news-inner
clock20:45 calendar-gray 31 May 2019 view-gray2397 dəfə oxunub
view-gray2397 dəfə oxunub

Orxan Fikrətoğlunun hekayəsi: “Qorxu”

Kulis.az yazıçı Orxan Fikrətoğlunun “Qorxu” hekayəsini təqdim edir.

Alnını puçur-puçur tər basdı. Eyni anda barmaqlarının ucları buzladı. Qanı damarlarında donduğundan ayaqları keyidi. Sağ gözü səyridi. Ürəyi bulandı. Yolun ağzında adam boyda bir it oturmuşdu. Qırdığı zəncirini sümük kimi gəmirirdi. Zəhmi göydə buludları, yerdə küləyi durdurmuşdu. Yaşıl yulğunluğun yarpaqları üstündə uçuşan xallı kəpənəklər qoxularından it tərəfə uçmurdular. Hardansa səslənən muğamat səsi iti daha da qıcıqlandırırdı. O, uzaq səsin yiyəsi hər dəfə xırıltılı radio dalğalarının altından zəngulə vurduqca it dişləri ilə qırdığı kiçik dəmir kəsiyini daha böyük şiddətlə sağa-sola sürüyürdü.

Yenə bədənini silkələyən doğma qorxusunu tanıdı. Qorxusu onunla doğulsa da ondan yekə böyümüşdü. Uşaq vaxtı qorxusu da uşaq idi. O, xam vaxtlar qorxusunun başına oyun açardı. Yolun ortasında tərs keçi kimi dayanıb ora-bura şütüyən maşınlara saatlarla qorxusuz-hürküsüz baxardı. Ya da doqquz mərtəbəli binanın damına qalxıb açıq eyvandan aşağı sallanardı. İllər ötdükcə qorxusu da içində özü özünə böyüyürdü. Yaşadığı ömrü uzaqdan qorxmaz adamın ömrü kimi görünürdü. Cavanlıqda qorxusunu üzə çıxmağa qoymurdu. Dar dolaba yığılmış çirkli paltarlar kimi içinə dürtüb gizlədirdi. Sonra İllər ötdü. Və bir gün bu “ dolabın ”rəfləri ağırlığa dözməyib qırıldı. Qorxusu bütün çılpaqlığı ilə çölə çıxdı. Son günlər qorxusu lap ağ eləmişdi. Gözlərindən su kimi çölə fışqırırdı. Dincliyi, rahatlığı yox idi. At üstündəymiş kimi dinc vaxtlarında belə harasa tələsirdi. Yuxuya da tələsə tələsə gedirdi. Ömrü qorxusunun qaranlığı altında qalmışdı.Daha işləyə də bilmirdi. İnsanlardan qorxurdu.

İt hindu kahininə oxşayırdı. Yerindən tərpənmək fikri yox idi. Məğrur heykəl təki başını dik tutub uzaqlara baxırdı.

Evdən çıxanda arvadına demişdi ki, dənizə çimməyə gedir. Bir saata qayıdacaq. Nədənsə arvadına evə dönəcəyi vaxtı saatına qədər düz deyəndə çalışırdı gec qayıtsın. Arvadı bu gecikmələrə məhəl qoymurdu. O, arvadı üçün maraqlı adam deyildi. Bunu yaxşı bilirdi. Qazandığı pulu qəpiyinə qədər arvadına verirdi. Arvadı ona heç zaman ağır söz deməmişdi. Onunla birlikdə “heç bir söz” demədən yaşamışdı. Köynəyini yumuşdu. Yeməyini bişirmişdi. Hamama salıb çimizdirmişdi. Aralarında sevgi olmasa da, nifrət də yox idi. Arvadı uzun illər divardan asılmış gözə tanış şəkil kimi idi. Gözünə dəyməyəndə hara yoxa çıxdığını soruşurdu. Görəndə isə nə şəkli olduğunu anlaya bilmirdi. Son günlər arvadından da qorxurdu. İtdən qurtulub bağ evinə vaxtından tez dönsə arvadının lal baxışlarından alçalacaqdı.

İtə sarı boylandı. Canavara oxşayırdı. Mərd və qorxmaz idi. Heç zaman bu it qədər öz istəyinin yiyəsi ola bilməmişdi. Həmişə kiməsə baş üstə deyib yaşamışdı. Kiminsə iti olan bu it isə ondan fərqli olaraq özü özünün ağası idi. Həyata qalib doğulmuşdu. İtin quru buludlu göy üzünə, üstündə mərdi-mərdana dayandığı yola heç bir münasibəti yox idi. O, ancaq özünü tanıyırdı. İstədiyini eləyirdi. Siyasət nədir bilmirdi. Yalan danışmırdı. Heç kəsdən də qorxmurdu. Heç kimə hesabat vermək fikrində də deyildi. İt ölümdən də xəbərsiz idi. Haçansa onun bu sərt it həyatında ən qəddar hadisə ölümü olacaqdı. İt bunu bilmədiyindən ölümündən də qorxmurdu. Bu dəqiqə o üstündə dayandığı yolun ağasıydı. Və bu ağalığını əlindən vermək istəmirdi.

Qorxa-qorxa əyilib yerdən daş götürəndən sonra itə baxdı. İt baxışından duyuq düşdü. Daş təhlükəsinin olduğunu qan yaddaşı ilə anladı.

Məğrurluğunu pozmadan onu gözləri ilə rəqib kimi dişinə vurdu. Sonra öz it ağlıyla nəsə anlayıb hürə-hürə üstünə cumdu.

Gözlərini yumub qorxa-qorxa əlində tutduğu daşı itə atdı. Daş itə çatmadı. Canında torpağı çox olduğu üçün torpaq kimi ovulub yola töküldü. Qorxudan ağzı qur-qupu qurudu. Qışqırığı burnunun deşiklərindən çıxdı. Geriyə qaçmaq istəyəndə ayaqları da tutuldu. Qışqırığı boğazından o qədər asta çıxdı ki, öskürəyə oxşadı. Dizləri qatlandı. Yerə yıxılan kimi it şalvarının balağından yapışdı. Alacalanmış gözlərindən yanağına doğru səssizcə yaş axdı. Ağlamağını hərdən-hərdən vurğulayan hıçqırığı kürəyində elə bərk dalğalanırdı ki, it hər şaraqqıltıya beş-altı addım kənara hoppanırdı. Sonra yenə hürə-hürə üstünə cumub şalvarının balağını didişdirirdi. İt şalvarını didim-didim diddisə də nədənsə ətinə dəymirdi.

Özünə gələndə yenə itin başı üstündə dayanıb qalib gözləri ilə harasa uzaqlara baxdığını gördü. Ayağa qalxıb ayaqlarını sürüyə-sürüyə bağ evinə dönəndə belə it ona tərəf baxmadı. Görünür itin gözündən bir rəqib kimi ömürlük düşmüşdü.

Qapıdan içəri keçib “İt ağzından çıxmış” şalvarını, parça-tikə olmuş ayaqqabılarını evin arxasındakı qumluqda basdırdı. Arvadı bağçada qızıl gülləri sulayırdı. Onu görən təki hirslənib: “Bu nə sir-sifətdi! Yekə kişisən, o boyda vəzifən var. Lümbələmlüt, palçıq içində hardan gəlirsən belə?”- cığırdı.

Arvadına cavab vermədi. Dinməzcə qızıl gül tağlarının arasındakı yaş torpaq üstünə oturdu. Arvadı çiləkli gül sulayan ilə gülləri suladığı kimi onu da suladı.

Güllərdən xoş ətir qoxusu gəlirdi.

Hər dəfə sulandıqca bir barmaq böyüklüyündə böyüyürdülər.

Əvvəlcə güllərdən sonra sudan qorxdu.

Qorxa-qorxa arvadının üzünə baxdı.

Arvadı qorxduğunu görüb: “Dur get əyninə paltar geyin. Soyuqlayarsan!” - dedi.

Evə keçdi. Yüngül yay köynəyini geyinəndə gözü pəncərədən görünən gömgöy dənizə sataşdı. Günəşli, gözəl bir yay günü idi. Sahildə xeyli adam vardı. Qayğısız, qorxusuz, arın-arxayın özləri üçün dincəlirdilər.

Arvadı otağa girib: “Dənizdə çimə bildin?” - soruşdu.

“Hə çimdim!” - dedi.

Arvadı: “Su necəydi?” - xəbər aldı.

“İstyidi” - dedi və hiss etdi ki, yenə mədəsi qıcqırır. Ürəyi əsir. Dizləri taqətdən düşür. Və hardansa içinin dərinliyindən başına doğru qalxan qorxu bədənini süst edib taqətdən salır.

Özünü toplayıb: “İstiydi! İstiydi. Sənə dedim axı su istiydi. Niyə hər dəfə məndən suyun necə olduğunu coruşursan? Nə istəyirsən axı məndən? Mənə niyə inanmırsan?”- deyə qışqırdı və qorxa-qorxa çevrilib arvadına baxdı.

Arvadı onu eşitmirdi. Pəncərədən dənizə baxırdı. Və onun da gözlərində yenicə cücərmiş qorxu vardı.

news-inner-user

18483 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Eldar Quliyev dəfn olunub - Foto
15:43 18 Aprel 2021
Müharibədən əvvəl fotoqraf işləmiş Milli Qəhrəman: Film kimi həyat və filmin özü
10:30 18 Aprel 2021
Sabir Əhmədli işğaldakı rayonuna necə qayıtdı?
16:32 17 Aprel 2021
Sirk ustaları bir araya gəldi
14:19 17 Aprel 2021
Şəhid polkovnikin təsirli piano ifası yayıldı - Video
13:28 17 Aprel 2021
Əsəbi gün - Humay Quliyevanın yazısı
12:30 17 Aprel 2021
Gözləri görməyən laçınlı şairin yurd gəzintisi
11:01 17 Aprel 2021
UNESCO Azərbaycan teatrının layihəsini qəbul etdi
10:29 17 Aprel 2021
Ağadadaşın kişi sözü – Elçindən yeni hekayə
09:00 17 Aprel 2021
“Nadir şah. Avşar dövləti” adlı kitab çap olunub
18:53 16 Aprel 2021
Prezident Eldar Quliyevin vəfatı ilə bağlı nekroloq imzalayıb
18:41 16 Aprel 2021
Qəmbər Hüseynlinin 105 illiyi qeyd olunub - Foto
18:17 16 Aprel 2021
Filmimiz Rotterdam Beynəlxalq Film Festivalında
17:29 16 Aprel 2021
Klinton ilk romanını nəşrə hazırlayır: "Terror dövləti" - Foto
16:37 16 Aprel 2021
Azərbaycanlı qadının fotosu Türkiyədə “İlin media fotosu” seçildi - Video
15:49 16 Aprel 2021
Təzəpirdə sinə vurdu, qızlarına görə Moskvada yaşamaqdan imtina etdi, atası onunla işləmək istəmədi – Tanımadığımız Eldar Quliyev
15:01 16 Aprel 2021
Yazıçıya vəzifə verildi
14:47 16 Aprel 2021
Qarabağda qırılan tut ağaclarına elegiya
14:31 16 Aprel 2021
Əməliyyatdan çıxan Zümrüd: “Xərçəng deyiləm” - Açıqlama
13:49 16 Aprel 2021
Həmid Herisçi Seymur Baycandan danışdı: “Təəssüf ki...”
13:02 16 Aprel 2021