Mütaliə təhlükəsi – Afaq Məsud yazır...

Mütaliə təhlükəsi – <span style="color:red;">Afaq Məsud yazır...
5 iyun 2018
# 12:00

Kulis.az hər həftənin çərşənbə axşamı günü tanınmış yazıçı Afaq Məsudun məşhur “Duyğular imperiyası” silsiləsindən yeni yazılarını təqdim edəcək. İzləməyi unutmayın.

İtirilmiş ərazilər

Bir axşam şam yeməyinə yığışdığımız süfrə arxasında Mərkəzin işləri ilə bağlı coşqun «hesabatımı» sona qədər səbirlə dinləyən yoldaşımın, qəfildən başını qaldırıb üzümə qəribə bir mərhəmətlə baxaraq:

- Bəs yazıların?.. – deməsindən özümü, bağışlanmaz cinayət üstündə yaxalanmıştək itirib susdum.

Bayaqdan danışa-danışa dadına-duzuna məhəl qoymadan, mexaniki tələskənliklə çeynədiyim tikəmin ağzımın içində böyüdüyünü, boğazımın, sürgünlük həyatının qəriblik nisgilini andıran qəribə bir qəhərlə dolub tutulduğunu hiss edib çəngəli ehmalca nimçəmin kənarına qoydum.

Toxunulmaz ərazilər

Uzun illər fikirlər, hiss və duyğular, sözlər və ifadələr burulğanında çapalaya-çapalaya, hadisələr, adamlar, üzlər ilğımına batıb çıxa-çıxa, gücümü, heyimi tərəddüd və ehtiyatlanmalar cəngəlliyində itirə-itirə, harasa kənara çəkilib, yönü, səmti, sərhədləri bilinməyən kainat boşluqlarına bənzər toxunulmaz ərazilərdə məskunlaşdığımı, elə bil oralarda, nə vaxtsa lap çoxdandan yaşadığımı və demə, hələ o vaxtlardan qəribə bir toxunulmazlıq qazandığımı, yalnız bu yaxınlarda, tamamilə təsadüfən – mənə dəxli olmayan ötəri, əhəmiyyətsiz bir məişət hadisəsi zamanı anladım.

Zəhmətkeş ağacdələn

Müxtəlif məzmunlu və üslublu mətnlərlə işləməkdən, sözlərin yazılışını, cümlə quruluşunu düzəltməkdən qanıma yerimiş redaktə azarımla gözümə sataşan, əlimin altına keçən hər bir şeydə – mənə ünvanlanan təbrik məktublarında, dəvətnamələrdə, etiket və təqvimlərdə düzəlişlər etmək həvəsimlə özümü, ağacları zərərli həşəratlardan qorumaq, təmizləmək instinktiylə gecə-gündüz dimdikləməkdən yorulmayan zəhmətkeş ağacdələnə bənzədirəm.

Söz səltənəti

«Azərbaycan dilinin orfoqrafiya sözlüyü» üzərində işlədiyim uzun-uzadı yuxusuz, istirahətsiz illərin axarıyla canıma yeriyib beynimdə, yaddaşımda məskunlaşan, damarlarımın, qollarımın içiylə axıb, dırnaqlarımla uzanan minlərlə sözün, hərf və şəkilçilərin dərimin altıyla qarışqatək gəzişdiyini hiss edir, bu sirli kitabdan aralansam da, bundan sonra sözlərdən yığılmış mikrosxem şəklində yaşamağa, qalan ömrümü bu mötəbər Söz Səltənətinə xidmətdə keçirməyə məhkum edildiyimi anlayıram.

Yazıçı yuxusu

Son vaxtlar yazıyla çox məşğul olduğumdan, ya nədənsə, tədricən danışıq qabiliyyətimi itirdiyimi hiss edirəm… Danışıq, şifahilik mənə kobud və yöndəmsiz görünür. İnsanlarla çətinliklə ünsiyyətə girməyim, demək istədiklərimin əvəzinə, dilimdən, necəsə öz-özünə çıxan, mətləbə dəxli olmayan dağınıq sözlər, ifadələr bir şeydən xəbər verir: mən yavaş-yavaş yazıya çevrilirəm...

Ayrı-ayrı sözlər, hərflər, durğu işarələri gecələr də mənə rahatlıq vermir, günaşırı yuxuma girib yanımlı qohum-əqrəbamtək başıma yığışır, sadiq ev heyvanları kimi, dinməz-söyləməz üzümə baxırlar. Onların arasında bir qisim ipə-sapa yatmayanlar da var ki, nə qədər çalışsam da, mənə tərəf gəlmir, xırda toz zərrəcikləritək havadan asılıb qalır, ani tərpənişimdən hərəkətə gəlib yerlərini dəyişir, xırda su qabarcıqlarıtək səssiz partlayışlarla bir-bir yoxa çıxırlar... Bu ələgəlməz, şəffaf sözləri tovlayıb ələ keçirməkdən ötrü min bir üsula əl atıram, ən gizli sirlərimi, dərdlərimi açıb danışıramsa da, onlar məni eşitmir, sükut içində yox olmağa davam edirlər… Yuxunun bir məqamı gücümün tükəndiyini, hər şeyin artıq sona yetdiyini, bu sözlərin heç bir vaxt mənim olmayacağını anlayır və oranı uduzmuş halda tərk edirəm.

Mütaliə təhlükəsi

Son vaxtlar bədii mətnlərə qarşı duyduğum anlaşılmaz müqavimət hissi bu növ ədəbiyyatların mənə qadağan olduğundan xəbər verir.

# 3398 dəfə oxunub

Oxşar xəbərlər

“Elmi-ədəbi dəb” arxasınca yüyürən təsəvvüf “görməmişləri”... - Füzuli qəzəllərində hansı dözülməz təhriflər var?

“Elmi-ədəbi dəb” arxasınca yüyürən təsəvvüf “görməmişləri”... - Füzuli qəzəllərində hansı dözülməz təhriflər var?

15:00 12 mart 2026
Tənqidi realizmin ən yaxşı romanlarından biri - Nəşri niyə qadağan edilmişdi?

Tənqidi realizmin ən yaxşı romanlarından biri - Nəşri niyə qadağan edilmişdi?

18:33 11 mart 2026
Ədəbiyyatın teatra çevrildiyi mənəvi ərazidə - Elnarə Akimova

Ədəbiyyatın teatra çevrildiyi mənəvi ərazidə - Elnarə Akimova

17:00 10 mart 2026
Döyüb-söyən valideynlər, yoxsa onlarsız əziyyətlərə dözmək.. - Hansı daha pisdir?

Döyüb-söyən valideynlər, yoxsa onlarsız əziyyətlərə dözmək.. - Hansı daha pisdir?

16:30 10 mart 2026
"Bilirsən nəyin məni bəxtiyar etdiyini..."  - Hədiyyə Şəfaqətin Şumer mətnləri ilə hansı əlaqəsi var?

"Bilirsən nəyin məni bəxtiyar etdiyini..." - Hədiyyə Şəfaqətin Şumer mətnləri ilə hansı əlaqəsi var?

12:00 10 mart 2026
Hüseynbala Mirələmov bədii nəsrini insan və zaman kontekstində dəyərləndirən monoqrafiya - Elman Quliyev

Hüseynbala Mirələmov bədii nəsrini insan və zaman kontekstində dəyərləndirən monoqrafiya - Elman Quliyev

17:20 6 mart 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər