Xocalı faciəsinə musiqi əsərləri həsr olunub

Xocalı faciəsinə musiqi əsərləri həsr olunub
26 fevral 2019
# 14:22

Azərbaycan Bəstəkarlar İttifaqının üzvləri hər il dəhşətli Xocalı faciəsinin ildönümünü dərin kədər hissi ilə qeyd edirlər. Yüzlərlə günahsız insanın qəddarlığın və zorakılığın qurbanı olduğu həmin hadisənin baş verməsindən 27 il ötür.

Dəhşətli Xocalı hadisələri Azərbaycanın hər bir vətəndaşı, bütün xoşməramlı insanlarla yanaşı, respublikamızın bəstəkarlarını da sarsıdıb. Xocalı soyqırımından qısa müddət sonra bu faciəyə həsr olunmuş müxtəlif janrlarda musiqi əsərləri yaradılıb.

Bu mövzuda ilk əsərlərdən biri musiqisi faciəli notlarla dolu olan Məmməd Quliyevin böyük “Simfoniya-Rekviyem”idir. Sonra Arif Mirzəyevin “Xocalı uşaqlarına laylay” orqan kompozisiyası, Oqtay Rəcəbovun “Xocalı avazları” çoxhissəli oratoriyası, Yusif Mirişlinin “Xocalı-613” simfonik poeması bəstələndi.

Hadisələrin birbaşa izi ilə yazılmış bu ilk əsərlərdən sonra Xocalı faciəsi sonrakı illərdə də bəstəkarların azalmayan həyəcanla müraciət etdikləri mövzu oldu. Bir-birinin ardınca Azər Dadaşovun “Xocalıya ədalət” simfonik plakatı, Faiq Nağıyevin xor üçün “Xocalı harayı” əsəri, Nazim Quliyevin “Xocalı” operası, Elnarə Dadaşovanın “Xocalı laylası” bəstələndi.

Başqa ölkələrin və xalqların da musiqi sənəti təmsilçiləri Xocalı mövzusuna biganə qalmadılar. Məsələn, tanınmış Rusiya bəstəkarı, Rusiyanın Xalq artisti Aleksandr Çaykovski “Xocalı” matəm musiqisini bəstələyib. Fransız bəstəkarlar Pyer Tillou və Roman Zantenin bəstələri, həmçinin tanınmış qazax bəstəkarı Balnur Kıdırbekin “Xocalı qurbanları” əsəri bu dəhşətli faciəyə həsr olunub. Bu əsərlərin təkcə bəstələnməsinin deyil, həm də son illərdə dünyanın müxtəlif şəhərlərində ifa edilməsinin də böyük əhəmiyyətini qeyd etmək lazımdır.

Xocalı faciəsinə həsr olunmuş mətəm əsərlərinin sırasında həm də Azərbaycan bəstəkarlarının bu faciənin adının keçmədiyi əsərlərini də xatırlatmaq olar. Onların arasında Tofiq Bakıxanovun “Hümayun” simfonik muğamı, Nəriman Məmmədovun Yeddinci simfoniyası, Azad Zahidin “Rekviyem” əsərini göstərmək olar.

Yeni əsrin Dağlıq Qarabağ münaqişəsi və Xocalı hadisələrinə həsr olunmuş ən böyük və əhəmiyyətli əsəri Firəngiz Əlizadənin “İntizar” operasıdır. Bu əsərdə xalqımızın çəkdiyi ağrı-acı, günahsız insanların öldürülməsi, Azərbaycan ailələrinin qəddarcasına məhv edilməsi, xeyir və şərin mübarizəsi əks olunub. Təsadüfi deyil ki, bu opera kədərli anım günlərində Opera və Balet Teatrının repertuarından düşmür.

Xocalı faciəsi ilə bağlı yeni və bu yaxınlarda ərsəyə gətirilmiş əsərlərdən isə Rəna Qədimovanın “Sarı gəlin” balladasını, Rüfət Ramazanovun simli orkestr üçün “Təəssürat” və orqan və xanəndə üçün “And” əsərlərini, İlham Azmanlının orkestr üçün “Ağı” musiqisini göstərmək olar.

Üzərindən illər keçməsinə baxmayaraq, kədər və qəzəb hələ də ədalət və humanizm prinsiplərinə biganə olmayan insanların qəlbini doldurur. Respublikamızın bəstəkarları Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə dünya miqyasında aparılan və Xocalı haqqında həqiqətləri yayan beynəlxalq kampaniyanı bütün qəlbi ilə dəstəkləyirlər.

Hər il Xocalıya həsr edilmiş yeni əsərlərin ərsəyə gətirilməsi ziyalılarımızın və incəsənət xadimlərinin bütün Azərbaycan xalqı ilə birliyinin, yaradıcılıq prosesinin Vətənimizdə baş verən hadisələrlə ayrılmaz vəhdətinin təcəssümüdür.

# 4485 dəfə oxunub

Oxşar xəbərlər

Ahmet Bican Ercilasun: "Gülçöhrə və Əsgər"i izləmək belə Azərbaycanı qorumaq üçün yetərli səbəbdir..."

Ahmet Bican Ercilasun: "Gülçöhrə və Əsgər"i izləmək belə Azərbaycanı qorumaq üçün yetərli səbəbdir..."

11:40 18 oktyabr 2026
"Bədxahlarım məni yad ünsür adlandırmışdır..." - Muxtar Əfəndi  Üzeyir Hacıbəyliyə  yazdığı ərizədə nəyi rica edirdi?

"Bədxahlarım məni yad ünsür adlandırmışdır..." - Muxtar Əfəndi Üzeyir Hacıbəyliyə yazdığı ərizədə nəyi rica edirdi?

10:30 18 oktyabr 2026
18 oktyabr - Müstəqillyin Bərpası Günüdür

18 oktyabr - Müstəqillyin Bərpası Günüdür

10:00 18 oktyabr 2026
Londonun Təbiət Tarixi Muzeyində maraqlı tapıntı

Londonun Təbiət Tarixi Muzeyində maraqlı tapıntı

14:50 17 oktyabr 2026
"Manifest" qrupunun yeni rekordu - "Spotify"da bir gündə 2 milyon dinlənmə

"Manifest" qrupunun yeni rekordu - "Spotify"da bir gündə 2 milyon dinlənmə

14:15 17 oktyabr 2026
İnsanda özünəinam yaradan yeganə şey... - Özümü kimin gözü ilə görürəm?

İnsanda özünəinam yaradan yeganə şey... - Özümü kimin gözü ilə görürəm?

13:30 17 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər