Afaq Bəşirqızının sənət təəssübkeşliyi – Gündəm

Afaq Bəşirqızının sənət təəssübkeşliyi – <span style="color:red;">Gündəm
4 mart 2019
# 10:38

Ölkə başçısının mədəniyyət xadimləri ilə geniş tərkibdə görüş keçirməsi müsbət addımı kimi gündəmi dəyişib. Qapalı görüşlərdə şəxsi xahişləri ilə çıxış edən sənətçilər bu dəfə açıq görüşdə danışmalı oldular. Daha doğrusu, prezident özü bu sahədəki problemlərdən danışmağa şərait yaratdı.

Bu, problemlərin mövcud olduğu real vəziyyətdə yaradıcı insanlara böyük fürsət idi. Ədəbiyyat, musiqi, teatr, kino adamları bu fürsətdən necə istifadə etdilər? Özlərini necə apardılar? Sual həm sosial şəbəkələrdə, həm mediada geniş müzakirələr səbəb oldu. Bəzən sadəcə həqiqəti demək insanı ucaldır. Xalq artisti, kino və teatr aktrisası Afaq Bəşirqızı məhz öz sahəsindəki problemləri deməklə, özünü yox, həmkarlarını da düşünməklə, dolayısı ilə məşğul olduğu sənətin, sənətçilərin təəssübünü çəkməklə buna nail olub.

Həm də həmkarlarından “ölkədəki gözəllikləri vəsf etməyi xahiş edən Zeynəb Xanlarovanın fonunda bu sənət təəssübü müsbət reaksiyalar doğurub, diqqətdən kənarda qalan sənət adamlarını təsirləndirdi.

Sosial şəbəkədə Afaq xanımın ünvanına təşəkkür, alqışlar yağmağa başladı.

Biri yazır, hər kəsə ən azı bircə dəfə də olsa, böyük insan olmaq şansı verilir, bu, həm də bir sınaqdır və bu sınaqdan üzüağ çıxanlara eşq olsun.

Başqa bir yazır, günün qəhrəmanı Afaq Bəşirqızıdır. Aktyor, aktrisa cameəsi yaxın günlərdə eşidəcək gözəl xəbərlərin müqabilində Afaq xanımı öz qəhrəmanlarına çevirməlidirlər.

Başqa biri isə məlum görüş və çıxış zamanı Azərbaycan teatrının indiki vəziyyəti, gənclərin yaşadığı və üzləşdiyi problemləri sona qədər dediyi üçün aktrisaya təşəkkür edir.

Teatr Xadimləri İttifaqı ilə bağlı səsləndirdiyi hər bir sözlə razılaşanlar, ona əhsən deyənlər də var.

Afaq Bəşirqızı mətbuata verdiyi açıqlamada öz çıxışını belə şərh edib:

“Vallah mənə söz verilməmişdi. Çıxışlarda şəxsi ambisiyalar çox idi. Ona görə, mikrofonu özümə tərəf çəkib danışdım. Ölkə başçısı və onun ailəsini çox sevirəm. Bilirəm ki, onların işləri çoxdur. Onu da bilirəm ki, onlara çox şeylər düzgün çatdırılmır. Ona görə, mikrofonu özümə tərəf çəkib, ürəkdən gələn sözlərimi cənab prezidentə və xanımına çatdırdım. Başa düşürsüz? Aktyorların sosial durumu hər zaman məni düşündürüb. Axı, Afaq Bəşirqızı tək deyil? Mən hər zaman demişəm, iki-üç nəfərə göstərilən qayğı ümumi teatra göstərilən qayğı demək deyil. Çünki, bir güllə bahar olmaz. Aktyor tək səhnədə heç nə edə bilməz. Aktyorun ətrafı olmalıdır."

Bu problemləri hər kəs bilir. Kimsəyə sirr deyil. Sadəcə mətbuata müsahibəsində belə reallığı deməkdən qorxan sənət adamları varkən, Afaq xanımın bu addım xüsusi gözə çarpır.

Xalq artistinin doğruları ən ali tribunadan səsləndirdiyinə görə bu qədər alqışlanır. Bizim mühitdə bu cür sənət təəssübkeşliyinə nadir hallarda rastlanır. Bir dəfə də mərhum Səyavuş Aslan ümummilli lider Heydər Əliyevlə görüşündə gənc aktyorların maddi durumundan danışmışdı və istedadlı insanların teatrdan getməsi faktını ürək ağrısı ilə qeyd etmişdi. Onda da eyni reaksiyalar vardı. Təbii ki, bu görüşün gənc aktyorlara xeyli müsbət təsiri oldu.

Sonda Afaq Bışirqızının çıxışını diqqətinizə çatdırırıq.

- Canım Prezidentim, mənim Sizə danışmamağım qeyri-mümkündür. Canım Prezidentim, çünki Sizi mən seçmişəm. Mən Sizə səs vermişəm. Mən Sizi dəstəkləyirəm.

Canım Mehriban xanım, bu gün mənim burada oturmağımın səbəbkarı göydə Allah, yerdə Sizsiniz. Mənim səhhətimə göstərdiyiniz o qayğıya görə Sizə minnətdaram, ömrüm boyu minnətdar olacağam.

Burada əyləşən bütün incəsənət xadimləri sənətə öz canlarını qoyublar və bu sənətin inkişafında çox böyük rolları olubdur. Lakin biz bununla kifayətlənməməliyik. Biz Sizin sərəncamlarınızdan sui-istifadə edənlərə qarşı çox böyük bir inqilab etməliyik. İki açıq cəbhəsi olan ovuc boyda Azərbaycanı Siz necə qoruyursunuz? Bu dövlətçiliyi necə qoruyursunuz? Hər birimizi necə qoruyursunuz? Siz necə əziyyətlər çəkirsiniz? Bunu biz hamımız başa düşməliyik. Sizin əməyinizi qiymətləndirmək bu balaca məclislərdə deyil, geniş meydanlarda olmalıdır, bizim müsahibələrimizdə olmalıdır. Bu hadisəni başa düşməyən və bu hadisədən sui-istifadə edən ortabab xalqı, bəlkə də deyim Sizə ki, sadə bir xalqı qızışdıran, Vətənin bu vəziyyətində öz şəxsi ambisiyaları üçün istifadə edən şəxslərə bizim dilimiz çox uzun olmalıdır. Çünki hər bir xalqı mədəniyyəti ilə tanıyırlar. Hər bir tikilini təzədən bərpa etmək olar, hər bir dağıntını təzədən qurmaq olar, amma mədəniyyət çat verərsə, bu, çox böyük bir bəladır. Burada oturanlar bilirlər ki, bizə, bizim mədəniyyətimizə çox böyük qayğı var. Bəlkə də biz yeganə xalqıq fikirləşirik ki, problemlərimiz olanda Prezidentimizə, Mehriban xanıma deyəcəyik və onlar bizi bu bəladan, bu problemdən qurtaracaq. Bəlkə də bizim içimizdə bunu təsdiq edənlər var. Çox problemləri biz onların vasitəsilə həll etmişik. Amma bu, təkcə şəxsi ambisiya üçün olmamalıdır. Bizdən sonra yeni nəsil yetişir, yeni, cavan nəsil gəlir. Bəli, çox gözəl mədəniyyət nazirlərimiz olub. Mənim yaşım o vaxta çatmayıb, amma biz onlarla indiki kimi ünsiyyət qura bilməmişik. İndiki kimi deyə bilməmişik ki, cənab nazir, filankəs ağır vəziyyətdə xəstəxanadadır, özəl xəstəxanadır, onun pulu ödənməlidir, o, oradan çıxmalıdır. Bilirsiniz, bütün bunlar hamısı həyat hadisələridir. Bunun hamısını biz çılpaqlığı ilə deməliyik, boynumuza almalıyıq. Nə üçün? Çünki bizim həyat devizimiz, yəni, aktyorların, incəsənət xadimlərinin əsas həyat devizi təbii, düzgün olmaqdır. Biz yalanlardan uzaq olmalıyıq.

Cənab Prezident, teatr başqa sahələrə nisbətən bir az çətin vəziyyətdədir. Yəni, Mehriban xanımın qayğısı ilə bizim musiqiçilərimiz, Allaha şükür olsun, muğam festivalı, hamısı maşallah təmin olunublar. Çox sevinirəm. Bizim özümüzün də Sizin xüsusi mükafatınız, Allah Ulu Öndərimizə qəni-qəni rəhmət etsin, xüsusi təqaüdünüz var. Amma biz tək deyilik. Biz özümüzdən sonrakıları da fikirləşməliyik. Cənab Prezident, mənim işlədiyim Musiqili Teatr, - şəhər mərkəzində yerləşən, öz sənəti, öz tarixi, öz sənətkarları olan bir teatr, - üçüncü kateqoriyadadır. Mən bir faktı diqqətinizə çatdırmaq istəyirəm. Aktyor səhər tezdən kirayə qaldığı Müşfiqabaddan iki övladı və yoldaşı ilə çayını, çörəyini götürüb gəlib Konservatoriyanın qabağında dayanır. Uşaqların biri dərsə gedir, ikinci uşağı ikinci növbəyə hazırlayırlar. Orada onu yedirdir, özü isə məşqə gedir. Axşam yenə də həmin o ailə qayıdır Müşfiqabada. Sizə demək istəyirəm ki, bəli, Afaq Bəşirqızına ev, mükafat, fəxri ad verilib. Çox sağ olun. Amma Afaq Bəşirqızı tək deyil. Afaq Bəşirqızı özündən sonrakıları fikirləşməlidir. Sizə olan xahişlər buna görədir, ümumi xalq üçündür.

Canım Prezidentim, çox xahiş edirəm, imkansız aktyorların maaşı və bir də evlə təmin olunması məsələsinə diqqət yetirilsin. Aktyorlarımızın mənzil şəraiti və sosial vəziyyəti ağırdır, bilirsiniz ki, maaşlarımız azdır. Başa düşürük, indi bizim Sizdən heç nə tələb etməyə ixtiyarımız yoxdur. Çünki biz müharibə şəraitində yaşayan bir ölkəyik. Bunun hamısını bilirik və başa düşənlər bunu bilirlər. Amma çox xahiş edirik, teatr sahəsinin, Teatr Xadimləri İttifaqının inkişafı ilə bağlı yeni konsepsiya hazırlanmalı, yeni işlər görülməlidir. Çünki teatr xadimlərinin Teatr Xadimləri İttifaqına həqiqətən də çox böyük ehtiyacı var.

Qarşıdan gələn Novruz bayramınız mübarək olsun. Uğurlu, xeyirli olsun. Gün o gün olsun ki, Allah qoysa, Qarabağda görüşək, sevinək və dərindən bir sevinc ahı çəkib deyək ki, çox şükürlər olsun Sənə, İlahi, alnımız qeyrətlə açıldı. Çox sağ olun.

# 2110 dəfə oxunub

Oxşar xəbərlər

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

Marqaret Etvudun fantastika yazmaq istəyənlərə 7 məsləhəti

15:00 16 aprel 2024
"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

"Qış fəsli üşüyür ciblərində..." - Ümid Nəccarinin şeirləri

18:00 15 aprel 2024
Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

Övlad həsrəti ilə yaşayan şair - Ədəbiyyatımızın kədərli dəqiqələri

17:00 15 aprel 2024
Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

Boynumda üşüyən öpüş yerləri - Fəridənin şeirləri

12:00 14 aprel 2024
Bələdiyyə başqanı, dövlətin sənətə dəstəyi, imamlar və sevgi - Atasına çevrilən yazıçı

Bələdiyyə başqanı, dövlətin sənətə dəstəyi, imamlar və sevgi - Atasına çevrilən yazıçı

10:00 14 aprel 2024
Bədbəxtlik, nifrət, sevgi - Dini paklığı pozan ehtiras

Bədbəxtlik, nifrət, sevgi - Dini paklığı pozan ehtiras

15:00 13 aprel 2024
# # #