news-inner
clock13:05 calendar-gray 12 Mart 2019 view-gray1365 dəfə oxunub
view-gray1365 dəfə oxunub

Səbinədən Səbuhiyə çevrilən adamın hekayəsi

Arzu Murad

“Youtube”-a nə zaman daxil olurdumsa, onun videosu gözümün qarşısında hərlənirdi. Bu video məni ilkin görünüşdən cəlb etmədiyinə görə nə haqda olduğunu bilmədən ötürürdüm digər videolara. Sonra günlərin birində, lap bu yaxınlarda bir həmkarımla müzakirə zamanı söz həmin videodan düşdü və barəsində o qədər ürəyəyatımlı sözlər eşitdim ki, dərhal izləyəcəklərim arasına daxil etdim.


Və nəhayət uzun sürən çək-çevirdən sonra bütün cəsarətimi toplayıb Sebastian haqda olan həmin sənədli filmə baxdım. Ona görə “cəsarətimi topladım” deyirəm ki, baxanların film haqda verdikləri rəy bu olmuşdu ki, çox təsirlidir, duyğuların qarışacaq, filan. Ona görə o səddi keçmək mənə çətin gəlirdi, uyğun bir zaman axtarırdım bu filmə baxmağa. Elə zənn edirdim ki, Sebastiana bütün vaxtların ən dəyərlisini ayırmaq lazımdır və zənnimdə yanılmadım. Duyğulandımmı deyim, həyata daha ayıq gözlə baxmağa başladımmı deyim, bilmirəm. Məndən öncə bu haqda yazan olubmu, ya yox, bu barədə yazmağa gec qalmışammı, ya yox, düzü heç onu da bilmirəm. Sadəcə Allaha təvəkkül bu haqda bir neçə cümlə yazmaq istədim, uzun olsa, bağışlayın.


Yazı səmimiyyət sevir və mən də bu yazıda bütün səmimiyyətimlə çıxış edəcəyimə söz verirəm. Düzü mənim homoseksuallar haqda fikirlərim dəyişkəndir, konkret deyil. Yəni adamına görəmi deyim, vəziyyətinə görəmi deyim, fikirlərim təzadlı olur. Deyim ki, lezbilərə və geylərə humanist yanaşıram, yox. Başlıca önəm verdiyim insanlıqdır, əgər ilkin təəssüratdan həmin insan mənə xoş təsir bağışlamadısa, lap homoseksual olmasa belə, mən o adamı yaxınıma buraxmayacam. Hələ bu vəziyyət bir də transgenderliklə vəhdət təşkil etsin, o qədər arqumentlərim olacaq ki, onu özümdən təcrid etməyə. Nə qədər də desək ki, insanı olduğu kimi qəbul etmək, filan, vallah boş şeydir. Heç kəs heç kəsi olduğu kimi qəbul etmir. Heç valideyn, övladını arzuolunan olmadığı halda qəbul etmir, nəinki iki yad insan bir-birinin xarakterinə hörmətlə yanaşsın.

Keçək konkret Sebastiana!

Əgər sırf onun haqqında çıxış etsəm, mənə çox xoş təsir bağışladı. Cinsiyyətini dəyişməsi, homoseksual olmasını açıq şəkildə bəyan etməsi onun sadəcə şəxsisinə aid olan cəsarətidir. Fəqət bir həqiqət həm də odur ki, bu insan Mingəçevirin dibindən çıxıb insanlarla mübarizə halında ta Amerikalara qədər gedib çıxa bilib. Hansı birimiz bu halımızla insanların qınağıyla başa çıxa bilərdik, özümüzdə güc tapıb həyata tutuna bilərdik? Heç birimiz! Düşünün bir, 9-cu sinifdə oxuyursan, gələcəklə bağlı böyük xəyalların var və birdən-birə sənin xəyallarına tüpürüb aşağılayırlar, təkləyirlər. Qocaman bir şəhərdə anandan başqa bir adamla belə danışmaya-danışmaya sən böyük işlərə imza atırsan. Öncə Səbinədən Səbuhiyə çevrilirsən, sonra isə qəti qərarınla Sebastian kimi özünü təsdiqləyirsən.


Bəlkə də bir çoxlarınız yazımı ciddiyə almayıb deyəcəksiz ki, bir transgender haqda olan yazını oxumağa niyə vaxt sərf edim ki? Bəlkə məsələyə bir də ayrı damdan baxmağa çalışasız. Məsələn, sizin edə bilmədiyiniz (bəlkə də etmək istəmədiyiniz) neçə şeyi etməyə nail olub. Hətta nailiyyətləri olmasa belə, bir insanı qiymətləndirmək üçün onun cinsiyyəti niyə dəyər meyarı olsun ki?! Ələlxüsus da, bu gənc bu qədər işıqlı, intellektual, ətrafa pozitiv ötürən, düşüncəsi ilə qəlbə yol açmağı bacarandırsa... Onları cəmiyyətdən təcrid edəndə, həqiqətənmi xoşbəxt olursuz? Bir geriyə baxıb düşünün. Bu banal, dar düşüncənizlə neçə gəncin çırağını söndürdüyünüzü görəcəksiz. Lənətə gəlsin, axı biz İranda, Ərəb ölkələrində yaşamırıq, bəs elə isə niyə bu qədər məhduddur düşünmək qabiliyyətimiz?


O Allah bəndəsinin Səbinə halıyla Sebastian halının fərqi sizi niyə bu qədər narahat edir? Yahu bir insan öz bədənini dar məhbəs hesab edirsə, ruhu və cismi arasında çox ciddi fərq görüb də, bu fərqdən böyük narahatçılıq hiss edirsə, niyə elin düşüncəsinə önəm verməlidir? Niyə elə hesab edirsiz ki, sizin düşüncəniz etolondur və siz çox doğru yoldasız? Bəlkə elə problem sizdədir?


Bir çox dünya ölkələrində, həmçinin, yaxşı cəhətləriylə öyünüb gözümüzə soxduğunuz Avropa ölkələrində sadəcə insan anlayışı var, cinsiyyət insanlıqdan arxa plandadır, sizin dilinizdə desəm, yalnız cütləşmə zamanı rol oynayır. Hətta heç kəsə sirr deyil ki, dünyaca məşhur sənətçilərin böyük əksəriyyəti ya lezbiyandır, ya geydir, ya da cinsi ariyentasiyaya uğrayıb. Dünya pop musiqisinin kraliçası Madonna geylərin ikonası sayılır, çünki o bütün dünya geylərinin hüquqlarının müdafiəçisi hesab olunur. Bu sarıdan Ledi Qaqa da ondan geri qalmır. Hətta o müsahibələrindən birində iki oğlu olduğunu və onların hər ikisinin gey olmasını istədiyini bildirib. Rusiya şou-biznesindən Alla Puqaçova və Lyudmila Qurçenko, Türkiyə şou-biznesindən isə Ajda Pekkan, Sezen Aksu və Hande Yener homoseksualların müdafiəsində dayanır. Azərbaycanda da homoseksualların az olmamasına baxmayaraq, hələ ki estradamızdan onların müdafiəçisi kimi özünü təqdim edən cəsarətli sənətçimiz yoxdur. Məntiqlə yanaşanda, heç lazım da deyil. Bizdə müdafiəni təbliğatla bir növ səhv salırlar. Sənin bir şeyi müdafiə etməyin onun təbliğatını aparmağın anlamına gəlmir. Mövzudan bir qədər kənarlaşdım, üzrlü sayın.

Sözügedən mövzu haqda Hollivudun və bir çox dünyaca məşhur şirkətlərin, sözün yaxşı mənasında dəhşətli filmləri var. O filmlər LGBT-ni təbliğ etmir, sadəcə filmin və hislərin diliylə insanları maarifləndirir və izah etməyə çalışır ki, homoseksuallar da sizlərdən biridir. Onları diskriminasiya hədəfinə çevirib özünəqəsd həddinə çatdırmayın və yaxud hikikomorilərə çevirməyin. Bu arada, bilməyənlərə izah edim ki, hikikomori sosial fobiya yaşayıb özünü cəmiyyətdən təcrid edən insanlara deyirlər.

Onlara sosial azadlıq verin. İzin verin özlərini ifadə etsinlər, kim olduqlarını və nələrə qadir olduqlarını çatdırsınlar. Narahat olmayın, gözünüzün qarşısında cütləşəsi, sevişəsi ha deyillər. Sebastian hətta anasının belə onu anlamaq istəmədiyini əsas gətirib, digər insanlardan anlayış gözləmədiyini dedi və məlum səbəblərdən öz azadlığını məhz Amerikada tapdığını bildirdi. Əgər bir gənc bu qədər savadlı, özgüvəni yüksək, insanları sevən biridirsə, cinsi ayrıseçkilik kimə və nəyə gərəkdir axı? Belə insanlara ölkəmizdə daha çox ehtiyac var, nəinki xaricdə. O qədər xoş, ürəyəyatımlı danışır ki, adamın içi durulur. Azərbaycanda adamın könlünü açmağa qadir olan, ətrafa sevgi saçan nə qədər adam var ki...


news-inner-user
Arzu Murad

13 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Əruz vəznində yazılmış ən gözəl təbiət şeiri - Mətn
17:01 11 İyul 2020
Kəramət Böyükçöl: "Məşhurluğumun arxasında dura bilmirəm" - Video
16:29 11 İyul 2020
Özgə adam - Xəyyam Rəfilinin hekayəsi
15:42 11 İyul 2020
Polşa fondu Bakıda müsabiqə elan etdi
14:51 11 İyul 2020
İcazə verək, insanlar Allahlarıyla dalaşsın - İlqar Kamil yazır...
14:07 11 İyul 2020
Qarajda yaşayan Əməkdar artistin ürək parçalayan son sözü - Maraqlı Faktlar
13:15 11 İyul 2020
Məktublarda gizlədilmiş sevgilər - Malik Atilayın yeni şeirləri
12:08 11 İyul 2020
Sadəcə, Şahin
11:18 11 İyul 2020
Orxan Pamuk Qərbə yarınır - Şəhriyar yazır...
10:21 11 İyul 2020
Tofiq azərbaycanlı qızı ləkələyir, rus qızıyla evlənir – Məşhur filmin pərdəarxası
08:59 11 İyul 2020
"Sabir Rüstəmxanlı ilə Sirus Təbrizlini atam bu otaqda barışdırdı" - Sabir Əhmədlinin evindən reportaj
21:01 10 İyul 2020
Türkiyəli aktyor ölümlə təhdid olunur
18:17 10 İyul 2020
Əti, sümüyü var, qanı yoxdur – Həmkarları İlham Əzizi tənqid edir...
17:29 10 İyul 2020
Berqmanın filmi əsasında serial çəkilir
16:39 10 İyul 2020
Azərbaycanlı müğənni koronavirusdan sağaldı
15:50 10 İyul 2020
Əliağa Vahidi ölümdən qurtaran dostu - Maraqlı faktlar
15:07 10 İyul 2020
Dördbucaqlı qətl hadisəsi – Əli Şirin Şükürlü yazır
14:20 10 İyul 2020
“Çəkməli pişik” onlayn göstəriləcək
13:39 10 İyul 2020
"Heç yerə çıxarda bilmirik" - Vaqif Bayatlıdan xəbər var
12:52 10 İyul 2020
Süni şöhrətə qaçan gənc şair və Allahın “cangüdənləri” – Sərdar Amin yazır...
12:15 10 İyul 2020