Əgər biz ağlımızın idarəsindən çıxarıqsa... - Afaq Məsud yazır

Əgər biz ağlımızın idarəsindən çıxarıqsa... - Afaq Məsud yazır
12 iyun 2018
# 15:00

Kulis.az tanınmış yazıçı Afaq Məsudun məşhur “Duyğular imperiyası" silsiləsindən növbəti hissəni təqdim edir.

əvvəli burda

BİR QOCANIN HEKAYƏTİ

Bir qoca haqqında yazıram. Gecələrlə üstünə şığıyıb sinəsinə qonan, canına vəlvələ sala-sala, onu sorğu – suala tutan Ölüm mələyini hər dəfə min bir bəhanə ilə tovlayıb yola salan fəndgir bir qoca haqqında. Yazdıqca, mətndən saçan fitnə-fəsadın məni yorub əldən saldığını, ətrafımın min bir saxta rənglərlə dolub-daşdığını hiss edir, nədənsə xoflanıram...

Qorxuram, qocadan əvvəl özüm öləm.


CƏHƏNNƏM SİRLƏRİNDƏN

Qəribədi, hətta Cəhənnəmi də adamsız təsəvvür eləyəndə, oralar da bir o qədər vahiməli görünmür.

İNTİHAR

Sakit, səssiz gecələrin birində qaranlıq yataq otağımın aşağı basındakı kitab rəflərinin hansısa birindən sıçrayıb şarappıltıyla yerə düşən nəyinsə səsinə dik atıldım...

Ayağa qalxıb işığı yandırdım və gördüyüm mənzərədən donub qaldım.

…Vaqif Bayatlının “Yupyumru bir eşqlə” kitabı idi… özünü rəfdə cərgələnən kitabların arasından, çoxmərtəbəli binanın ən hündür mərtəbəsindən atan kimi, yerə atıb, üzü üstə döşəmədə qalmışdı…

Kitabı əlimə alıb, bir müddət bu hadisənin necə, hansı möcüzəylə baş verə biləcəyi barədə düşündümsə də, yuxunun tam sovuşmadığı beynimlə bir şey anlaya bilmədim. Onu əvvəlki yerinə - rəfə qoymaq istəyirdim ki, qəfildən, necəsə, bunu eləməməli olduğumu hiss edib əl saxladım və kitabı açdım...

Sətirlərin, sanki nəfəs aldığı səhifələri ehtiyatla vərəqləyə-vərəqləyə, nə vaxtsa lap çoxdan oxuduğum, oxuyub sarsıldığım bir neçə şeiri bir də oxudum… və oxuduqca, kitabın, necəsə sakitləşdiyini, özünə gəlib ovunduğunu hiss etdim... Onu əvvəlki yerinə – rəfə qoymaq fikrindən vaz keçib, ehmalca yatağımın yanındakı dolabın üstünə qoydum və işığı keçirdim.

ƏDƏBİYYAT OYUNU

Ədəbiyyat, əslində oyundu. Yazıçı demək istədiyini, başına gələnləri yaxın adamına danışırmış kimi, birbaşa, qısaca yaza da bilər. Amma o, belə etmir. Demək istədiklərinə min bir bəzək qatıb oxucunu, bəzən də özünü çaşdıra-çaşdıra uzun-uzadı, dolam-dolaşıq yollarla gedir. Yazıçının özünü bu çətinliyə salmasının səbəbi nədi? Ədəbiyyatın zəngin mətbəx ənənələrindən xəbərsiz oxucunun beynini dumanlandırıb qəlbini fəth etmək, özünü sevdirmək arzusudu bəlkə?..

Bu mənada şairlər daha mərhəmətlidirlər. Onlar demək istədiklərini daha qısa şəkildə çatdırırlar. Nasirlər arasında da belələri var: Çexov və Kafka.

FİKİR ILĞIMI

Elə duyğular var ki, onlar daim balaca, şəffaf ilğımlar kimi ətrafımda dolaşır, arada bir zəif meh axıntısıyla əsib yanağıma toxunur, yüngül toz dənəcikləri tək başımın, qulağımın yaxınlığında üzür, əlimin, ya saçımın xırda tərpənişindən titrəyib, yüngül, dalğavarı rəqslərlə havaya dağılırlar...

ÇEVRİLMƏ

İllər ötdükcə, zaman-zaman anlaşılmaz, sirli axıntılarla dünyanın, hansısa görünməz qatlarında əriyib yoxa çıxan, sonra çox keçmədən, gözlənilməz, qəfil sıçrayışlarla haralardansa şahə qalxıb, qabiliyyət bayrağı tək dalğalanan, sonra yenidən səngiyib, avazıyıb, bulanıq görüntüyə çevrilən, zaman ötdükcə, şəffaflaşıb durulan – bütün bu çevrilmələr axarıyla vücudu lüzumsuz əlavəyə, əlləri, sahibi ölmüş əlcəklərə çevrilən bir qadın barədə yazıram...

YUXUNUN HƏQİQƏTİ

Oğlum anadan olandan tez-tez yuxuda görürdüm ki, evimizdə ondan savayı, ayrı bir uşaq da yaşayır. Xəstə, çəlimsiz, sarışın oğlan uşağı... bizsə ondan xəbərsizik. O eynilə oğlum yaşındadı, elə o boydadı, amma rəngi solğundu, dişləri çürük... Yuxularımda o, solğun bənizi ilə sarımtıl ruh kimi otaqdan-otağa keçir, hava axını tək aramızda dolaşır, qapı şüşələrinin arxasından sönük gözlərlə üzümüzə baxır, sanki nə isə demək istəyir, amma danışa bilmir, səsi çıxmır...

Hər belə yuxudan sonra halım pisləşir, yuxularımda dolaşan xəstə uşağın, oğlumun səhhətinə işarə olduğunu düşünür, həyəcan keçirirdim.

Günlərin bir günü isə, içi dərin boşluqlar dolu darıxdırıcı bir payız səhəri – hər tərəfin xəstəhal sarılığa büründüyü sirli sübh çağı, necəsə qəfildən, yuxularımda dolaşan xəstə uşağın mən özüm olduğumu anladım…

İTKİ RÜTBƏSİ

İl-ildən itirdiyim hər doğma adamımın – ata-anamın, qardaşlarımın, dostların ölümündən sonra rütbəmin artdığını hiss edirəm.

DUALAR BARƏDƏ

Bu yaxınlarda bir məclisdə görüşdüyümüz köhnə bir tanışımıza – bütün ömrünü özünü, oda-közə vura-vura «topdağıtmaz varidat» toplamış, yaşı yetmişi adlayanda isə hacılıq eşqiylə Məkkəyə ziyarətə yollanmış, orada canı ilahi qorxulardan titrəyə-titrəyə, ətini töküb arıqlamış və duaların vacibliyini, necəsə anlamış möhtərəm bir hacıya dualar barədə Allahın bir kəlamını xatırlatmalı oldum:

“Oxuduğunuz dualar Mənim üçün deyil. Qəlblərinizi qoruyun”.

BİC ÖLÜ

Dünyasını ötən il dəyişmiş yaxın bir qohumum - doxsan iki yaşlı, həyatsevər qoca neçə vaxtdan bəridi ki, bizə rahatlıq vermir. Qızımın yuxularında o, hamama girib qapını o biri üzdən kilidləyir, heç bir vəchlə oradan çıxmaq istəmir, mənim yuxularımda isə, uşaq kimi ağlaya-ağlaya diz çöküb, onu bir daha hamama salmamağı xahiş edir.

TOZLU QONAQLAR

Qonaqların bir növü də var ki, onlar, sən istəsən də, istəməsən də, sizə gəlirlər, içəri daxil olub ləng böcək hərəkətləriylə bir otaqdan o birinə keçir, divarlara dırmaşıb tavandan asılır, sənə və uşaqlarına oradan baxırlar.

Belə qonaqlar çıxıb gedəndən sonra uzun müddət tavanda, divarlarda onların tozu qalır.

MƏNİM KƏŞFİM, YAXUD, LUKRETSİNİN HOQQALARI

Yaxın günlərdə traktatlarını tərcümə etdiyim Roma filosofu Lukretsinin belə bir dahiyanə fikrindən sarsıldım:

“İnsan ruhu idarəolunmazdır. Buna səbəb, onun özüdür”.

İnsan ruhu ilə bağlı bu heyrətamiz fikirdən duruxub elə bil təlatümə düşdüm ki, tərcüməni yarıda saxladım...

Deməli, biz ruhuq, ağıl deyilik... Ağılsız ruh - dəlilik deyil. Onda bəs nədir?

Heç bir Yer qanununu tanımayan, məntiqi əsası olan nəyəsə dayaqlanmayan, dünya qorxularından, tamah və təhlükələrindən xəbərsiz, ölçüsüz, sərhədsiz, sirli-sehrli varlıq... O, bizdədi. Başı-ayağı, halı-xasiyyəti bilinməyən, idarəolunmaz, naməlum ruh…

Deməli, əgər biz ağlımızın idarəsindən çıxarıqsa...

...Bütün axşamı Lukretsinin bu unikal kəlamı məni rahat buraxmadı. Bu barədə evdə, səhəri gün işdə danışıb, bir az da həyəcanlandım. Çapa imzalanmış materialın korrekturasını oxumağa başlayanda isə cümləni mətndə tapmadım... Vərəqləri yenidən bir-bir, diqqətlə gözdən keçirdimsə də, bir şey alınmadı. Onda korrekturanı bir kənara qoyub əlyazmaya qayıtdım. O cümləni mətndə dönə-dönə, cümlələri, düyü arıtlayan tək, bir-bir yoxlaya-yoxlaya axtardım...

Lukretsinin insan ruhu ilə bağlı bütün fikirləri yerində idi. O cümlə də burada, bu fikirlərin arasında olmalıydı... Qanım qaraldı.

Məcbur olub orijinala qayıtdım. Mətni əvvəldən – axıracan bir də diqqətlə oxudum.

O fikir orijinalda da yox idi...

# 2271 dəfə oxunub

Oxşar xəbərlər

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
Seymur Baycanın qulağından uzaq

Seymur Baycanın qulağından uzaq

15:00 9 aprel 2024
#
#
# # #