Azərbaycan SSR-də kadrlar necə hazırlanıb? - YENİ KİTAB

<b>Azərbaycan SSR-də kadrlar necə hazırlanıb? - <span style="color:red;">YENİ KİTAB </b>
16 may 2018
# 15:35

Mədəni-maarif işinin tarixi cəmiyyət tarixinin mühüm bir hissəsidir. Mədəni-maarif işinin inkişafı bilavasitə bu sahədə kadr siyasətinin düzgün aparılmasından asılıdır. ”Kadr siyasəti” anlayış olaraq kadrlarla işin məqsədi və metodu kimi istiqamətləri özündə cəmləşdirir. Kadr siyasəti müəssisə kollektivlərinin sayının və keyfiyyətinin nizamlanmasından ibarətdir. SSRİ-də kadrların hazırlanması, marksizm-leninizm ruhunda tərbiyə edilməsi, seçilməsi və daha səmərəli istifadəsi isə Sov.İKP-nın kadr siyasətinin məzmununu təşkil edirdi.

Kadr siyasətinin tarixi müasir dövrdə tarixşünaslığın prioritet sahələrindən birinə çevrilib. Bu səbəbdən də kadr siyasəti ilə əlaqədar olaraq elmi-tədqiqat işlərinin aparılmasına ehtiyac əmələ gəlib. Belə tədqiqat işlərindən biri də AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun “Azərbaycan-Rusiya əlaqələri tarixi” şöbəsinin aparıcı elmi işçisi Əzizə Ənvər qızı Nəzərlinin Rusiya Federasiyasının “Tarix, İqtisadiyyat və Hüquq İnstitutu” tərəfindən Moskvada yenicə çap olunmuş “Azərbaycan SSR-də inzibati-amirlik sistemi şəraitində mədəni-maarif sahəsində (kitabxanalar, qiraət komaları, klublar) kadr siyasəti (1920-1953-cü illər)” monoqrafiyasıdır. Çoxsaylı elmi əsərlərin və bir neçə monoqrafiyanın müəllifi Əzizə Nəzərlinin bu monoqrafiyası Azərbaycan SSR-in kadr siyasətinin müəyyənləşdirilməsində xüsusi əhəmiyyətə malikdir.

Qeyd etmək lazımdır ki, “Azərbaycan SSR-in kadr siyasəti” mövzusu ilk dəfə Ə.Nəzərlinin monoqrafiyasında öz əksini tapıb. Monoqrafiya 3 fəsil, 7 yarımbölmədən ibarətdir. Müəllif monoqrafiyada çoxsaylı arxiv sənədlərindən, Sov.İKP və Azərbaycan KP qərar və göstərişlərindən, dövlət sənədlərindən, dövrü nəşrlərdən və elmi ədəbiyyatdan istifadə edərək, Azərbaycan dövlətinin mədəni-maarif sahəsində apardığı kadr siyasətini geniş şəkildə araşdırıb.

Monoqrafiyada Sovet hakimiyyəti tərəfindən avtoritar dövlət qurulmasında mədəni-maarif sahəsində çalışan kadrlardan istifadə edilməsi faktlarla sübut olunub. Bu səbəbdən kadr siyasəti bolşevizmin mərkəzi Moskva tərəfindən vacib məsələ kimi ortaya atılmışdı. Kadrların seçilməsi, hazırlanması, kommunist tərbiyəsi, işə təyin olunması ilk gündən Kommunist Partiyasının rəhbərliyi altında həyata keçirilirdi. Monoqrafiyada çox düzgün olaraq göstərilir ki, kadrların seçilməsi zamanı onun professionallığı deyil, Kommunist Partiyasına və rəhbərlərə sədaqəti nəzərə alınırdı.

Müəllif monoqrafiyada qeyd edir ki, kadr siyasəti bütövlükdə SSRİ məkanında gedən milli siyasətlə bağlı olmuşdu. Monoqrafiyada təəssüf hissi ilə qeyd edilir ki, 1920-ci illərdə ölkədə, eləcə də Azərbaycanda aparılan “milliləşdirmə” siyasəti 1930-cu illərdə “ruslaşdırma” siyasəti ilə əvəz olundu.

Ə.Nəzərlinin mədəni-maarif sahəsində hazırlanan çoxsaylı kadrların sonralar “böyük terror”un qurbanına çevrilməsi məsələlərini ayrıca yarımbölmədə araşdırması həmin kadrların xatirəsinin əbədiləşdirilməsinə xidmət edir.

Monoqrafiyada göstərilir ki, sovet kadrları 30-cu illərin qanlı repressiyalarından keçmələrinə baxmayaraq, Böyük Vətən Müharibəsi illərində qələbə üçün çalışmış, hətta bu yolda canlarını qurban verməyə hazır olublar.

Monoqrafiyada verilən çoxsaylı qrafiklərdə və cədvəllərdə müxtəlif illərdə kadrların say, milli, cinsi tərkibi öz əksini tapıb. Ə.Nəzərlinin təqdim olunan monoqrafiyasında bu sahədə çalışmış peşəkar kadrların adları çəkilib, onların fəaliyyətindən, hökümət tərəfindən mükafatlandırılmasından bəhs olunub.

Qeyd etmək lazımdır ki, 1920-1953-cü illərdə aparılan kadr siyasətinin nöqsanları da konkret faktlarla monoqrafiyada öz geniş əksini tapıb.

Monoqrafiyanın nəticə hissəsində müəllif tərəfindən ümumiləşdirmələr aparılmış, mühüm elmi nəticələr əldə edib.

İnanırıq ki, Ə.Ə.Nəzərlinin “Azərbaycan SSR-də inzibati-amirlik sistemi şəraitində mədəni-maarif sahəsində (kitabxanalar, qiraət komaları, klublar) kadr siyasəti (1920-1953-cü illər)” monoqrafiyası bu sahədə çalışan mütəxəssislərin, eləcə də ictimaiyyətin marağına səbəb olacaqdır.

Aypara Rüstəmova

Tarix üzrə fəlsəfə doktoru, AMEA Tarix İnstitutunun “Azərbaycan-Rusiya əlaqələri tarixi” şöbəsinin aparıcı elmi işçisi

# 1952 dəfə oxunub

Oxşar xəbərlər

Kommersiya məktəbindən böyük səhnəyə - Atası niyə onun aktyor olmasını istəmirdi?

Kommersiya məktəbindən böyük səhnəyə - Atası niyə onun aktyor olmasını istəmirdi?

15:00 14 fevral 2026
"250 manatlıq "kaşelyok" alın, içi pulla dolacaq!" - "Azerina" insanları necə aldadıb?

"250 manatlıq "kaşelyok" alın, içi pulla dolacaq!" - "Azerina" insanları necə aldadıb?

14:23 14 fevral 2026
Azərbaycan Televiziyasının yaranmasından 70 il ötür

Azərbaycan Televiziyasının yaranmasından 70 il ötür

13:26 14 fevral 2026
Çürümüş cəsədə tac qoyub əlini öpdürən kral - Sevgililər Gününün bilmədiyiniz qanlı tarixi

Çürümüş cəsədə tac qoyub əlini öpdürən kral - Sevgililər Gününün bilmədiyiniz qanlı tarixi

12:00 14 fevral 2026
"ARB" telekanalının yayımı dayandırıldı

"ARB" telekanalının yayımı dayandırıldı

10:27 14 fevral 2026
“Bu məmləkətdə ölünün də, dirinin də yiyəsi olmalıdır” - Xalqın sevimlisi niyə fəxri adsız qaldı?

“Bu məmləkətdə ölünün də, dirinin də yiyəsi olmalıdır” - Xalqın sevimlisi niyə fəxri adsız qaldı?

17:37 13 fevral 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər