Ömür hər gün bir ağrılı daş olur - Səfa Rəşidin şeirləri

Ömür hər gün bir ağrılı daş olur - Səfa Rəşidin şeirləri
9 aprel 2018
# 16:19

Kulis.az Səfa Rəşidin şeirlərini təqdim edir.

Eh, səni də unuduram deyəsən...

Unutqandı bu didərgin yaddaşım

Bir şam kimi əritdiyim bu ürək

Bir gecəyə nədən belə yadlaşıb..?!

Vücuduma bir şaxtalı qış geyib

Sırsıra tək budaq-budaq donmuşam

Əllərimə günəş qədər toxunma

Sənlik deyil... bu ömürdən doymuşam

Yaz qaranlıq dəftərinə payızı

Həsrətimi bir ömürlük karıxdır

Daha mənim o sonuncu ümidim

Boylandığın pəncərədə darıxmır...

***

Ürəyin sevə, doymaya

gözüm görə, darıxdım

Bu gün yenə sənə görə,

sənə görə darıxdım

Qanım üzümdən itəndən

alnım divar kimidi

gecələr də diş ağardır,

boz canavar kimidi

Yuyub sərərdim həsrəti

Yolların ayağına

ta sevmək də bəs eləmir

bu gecə qonağına

Buluddan uca tutaram

adın keçən illəri

Bir az da döz, unutdurum

qadın, keçən illəri

***

Payız vaxtı yağmağımı görmədin

Buludlarda aza-aza qalmışam,

Yenə mənəm, - bu əlləri qırılmış,

Sənə məktub yaza-yaza qalmışam.

Ötən ilin xatirəsi min tikə

Sürün-sürün süründürür otaqda

Gecə düşür, qısılıram səbrimə

Qələmimsə diyirlənir varaqda

Ömür hər gün bir ağrılı daş olur

Hey yığılır getdiyim o yollara

Bu bəxt ki, var ayılmayan bir yuxu

Oyatmadın qəbirlərə yollanar...

****

Dodağına gülüş qonar güzgüdə

Saçlarında sığal çəkər darağın

Çiçək açar şeir yazan əllərim

Üzü gülər, üzü gülər varağın

Sarı payız bitdi yenə amansız

Yenə soldu, çör-çöp qaldı budaqlar

Səni varaq-varaq öpüb qoxladım

İsinmədi, isinmədi dodaqlar

Heç bilmirəm nələr sıxır qəlbimi

Tənhalığım sükut edir yağışda

Səni mənə gətirmədi illərim

Gətirmədi, gətirmədi bağışla

***

Əllərim Tanrının eşq süfrəsində

Diləndim bir eşqin sədəqəsinə

İndi hər ağrımın şəklini çəkib

Gedib tullamıram poçt qutusuna.

Bu ömrün bəs niyə iki üzü var..?

Bəxtimmi bir nimdaş üzünə düşdü

Bir kölgə izləyir gedən yolumu

Bir qərib yolçunun izinə düşdü

Gecələr pəncərəm önundə kölgə

Duyarsan, masana hər gün iz düşər

Qoy sənin kölgənə sığınım, Allah

Kölgələr ömrümə yaman pis düşər.

# 2122 dəfə oxunub

Oxşar xəbərlər

"Bizim xalq kimlərə  çəpik çalmayıb ki?!" - Heydər Əliyev Muxtar Şahanova nə demişdi?

"Bizim xalq kimlərə çəpik çalmayıb ki?!" - Heydər Əliyev Muxtar Şahanova nə demişdi?

12:00 25 aprel 2026
"Qədim Tiflisin ədəbi boheması" - Gürcü şair Azərbaycan irsi barədə nə yazmışdı?

"Qədim Tiflisin ədəbi boheması" - Gürcü şair Azərbaycan irsi barədə nə yazmışdı?

17:48 24 aprel 2026
Macəra ədəbiyyatının mahir ustası - O, ilk dəfə hansı mövzunu işləmişdi?

Macəra ədəbiyyatının mahir ustası - O, ilk dəfə hansı mövzunu işləmişdi?

14:20 24 aprel 2026
"Böyüyün əzəməti balacaları əzmədən yaşamağındadır..." -  "Müasir Homer" adlandırılan yazıçı

"Böyüyün əzəməti balacaları əzmədən yaşamağındadır..." - "Müasir Homer" adlandırılan yazıçı

13:30 24 aprel 2026
"Həmid Herisçi – Bir nəslin ümidi və qorxaq müəllimi" - Rəvan Cavid

"Həmid Herisçi – Bir nəslin ümidi və qorxaq müəllimi" - Rəvan Cavid

12:00 24 aprel 2026
"İslandiyanın təhkiyə ənənəsini dirçəldən yazıçı..."- O, Nobel nitqində nə demişdi?

"İslandiyanın təhkiyə ənənəsini dirçəldən yazıçı..."- O, Nobel nitqində nə demişdi?

13:00 23 aprel 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər