Bəlkə də müharibə yenidən başlayıb

Bəlkə də müharibə yenidən başlayıb
11 may 2018
# 14:45

Kulis.az gənc yazar Məlik Rzanın "İnsan mənzərəsi" yazısını təqdim edir.

Mənim sözlərim səsləndirilmək üçün yaradılmadığından, sənə bircə kəlmə də deyə bilmirəm. Susuram. Qarşımda, tuncdan tökülmüş bir heykəl və onun bürünc başında biri-birini əvəzləyib dincini alan qarğalar, göyərçinlər, sərçələr... Mən nə vaxt isti bir içki üçün kafe axtarsam, bu sənin işlədiyin kafe olur. İçəri daxil oluram, bir həftənin tək, digərinin cüt günləri gəlirəm, lakin sən mənim oturduğum masalardan heç birinə yaxın durmursan, ya da mənim masam sənin nəzarət dairəndən kənar qalır. Gözlərimin saplandığı heç yerdə, ayaq saxlamırsan. İndi, civənin aşağı hüdudlarına ilişmiş hərarət, tüstülərimi qatılaşdırır və mən, dumanım içində itib batıram. O biri tərəfdə, qoca qarı jurnaldan üzünü göyqurşağına çevirəcək makyaj dəsti barədə oxuyur. Mənim masama nəzarət edən yaşı və boyu ortada qərarlaşmış qadın, içki seçimimi bəyənib alt dodağını üstdəkinə yapışdırır, başını məmnuniyyətlə yelləyib sifarişimi dəftərçəsinə qeyd edir. Yağış yağır, hər kəs ağacların altına qaçır, havada çətirlər açılır, sən yoxsan. Gözlərimi yumub qaranlıq boşluğa gətirdiyim üzünü izləyirəm.

Televiziyada neft kəmərlərimiz taxıl sahələrimizlə yarışır. Mən isə, gözlərində durmuşam. İlk dəfə sən mənə diqqət yetirirsən, amma bir masanın hesabı gecikir və sənin ayaqların gözlərimdən üzülür. Səkiləri oxşayan ayaqlar, indi, kəskin yağışa görə metrolara, avtobuslara, müxtəlif vəzifə təyinatları olan qapalı ərazilərə keçir. İçimə açılan yumulu gözlərimin qaranlıq boşluğunda, ayaqların qurumuş sinirlərimi çırtıldadır. Əyləc kimi sıxılmış buludların sürətli yağış damcıları üzərimə tökülür, ya da kafenin pəncərəsindən süzülür. Mədələri acı içki həzm edənlərin qədəhləri toqquşur və sən onlardan uzaqsan. Kassadan əllərini sallamısan. Deyəsən, əllərindən spirt iyi gəlir. Sən mənim qoluma sakitləşdiricini yeridirsən, barmaqlarındakı qoxunu duyuram.

Mən haradasa, partaların əhatələdiyi bir yerdə huşsuz uzanmışam. Bura, mənim məktəbimdir, lövhəsində müəllim sinifdə olmayanda səs-küy salan nadinclər qrupunun adı həkk olunub. Orada mən də varam. Adımın aşağısında bir neçə ölü dostumun adı, sonra sənin bədənin lövhənin önünə keçir, ağzın sözlərlə oynayır, dartılıb alnına yayılmış qaşlarından anlayıram ki, bu sözlər təsəlli quruluşundadır. Gözlərim yumulur, arxasındakı qaranlıqda bir neçə epizod və sənin bədənin də burdadır.

Uşaqlar vedrələrdən su içir, biz isə, sənlə kompot və şorba içirik. O birisi tərəfdə, dağılmış, tavanı uçmuş evin giriş qapısı yırğalanır, qoca kişi, otağı gəlişini gözlədiyi, lakin müharibənin ilk dövrlərində parçalanan qəlpələrin birindən ölmüş arvadı üçün səliqəyə salır. Kəşfiyyatçılar tullanıb-düşür, ciblərindən səs çıxara biləcək kibrit qutusunu çıxarıb siqaretim üçün bir neçə çöp yandırıb-söndürürlər. Bu dəfə, siqaretimin dumanlı tüstüsündə heykəlin başı yoxa çıxır və mən həmin qərib adama alışqan üçün təşəkkür edirəm, uzaqlaşır. Sən təlaşlanırsan, çölə qaçırsan. Kafedə dava düşüb və ibtidai silah olan stulların qırılıb-tökülən ayaqlarından bir neçə baş yarılıb. Mən ayağa qalxıb qaçdıqda, belimdəki pedaqoji bağırtıların sərinliyini duyuram. Tuncdan olan bir neçə nüfuzlu baş önündən keçib məktəbin həyətinə çıxıram. Buraya ağ boyadan bir neçə xətt çəkilib. Sən onların biri üzərində məni gözləyirsən. Əlini qoluma keçirdirsən. Biz arxa çıxışdan sivişib qaranlıq küçədə gəzirik. Gözlərimiz və dodaqlarımız isinmə hərəkətləriylə kifayətlənib ayrılır. Yağışı hopduran paltarlarımız, saçlarımız, ayaqqabılarımız və çantalarımız ağırlaşdığından, yavaşıyırıq. Mən gözləyirəm, bilirəm ki yorulmusan, tezliklə nəfəslərini tarazlaşdırıb kafeyə qayıdırsan, çaxnaşma bitib, sən yenidən masalar ətrafında dövrə vurursan, mən üzəri tüstü topalı isti içkiləri içirəm. Deyəsən, sən xəstəsən və bu nəsə, ölümcül mərəzdir, çünki tez-tez üzündəki əzələlərin gərildiyini görürəm.

Mənim sözlərim səslənmədiyindən, sən yalnız dodaqlarımın səssiz hərəkətini izləyirsən, qorxursan. İlk avtobusa minib gedirsən. Addımların çox yorğundur, avtobus qayışından tutub yuxulayırsan. Mən isə yuxudan ayılıram və nə zamansa ağ olmuş, indilərdə isə bozarmış tavan görünür. Ətrafdakılar inildəyir, sən belini mənə çevirmisən. Bilmirəm, bu sənin saçlarındır, ya yox, lakin onları barmaqlarım arasında ələyirəm. Sən parkdakı heykəlin önündə, barmaqlarındakı qırıntıları göyərçinlərə səpirsən. Demək istəyirəm ki, bu gün burada görüşməliydik? Yoxsa, həmişəki kafedəsən, gülərüz sifarişlər qəbul edib qalıqlar qaytarırsan?

Bəlkə də müharibə yenidən başlayıb, mən yaralanmışam və ölülər üçün torpaq qıtlığı olduğundan, sən məni xilas etməyə çalışırsan. Nəhayət xilas olmuşuqsa, deməli məktəbin idman zalının qapısından qaçmışıq. Sən titrəyirsən. Evlərimizə zənglər vurulub, axtarılırıq. Elə görülən ilk kafeyə girib nəsə içirik. Gözlərimin bir anlıq yumulub-açılmasından sonra, iş formasında qarşımda peyda olursan və masa nömrəmin qabağına rəqəmlər dürtülmüş çeki uzadırsan. Çekin arxasında əyri-üyrü xətlərlə adım yazılıb. Sonra da öz adını yazmısan.

Yazırsan ki, ikimiz də ölümcül xəstəyik. Mənim qaraciyərimdə qeyri-adi əllaməlik baş verib, sənin döş qəfəsində də xərçəng vurnuxur. Bilmirəm, bu barədə çekin arxasında yazmışdın, yoxsa qaşların alnına keçib qollarıma sakitləşdirici ilişdirəndə bunları demişdin. Bəlkə də, dayanacaqdakı yorğunluğun xəstəliyin ilk əlaməti idi və mən sənə özümdəki ölümcül parazit barədə məruzə edirdim, sən eşidirdin ki, hürkdün və qaçdın.

Ola bilər ki, məktəbdən yox, xəstəxanadan qaçırdıq və həmin tunclardan qayrılmış başların yiyələri də elə-belə adamlar deyildi. Və bəlkə də, belini çevirdiyin o yerdə, yanaşı çarpayılarımızda birlikdə can verirdik, çünki bədənlərimiz soyumuşdu, sənin çiyinlərin buz kimi şaxtalı idi. İndi də, mənə soyuqdu, yerə yıxılmışam, ətrafdan heç bir çəkmə çırpıntısı eşidilmir. Qollarım, tərpənmir, yoxdurlar. Bircə əl bəs eləyər ki, cibimdəki siqareti ağzıma yapışdırsın, çünki bu mənə vacibdir, ağrılardan qıvrılıram. Amma, kim eşidir ki? Şşş...Şşş... Sakit... Bax... Külək buludları qovalayır, yağış yağır, heç kim yoxdur, gözlərim yumulur. Yenə həmin qaranlıq və həmin boşluqda sən varsan. Körpü üzərində, yağışların əzib yerə tökdüyü yetişmiş meyvələri yeyən atlarla dayanmışıq və ürəklərinin yükü çamadandakı ən xırda əşyalarından yüngül olanlar, asanlıqla vidalaşıb uzaqlaşır. Aşağıda nəsə qaynayır, insan mənzərələri hər addımda seyrəkləşir. Əlimizdəki çamadanlarla, körpüdən qarşı tərəfə keçirik. Mənimlə nə məktəbli qız, nə kafedəki işçi qadın, nə müharibədəki tibb bacısı, nə dayanacaqdakı, nə o birisi, nə bu birisi, heç biri. Yanımdasan, bu sənsən... Hə, sənsən və məndən aldığın ilk isti sifarişi, dodaqlarıma qeyd edirsən...

# 814 dəfə oxunub

Oxşar xəbərlər

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

Qardaşını və oğlunu şəhid verən yeganə Xalq yazıçımız - Sabir Əhmədlinin göz yaşları…

12:00 17 aprel 2024
Fərqli şeylərin sirli şəkildə qovuşması  - "Sevgi şəhəri" haqqında

Fərqli şeylərin sirli şəkildə qovuşması - "Sevgi şəhəri" haqqında

13:00 16 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
#
#
# # #