news-inner
clock09:00 calendar-gray 30 Aprel 2018 view-gray464 dəfə oxunub
view-gray464 dəfə oxunub

Qarabağ atlarının aşiqi olan finlandiyalı rəssamın EVİNDƏN REPORTAJ

Ayxan Ayvaz

İri at ayaqları, meşə və qızcığaz.

Bu, finlandiyalı rəssam Daçe Strausanın uşaqlıq kadrlarıdır.

Daçe deyir ki, mən özümü meşədə tək görürdüm. Görürdüm ki, iri at ayaqları var, saysız-hesabsız. Sonra kimsə əlimdən tutub dartır, məni ordan uzaqlaşdırır.

O uşaq bəlkə də bilmirdi ki, atlar heç vaxt uşaqları tapdalamaz...

Atlar çox həssasdır, gözləri insan gözlərinə bənzəyir.

Daçe sonradan bunların fərqinə varıb. Uşaqlığını əhatə eləyən atlar onu daha qorxutmayıb. Sevgi yaranıb onun içində.

“Atların mənim üçün niyə bu qədər vacib olduğu barədə düşünməmişəm. Xatırlaya biləcəyim qədəri ilə bu həmişə belə olub”.

Biz Cıdır Meydanında xanım Daçe ilə görüşdük. Yanında Qarabağ atı vardı, adı “Bəbir”.

Mən “Babir” deyirəm, Daçe səhvimi düzəldir: “Bəbir”.

Adını öyrənirəm Daçenin. Öz-özümə deyirəm ki, Daçe bizim dayça sözünə necə də oxşayır. Gülümsəyirəm.

- “Bəbir” sizin atınızdı?

- Öz şəxsi atımdı.

- Qadınların at sevgisi çox güclü olur.

- Məncə, kişilərdə də güclüdür. Onlar müharibədə də atlardan istifadə ediblər. – gülür.

- Doğrudur, ancaq qadınların içində at sevgisi daha güclüdür. Sizin də eləcə.

- Atları bütün hisslərimlə sevirəm – onların isti, hamar dərisinə, ipək kimi yumşaq yalına toxunmaq, dərisinin altındakı əzələlərin gücünü hiss etmək mənə zövq verir.

Külək “Bəbir”in tüklərini yalayıb keçir...

- Nə vaxtdır Bakıdasız?

- 2 ildir.

Daçe danışır ki, yoldaşının işi ilə əlaqədar Bakıya gəliblər. Bu müddətdə Daçe nəsə eləmək istəyib. Və qərara gəlib ki, Qarabağ atlarını rəsmə alsın. Əslində bu qərara bir il əvvəl gəlibmiş. Sadəcə sərgi üçün nəzərdə tutulan yer təmirdə olduğu üçün rəsmləri sərgiləyə bilməyib.

- Nəyi xoşunuza gəlir Qarabağ atlarının?

- İşıqlıdır onların rəngləri. Parıltılı.

Əslən Latviyalıdır Daçe. Uşaqlığı orda keçib. Daha sonra Moskva Timiryazev Kənd Təsərrüfatı Akademiyasında atçılıq üzrə təhsil alıb.

- Zoomühəndisəm mən.

Akademiyada rəsmləri və müvafiq yazılar da daxil olmaqla geniş bir incəsənət kolleksiyası olan bir atçılıq muzeyi var. Daçe muzeyə tez-tez ziyarət etməyi sevirmiş. Atların anatomiyası, davranışı barədə dərin araşdırmalar və heyvandarlıq işləri ona bu gözəl canlıların foto və rəsmlərini çəkməkdə çox kömək olub.

Və Qarabağ atları ən çox bəyəndiyi atlar kimi yaddaşına həkk olunub.

- Əvvəl bu atlar haqqında oxudum, sonra Qarabağ müharibəsindən xəbər tutdum.

Atların öz Vətənlərinin olmaması onda qüssə doğurub. Yanındakı at da qüssəli görünür, gözləri dolub sanki. Daçe onu sığallayır, əzizləyir. At həm də utanır elə bil. Bizi görüb kənara çəkilir.

- Müharibə yaxşı deyil. Ümid edirəm, bu məsələ həll yolunu tapar.

Yolumuz Daçenin qaldığı evədir. O evdə Qarabağ atlarının rəsmləri var.

Bir də Daçe “qurbasar” deyir, elə bilirəm, ingiliscə nəsə sözdür. Dəqiqləşdirmək üçün soruşuram:

- Qurdbasar?

- Hə, Qurdbasar. Dog... – deyir gülümsəyərək.

Qurdbasar adlı itin də rəsmini çəkib Daçe.

Evini Qarabağ atları “işğal edib”. Hər yanda rəsmlər. Parıltılı, işıqlı atlar boylanır rəsmlərdən.

- 28 rəsm əsəridir. – deyir Daçe.

Sonra gülümsəyib əlavə edir:

- 29.

Sonuncu iş tamamlanmayıb. Atın boynunu ağ boyayla boyayır Daçe.

Daçe atlarla nəfəs alır. Özəl bir şirkəti var Finlandiyada. Sifarişlə rəsmlər çəkir. Deyir, şirkət deyirəm, amma ancaq özüm işləyirəm. Hər sözünün arxasına da mütləq təbəssüm qoşur.

Əlini ölçə-ölçə danışır:

“Nəfəslərinin, dərilərinin qoxusunu almaq, onların möhtəşəm gözəlliyi, incəliyi, göz oxşayan hərəkətləri. Qaçan atın dırnaqlarının səsi və ya onun otlamasının sakitləşdirici səsi, tam sürətlə at çaparkən küləyi hiss etmək. Bütün foto və rəsmlərimdə bu anları tutmağa çalışıram”.

Əri ilə də Latviyada tanış olublar. Fin kişi onu aparıb Finlandiyaya. Atlar isə həmişə Daçenin ən sevdiyi məşğuliyyət olub.

Atların fotosunu çəkmək, onlara toxunmaq Daçeni xoşbəxt eləyir.

Bu yerdə yoldaşı gəlir, yorğun olduğunu deyib bizi tək buraxır.

- O da zoomühəndisdi?

Daçe gülür:

- O mühəndisdi. Eləcə mühəndis. Əsl mühəndis.

Daçe, Latviya Dövlət Rəssamlıq Akademiyasında akademik kurslar üzrə təhsil alıb. Deyir, bir işi peşəkarlıqla yerinə yetirmək üçün gərək elə bir həddə çatasan ki, insanlar bunu özləri təkbaşına edə bilməyəcəklərini anlayıb buna görə pul ödəməyə hazır olsun.

Atlarla at dilində danışır Daçe. Hər rəsmdə başqa cür göstərib Qarabağ atlarını. Müharibənin, əzabın, köçkünlüyün də minasını basdırıb o rəsmlərə. İşıqlı, parıltılı atların arxasında dayanan qüssəni göstərməyə çalışıb.

29 rəsm əsəri olsa da, Daçe hələ çəkəcəyini deyir:

- Ola bilər çəkdim. Bilmək olmaz məni. – gülümsəyir.

- Niyə Qarabağ atları? Məqsəd nədir bunları çəkməkdə?

- Qarabağ atlarının sayı tükənmək üzrədir. Mən bu rəsmləri çəkməklə diqqəti bu məsələyə yönəltmişəm.

- Fərqi nədir Qarabağ atları ilə digər atların?

- Bu atlar digərlərindən gözəldir.

- Qadın bədənini xatırladır...

- Doğrudur. Gözəl olduğu üçün elədir. – Daçe gülümsəyir.

- Bizdə ağ atlı oğlan söhbəti var. Eşitmisiniz?

- Yox. Nədir ki?

- Qızlar ağ atlı oğlan arzusundadırlar. Bir gün onları gəlib götürəcək və xoşbəxtliyə aparacaq.

Daçe yerindən durur qəfil.

- Bax... - çəkdiyi ağ atları göstərir. – Dilbazdı bunlar.

- Dilbaz?

- Bəli...

Ağ at xoşbəxtliyin rəsmi kimi gəldi mənə. Görəsən, Daçe bu rəsmlərdə xoşbəxtliyi axtarıbmı? Bəlkə də o bu qəmli Qarabağ atlarında xoşbəxtliyin işartısını tapıb.

Sərgisi olacaq bu at rəsmlərinin. Bu xoşbəxtlik işartısını çox adam görəcək. Hətta satın almaq da mümkün olacaq.

- Rəsmlər neçəyədir?

- Sərgidə öyrənərsiniz.

Gülümsəyir. Sirli bir təbəssüm qonur üzünə...

Hələ sərginin dəqiq vaxtı bilinmir. Amma mayın axırlarında baş tutması ehtimalı var. Daçe çox həvəslidir. Durmadan çalışır. Sosial şəbəkə üzərindən də reklam edir. Burda Mələk Alquliyeva adında bir xanım menecerlik edir ona, Daçeyə qol-qanad verir.

Onun sevimli rəsm texnikası müxtəlif növ materiallardan istifadəyə əsaslanan yağlı boya işidir. Rəsmin səthi demək olar ki, həmişə yağ rəngindədir. Daha dərin təbəqələr isə akril rənglərindədir, bəzən də ot və ya qum kimi təbii materiallardan ibarətdir.

Bizə çəkdiyi Qarabağ atlarının fotolarını da göstərir. O fotoları çəkmək üçün Azərbaycanın bir neçə rayonunda olub. Fotolardakı işıqlı atlar nağıl kimi gəlir mənə...

Daçenin sonuncu sözləri qulağımda musiqi kimi səslənir:

“Mən rəsmləri görən insanların hansı mesajı aldığını bilmirəm. Bəlkə hər kəs fərqli bir şey görür. Biz insanlar və heyvanlar bu təbiətin bir parçasıyıq. İnsanlar bəzən özlərini ən üstün hesab edir. Bu hədsiz dərəcədə təkəbbürlü bir düşüncədir. Heç bir heyvan bəşəriyyətin etdiyi qədər axmaq əməllər etməmişdir. Xatırlatmaq istərdim ki, atlar sadəcə idman və ya hər hansı bir avadanlıq deyil. Onlar canlı və çox ağıllı məxluqdurlar”.

news-inner-user
Ayxan Ayvaz

524 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Qonşuda bir gözəl vardı... - Ramiz Əzizbəylinin şeirləri
11:01 13 İyun 2021
Azad Qaradərəlinin yeni kitabı çap olundu
18:30 12 İyun 2021
Məşhur aktrisalar eyni filmdə
17:23 12 İyun 2021
Filmi qorxudan başqa ölkədə çəkdilər: Ölüm fətvası verilən yazıçının romanı necə ekranlaşdı?
16:30 12 İyun 2021
Bu roman yazılmalı deyildi – Seymur öz romanından yazır...
15:40 12 İyun 2021
Aleksandr Sokurov yeni filmindən danışdı
14:20 12 İyun 2021
Ramil Əhmədin Orxan Pamukla bağlı kitabı çap olundu
12:55 12 İyun 2021
İsa Hüseynovun qızı: “Uşaqları olmadığı üçün anamı ondan boşatdırmaq istəyirmişlər” - Müsahibə
12:30 12 İyun 2021
Məşhur filmin ikinci adı bəlli oldu
11:39 12 İyun 2021
Respublika Gənclər Kitabxanası Belinskiyə həsr olunmuş silsilə materiallar hazırlayıb
10:12 12 İyun 2021
“Almanı atdım xarala” mahnısındakı gizli məna nədir? – Unudulmaz mahnılar
09:03 12 İyun 2021
Kamal Abdullaya "Şərəf" ordeni təqdim edildi
18:42 11 İyun 2021
Nizami haqda yeni monoqrafiya - Rus dilində
18:01 11 İyun 2021
Atası anasını öldürməsin deyə, evdəki bıçaqları gizləyən qızcığaz
17:25 11 İyun 2021
Vaqif Səmədoğlu medalı sahiblərinə təqdim edildi
16:44 11 İyun 2021
Mikayıl Müşfiqə aid olduğu bildirilən qalıqlarla bağlı araşdırmaya fasilə verildi
16:02 11 İyun 2021
Xəyanət etməyən azərbaycanlı kişilərin problemi
15:14 11 İyun 2021
Rejissorumuz beynəlxalq mükafat aldı
14:36 11 İyun 2021
Atamı öldürən səbəb - Alpay Azər yazır
13:45 11 İyun 2021
Bu gün Kulisdə premyeradır – Qaçırmayın!
13:01 11 İyun 2021