news-inner
clock16:32 calendar-gray 30 İyun 2018 view-gray256 dəfə oxunub
view-gray256 dəfə oxunub

Sevda Sultanova: “Onu qucaqlayıb dedim ki, sizi sevirəm” – MÜSAHİBƏ

Kulis.az Sevda Sultanovanın müəllifi olduğu “Elton Quliyev” kitabı ilə bağlı verdiyi müsahibəni təqdim edir.

- Sevda xanım, öncə sizi bu gözəl işə görə təbrik və bir oxucu kimi təşəkkür edirəm. Elton bəy haqda ölümündən sonra film çəkildi, kitab da çıxdı. Kitab ideyası kimə məxsus idi?

- Həmin ərəfədə on iki məşhur rejissorla bağlı hekayələr kitabı üzərində işləyirdim. Amma Eltonun itkisindən o qədər sarsıldım ki… Hey düşünürdüm ki, onun xatirəsinə nəsə eləməliyəm. Qərara aldım ki, kitab yazım. Beləcə hekayələr kitabından vaz keçdim. Kitab yazmaq istəyimi jurnalist İzolda Ağayeva biləndə, təklif etdi ki, görüşdüyüm müsahibləri lentə alsın və filmə çevirsin.

Elton Quliyevin adını ilk dəfə 1990-cı illərin sonunda eşitmişəm. Yadıma gəlir ki, məhəlləmizdə ədalətsizliyə uğramış gənc bir qızı müdafiə eləmişdi və həbsdən qurtarmışdı. Sonradan onun vəkillik fəaliyyətini izləməyə başladım. Hətta bir neçə dəfə ürəyimdən keçmişdi ki, ona zəng vurub çox sevdiyimi deyim və deyim ki, mütləq vəkillik fəaliyyəti ilə bağlı kitab yazsın, məsələn, memuar. Ağlıma da gəlməzdi, nə vaxtsa bunu özüm edəcəyəm. Yaxınlarının dediyinə görə, onun Rəhim Qazyevin məhkəməsi ilə bağlı kitab yazmaq arzusu olub. Özəlliklə də, həmin məhkəmədə Şuşanın işğalı araşdırma predmeti olduğuna görə. Ümid edirəm ki, bu mənada Elton bəyin arzusunu az da olsa yerinə yetirə bildim. Kitabda həmin məhkəmə ilə bağlı xeyli material yer alıb.

- Nə qədər müddət çalışdınız üzərində? Kitabın hazırlanması prosesində haralarda oldunuz, nə qədər insanla görüşdünüz?

- İki ildən çox işlədim. Ailəsi, qardaşı Rövşən müəllim deyirdi ki, tələsmə, lap üç ilə yaz. Mənim üçün də önəmlisi ortaya keyfiyyətli iş qoymaq idi. Mənəvi cəhətdən çox çətin oldu. Yazı prosesində Eltonun bütün həyatını - ağrısını, sevincini, məyusluğunu, müəyyən çətin məqamları bir də özüm yaşadım. Dərin böhran keçirdiyim günlər oldu. Amma düşünürəm ki, bunun özü də katarsis, mənəvi baxımdan yenilənmə oldu. Həmin müddətdə xeyli adamla görüşdüm. Hardasa 50-yə yaxın, bəlkə daha çox. Eltonun qohumları, uşaqlıq dostları, tələbə, müstəntiq yoldaşları, vəkillər, müvəkkilləri. Onların arasında Eltonu səmimiyyətlə sevənləri də, onun adından öz məqsədləri üçün istifadə edənləri də gördüm. Amma Elton bəyin təəbirincə desəm, onların hər biri insan materialı kimi mənə maraqlı idi.

Misalçün, iki il əvvəl Eltonun 60 illiyində onun bir müstəntiq yoldaşı danışırdı, özü də vaxtilə Elton onu müdafiə edib. Həmin adamın arxivində Eltonla bağlı bir görüntü vardı, buna görə ona müraciət edəndə boyun qaçırdı, hətta telefonunu da söndürdü, nəsə izah etmədən. Heyrətləndim ki, yubileyində coşquyla danışan adam, bir materialı verməyə qıymır. Yaxud qohumu olan bir hakim çəkinərək müsahibə vermədi. Halbuki heç adı da çəkilməyəcəkdi. Amma bu sistemdə çalışmış, Eltonun itkisinə içdən ağrıyan səmimi insanlarla da tanış oldum. Hakim İlham Həsənov, hərbi məhkəmənin keçmiş sədri İkram Kərimov, Daxili İşlər Nazirliyində poliklinikanın rəhbəri olmuş Arif Hüseynov…

Ən çox yadımda qalan Eltonun müvəkkili Seyidi axtarmağımız oldu. Hardasa iki aya yaxın Biləcəridə onu axtardıq. Maraqlı proses idi. Kitabda da axtarış prosesi ətraflı əks olunub.

- Yeni nələr öyrəndiniz Elton bəylə bağlı?

- Eltonun fövqəladə böyüklüyünü, həddən artıq insan olmasını. Xahiş edirəm, sözlərimi mübaliğə kimi qəbul etməyin. Baxmayaraq ki, Elton müsahibələrindən birində xəyanəti bağışlamadığını deyir. Amma xəyanət edən, onu dar gündə qoyub qaçan adamları belə İsa Məsih kimi bağışlamaq, həmin adamlar çətinliyə düşəndə onlara qucaq açmaq kimi keyfiyyəti, ağrını, onların günahını ağır xaç kimi daşımaq gücü vardı. Kim ondan istifadə edirdi, hansı məqsədlə ona yanaşırdı, əla bilirdi. Amma bilə-bilə göz yumurdu, onları olduğu kimi qəbul edirdi. Bu, onun böyüklüyü idi.

Elton, əslində, daxilən tənha adam idi. Bu, elə-belə, sadə yox, nəhəng, fəlsəfi anlamda tənhalıq idi. Üstəlik, Elton hamının rahatlıqla tanıya biləcəyi şəffaf adam da deyildi. Yəni çox gözlənilməz idi, sirləri çoxuydu. Oğlu Rasim də deyir ki, atamdan indi də elə şeylər eşidirik, daha bilmirik, ondan nə gözləyək. Onunla bağlı bir neçə faktı biləndə heyrətləndim, elə faktlar ki, rahatlıqla bir filmin, romanın süjeti ola bilər. Və Eltona sevgim daha da dərinləşdi. Amma həmin faktları yazmadım, əminəm, Elton istəməzdi bunu.

Bir şeyi mütləq qeyd edim. Kitaba görə hüquqşünas məsləhətlərinə ehtiyacım vardı. Eltonla bir işdə çalışmış vəkildən xahiş elədim ki, onun çox səhifəlik müdafiə nitqini oxusun. Çünki bəzi texniki, mexaniki yanlışlıqlar gördüm. Başdansovdu oxumuşdu. Onunla yaxşı münasibəti olmuş, tanınmış bir hüquqşünas isə yardımdan imtina elədi. Səbəbini dəqiq demədi. Amma Elton bunu heç vaxt eləməzdi, həyatda olmayan dostuna görə yardımını əsirgəməzdi. Çünki bütöv adam idi Elton. İndi çox adamda məhz o bütövlük çatmır.

Kitabda hüquq yardımı göstərən İlham Həsənova, uzun illik dostum Yalçın İmanova təşəkkür edirəm. Bir də Adil İsmayılova. Ümumiyyətlə, bu işdə Adil bəyin böyüklüyünü, səmimiyyətini gördüm.

Kitabın hazırlanmasında çox adamdan təmənnasız yardım gördüm: dizayner Rəsul Həsənov, fotoqraf Orxan Əzim, Şəmşad Ağa və yaxın dostlarım.

- Kitabın təqdimatı niyə keçirilmədi? Yəni, kitabın varlığı ilə bağlı dar bir çevrə məlumatlıdır.

- Əvvəl təqdimata həvəsli idim. Ancaq bitəndən sonra bu məsələ mənim üçün aktuallığını itirdi. Yəqin ona görə ki, çox yorulmuşdum, həm də ikinci planda daha rahatam. Kitab yazılıb, oxuculara da oxumaq qalır. Amma yaxınlarda bir qrup gəncin təşəbbüsü ilə kitabın təqdimatı keçirildi. Kiçik çevrədə xudmani, səmimi tədbir oldu. Ailəsi ola bilsin, ayrıca kitabın təqdimatını edəcək, amma bu barədə dəqiq məlumatım yoxdur.

- Hiss olunur ki, vaxt, müxtəlif insanlarla görüşmələr, sənədlərin araşdırılmasını tələb edən bir iş ortaya qoymusunuz. Bu işin maliyyə tərəfləri necə həll olunub?

- Bu müddətdə zəruri xərcləri özüm ödəmişəm. Ağlıma da gəlməyib ki, Eltonun ailəsindən nəsə istəyim. Çünki bu, mənim üçün hər şeydən əvvəl bir sevgi, ruhi akt idi. Həm də bir vətəndaş kimi Eltona olan borcumu yerinə yetirmişəm. Kitabın çap xərclərini qardaşı Rovşən müəllim ödəmək istədi. Amma Şahbaz Xuduoğlu imtina elədi. Bütün xərci “Qanun” nəşriyyatı çəkdi. Burdan Şahbaz bəyə də ayrıca təşəkkür edirəm. Kitabın satışından isə gəlirim yoxdur, belə uyğun bildim.

Yeri gəlmişkən, kitabın hazırlanmasında təşkilati və ümumiyyətlə mənəvi dəstəyinə görə Rövşən müəllimin həyat yoldaşı Təranə xanıma minnətdaram. Kitab mənə mühüm dostluqlar qazandırdı. Bunlardan ən önəmlisi Təranə xanım kimi intellektual, kübar, xeyirxah insanla tanışlığım oldu.

- Ən çox nələrə diqqət etdiniz kitabı ərsəyə gətirəndə? “Elton bəy nə düşünərdi?” əndişəsi ilə hazırladınız, ya dostlarının, ailəsinin, bir müəllif olaraq öz istəyinizlə?

- Əvvəla özüm üçün bir neçə tapşırığı müəyyənləşdirdim. Birincisi, bu, heç bir halda xatirə kitabı olmamalıydı. İkincisi, həm hüquqi baxımdan əhəmiyyətli olmalı, həm də geniş oxucu kütləsinin marağını çəkməliydi. Üçüncüsü, faktoloji pafosla emosional ton bir birini tamamlamalıydı. Hazırlıq ərəfəsində hüquq, bioqrafik filmlər izlədim, gərəkli ədəbiyyat oxudum. Forma, struktur və dramaturji həllini əsasən dostlarım, rejissor Əli İsa Cabbarov və yazıçı Mirmehdi Ağaolu ilə müzakirə edirdim. Bir də kitabı yazmadan öncə çox illik dostum Zamin Hacıdan məsləhət alanda bir söz dedi: “Elton azad adam idi, kitabı sərbəst yaz”. Çətinə düşəndə bu sözlər mənim üçün sehrli çubuq rolunu oynayırdı.

Bir ildən çox arxivlərdə işlədim. Yalnız ikinci ildə, əlimdə bütün material olandan sonra artıq tam təsəvvür yarandı ki, kitab necə yazılmalıdır. Müsahibədən öncə dediniz ki, bu kitabı ürəklə yazmısan. Zövqünə inandığım başqa adamlar da deyib. Hüquqşünas Vəfa Rüstəm kitabı hüquq tələbələri üçün müəyyən mənada dərs vəsaiti hesab edir. Demək, məqsədimə çatmışam və bütün bunlar əməyimə verilən ən yüksək qiymətdir.

“Elton bəy nə düşünərdi” əndişəsinə gəlincə… Bayaq Eltona qeyri-səmimi olan dost tanışlarından danışanda heç birinin adını çəkmədim. Elton məhz bunu istəməzdi. Çünki, o, nə olursa-olsun, pis dostunu da ayağa vermirdi.

İki il Eltonu yaxından tanımağa kömək etdi. Amma mən onu tanımaqdan çox dərindən hiss etdiyimi düşünürəm. Yəni intuitiv bilirdim ki, nə yazsam xoşuna gələr, nə gəlməz. Bir də yuxularım kömək edirdi. Yuxularım mənim üçün kod və öncəgörmədir. Dəfələrlə olub ki, çətinə düşəndə, “görəsən, Elton nə deyərdi” düşüncəsi ilə yatmışam, yuxuma gəlib. Kitabda da bəzi yuxular yer alıb. Bir dəfə xoşagəlməz vəziyyət olmuşdu. Düşünürdüm ki, görəsən Elton nə düşünür, səhərə yaxın yuxuya getdim. Gördüm ki, gülərək mühüm bir sənəd verdi, paltosunu geyinib gedəndə, onu qucaqlayıb dedim, ola bilsin, sizi daha görmədim, amma bilin ki, sizi çox sevirəm. Axırıncı dəfə iki həftə əvvəl gördüm. Sadə, işıqlı bir otaqda, mütəvazi görkəmlə haqqında yazdığım kitaba uzun-uzadı avtoqraf yazırdı. Avtoqrafdan ancaq bu sözü oxuya bildim: “Dostum Sevdaya”. Təsirli yuxuydu.

Ailəsinin kitaba heç bir müdaxiləsi olmadı. Əksinə, oğlu Rasimə də, həyat yoldaşı Mehparə xanıma da, qardaşı Rövşən müəllimə çox məsələdə açıq olduğuna görə təşəkkür edirəm.

- İnsanlar kitabı hardan və necə əldə edə bilər? Satışda varmı?

- Ktab satışda var, “Qanun” nəşriyyatının kitablarının satıldığı mağazalarda, keçirdiyi yarmarkalardan ala bilərlər. Həmçinin, “Qanun” nəşriyyatına sifariş edərək, endirmlə əldə edə bilərlər.

- Sevda xanım, açığı, bir oxucu kimi deyim ki, son zamanlar öz müəlliflərimizdən bu cür səviyyəli kitab oxumayalı çox olub. Bundan sonra hansı kitabı hazırlayacaqsız?

- İndi Milli Qəhrəman Yusif Mirzəyevlə bağlı kitab üçün materiallar toplayıram. Qaralama adı “Günəş 17”-dir. 1992-ci ilin yayında Ağdərə alınandan sonra Yusif Mirzəyevin 14 nəfərlik dəstəsiylə dörd ay Ağdərə şəhərini qoruması əsas süjet xətti olacaq. Bu kitabda da əsas mesaj ən çətin şərtlərdə ruhdan düşməyən, mübarizə aparmağın mümkünlüyünü sübut edən insan modelini cəmiyyətə aşılamaqdır. Qarabağ müharibəsindəki uğur hekayələrini aktuallaşdırmaq vacibdir. Bir tərəfdən də düşünürəm ki, kitablarıma bu cür qəhrəmanların seçilməsində qadın diskursu da rol oynayır. Çünki klassik qadınlar kimi cəngavər ruhlu, riskə gedən, cəsarətli kişiləri sevirəm.

Sevinc Telmanqızı, /musavat.com/

news-inner-user

15810 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

“Mücrü” jurnalının baş redaktoru: “Ayağım nəşriyyata düşərli olmadı” – Müsahibə
09:00 13 İyul 2020
Xalq artisti koronavirusa yoluxdu
14:28 12 İyul 2020
Qızını ölən qızının həyat yoldaşına verdi, oğlu intihar etdi, nəvəsi güllələndi... – Axundov haqqında inanılmaz faktlar
12:15 12 İyul 2020
Anar özünün ən uğurlu hekayəsini seçdi – Mətn
11:44 12 İyul 2020
190 manatlıq qarpızı təpikləyən yutuber
19:41 11 İyul 2020
Əruz vəznində yazılmış ən gözəl təbiət şeiri - Mətn
17:01 11 İyul 2020
Kəramət Böyükçöl: "Məşhurluğumun arxasında dura bilmirəm" - Video
16:29 11 İyul 2020
Özgə adam - Xəyyam Rəfilinin hekayəsi
15:42 11 İyul 2020
Polşa fondu Bakıda müsabiqə elan etdi
14:51 11 İyul 2020
İcazə verək, insanlar Allahlarıyla dalaşsın
14:07 11 İyul 2020
Qarajda yaşayan Əməkdar artistin ürək parçalayan son sözü - Maraqlı Faktlar
13:15 11 İyul 2020
Məktublarda gizlədilmiş sevgilər - Malik Atilayın yeni şeirləri
12:08 11 İyul 2020
Sadəcə, Şahin
11:18 11 İyul 2020
Orxan Pamuk Qərbə yarınır - Şəhriyar yazır...
10:21 11 İyul 2020
Tofiq azərbaycanlı qızı ləkələyir, rus qızıyla evlənir – Məşhur filmin pərdəarxası
08:59 11 İyul 2020
"Sabir Rüstəmxanlı ilə Sirus Təbrizlini atam bu otaqda barışdırdı" - Sabir Əhmədlinin evindən reportaj
21:01 10 İyul 2020
Türkiyəli aktyor ölümlə təhdid olunur
18:17 10 İyul 2020
Əti, sümüyü var, qanı yoxdur – Həmkarları İlham Əzizi tənqid edir...
17:29 10 İyul 2020
Berqmanın filmi əsasında serial çəkilir
16:39 10 İyul 2020
Azərbaycanlı müğənni koronavirusdan sağaldı
15:50 10 İyul 2020