Öpdüm sənin saçlarından, belindən... – Orxan Bahadırsoydan Yeni Şeirlər

Öpdüm sənin saçlarından, belindən... – <span style="color:red;">Orxan Bahadırsoydan Yeni Şeirlər
24 aprel 2018
# 11:51

Kulis.az gənc yazar Orxan Bahadırsoyun yeni şeirlərini təqdim edir.

Uşaqlar, ay uşaqlar

Özümdən tuta-tuta özümə dırmaşıram,
gah dizimdən aşıram, gah sinəmdən aşıram!
İçimdən qışqırıram, çölümdən danışıram:
uzaqlar, ay uzaqlar!

Qulağıma səs gəlir, nə kabusdu, nə yuxu!
Dizlərimi titrədir həsrətimin soyuğu!
Hər yanım yoxluğundu, qollarım bu yoxluğu,
qucaqlar, ay qucaqlar!

Dərə-təpə ömürdü, gah kədərdi, gah sevinc!
Azmışam öz içimdə, vallah, qalmışam girinc!
Söykənib divar-divar, gəzirəm o künc-bu künc,
bucaqlar, ay bucaqlar!

Nəfəsimə sədd çəkən boğazımda düyündü!
Ürək səsi deyil ki, sinəmdəki döyüntü!
Getdin, tappıltıları köksümdə ritmə döndü,
ayaqlar, ay ayaqlar!

Bir ölümdü varlığım xırıltısı qəhərdən...
sənə gələ bilmirəm, düşmüşəm, e, təhərdən!
İndi özüm özümə pıçıldayıram hərdən:
yazıqlar, ay yazıqlar!

Ağlamaqla başlayan ömür gülməz, mən ölüm!
Bir astaca şillədən başlamışdı bu zülüm!
Bu dünyaya gələndə qəhqəhə çəkib gülün,
uşaqlar, ay uşaqlar!

Saçımın qanı

Oyandım bir axşamçağı,
evimi yarıboş gördüm.
Divarımda qan ləkəsi,
pəncərəmdə yağış gördüm.

Pəncərədən baxdım çölə,
gördüm yoxdur bir səs-səmir.
Salam verdim bir kişiyə,
gördüm ki, almaq istəmir.

Qəfil gördüm sönüb sobam,
üşüyür evim, eşiyim.
Niyə hürmür qara itim?
Gözə dəymir boz pişiyim!?

Divardakı bu qan nədir?
Mənim ki, axmayıb qanım!
Hardadır şəffaf çətirim?
Niyə sınıb çay fincanım?

Mən də elə yüngüləm ki,
lap balaca bir şar kimi.
İndicə bu pəncərədən
uçacağam quşlar kimi.

Axı bu evdə nə olub?
Kim nə edib ki, İlahi?
Bir də gördüm mənim məndən
çıxıb gedib ki, İlahi!

Bürünüb yun jaketimə,
taybatay açıb qapımı.
Alıb şəffaf çətirimi,
geyinib ayaqqabımı.

Çıxıb dumanlı başımdan,
qaçıb gedib məndən canım.
Yastıqda üç-beş tük qalıb,
divarda saçımın qanı.

Gizlicə qaçıb getmişəm,
beləcə qaçıb getmişəm.
Mən bir yana, bu taledən
bəs necə qaçıb getmişəm?

Sevgilin

Çəkinirəm, utanıram yaşımdan-başımdan!
Düşdü səfil yaşayışa, güzara sevgilin.
Çəkilməzdi əllər mənim saçımdan, başımdan.
İndi həsrət qalıb bircə tumara sevgilin.

Günlər ötür, ömür gedir əlimdən, əzizim!
Öpdüm sənin saçlarından, belindən, əzizim!
Söylə daha gözəl nə var ölümdən, əzizim?
Addım-addım yaxınlaşır məzara sevgilin.

Tikan kimi batmışam öz canıma, təəssüf!
Bələnmişəm, bulanmışam qanıma, təəssüf!
Dizin-dizin gələcəkdim yanına, təəssüf!
Yoluxdu bir ağır dərdə, azara sevgilin!

Deyirlər ki, yaşayarmış qəbirdə ölənlər!
Bizi agah etmədilər bu sirdən ölənlər!
Ha gözlədik, gəlmədilər o yerdən ölənlər!
Sən bilirsən, o yerdən də qaçar, a, sevgilin!

Şirin-şirin, xəfif-xəfif gülümsə, ağlama!
Əl-ayağım parçalara bölünsə, ağlama!
Bir taleyin səadəti ölümsə, ağlama!
Sevin daha xoşbəxt olar avara sevgilin.

Sükut

Gecə çıxıb küçələrdə dolandım,
çuxurlarda leysan suyu köpürdü.
Bir səkidə izin vardı, onu da,
sarı donlu süpürgəçi süpürdü.

Sərxoş adam danlayırdı keçmişi,
sonsuzluğun şəklin çəkdi yerişi.
Ayaqları dizdən kəsik bir kişi
öz protez ayağından öpürdü.

Dəstə dolu qarşıda yol kənarı,
döyüşürdü əlləri, ayaqları.
Bu davaya baxa-baxa bir qarı,
önündəki quşlara dən səpirdi.

Bir qadına sığınmışdı balası,
oyuncaqmı istədi sözarası?!
Körpəsinə tərs-tərs baxan anası,
əlin sıxıb pıçıltıyla təpindi.

Yol itirib bu şəhərdə azırdım,
səndən küsüb, sənə şeir yazırdım.
Mən ağrımdan çığırmağa hazırdım,
külək tozla üz-gözümə tüpürdü.

Sevinsin o ölüm ki...

Elə bilmə yox olur parçalanan adamlar,
mən bölünə-bölünə çoxalıram, əzizim!
Bir hüceyrə kimiyəm, bölünüb milyon yerə,
ayrı-ayrı vücudda yığılıram, əzizim!

Daş olsa od tutardı, mənəm yaşayan hələ,
əllərimi qoynuma qısıb gözləməkdəyəm.
Mən də ki bu səbr var, məəttəldi tanrı da,
qışqırıb gözləməkdə, susub gözləməkdəyəm.

Mən gülməyi yadımdan çıxarmamaqdan ötrü,
özümü qıdıqlayıb gülürəm, e, bilirsən?
Bir söz deyim, sakit ol, təlaşlanma, sən canın,
heyif, yaxşı adamdım, ölürəm, e, bilirsən?

Əlindən düşdüm yerə, gözündən düşdüm yerə,
düşüb sındım, başıma zülümdü də bu gələn!
Gözləyişim, birdənəm, əbəs deyil, görürsən?
İndi döyülür qapım, ölümdü də bu gələn!

Gəlib, ədəb içində, boynunu büküb gəlib,
gəlib məni aparsın naməlum o dünyaya.
Deyirlər ki, o dünya milyon ildi boş qalıb,
indi elçi göndərib ki, dolum o dünyaya.

Üzülmə, üzülmürəm, məni çoxalım deyə,
bağına-bağçasına əkər o dünya varsa.
Sevinsin o ölüm ki, mənim hüzurumdadır,
sevinsin o dünya da, əgər o dünya varsa!?

Yağışa

Yağış yağır, təzə evə köçmüşəm.
Sənə, mənə sağlıq deyib,
içmişəm!

Göydən gələn damcı deyil, mərmidi!
Ömrüm boyu belə yağış
görmədim!

Sən necəsən? Necə keçir yoxluğum?
İstədim, e, bu gün səni
yoluxum...

Sonra baxıb gördüm çöldə yağışdı.
Sən də yaddan çıxdın, başım
qarışdı.

Belə də ki, dərd eləmə, həyatdı.
Bir də gördün əyri tutub,
düz atdı!

Yastıqları sıxa-sıxa bağrına,
darıxanda bir film izlə,
ağrıma!

Mən min ildi “öldüm” dedim, ölmədim.
Ha bəxtimi qıdıqladım,
gülmədi!

Sən də qorxma, adam ölmür ağrıdan!
Uzaqbaşı küsəcəksən
Tanrıdan!

Pinəçi

Sənə elə gəlir ki, yaşandı, bitdi, getdi?
Nə sən, nə mən, nə biz var?!
Hər üçü itdi, getdi?
Arada bir vaxt elə, yolux bir axşam bizi.
Gör necə yaratmışam, necə qurmuşam bizi!?
Səni xatirələrdən almışam ilmə-ilmə.
Toxumuşam libası nimdaş gələcəyimə.
Səhərlər gün işığım, dağınıq çarpayımsan.
Saatımın zəngisən...
mürgüm, qəhvəm, çayımsan.
Gecələr sığındığım yorğanım, döşəyimsən.
Damım, qapım, pəncərəm, evimsən, eşiyimsən.
Soyuqda od-ocağım, istidə kölgəm mənim.
Qütbüm, qitəm, cəhətim, şəhərim, ölkəm mənim.
Sən gündəlik dəftərim, stolüstü kitabım...
sənsən hər şeyə səbrim, sənsən hər şeyə tabım.
Sən həm asudə vaxtım, həm də işim-gücümsən.
Həm xəyalım, həm də ki, bir xatirə köçümsən.
Gör necə qovuşmuşuq?!
Gör nə bəxtəvərik biz?!
Lap Allah da istəsə, belə birləşmərik biz!
Sənə elə gəlir ki, arada ayrılıq var?
Hicran dediyin nədir?
- Cismani ayrılıqlar!
Səni dünəndən alıb yamayıram sabaha...
atdım hicranın daşın pinəçiyəm mən daha.

Dodaq çayı

Gəl, sənə çay dəmləyim
pürrəngi dodağımdan.
Dəmi sərxoşluğumdan,
şəkəri barmağımdan.

Doğrayıb saçlarımı
yollarına səpim, gəl!
Səni mənə gətirən
ayağından öpüm, gəl!

Bu yoxsul ciyərimə
azacıq nəfəs gətir.
Qəzəbimə təsəlli,
sükutuma səs gətir.

Qar-yağış xəbər verir,
efirdəki bədxəbər.
Səni, məni düşünmür?
Niyə susmur bu ləçər?

Sən onun acığına,
qardı, yağışdı, baxma!
Paltolara bürün gəl,
payızdı, qışdı, baxma!

Gəl, divarlar dağıdır
səslənişim, harayım.
Gəl, çürüdü barmağım,
soyudu dodaq çayım.

Mənəm də

Bu nə işdir düşmüşəm,
bilinmir günüm, gecəm.
Çıx, səsimə haray ver,
yoxsa, vallah, öləcəm!

Nə davaya gəlmişəm,
nə də barışmaq üçün.
Bir dərdim var, ay adam,
gəldim danışmaq üçün.

Yoxluğundan çəkdiyim
əzabları unutdum.
Yarama pambıq basıb,
ağrıma pərdə tutdum.

Çox da ciddiyə alma
bu zarıyan bayquşu.
Səninçün nə çəkmişəm
hamısı halal xoşun!

Eşidirsənmi məni?
Aç qapını, işim var!
Bu neçə ildə səndən
tək bircə xahişim var.

Sənə qoşulub qaçan
yuxumu aparmağa,
bu boyda yol gəlmişəm
hər küncə baxa-baxa.

Axır ki tapdım səni
bu xaraba şəhərdə!
Aç qapını, ay adam,
tanımadın?
Mənəm də!

Daha dözə bilmirəm
mən bu yuxusuzluğa!
Ver aparım yuxumu,
əlacdır yalnızlığa!

Məni hansı quş daşıyar

Elə bir dağ idi çökdü, çevrilib gördüm, əcəb,
indi bir səhradı hər yan, qırılıb düşür budağım.
Mən də bu səhra içində dəvəsi ölmüş ərəb,
əşi, su yoxsa, cəhənnəm, sənə çat-çat dodağım.

Usanıb qaçan ruhumu tuturam atıb sinəmə,
mənəm, e, dərdi başından aşan o səfil sevgilin.
Oyanan deyil bu ağrı, min ildi yatıb sinəmə,
gələsən, susuz canıma yağasan qəfil, sevgilim!

Tükənib bütün sevgilər, bitib o arzum-ümidim,
özümə hər gün sualım "necəsən", "nə var, nə yox"du.
İndi ən şirin yuxumdu mənə bir yozum ümidim,
baxıram şirinliyi də kəm olur, nə var, nə yoxdu!

Tökülür pəncərələrdən quşların dimdiyi dən-dən.
arabir boz dırnaqları şüşəni döyər, qaşıyar.
O yazılmayıb bükülmüş, əzilən məktub mənəm, mən,
gedib, e, göyərçinlərim, məni hansı quş daşıyar?

Eşitdinmi, sevgili?

Bir cüt ayaq tapıblar Xəzərin sahilində.
Boyu lap bəstə ayaq,
bir az da xəstə ayaq.
Dua da oxuyurmuş dənizlərin dilində.
Eşidənlər bilməyib, nə deyirmiş, görəsən,
bu son nəfəsdə ayaq?
Haray düşüb polisə, yiyəsini gəzirlər,
qəsəbə, küçə, dalan.
Nə sənəd var, nə iz var.
İki çılpaq ayaqdı sahildə olan-qalan.

Bir cüt əl də tapılıb sahildən uzaq olan
bir evin təpəsində.
Asılıb paltar kimi, o paltar zivəsindən.
Barmaqları əzilib,
dirsəyindən kəsilib.
Dırnağı qopub qalıb,
üstü toz hopub qalıb.
Haray düşüb polisə, yiyəsini gəzirlər,
qəsəbə, küçə, dalan.
Nə sənəd var, nə iz var.
İki toz tutmuş əldi zivədə olan-qalan.

Bir cüt göz də tapıblar iki yol ayrıcında.
Yolun dörd tərəfinə
bərəlmişcə baxırmış sol səkinin ucunda.
Ağı qan damar-damar, qarası tor bağlayıb.
Uzun kirpiklərini qırpa-qırpa ağlayıb.
Haray düşüb polisə, yiyəsini gəzirlər,
qəsəbə, küçə, dalan.
Nə sənəd var, nə iz var.
İki qan daman gözdü, səkidə olan-qalan.

Eşitdinmi, sevgili?
Xəbər çatdı sənə də?
Bir cüt ayaq axtarır izlərini hələ də.
Bir cüt əl yoxluğunu paltar ipindən asıb.
Bir cüt göz soraqlayır yolunu yazıq-yazıq.
O göz mənim gözümdü,
baxır ümidlərimin sənə baxdığı yerdən.
O əl mənim əlimdi,
asılıb köynəyinin yoxa çıxdığı yerdən.
O ayaq da mənimdi
gəzir sənli günlərin sənsiz axdığı yerdə.

# 3371 dəfə oxunub

Oxşar xəbərlər

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
Seymur Baycanın qulağından uzaq

Seymur Baycanın qulağından uzaq

15:00 9 aprel 2024
# # #