Ömür tualet kağızı kimi uzanır hələ - Yeni İmza

<b>Ömür tualet kağızı kimi uzanır hələ - <span style="color:red;">Yeni İmza </b>
1 may 2018
# 15:30

Kulis.az "Yeni imza" layihəsindən Məhəmməd Tanhunun şeirlərini təqdim edir.

Fasilə

(Sərdar Amin üçün)

uşaqlar, şeirləridir tanrının,

cavanlar, hekayələri, qocalarsa, romanıdır.

insanı janr olmaq yorur,

məsələn, o yazılmaya da bilərdi..

adamlar da tanrıdan geri qalan deyil

lirik növdə sevirlərsə, epik növdə ayrılırlar

dramatik növdə unudurlar yer adamları

şairlər adamların ağrısında gəzinərlər

Bu söz dərziləri kağıza tikərlər kəlimələri

heca şeirlərindən köynək üçün cib, məsələn

Və bütün şairlər bilir ki,

insan bəzən itirdiyini axtaranda tapır unutduqlarını

qadınlar şairlərin tayı deyil

mürəkkəb qoxan barmaqdansa

ətir püskürdülmüş bədəndir

boya qoxan divardır

özündənqaçma cəhdləridir bunlar

yəni, özünə daha az oxşamaq

bax bu, ilahi ədalətsizlikdir

qadın, tanrının yazıb yarımçıq saxladığı

və bir daha qayıtmadığı şedevridir.

o yarımçıqlığa adamlar doluşur

həyatı yenidən təkrarlamaqçün

və yerdə qalan bütün digər canlılar

adını qoymadığım metaforam olsun

dünya, "özündən böyük mənasından" yox

mənasızlığından yaranıb.

İlbizvari

Qapananda ilbiz kimi içinə qapana insan

Yapışıb daşlara, elə daşa dönə ki, utandıra daşları

İnsan boyda yaşamağa yer kürəsi bəs etməz

İlbiz olub gedəsən çuxurda yaşlanmağa

Yaşamasan da insantək, ilbiz kimi yaşayasan.

"Şərq Ekspressi"ndə qətl

Dostum, ömür tualet kağızı kimi uzanır hələ

Qızılı günəşdən sonra nimdaş qaranlıq düşür gecəyə

Nəhayətsiz suların xətkeşi üfüq xətti qeybə çəkilir

Dan yerində Xəzər əsnəyir dalğa səsləriylə

Hər vaxt yarıyuxulu oyanır bu şəhər

Damda göyərçinlərə qəfəs düzəldir məktəbli

Qəfəs, quşlara vətəndirsə, azadlıqlar qürbətdir

Nə vaxtsa yazıb qaralamışdım:

Balıqçının bir damcı göz yaşı, bir ovuc torpaqdır

torda çırpınan balıqlara.

Evsizlik, sevgisizlikdən əzəldir həmişə

Hamı bir dəfə yaraladığından bilinməz qatilimiz

Ən vicdanlısı gözlərimizə baxıb tətiyi sıxandır

öləriksə, üzülməyə dəyməz

ölmək, bir addım həyatdan öndə olmaqdır

İnsan, hər şeylə barışan, deməkdir.

İnsana ölüm deyil, öldürən

Gedən deyil, aparan maraqlıdır

Qara saçlarına and olsun,

Günəşin işıq və istilikdən başqa

ümid funksiyası da var.

Ümid, bəzən darağın dolu olmasına arxayınlıqdır.

Yerin bətnində insan

insanın bətnində sevgi

sevginin bətnində tənhalıq mövhumatdır.

İnsan heç vaxt torpağa bağlılığını izah edə bilməyəcək.

# 1642 dəfə oxunub

Oxşar xəbərlər

Günahı başqalarında axtarmaq ehtiyacı...  - Mətanət Vahid

Günahı başqalarında axtarmaq ehtiyacı... - Mətanət Vahid

14:15 30 yanvar 2026
"Onun yaradıcılıq nümunələri sanki mətnin ortasında qurtarır..." - “Səksənincilər" layihəsindən Kamran İmranoğlunun essesi

"Onun yaradıcılıq nümunələri sanki mətnin ortasında qurtarır..." - “Səksənincilər" layihəsindən Kamran İmranoğlunun essesi

10:00 30 yanvar 2026
Uçuq ev, xatirəni danışacaq kimsənin olmaması, sandıq... - Nadir Yalçının hekayələri oxucuya necə təsir edir?

Uçuq ev, xatirəni danışacaq kimsənin olmaması, sandıq... - Nadir Yalçının hekayələri oxucuya necə təsir edir?

10:00 29 yanvar 2026
"Heç kim bizim qədər xoşbəxt ola bilməzdi" -  Virciniya Vulf  niyə intiharı seçmişdi?

"Heç kim bizim qədər xoşbəxt ola bilməzdi" - Virciniya Vulf niyə intiharı seçmişdi?

15:00 25 yanvar 2026
Cətin oxunan, eyni zamanda unudulmaz poeziyanın yaradıcısı - Boleslav Lesmian

Cətin oxunan, eyni zamanda unudulmaz poeziyanın yaradıcısı - Boleslav Lesmian

16:45 22 yanvar 2026
SSRİ-nin Cavid qorxusu - İblis əslində, kim idi?

SSRİ-nin Cavid qorxusu - İblis əslində, kim idi?

18:21 21 yanvar 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər