Erməni qadına su daşıyanlar

Erməni qadına su daşıyanlar
30 iyul 2018
# 13:33

Hər iki qrupdan dostlarım var – “Jara”ya gedib Zaranı dinləyən və onun Bakıya gəlişinə etiraz edənlər...

Birinciləri başa düşürəm – müharibə talelərində heç bir iz buraxmayıb. Tək itkiləri həyatlarından əskilən kübar həyatı olub. “Qaçqınlar gəldi və s.” məsələsi... O çatışmayanlarını da belə tədbirlərlə kompensasiya edirlər, dünyaya bir dəfə gəliblər, mutlu olmaq haqlarıdır. Qınamaq olmaz, bir çoxunun heç son 30 ildə yaşadıqlarımızdan xəbərləri də yoxdur, necə də olsa, informasiyanı Rusiya kanallarından alırlar. Çoxu hələ də bilmir ki, şikayət etdiyi “qaçqınların” Bakıya gəlmə səbəbi Azərbaycan torpaqlarının 20 faizinin işğalı ilə bağlıdır...

İkinciləri də başa düşürəm – müharibə həyatlarını darmadağın edib. Hər dəfə güc toplayıb ayağa qalxmaq istəyəndə yeni zərbə alıblar. Torpağını işğal edib, məzarlarını təhqir edən erməni bir tərəfdən, məcburi köçkün olduğu üçün hər gün onu dışlayan insanlarımız isə bir tərəfdən... Sirr deyil ki, indi ərəbə necə baxırsızsa, 25 ildir bizə də elə baxırsız...

Və Zaraya gəlincə... Heç rahatsız olmadım desəm? Söyəcəksiz, bilirəm!

Həyat mənə müharibənin soyuq başla oynanılan oyun olduğunu çox tez öyrətdi.

...1993-cü il idi, Bakıya yeni gəlmişdik. Beşmərtəbəli binanın beşinci mərtəbəsində kirayədə yaşayırdıq. Bütün şəhərdə olduğu kimi, bizim binada da ciddi su problemi yaşanırdı. Binamızda evində su motoru olan yeganə insan qapı qonşumuz gənc və cazibədar erməni qadın idi. İşıqlar sönəndə su motoru işləmir, ciddi və bahalı geyimli kişilər haradansa peyda olub, onun üçün vedrələrlə beşinci mərtəbəyə su daşıyırdılar. Hər dəfə də fərqli-fərqli kişilər... Biz, azyaşlı qızlar isə “qaçqınlar gəlib şəhəri pis günə qoyub” ittihamları altında əzilərək su növbəsində əzab çəkirdik... Hamı həyətində baş verən bu əxlaqsızlığa göz yumur, dayanmadan məcburi köçkünləri lənətləyirdi...

Bizim miskin həyatımızda üzümüzü güldürəcək heç nə yox idi. Qafandan Bakıya beş il öncə köçən yaşlı xala isə ümumiyyətlə qorxusundan ürəyində gülürdü... Deyirdi, “Erməni qonşu elə bilər ona gülürəm, bir oğlum var, gecə ilə yoxa çıxar... Yanına gəlib-gedənlərin heç biri elə-belə adam deyil...”

Həmin illərdən yadımda qalan yeganə gülüş səsi divarın o biri üzündəki erməni qadının qəhqəhələri idi... Biz erməni işğalından qaçıb gəlmişdik... Sığındığımız mənzilin divarının o biri üzündə isə gənc və gözəl erməni qadın çox rahat həyat sürürdü... Bəlkə də o illərdə erməni qadının qəhqəhələri yanımızdan ötüb keçən illərin həyat olduğunun yeganə əlaməti idi...

Qısası, mən o illərdə başa düşdüm ki, yaşadığım şəhərdə baş çıxartmaq üçün soyuqqanlı olmaq lazımdır...

Son 30 ildə yaşadıqlarımız, bir sözlə, Zaranın səfərinə qədər baş verənlər kifayət idi ki, biz buna alışaq...

Ermənilərin Azərbaycan torpaqlarına təcavüzündən Xocalı faciəsindən sonra xəbər tutan toplum üçün 1988-ci ildən başlayan bu münaqişə sadəcə məhəllə davası idi... Şəxsi faciə... İndi də yavaş-yavaş geri dönürük... Ömür boyu müharibə edə bilmərik, siz də bunu soyuq başla qəbul edin...

Bir nəfər var, həmişə mənə “nə biçim insansan, işin, vəzifən, maaşın, get, yaşa! Şənbə-bazar-bayram olan kimi kənd-kənd düşüb girov hekayəsi axtarırsan” deyirdi... “Gəncsən, gözəlsən, daha çox pul qazana bilərsən” - deyib “tövsiyə” də verirdi... Son bir həftədə onun Zaraya yönəlik feysbuk statuslarını toplasaq, mənim Qarabağ haqda yazdığım iki kitabdan qalın olar...

Aramızda könüllü, heç bir təmənna güdmədən, qrant ummadan Qarabağdan yazan bir yazara belə yanaşan, vətənpərvərliyi hər hansı sifarişə bağlı olan “ziyalılarımız” varsa, Zara Azərbaycana gəlsə nə olacaq, gəlməsə nə olacaq? Sorun Zarada yox, bizdədir, dostlar! İllərdir ki, bu torpaq üzərində iki toplum olaraq yaşayırıq – müharibədən sağ çıxanlar və ondan xəbər tutmayanlar... Bu faciə davam etdiyi müddətcə deyilən və yazılan nə varsa, feysbuk “like”ına hesablanıb... Sakitləşin...

# 2345 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #