaqlarımın ucundadır bizim dünən

mam,

mən sabahın da xatirəsi ola bilmirəm

Məni hardasa kimsə unudur

elə indi

burda... orda...

bilmirəm, mam

amma ürəyimə toxunur

Ən çox bu havada ölməkdən qorxan adamı

ondan da çox

kiminçünsə ölmək qorxudur

Mam, üstümü bərk ört - ayaqlarım donur...

gözlərimdən öp... həyat qovur...

Mənim savaşım

mənim savaşım özümlədi, adamlar

özünüzü yormayın

qəlbim sözünüzlə sınmır

üzüm sizdən dönmür

mənim savaşım özümlədi, adamlar

özümü öz gözüm götürmür

lənətli və ləkəli ruhumla meydanlarda

bir mən varam, bir də mən

nə üzr istəyin

nə əfv diləyin

özünü bağışlaya bilməyən bu q...dən...

Qadın-Adam

Uçmağı bacardı

sürünməyi öyrəndi

qaçdı, qovdu, dayandı...

hamısında da gözəldi o qadın...

qanadlarını qırdı

ayağının altında əzdi

tutdu, atdı, dayanmadı...

hamısında da zalımdı o adam...

qadın sevdi

adam sevirmiş...

qadın bilmədi

adam deyə bilmədi - yorğunam

gedən qatarın sonuncu vaqonundan əl sallayacaq qədər gücüm yox...

qadın torpağın altında təsəlli tapdı

adam o torpağın üstündə...

Qlamurun unutmaq resepti

Sürmə çəkməyi

acı bibər yeməyi

küsməyi tərgidən qadınlardan oldum

səndən olduğum gündən bəri

o klassik ədəbiyyatda

yeni kəkil çıxaran qızların dodaqlarına qönçə deyirlər ha,

bax o açılmayan qönçələrdən oldu ağzım -

məsumluğumdan deyil,

öpüşməyi tərgitdiyimdən

məhləmizdə bir kişi vardı

yeməyinə ovuc-ovuc duz qatardı

gəncliyində bir qəzada itirmişdi ağzının dadını

indi gülməli də səslənsə,

sən də bir qəzaymışsan taleyimdə -

ağzımın dadını itirdiyim qəza

amma mən yeməklərə daha duz qatmıram

(onsuz da dadsız)

dietoloqlar yeməyi duzsuz yeyin deyirlər

heç olmasa bir faydan dəysin

çeşid-çeşid sürmələrim

al-əlvan pamadalarım

bir toyxanalıq ənlik-kirşanım var

amma nolsun? -

gözünün suyu ovcunda qadınam

səndən olalı qadınlığımdan olmuşam

elə ki boğazımda düyünlənirsən,

özümü atıram mətbəxə

az qala şirin çörəklərə də soğan doğrayıram

bəhanəm soğan...

manqal qalayıram

samovar odlayıram

odla oynayıram...

bax bu adi məişət gözyaşardıcılarıyla

gözümün içindəki səni

yanağımdan süzülən səni

içimi və həyatımı göynədən səni

ört-basdır edirəm

səni ən gözəl unutduran şey

bir boşqab yeməkdir -

bir parça qızarmış ət

qovrulmuş brokoli, kabak, kərəviz sapı

bir az da qarnir

üstündən də bir fincan türk qəhvəsi oldumu -

kimdir səni xatırlayan?!

bir də idman -

gücüm, gözəlliyim, anti-depressanım idman

anlayacağın,

sağlam həyat deyə-deyə

səndən sağalıram

əslində bütün xəstəliklərin sonu ölümdür

bircə sənin əvvəlin ölüm imiş...

İnanmırsan...

Mən yorğun və xəstəyəm
unudulmuş bəstəyəm
daha əlimdən heç nə gəlmir
inanmırsan
dodaqlarımı çərçivələyən qırışlardan soruş

soruşma hardayam
soruşma necəyəm
səndən neçə küçə uzaq
neçə möcüzə yaxınam
soruşma
yorğunam
inanmırsan əllərimdə gülümsəyən cizgilərə bax

bax
harda yoxamsa
harda itmişəm
harda gizliyəmsə ora bax
altımda torpaq
üstümdə yarpaq
özüm çırıl-çılplaq
inanmırsan
başımın üstündə göyərən şamdan xəbər al

xəbər al niyə
meyl saldım meyə
içdim udum-udum
içdim qurtum-qurtum
günahlarımı göz yaşımla yudum
səndən sonra
özüm də sonra oldum

inanmırsan...
inanma

Xatirəm

Ömrümü gəzirəm küncdə-bucaqda
hardasa bir kəsik xatirəm qalıb
mənim bu dünyada iki gül balam
bir də boynubükük Xatirəm qalıb

Qara saçlarımda sığallar ölür
qara gözlərimdə can verir ümid
əlimdə- ovcumda bu dar ömürdən
üç cüt bir tək acı xatirəm qalıb

Dünyaya sığmadım, bilmirəm necə
bir ovuc torpağa sığar bu bədən
arxamca içində səssiz hönkürən
Zahirdə ömürlük xatirəm qalıb

Bir qəhvə dadında anılar adım
bir şaqraq gülüşlə yada düşərəm
bir bu qədər dostun, bu qədər yadın
yadında bir Sevinc xatirəm qalıb

Külək

Külək bir yalvarır pəncərələrə
şüşələrdə inad, inad nə inad!
soğança qoxulu isti yuvalar
xalılar üstündə xanım ayaqlar
ayaqlar üstündə yumşaq yastıqlar
yastıqlar üstündə körpə balalar
üzü bahara...

külək bir yalvarır pəncərələrə
şüşələrin ürəyi bərk dediyi dedik
döşləri süd qoxan sütül analar
gecədən səhərə yuxuya həsrət
çiyinlərə düşür mürgülü başlar
şirin yuxularda yatır atalar
üzü sabaha

külək yalvardıqca pəncərələrə
şüşələr daha çox mətin dayanır
indi nağılları susur nənələr
babaların savaş xatirəsi yox
daha deyilməli hər şey deyilib
yaşanıb elə bil hər yol gedilib
üzü allaha

Oxşar xəbərlər

Xəbər lenti

Sabir Əhmədli işğaldakı rayonuna necə qayıtdı?
16:32 17 Aprel 2021
Sirk ustaları bir araya gəldi
14:19 17 Aprel 2021
Şəhid polkovnikin təsirli piano ifası yayıldı - Video
13:28 17 Aprel 2021
Əsəbi gün - Humay Quliyevanın yazısı
12:30 17 Aprel 2021
Gözləri görməyən laçınlı şairin yurd gəzintisi
11:01 17 Aprel 2021
UNESCO Azərbaycan teatrının layihəsini qəbul etdi
10:29 17 Aprel 2021
Ağadadaşın kişi sözü – Elçindən yeni hekayə
09:00 17 Aprel 2021
“Nadir şah. Avşar dövləti” adlı kitab çap olunub
18:53 16 Aprel 2021
Prezident Eldar Quliyevin vəfatı ilə bağlı nekroloq imzalayıb
18:41 16 Aprel 2021
Qəmbər Hüseynlinin 105 illiyi qeyd olunub - Foto
18:17 16 Aprel 2021
Filmimiz Rotterdam Beynəlxalq Film Festivalında
17:29 16 Aprel 2021
Klinton ilk romanını nəşrə hazırlayır: "Terror dövləti" - Foto
16:37 16 Aprel 2021
Azərbaycanlı qadının fotosu Türkiyədə “İlin media fotosu” seçildi - Video
15:49 16 Aprel 2021
Təzəpirdə sinə vurdu, qızlarına görə Moskvada yaşamaqdan imtina etdi, atası onunla işləmək istəmədi – Tanımadığımız Eldar Quliyev
15:01 16 Aprel 2021
Yazıçıya vəzifə verildi
14:47 16 Aprel 2021
Qarabağda qırılan tut ağaclarına elegiya
14:31 16 Aprel 2021
Əməliyyatdan çıxan Zümrüd: “Xərçəng deyiləm” - Açıqlama
13:49 16 Aprel 2021
Həmid Herisçi Seymur Baycandan danışdı: “Təəssüf ki...”
13:02 16 Aprel 2021
Şimşəkdən sonra - İlham Əzizin yeni hekayəsi
12:16 16 Aprel 2021
Eldar Quliyev Fəxri Xiyabanda dəfn olunmayacaq
11:34 16 Aprel 2021