İlham pərisi də ehtiraslı olarmış – Heminqueyin essesi

İlham pərisi də ehtiraslı olarmış – <span style="color:red;">Heminqueyin essesi
2 iyun 2018
# 15:20

Kulis.az Ernest Heminqueyin “Yazıçı işi” essesini təqdim edir.

Mənə elə gəlir ki, lap birinci romanımı qələmə alandan dərhal sonra bundan sonrakı taleyimin necə olacağını anlamağa başlamışdım. Heç vaxt, hətta bir dəqiqə belə yeni eranın pioneri olduğuma şübhəm qalmamışdı. Başa düşürdüm ki, atacağım hər bir addımım bundan belə böyük maraqla izləniləcək. Ona görə də özümün bütün əməllərim, düşüncələrim barədə övladlarıma, nəvə-nəticələrimə doğru-düzgün hesabat verməyi qərara aldım.

Mənim axtardığım şeylər hadisələrin üst qatında yerləşməyən və zaman dolandıqca keçiləsi mümkün olmayanlardır. Amma mənim məqsədim, məramım insan həyatını, insan taleyini şişirtmədən, necə varsa, o cür də göstərməkdən ibarətdir. Özümü böyük mütəfəkkirlərə bənzətməməklə, bəşəriyyətə sensasiyalı hər hansı bir məlumat çatdırmaq fikrindən daim uzaq olmuşam. Bununla belə, mən həyatı son dərəcə yaxşı tanıyır və min cür müxtəlif nöqtələrdən onu göstərirəm.

Heç vaxt qəhrəmanlarımı özüm seçməmişəm, əksinə qəhrəmanlarım özləri məni seçiblər. Bir çox sələflərim kimi mövcud vəziyyəti, ətraf mühiti özünə tabe etməyi bacaran güclü insanlarla fəxr etmişəm. Bu mövzu o dərəcədə məni cəzb edib ki, özümü başqa nəyəsə həsr etməyi bacara bilmirəm. İlham pərisi də sevgi, məhəbbət kimi ehtiraslı olarmış.

Romanlarımın mövzusu ürəyimin dərinliklərindən və şəxsi təcrübəmdən götürülmüşdür. Bununla belə, onları asan və etinasız çap etdirməkdən məmnun olmuram. Mənim yazıçılıq vərdişim çox sadədir: uzun müddət ətraflı düşünüb götür-qoy etmək, qısa müddətə yazmaq.

Əsərlərimin çoxunu beynimdə formalaşdırıram. Fikirlərim qaydasına düşməyincə heç vaxt yazmağa başlamıram. Yazarkən tez-tez ucadan dialoqlardan parçalar səsləndirirəm: axı, qulaqlar yaxşı senzordur. Mən hər kəsin anlayacağına ta ki, əmin olmamış cümləni heç vaxt kağıza etibar etmirəm.

Bununla belə, bəzən fikirləşirəm ki, mənim hekayətim açıq söyləməkdən daha çox eyham vurur. Əsərlərimi mütaliə edərkən oxucu çox vaxt öz təxəyyülünün köməyinə müraciət etməli olur, əks təqdirdə o, fikrin məna incəliklərini əldən qaçırmış olacaq.

Əsərlərimi yorulmadan ixtisarlar etmək və yenidən işləməklə böyük zəhmət bahasına qələmə alıram. Onların hər birinin qazandığı uğur, müvəffəqiyyət mənə çox əzizdir. İntəhasız qayğı ilə əsərlərimi, ta ki, onlar brillianta çevrilməyənə qədər, yonub təraş edir, cilalayıram. Əksər müəlliflər əsərlərinin daha böyük həcmdə olmalarına üstünlük verdikləri halda, mən özümkülərimi bambalaca cəvahirətə çevirirəm.

Mən qeyri-adi zəkaya, istedada malikəm: əsərlərimi işlədiyim zaman özümün tənqidi bacarıqlarımı onların üzərində tətbiq etməyə üstünlük verirəm.

Əgər bilirsən ki, yazdıqların sənə sevinc, xoş əhval-ruhiyyə bəxş edəcəksə, onda oturub yazmağa dəyər. Yazanda özümü xoşbəxt sayıram, amma yazdıqlarımdan heç də həmişə razı qala bilmirəm.

İnanmıram ki, nə vaxtsa kitablarım abidəmə çevrilə bilsinlər – mən vicdanla özümü doğru-düzgün dəyərləndirməyə cəhd göstərirəm. Deyim ki, yazıçı olmağıma istedaddan daha çox inadkarlığım səbəb olmuşdur – mən ədəbiyyatda yalnız özünə minnətdar olan ən parlaq insan nümunəsiyəm. Amma bununla belə, layiq görüldüyüm ağlagəlməz müvəffəqiyyət və şöhrətə özümü heç vaxt layiq bilməmişəm.

Mənim heç bir kitabımı oxumayan çoxlu coşqun pərəstişkarlarım olmuşdur. Lakin ictimai rəy əməyimi yüksək dəyərləndirməyə, eyni zamanda bunun əhəmiyyətini lazımi qədər qiymətləndirməməyə həmişə meyl göstərmişdir.

Kitablar əbədiliyə məxsusdur. Onlar insan əməyinin ən davamlı və möhkəm məhsullarıdır. Məbədlər xarabalığa çevrilir, rəsmlər və heykəllər məhv olur, amma kitablarsa yaşamaqda, nəsildən – nəslə ötürülməkdə davam edir. Zaman kitab üzərində hökmranlıq etməyə qadir deyil. Kitablar çox əsrlər bundan öncə olduğu kimi, bu gün də təzədir. Onlar öz müəlliflərinin təfəkküründə, şüurunda əmələ gəliblər. O zamanlar deyilmiş və düşünülmüş fikirlər hətta bu gün də çap vərəqləri üzərindən bizə özünün ədəbiyyatda olan əvvəlki güclü təsirini göstərməkdə davam edir. İllər yalnız pisləri alaq otu kimi kökündən çıxarıb atır. Çünki sözün həqiqi mənasında layiq olan əsərlər ədəbiyyatda uzun müddət yaşamağa qadirdir.

Müasir romançıda səbir və təmkinlə işləmək xüsusiyyətləri olmaqla yanaşı, müstəsna uydurma və uyğunlaşdırma qabiliyyəti də çox vacibdir. Fikrən eyni zamanda həm keçmişə, həm də müasir dövrə baş vurmaq, təsvir etdiyi hadisələrin dərinliklərinə varmaqdan ötrü yazıçı həm də təxəyyül sahibi olmalıdır. İnsanlar və hadisələr barəsində doğru-düzgün mühakimə yürütməkdə, səbəb və məqsədləri üzə çıxarmaqda isə tənqidi intuisiya ona kömək edir. İnsan davranışlarının motivlərini dəqiq və aydın təsəvvür etdiyi təqdirdə yazıçı həqiqətən də yaxşı əsər yazmağa başlaya bilər.

Az roman tapılar ki, onda mübarizə, təqib, zorakılıq, seks, güclü xarakterlər, tank qoşunlarının hücumu kimi inkişaf edən hərəkət, həmçinin öz qəhrəmanlarına və həqiqətə hörmət hissi olsun.

Sonrakı dövrlərdə bir çox müəlliflər tərəfindən yazılmış əsərlər isə onlardan əvvəlki ədəbiyyat nümunələrində təsvir olunmuş səhnələrin, xarakterlərin və hadisələrin sadəcə yeni variasiyasına bənzəyir. Bunların bir-birindən fərqi yalnız sonuncularda sənətkarlığın, gücün və atəşin az olmasındadır.

Xeyli sayda müasir romanlar heç bir tərbiyəvi əhəmiyyətə malik olmadıqları kimi, həm də heç bir məqsədə xidmət etmirlər. Onları mütaliə edərkən adamda daxilən heyvani hislər oyanır, damarlarda qan donur. Naməlum müəllifin yeni romanını oxuyarkən acılıq hiss etməyəndə, onun xeyirxah, ağıllı kitab olduğunu görəndə özümü xoşbəxt sanıram.

Yaxşı kitabın qiyməti və cazibəsi onun sadəliyində, səmimiliyində, həmçinin xarakterlərin və hərəkətin motivlərinin gözlənilməyən çılpaqlığındadır. Belə kitabların dili və ifadə olunan fikirlərin sadəliyi, qeyri-süniliyi onu şüurlu ədəbi zordan azad etmişdir. Amma bilərəkdən özünü çətinliyə salmaqdan daha çox açıq ürəkli sadəliklə yazmaq müşkül məsələdir.

Yazıçının üslubu doğrudan-doğruya, həm də məxsusi xüsusiyyətlər kəsb etməklə yanaşı, obrazları zəngin və istiqanlı, sözləri isə sadə və enerjili olmalıdır. Böyük yazıçılar parlaq müxtəsərlik istedadına malikdirlər. Onlar inadkar zəhmətkeşlər, diqqətcil alimlər, gözəl üslubu və mahir qələmi olan adamlardır.

Xoşbəxt yazıçılar çox məharətlə, demək olar ki, heç nədən bəhs etməyən maraqlı, cəlbedici hekayələr yaza bilərlər. Müasir yazıçıların ən böyük ədəbi günahları zahiri bəzəyə çox əhəmiyyət vermələri və xarici parlaqlığa məhəbbətləridir. Şəxsən mən kitablarını professional ustalıqla yazan ədəbiyyatçılara ehtiyatla yanaşıram.

Hazırda çapdan çıxan kitabların əksəriyyəti inkişaf etməmiş və bədii cəhətdən zəif olan əsərlərdən ibarətdir. Müəlliflərin çoxu tez və başdansovdu yazır, mətnlərdə çox nadir hallarda düzəlişlər edirlər. Nəticədə isə belə yazıçılar yetərincə üslub xətaları buraxırlar. Qəhrəmanların dialoqları qeyri-təbii səslənməklə bərabər, ifadə edilən sözlər yanlış, dil isə qüsurlu olur. Əksər kitablar süjetin və hərəkətin tamlığından, bütövlüyündən məhrumdur. Çox hallarda təhkiyə o dərəcədə uzadılır ki, adam bu cəfəngiyatdan, boşboğazlıqdan lap usanır. Belə təsəvvür yaranır ki, yazıçı romanın sonrakı fəsillərində nədən bəhs edəcəyini heç özü də bilmir. Bəzən onlar hər hansı bir səbəb və məqsəd kəsb etməyən, tamamilə anlaşılmaz və lazımsız səhnələr qurur, kitabın sonunda isə yeni iştirakçılara meydan verirlər. Belə müəlliflərin personajları iyrəncəsinə təsvir edilmiş yırtıcıya, ya da mələyə bənzəyir.

Bu tip qəhrəmanlarda həyat əlamətləri yox dərəcəsindədir, əməlləri pis əsaslandırılmışdır. Onlar hansısa varlığın qeyri-müəyyən, fantastik probleminin həllindən ötrü sadəcə simvol rolunu oynayırlar. Qışqır-bağır salan və həqiqətə uyğun olmayan süjetləri də bura əlavə etmək yerinə düşərdi. Belə kitabların real və canlı həyatla demək olar ki, heç bir bağlılığı yoxdur.

Tərcümə edəni: Ağaddin BABAYEV

# 830 dəfə oxunub

Oxşar xəbərlər

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

12:00 17 aprel 2024
Fərqli şeylərin sirli şəkildə qovuşması  - "Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması - "Sevgi şəhəri" haqqında

13:00 16 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
# # #