Hacıbaba Hüseynovun xatirəsi yad olunub

Hacıbaba Hüseynovun xatirəsi yad olunub
15 mart 2019
# 18:13

Bu gün Azərbaycan musiqi sənətinin görkəmli nümayəndəsi, ustad xanəndə və pedaqoq, Xalq artisti Hacıbaba Hüseynovun anadan olmasının 100 illiyi tamam olur.

Bu münasibətlə tanınmış incəsənət və mədəniyyət xadimləri, ictimaiyyətin nümayəndələri, sənətkarın tələbələri və doğmaları Fəxri xiyabana gələrək Hacıbaba Hüseynovun məzarı önünə əklil qoyub, tər çiçəklər düzüblər.

Mərasimdə çıxış edən kamança ifaçısı, Əməkdar artist, professor Mirnazim Əsədullayev sənətkarın zəngin yaradıcılığından və ömür yolundan danışıb. Bildirib ki, sənətkarın 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Prezidenti 2018-ci il fevralın 22-də Sərəncam imzalayıb. Sərəncama əsasən, Mədəniyyət Nazirliyi tərəfindən tədbirlər planı hazırlanır. Yubileylə əlaqədar olaraq bu ilin oktyabr ayında Azərbaycan Dövlət Akademik Filarmoniyasında yubiley tədbiri keçiriləcək. Eyni zamanda xanəndənin məzarüstü abidəsi yenilənəcək.

Xanəndənin yaradıcılığından söz açan M.Əsədullayev qeyd etdi ki, onun sözü və ritmi həmişə rəvan idi: “Sənətkarın vəfatından uzun illər keçsə də, bu sənətdə onun yeri görünür”.

Hacıbaba Hüseynovun sənət dostları Xalq artistləri Zamiq Əliyev, Vamiq Məmmədəliyev, Zabit Nəbizadə, qarmon ifaçıları Əməkdar artistlər Zakir Mirzəyev, Hüseyn Hüseynov, Azərbaycan Televiziyasının Musiqi verilişləri redaksiyasının baş redaktoru Çingiz Abbasov, Bakı Musiqi Kollecinin direktoru Nazim Kazımov çıxış edərək xanəndə ilə bağlı xatirələrini bölüşüblər.

Vurğulanıb ki, onun sənəti, ədəbi yaradıcılığı, bəstələri, təsnifləri muğam sənətimiz var olduqca yaşayacaq. Azərbaycan muğam məktəbinin təbliği və inkişafında Hacıbaba Hüseynovun özünəməxsus yeri var. Onun muğam məktəbinin yetirmələri olan ifaçıların sorağı Azərbaycanın hüdudlarından çox-çox uzaqlardan gəlir. Xanəndə Azərbaycanın muğamının ölkəmizdə xaricdə tanıdılmasına mühüm töhfələr verib.

Gənc yaşlarında tanınmış xanəndə Zülfü Adıgözəlovun səs yazısını əldə edən Hacıbaba Hüseynov onun oxuduqlarını təkrar edərək muğamın incəliklərini öyrənib. O, 1945-ci ildə görkəmli tarzən və pedaqoq Əhməd Bakıxanovun ansamblında fəaliyyət göstərməyə başlayıb. Güclü hafizəsi sayəsində eşitdiyi musiqi nümunələrini, muğamları dərindən mənimsəyib, özü də qəzəllər yazıb. Onun səs diapazonu o qədər geniş olmasa da, öz tembrinə görə təsirli və məlahətli idi. Xanəndənin zəhmətsevərliyi və sənət axtarışları nəticəsində əldə etdiyi ifaçılıq texnikası, poeziya və muğamı yüksək bədii zövqlə uzlaşdırma qabiliyyəti muğam biliciləri və musiqisevərlər tərəfindən yüksək dəyərləndirilib. Sənətkarın xatirəsi, əbədi heykəli ürəklərdə yaşayır.

Qeyd edilib ki, ustad xanəndənin Fəxri xiyabanda dəfn olunması ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə reallaşıb.

Mərasimdə xanəndənin qızı Səadət Hüseynova atası ilə bağlı xatirələrini bölüşüb. Sonra sənətkarın bacısı oğlu, tanınmış teatrşünas, Əməkdar incəsənət xadimi Aydın Talıbzadə Xalq artisti Hacıbaba Hüseynovun 100 illiyinin qeyd olunması haqqında Sərəncam imzaladığına görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. O, ailəsi adından xanəndəni yad etməyə gələn hər kəsə dərin təşəkkürünü ifadə edib.

Diqqətə çatdırıb ki, 2019-cu il ölkəmizdə “Nəsimi ili” elan edilib. Bundan əlavə, dövlət başçısının sərəncamları ilə Nəsiminin, Cəlil Məmmədquluzadənin, Cəfər Cabbarlı və bir sıra görkəmli ədəbiyyat və mədəniyyət xadimlərinin yubileyləri qeyd ediləcək. Bu yubileylər sırasında Hacıbaba Hüseynovun da yubileyinin keçirilməsi qəlbimizi qürur hissi ilə doldurur.

# 3917 dəfə oxunub

Oxşar xəbərlər

“İRS” beynəlxalq jurnalının özbək dilində ilk nömrəsi nəşr olundu

“İRS” beynəlxalq jurnalının özbək dilində ilk nömrəsi nəşr olundu

18:30 23 sentyabr 2026
“27 Sentyabr – Anım Günü” elektron məlumat bazası təqdim edildi

“27 Sentyabr – Anım Günü” elektron məlumat bazası təqdim edildi

18:15 23 sentyabr 2026
Dünyanın ən yaxşı 100 şorbası məlum oldu

Dünyanın ən yaxşı 100 şorbası məlum oldu

18:00 23 sentyabr 2026
Stenford alimlərindən unikal layihə - Ayasofiyanın səsi rəqəmsallaşdırıldı

Stenford alimlərindən unikal layihə - Ayasofiyanın səsi rəqəmsallaşdırıldı

17:30 23 sentyabr 2026
Görkəmli şəxsiyyətlərin Sabit Rəhman haqqında fikirləri

Görkəmli şəxsiyyətlərin Sabit Rəhman haqqında fikirləri

17:00 23 sentyabr 2026
Amerikalı aktrisanın ölüm səbəbi açıqlandı

Amerikalı aktrisanın ölüm səbəbi açıqlandı

16:30 23 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər