news-inner
clock16:27 calendar-gray 07 Aprel 2018 view-gray250 dəfə oxunub
view-gray250 dəfə oxunub

Sovet dövründə “gizlədilən” Səttar Bəhlulzadə tablosu

Kulis.az Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, “Sənətşünaslığın təbliği” ictimai birliyinin sədri Ziyadxan Əliyevin “Novruzlu “Azərbaycan nağılı” adlı yazısını təqdim edir.

Xalqımızın lap qədimlərdən ən əziz bayramlarından sayılan Novruzun dini damğa vurularaq “qadağalı günlər” siyahısına salındığı kommunist rejimi dövründə bədiiləşdirilməsi, o cümlədən bayramın çoxsaylı adət-ənənələrinin, atributlarının təsviri sənətdə əksini tapması adi yaradıcılıq məsələsi deyildi. Sovet dönəmində Novruz ənənələrinə müraciətə ilk imza atan da dahi fırça ustası Əzim Əzimzadə (1880-1943) olmuşdu. Hələ otuzuncu illərdə milli təsviri sənətimizin lideri olan rəssam dolayısı qadağalara baxmayaraq bir-neçə əsərini Novruz bayramına həsr etmişdi. Onlardan biri “Kos-kosa”(1930), digərləri isə “Od çərşənbəsi” (1937) və “Kəndirbaz” (1935 və 1938) əsərləri idi. Sonradan yaranacaq zəngin bədii “Novruz ensiklopediyası”nın ilk səhifələrini təşkil edən bu çox koloritli əsərlər bu gün mahiyyətinə görə həm də duyulası tarixi əhəmiyyət daşımaqdadırlar, desək, həqiqəti söyləmiş olarıq.

Əzim Əzimzadənin yoxluğundan xeyli sonra Novruz mövzusunu bədiiləşdirən ilk rəssam Səttar Bəhlulzadə (1909-1974) olmuşdur. O, altmışıncı illərin lap əvvəllərində (50x70sm) “Xonça” əsərini yaradır. Hazırda Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasında saxlanılan və o qədər də böyük ölçüyə malik olmayan rəngkarlıq nümunəsinin zamanında yerli rəsmilər üçün də maraqlı görünməsi onun respublikanın baş sənət məbədi üçün alınmasını şərtləndirmişdi.

Əlavə edək ki, 1962-ci ildə “Xonça” əsəri yaradılıb ictimailəşəndə hələ uzun illər ərzində Novruz bayramı üzərindən asılı qalmış qadağalı “Domokl qılıncı” götürülməmişdi. Bu yerdə deyək ki, əsərin muzeyin fonduna daxil edilməsinə baxmayaraq sovet dönəmində onun ekspozisiyada yer almasına icazə verməmişdilər. Sanki əsəri də müəllifdən onu başqalarından gizlətmək üçün almışdılar. Əvvəlcə bu “ideoloji oyunu”nun alt qatına varmaq istəməyən rəssam, az sonra məsələnin əsl mahiyyətini duymağa imkan tapmışdı. Bu da onu bu yoldan çəkindirmək əvəzinə, yeni və daha böyük formatlı əsərlər yaratmağa həvəsləndirmişdi. Elə 1967-ci il hadisələrinin də bu işdə təsiri az olmamışdı. Görkəmli fırça ustasının “Xonça”dan yeddi il sonra – 1969-cu ildə yaratdığı “Xalqımın baharı” tablosu da bunun ifadəsi oldu.

İriölçülü (220x160sm) bu şaquli kompozisiyada rəssam yurdumuza yazın gəlişini Novruz atributları ilə əlaqəli təqdim etmişdi. Əsərin mənzərə janrı üçün səciyyəvi olan ölçüləri aşmasının kökündə sanki onun içində gəzdirdiyi “Novruz yanğısı”nı daha möhtəşəm ifadə etmək istəyi dururdu. Bu süjetli mənzərə sənətsevərlər tərəfindən bütün mənalara müsbət qarşılansa da, Səttar Bəhlulzadənin özü bu mövzunu davam etdirmək istəyində idi. Beləcə, elə bir il sonra o, Novruz ünvanlı daha möhtəşəm “Azərbaycan nağılı” adlı tablosunu yaradır.

Bu mürəkkəb kompozisiyanı yurdumuza baharın gəlişi və bunu ifadə edən motivlər və çoxsaylı atributlar təşkil edir. Özündə müxtəlif janrların özünəməxsus estetikasını ehtiva edən bu monumental əsərdə bayram xonçaları, baharın müjdəçisi olan qaranquşlar və çiçəklənən ağaclar, sevinc ovqatına bələnmiş insanlar və digər milli atributlarla vəhdət təşkil edərək mənəvi dəyərlərimizin qədim və zəngin ənənələrə malik olduğunu sərgiləyir.

Əlavə edək ki, “Azərbaycan nağılı” həm kompozisiya tutumuna, həm də ölçüsünə və bədii həllinə görə çox yeni və cəlbedici idi. Belə ki, burada Azərbaycan rəssamlığında ilk dəfə üç janr bir araya gətirilmişdi. Süjetli tablo, mənzərə və natürmort janrlarını uğurla birləşdirən rəssam kompozisiyanın kifayət qədər təsirliliyinə nail olmuşdu. Doğrudan da zirvəsi qarlı dağların ətəyində təsvir olunmuş başı xonçalı qız-gəlinlərin, budaqları qaranquşlu gül açmış ağacların və ön planda təsvir olunmuş bayram xonçasının vəhdətini özündə əks etdirən iri tabloda Novruzun nikbin və ovqatyaradıcı ruhunu duymaq mümkün idi. Onun mavi, zümrüdü, çəhrayı və bəyaz rənglərlə ifadə etdiyi xoş əhval-ruhiyyə də cəlbedici və yaddaqalandır. Otuz dörd illik yaradıcılığında zaman-zaman dəst-xəttini yeniləşdirən Səttar Bəhlulzadə bu tabloda mavi-zümrüdü yaxı ekspressiyasını əsərin ümumi tutumunu lirik-romantik ruha bələnməsinə yönəltməklə, kifayət qədə gözoxşayan bir lövhənin yaranmasını şərtləndirmişdir...

Səttar Bəhlulzadə sonrakı illərdə də bu mövzuya marağını azaltmamış və bir-birindən maraqlı əsərlər yaratmışdı. Onun bahar ətirli lövhələrində həm də bu mövzunun tükənməzliyini görmək mümkündür. Rəssamın “Bahar nəğməsi”, “Yaşıl xalı”, “Xonçalar”, “Gəlin guşəsi”, “Bahar gələndə”, “Oyanış”, “Lalələr”, “Yaşıl xalı”, “Nərgizlər”, “Heyva çiçəkləyəndə” lövhələri bunun təsdiqidir. /"Mədəniyyət" qəzeti/

Oxşar xəbərlər

Xəbər lenti

Rusiyada Aləm Kəngərlinin kitabı çap olunacaq
18:55 24 Yanvar 2020
“Salam, Dar ağacı” onundurmu? – Şairin çap olunmayan digər şeirləri – Təqdimat
18:18 24 Yanvar 2020
Viktor Hüqonun şeirlərinin əlyazması tapılıb
17:38 24 Yanvar 2020
Hamilə arvadını döyən ər - Hekayə
17:02 24 Yanvar 2020
Səməndər Rzayevin 75 illik yubileyi qeyd ediləcək
16:25 24 Yanvar 2020
Azərbaycanlı jurnalist Türkiyə televiziyasında veriliş aparacaq
15:42 24 Yanvar 2020
Anar AYB sədrliyinə namizədliyini verəcək
14:55 24 Yanvar 2020
Məktəb və bağçalarda uşaqlarımızı gözləyən təhlükə
14:41 24 Yanvar 2020
Oktay Mirqasımov: “Atamın ruhundan utanıram” – Müsahibə
13:59 24 Yanvar 2020
Xalq artisti professor oldu
13:13 24 Yanvar 2020
“Yazıçılar Birliyi ilə evlənmişik” – 2019-un ən qalmaqallı açıqlamaları
12:41 24 Yanvar 2020
Notr-Dama həsr olunmuş sərgi açılacaq
12:07 24 Yanvar 2020
Azərbaycanda peşəkar yazıçı yoxdur
11:29 24 Yanvar 2020
Adəm və Həvva Azərbaycan torpağında yaranıb - Avropalı alim "İncil"lə sübut edir - Video
10:54 24 Yanvar 2020
Assistenti Robert De Nironu hədələdi
10:24 24 Yanvar 2020
Xalq artistinin xatirəsi yad edilib
09:49 24 Yanvar 2020
Qardaşımı görəndə əsə-əsə ağlamağa başladım - Bircənin romanı
09:00 24 Yanvar 2020
Misir Mərdanov: “Qapı-qapı düşüb dilənçilik eləyən o adam mənim idealımdır” – Müsahibə
08:57 24 Yanvar 2020
“Bu şəhərdə”nin Sumayıt konsertinə icazə verildi
21:26 23 Yanvar 2020
Şahmat... Ya da üç gedişə heç-heçə - Əyyub Qiyasdan hekayə
21:01 23 Yanvar 2020