Aparatın köməyi ilə yaşayan gənc qızın dramı – Əsl Kino

Aparatın köməyi ilə yaşayan gənc qızın dramı – <span style="color:red;">Əsl Kino
28 iyul 2018
# 09:20

Kulis.az “Əsl kino” layihəsində Marko Bellokyonun “Yatmış gözəl” (2012) və Darden qardaşlarının “İki gün bir gecə” (2014) filmlərini təqdim edir.

Fransa və İtaliya istehsalı olan, italyan rejissoru Marko Bellokyonun “Yatmış gözəl” filmi 69-cu Venesiya festivalının əsas müsabiqəsində iştirak edib.

Süjet: Əhvalatın əsasında avtomobil qəzasına uğrayan gənc Eluana Enqlaro dayanır. O, uzun illərdir ki, süni aparatın köməyi ilə yaşamağa davam edir. Gənc qızın valideynləri onu həyatda saxlayan aparatdan ayırmağa qərar verirlər. Amma İtaliyada evtanaziya qəbul olunmadığından valideynlərin bu qərarı ciddi polemikaya səbəb olur.

Bu olay ətrafında bir neçə süjet xətti paralel inkişaf edir. Senator Ulyano Beffardinin (Toni Servillo) qızı Mariya (Alba Rorvaxer) inanclıdır, Eluananın aparatdan ayrılmasına qarşı etiraz aksiyalarında iştirak edir. Və Mariya əks mövqedə dayanan Robertoya vurulur.

Məşhur aktrisa (İzabel Yupper) komada olan qızına görə gecə-gündüz rahibələrlə dua edir. O buna görə karyerasına son qoyub, oğlu və əriylə münasibətləri isə korlanıb.

Narkoman Rossa (Mayya Sansa) intihar etmək istəyəndə həkim Pallido (Pyer Corco Bellokyo) onu xilas edir. Xəstəxanada Pallido Rossanın növbəti dəfə intihar etməməsi yanında ayrılmır.

Senator Ulyano isə seçim qarşısında qalır, o, üzvü olduğu partiyanın qərarını dəstəkləyərək evtanaziya əleyhinə səs verməlidir. Bu isə onun mövqeyinin əleyhinədir... Onun öz arvadı da sağalmaz xəstəlikdən əziyyət çəkib və o arvadını onun istəyilə öldürüb...

Bellokyonun filminin əsasında real hadisə dayanır. Tələbə-filoloq Eluana Enqluaro 1992-ci ildə avtomobil qəzasına düşür. Həkimlər onu çətinliklə həyata qaytarırlar. Amma onun beynini işləkliyini tam bərpa etmək mümkün olmur. Onun normal həyata qayıtmasına ümidini itirən valideynləri məhkəməyə müraciət edir. Və qızın aparatdan ayırmağa icazə verilməsi haqda qərarın qəbul olunmasını xahiş edirlər. Məhkəmə belə bir qərarı verməkdən imtina edir. Yalnız İtaliyanın Ali Məhkəməsi buna müsbət cavab verir.

Belə bir qərar kilsə nümayəndələrinin, siyasi dairələrin, ictimaiyyətin mübahisəsinə səbəb olur. Bununla belə qərar qüvvəsində qalır və Eluananı 2009-cu ilin fevralında aparatdan ayırırlar.

Hətta məşhur yazıçı Umberto Eko da evtanaziyanı dəstəklədiyini bildirmişdi. Gənc qızın dəfn günü Eko ictimaiyyətə müraciət edərək hər kəsin ölüm haqqı olduğunu deyir. O yayımladığı məqalədə deyir ki, bir insanın başqalarının həyatını əlindən almağa haqqı olmadığı kimi, süni şəkildə onu davam etdirməyə də haqqı yoxdur.

Rejissor əhvalat boyu Eluana faktını arxa plana keçirir. Bu hadisə ətrafında cərəyan edən müxtəlif süjet xətləri ilə vacib, mübahisəli suallar qoyur, müxtəlif mövqeləri əks etdirir. Hansı seçim daha doğrudur? İnsanın öz həyatına son verməsinə haqqı varmı? Bəs insanın həyatda əzab çəkərək yaşaması, başqa cür desək, sadəcə mövcud olması necə, ədalətlidirmi? Suallar açıq qalır.

​

***

“İki gün, bir gecə” dramı Belçika, Fransa və İtaliyanın birgə istehsalıdır. Belçika rejissorları Jan Pyer və Lyuk Dardenn qardaşlarının bu filmi 67-ci Kann festivalının əsas proqramında iştirak edib.

Süjet: Sandra (Marion Kotiyar) iki uşaq anasıdır. O uzunmüddətli depressiyadan sonra əvvəlki işinə qayıdır. Məlum olur ki, onun işlədiyi şirkətdə əməkdaşların çoxu onun qovulmasının əleyhinə səs verib. Çünki Sandra olmadığı müddətdə iş yoldaşları onun da işini görür və buna görə əlavə pul alır.

Onun həmkarı Jülyet (Katrin Sale) şirkətin rəhbərliyini inandırır ki, təkrar səsvermə keçirmək lazımdır.

Sandranın yalnız iki günü var ki, iş yoldaşları ilə bir-bir görüşüb, onları onun işdə qalıb səs verməsinə inandıra bilsin...

Dardenn qardaşları filmi tamamən Marion Kotiyarın üzərində qurur və bütün yükü aktrisa demək olar ki, çiyinlərində tək daşıyır. Sosial qat əhvalatın fonudur, önə çıxan isə Sandranın əleyhinə səs verən insanların mənəvi dünyasıdır. Hər epizodda müxtəlif xarakterli insanlarla qarşılaşırıq. Və bu sosial qrup bütün cəmiyyətin etik davranışını, düşüncəsini ifadə edir.

# 2262 dəfə oxunub

Oxşar xəbərlər

Spilberq yeni "Transformers" filmi ilə ekranlara qayıdacaq

Spilberq yeni "Transformers" filmi ilə ekranlara qayıdacaq

18:00 7 oktyabr 2026
Eddi Redmayn və məşhur rejissorun sirli filmi — Kore-eda ilk dəfə danışdı

Eddi Redmayn və məşhur rejissorun sirli filmi — Kore-eda ilk dəfə danışdı

16:00 7 oktyabr 2026
"Emmi"  televiziyada yayımlanmayacaq — 70 illik  ənənə sona çatdı

"Emmi" televiziyada yayımlanmayacaq — 70 illik ənənə sona çatdı

14:00 7 oktyabr 2026
"Oskar" mükafatlı Hollivud ulduzu vəfat etdi

"Oskar" mükafatlı Hollivud ulduzu vəfat etdi

10:12 7 oktyabr 2026
"Betmen 2" filminin çəkilişləri dayandırıldı - Rejissor işi yarımçıq qoydu

"Betmen 2" filminin çəkilişləri dayandırıldı - Rejissor işi yarımçıq qoydu

17:00 6 oktyabr 2026
Güc, pul, ambisiya və xəyanət – Sem Altmanın hekayəsi Hollivudda

Güc, pul, ambisiya və xəyanət – Sem Altmanın hekayəsi Hollivudda

13:30 6 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər