Tanrı səni ayırmasın itirdiyin itkidən – Salam Sarvandan Yeni Şeir

Tanrı səni ayırmasın itirdiyin itkidən – <span style="color:red;">Salam Sarvandan Yeni Şeir
23 iyul 2018
# 11:31

Kulis.az tanınmış şair Salam Sarvanım yeni yazdığı “Can duası” şeirini təqdim edir.

Dünyada başqa heç nə yox, hər şey elə qabdı, qab...

Haçan dolar bu çuxurlar, bu çalalar, ey cavab?

Ey hamının hamisi,

Kimin ömrü uzun oldu, kimin ömrü lap gödək –

nə vaxt boy-boya duracaq axırların hamısı?

İtilənə-itilənə yeyilib çıxsam yoxa...

Bir gözəlin qırağında ağac əkib böyütsəm...

Bir də görsəm ürəyimdə çürümüş bir meyitsən,

bir qızılgül göndər çəkim qoxusunu içimə.

Kəsən çoxdu – balta, bıçaq, qayçı,qılınc... day nədi?

Tikən təkdi bu dünyada – tikən təkcə iynədi.

Amma Qızım, elə bilmə çox genişdi Göy və Yer:

əlini ver, qoy qaldırım, qoy dikəldim mən səni –

sənin deyil yıxılanda tutduğun əlavə yer.

Yolun səmti bəllidisə – həqiqət yolu deyil.

Boğulanda əl-qol atmaq lalların dili deyil.

Bu mənim vətənim deyil, bu mənim elim deyil –

mənə bir yer göstər gedim gecə qar işığında...

Qara külək qaldıranda pəncərənin ətəyin

görəcəksən qamışlıqda o bakirə tütəyi.

Bir gün axır tapacaqsan öz qoxunu bitkidə.

Tanrı səni ayırmasın itirdiyin itkidən...

Bu əyilmiş qəddimizdə yay dartılır tarıma:

sancılırıq bir ox kimi hörümçəklər toruna...

Bir zamanlar adan idim, indi sənin qurunam.

Bir zamanlar adam idim, indi sənin qulunam.

Mənə bir yer göstər gəzim adamlar işığında.

Daş dəyən bir yerin çatı sanma gün şüasıdı.

Hələ çox su aparacaq halal ət kötükləri.

Gör ki sənə necə açır ucalığın sirrini

kötüklərin dibindəki siqaret kötükləri.

Açıq darvaza üstündə əl dəyməyən qapılar,

gün gələr ki, Günəş gələr – qara gözlər tapılar...

İndi sən də günəş kimi... küləş kimi sarısan,

bir də görsəm elə gündən qaralıbsan – qarısan,

mənə bir can göstər alım ilk bahar işığında...

Sənsə qayıt qabağına qara pişik çıxanda...
Sənsə qayıt həmin pişik dalınca da baxanda...
Sənsə qayıt başın üstdə ildırımlar çaxanda...
Sənsə qayıt kürəyinə boz yağışlar yağanda...
Sənsə qayıt o yağışın sularıyla axanda...

Tanrı səni ayırmasın itirdiyin itkidən.

# 1441 dəfə oxunub

Oxşar xəbərlər

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
Seymur Baycanın qulağından uzaq

Seymur Baycanın qulağından uzaq

15:00 9 aprel 2024
# # #