Həsənağa Turabov anıldı

Həsənağa Turabov anıldı
8 iyun 2018
# 17:47

İyunun 8-də C.Cabbarlı adına Dövlət Teatr Muzeyində teatr və kino sənətinin görkəmli nümayəndəsi, Xalq Artisti Həsənağa Turabovun 80 illiyi münasibətilə tədbir keçirilib.

Kuls.azın Azərtaca istinadən verdiyi xəbərə görə tədbir Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Teatr Muzeyi, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və Dövlət Film Fondunun təşkilati dəstəyi ilə reallaşıb.

Əvvəlcə qonaqlar sənətkarın həyat və yaradıcılıq yolunu əks etdirən fotosərgiyə baxıblar. Sonra aktyor haqqında videoçarx nümayiş olunub.

Tədbirdə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri və direktoru, Xalq Artisti Azərpaşa Nemətov çıxış edərək unudulmaz aktyorun həyat və yaradıcılığından söz açıb, onunla bağlı xatirələrini bölüşüb.

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının birinci katibi Cəmil Quliyev çıxış edərək aktyorun sənət yolundan danışıb. Qeyd edib ki, Azərbaycanın çoxəsrlik zəngin mədəni ənənələrindən lazımınca bəhrələnən Həsənağa Turabov fitri istedadı və zəhməti sayəsində səhnəyə yeniliklər gətirməklə öz üslubunu yaradıb və milli mədəniyyət salnaməsinə parlaq səhifələr yazıb. Sənətkarın çoxsaylı tamaşalarda və ekran əsərlərində böyük ustalıqla canlandırdığı müxtəlif xarakterli obrazlar barədə məlumat verən C.Quliyev deyib ki, onun iştirak etdiyi səhnə və ekran əsərləri ölkə teatrı tarixinin və kinematoqrafiyasının nailiyyətləri sırasında həmişəlik yer tutmuş qiymətli sənət inciləridir.

Qeyd edilib ki, Həsənağa Turabov 1938-ci il martın 24-də Bakıda anadan olub. O, 1960-cı ildə Azərbaycan İncəsənət İnstitutunu aktyorluq ixtisası üzrə bitirərək, Azərbaycan Dövlət Dram Teatrında fəaliyyətə başlayıb və ömrünün sonuna qədər bu teatrda çalışıb. 1987-2001-ci illərdə teatrın direktoru və bədii rəhbəri vəzifələrində işləyib.

Görkəmli aktyor bir sıra ekran əsərlərində maraqlı obrazlar yaradıb. O, “Qara daşlar”, “Telefonçu qız”, “İstintaq davam edir”, “Sən niyə susursan?”, “Sevil” bədii filmlərində epizodlarda çəkilib. “Yeddi oğul istərəm” filmindəki Gəray bəy obrazı onun ən yaddaqalan rollarındandır. Onun digər uğurlu rolu “Babək” filmindəki Afşin obrazıdır. Aktyorun “Axırıncı aşırım”, “Dantenin yubileyi”, “Qəm pəncərəsi”, “Bəyin oğurlanması” və başqa filmlərdəki rolları da öz ifa tərzi ilə seçilir. “Qanlı zəmi” filminin rejissoru olmuş sənətkar son dəfə “Ailə” və “Nə gözəldir dünya” filmlərində çəkilib.

Sonra kinoşünas, Əməkdar İncəsənət Xadimi Aydın Kazımzadə, teatrşünas Aydın Talıbzadə, aktyorun sənət dostları - Xalq artistləri Rafiq Əzimov, Hacı İsmayılov onunla bağlı xatirələrini bölüşüblər.

Sənətkarın ailəsi adından oğlu Yalçın Turabov çıxış edərək tədbirin təşkilində əməyi olan hər kəsə təşəkkürünü bildirib.

# 2551 dəfə oxunub

Oxşar xəbərlər

"Fikrindən gecələr yata bilmirəm..." - Məşhur "Ayrılıq" necə yarandı?

"Fikrindən gecələr yata bilmirəm..." - Məşhur "Ayrılıq" necə yarandı?

17:30 16 oktyabr 2026
Ölüm sığınacağına çevrilən sərv ağacları - Dünyanı sarsıdan tablonun pərdəarxası

Ölüm sığınacağına çevrilən sərv ağacları - Dünyanı sarsıdan tablonun pərdəarxası

16:30 16 oktyabr 2026
Azərbaycan ədəbiyyatşünaslığında azman imza  - Onu niyə “Koroğlunun qələm dəlisi” adlandırırdılar?

Azərbaycan ədəbiyyatşünaslığında azman imza - Onu niyə “Koroğlunun qələm dəlisi” adlandırırdılar?

12:00 13 oktyabr 2026
"Nə yüngülləşdirici hal, nə də güzəşt tanıyan bir qadın..." - Dario Fonun sitatları

"Nə yüngülləşdirici hal, nə də güzəşt tanıyan bir qadın..." - Dario Fonun sitatları

10:00 13 oktyabr 2026
Sevgi, xəyanət, ümidsizlik... - Həqiqəti deyən qadını kim öldürdü?

Sevgi, xəyanət, ümidsizlik... - Həqiqəti deyən qadını kim öldürdü?

13:00 12 oktyabr 2026
Təbiətin ramedilməz  enerjisinin kətanda təsviri - Moris de Vlamnikin məşhur əsəri

Təbiətin ramedilməz enerjisinin kətanda təsviri - Moris de Vlamnikin məşhur əsəri

13:30 11 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər