Metroda ürəyi gedən Kulis əməkdaşı, maşinistdən sabun istəyən oğlan, qucaqlaşan insanlar...

<b>Metroda ürəyi gedən Kulis əməkdaşı, maşinistdən sabun istəyən oğlan, qucaqlaşan insanlar...</b>
4 iyul 2018
# 11:55

Ayxan Ayvaz

Dünən metroda müharibənin məşqi oldu. Hələ də ağlaşan uşaqların, çığırışan qadınların, özündən gedənlərin səsləri qulağımda cingildəyir.

Gəncliklə Nərimanov metrosunun aralığında qatar qəfil dayandı. Maşinist dedi ki, narahat olmayın iki dəqiqəyə tərpənəcək. O iki dəqiqə on dəqiqə oldu, sonra bir saat.

Bizim camaatın yumor hissi orda özünü göstərdi.

- 15 dəqiqəyə qatar tərpənəcək...

- Hesablamısan dəqiq?

- Xahiş edirəm, narahat olmayın...

- Alə, bu məni eşidir? – zarafat edən oğlan yanındakından soruşdu və qatardakılar uğundu.

Bu arada məni və hamını tər basmışdı. Paltarımız bədənimizə yapışmışdı. Artıq paltarımızı dərimizin bir hissəsi kimi qəbul etmişdik.

- Hamam oldu ki, bura.

- Bircə su gəlsəydi...

- Qardaş, sabun göndər ordan...

Maşinistin səsi gəldi:

- Panika yaratmayın! Hər şey yaxşı olacaq.

Balaca uşaqlar ağlaşmağa başladı. Bir qadın özündən getdi. Çantalar eşələndi, silah lüləsi kimi su dolu butulkalar qadına tuşlandı.

Dəsmallar bayraq tək sallandı. Qadının huşu getmişdi, amma nəsə pıçıldayırdı. Bir az yaxına gəlib soruşdum:

- Nə istəyirsiniz?

- Telefon, telefonum...

Təbəssüm dolaşdı qatardakıların üzündə. Mən o tərəf-bu tərəfə boylandım. Bir uzun saçlı qız araya girdi:

- Məndədir, Seva, narahat olma.

Qız gözünün birini yarı açdı, gülümsədi və bir anlıq dərin bir ah çəkdi.

Hamı gülüşdü bu vəziyyətə.

- Qardaş, istəyirsən mən sürüm? – Zarafatlar başlamışdı. – Ya da bura taksi sifariş eləyək, qatarı aparsın Nərimanova.

- Futbol da başlayıb e. – Kimsə narazılıqla başını yellədi.

- Mama, içəridə qalmışıq. Metroda. İstidən ölürəm. Evdə su gəlir? – Bir qızın səsi.

- Namiq, metrodayam. Qatar dayanıb. Tema var e, qaqa. Şəkillər filan çəkmişəm. Video da çəkəcəm.

- Alə, şot neçə-neçədi?

- Xahiş edirəm, sakit durun, maşinistin səsini eşidək.

- Makyajım axdı e... Zibil...

- Sizdə salfetka olmaz?

- Su... Su!

Yenə birinin ürəyi getdi... Kömək əlləri uzandı...

- Heç olmasa qapını açın!

- Xahiş edirik, panika salmayın. Qapılar açılacaq. Amma heç kim düşməsin. Aşağıda gərginlik var.

Bir qaqaşın buna reaksiyası:

- Qaqa, əsas burda gərginlik var e...

Qapılar açılanda nədənsə Titanik gəmisini xatırladım. Elə bildim batırıq. Böyük bir bataqlığa düşmüşük. Qapının qabağında dayanan qaqaşlar yumorla camaatı panikadan uzaqlaşdırmağa çalışırdılar:

- Bu qapı cəhənnəm qapısıdır, keçmək olmaz.

- Qıl körpüsüdür.

- Bir az turnik eləyim...

Və mən qalanını izləyə bilmədim. Gözlərim torlandı. Adamları zolaqlı gördüm. Əvvəl-əvvəl qabaqdakıların rəngi yerindəydi, getdikcə solğunlaşmağa başladı və birdən kimsə bütün rəngləri söndürdü.

- Ay! Sakit durun! Oğlan özündən getdi!

- Su gətirin!

- Qatarlardan düşə bilərsiniz!

Mən bunları eşidirdim, amma narkozdakı adam kimi... Qəfil gözlərimi açanda mənə baxan doğmalığı gördüm. Gülümsəyirdi hamı. İnanın kövrəldim. Ağlamaq tutdu məni.

Qızları və qadınları köməkli aşağı düşürtdük.

- Diqqətli olun, dəmirlərə və toka toxunmayın.

Bir xətt üzrə hərəkət edirdik. Qatar ölmüş anakondanı xatırlatdı mənə. Ona tutuna-tutuna gedirdik. Hamı yola işıq salırdı. Qaranlığı yara-yara irəliləyir, bir-birimizlə tanış olur, söhbətləşirdik.

Hamı dostlaşmışdı, doğmalaşmışdı. Mən xalqımızı çoxdandır ki, belə bir arada görməmişdim.

Hələ bunun arxası da varıydı. Hay-küy səsləri, çığırışan və ağlaşanların, haray çəkənlərin simaları film kadrları kimi tez-tez ötüb keçirdi.

Nərimanovdan çıxanda döyüşdən sağ çıxmış əsgərləri xatırladırdıq. Çöldə dayananlar bizi qucaqlayırdı. İnanırsınız? Həqiqətən qucaqlayırdılar. Su təklif edən, halını-əhvalını soruşan, içəridəkilərlə maraqlanan nə qədər adam gördüm...

Bircə taksi sürücülərinin Allahı vermişdi. Özlərini dağın başına qoymuşdular. Qiymətləri qəfil qaldırmışdılar. Etiraz da etmək olmurdu. Avtobuslar tıxa-basa gəlirdi.

Orda adamların birliyi məni heyrətə gətirdi. Pulu çatmayanlara dəstək duranlar var idi. Bir yerdə atışıb getmək istəyənlər. Avtobusun qabağına sədd çəkənlər.

Mən özümə gəlmişdim və gördüyüm bu mənzərələr kefimi duruldurdu. Evi düşünürdüm, çiməcəyimi...

- Su gəlir?

- İşıq yanır?

Həmin günün sualları idi bunlar. Hamı narahat idi, amma bir ümid də vardı. Böyük bir ümid. Gözləri gülürdü adamların, zarafatlarından qalmırdılar. Əl tuturdular bir-birilərinə... Yolun qırağına toplaşmış o insanları həmin gün bu pozitivlik, bu yumor xilas etdi.

Mən özümü birtəhər avtobusa salanda içəridən doğmalıq qoxusu gəlirdi. Bütün adamların adı Sevgi idi o gün...

# 4497 dəfə oxunub

Oxşar xəbərlər

Sanballı tarixi-bioqrafik romanların müəllifi - O, hansı erməni millətçisini susdurmuşdu?

Sanballı tarixi-bioqrafik romanların müəllifi - O, hansı erməni millətçisini susdurmuşdu?

14:00 26 may 2026
"Hər bir sənətkarın içərisində bir şeytan gizlənib..." - Mətanət Vahid

"Hər bir sənətkarın içərisində bir şeytan gizlənib..." - Mətanət Vahid

11:40 26 may 2026
50 yaşından sonra ilk kitabı çap olunan 10 məşhur yazıçı

50 yaşından sonra ilk kitabı çap olunan 10 məşhur yazıçı

10:15 26 may 2026
Əri üçün müsəlman oldu, amma boynundakı xaçı gizlətdi - "Lal ev"in böyük sirri

Əri üçün müsəlman oldu, amma boynundakı xaçı gizlətdi - "Lal ev"in böyük sirri

10:00 26 may 2026
"Hər şeyinizi sevgiyə verin..." -  Emersonla Rumini birləşdirən ortaq məqam nə idi?

"Hər şeyinizi sevgiyə verin..." - Emersonla Rumini birləşdirən ortaq məqam nə idi?

15:00 25 may 2026
"Caz poeziyasının atası" adlandırılan şair - O,  Bakı səfəri haqqında nə yazmışdı?

"Caz poeziyasının atası" adlandırılan şair - O, Bakı səfəri haqqında nə yazmışdı?

15:30 22 may 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər