Zibil daşıyan ağsaqqalı güllələyən gənc – “Yara” filmi haqqında...

Zibil daşıyan ağsaqqalı güllələyən gənc – <span style="color:red;">“Yara” filmi haqqında...
30 mart 2018
# 13:33

Kulis.az Aliyənin “Qaranlıq qalan “Yara” məqaləsini təqdim edir.

“Yara” qısamerajlı filminin tək kəlmə ilə ifadə etməli olsaq, bu söz qaranlıq sözüdür. Təkcə ona görə yox ki, film günün qaranlıq vaxtını əhatə edir və hava işıqlaşanda bitir. Ona görə yox ki, nəyin nə üçün baş verdiyi qaranlıq qalır, iki adamın sürücünün və fəhlənin nə apardığını, niyə apardığını bilmirik, həm də ona görə ki, qaranlıq Teymur Hacıyevin “Yara” filminin ideya həllində iştirak edən bir cəhətdi: Keçmiş də, gələcək də qaranlıqdır. Dünən nə olub, aydın deyil, sabah necə açılacaq, bəlli deyil.

“Yara” filmi iki gəncin (Rasim Cəfər, Elmar İmanov) söhbətiylə başayır. Məkan, rakurs, növbələşən iri və orta planlar, rəng həlli gecənin şərindən danışır, söhbətin nədən getdiyini bilməsək də, bir nuar filmi havasına düşürük.

Dəyişən epizodları güvənsizlik hissimiz müşayiət edir: bayaqkı gənclərdən biri indi sürücüdür. Yaşlı fəhləni yük yerindəki “zibil”i boşaltmaq üçün mikroavtobusa götürüb.

Nuar ab-havası hansısa cinayətin təfərrüatları üçün yox, tamaşaçını lazımi hisslərə kökləmək üçündür: güvənsizlik, həyəcan, şübhə. Sürücü kimdir, nə istəyir? Heç nədən xəbərsiz fəhlənin bu arxayınlığı nədir?

Onların arasında baş tutmayan söhbət nəsillərin, dəyərlərin, dünyaların ziddiyyətini göstərir. Buna rasional dünya ilə kor-koranə qorunan dəyərlərin toqquşması da demək olar.

Sürücü ilk cümləsi ilə qoca fəhləni aşağılayır, onun qoruduğu dəyərləri ələ salır, didaktik intonasiyasını sındırır, üsyanını gülüşü ilə yatırır.

Onların arasında belə bir dialoq gedir:

“- Mən bir dəfə də atamın gözünə dik baxmadım, amma mənim oğlum anasını söyür.

- Sənin atan məğlub olmamışdı.”

Görünməz bir şüşə onların bir birini anlamasına, emosional kontaktına mane olur.

Bu nədir?

Pul?

Zaman?

Keçmiş?

Gələcək?

Bəlkə məğlubiyyət yarasıdır?

Ya bu günə görə keçmişdən qisas almaq arzusudur?

Mikroavtobusda nə aparıldığını bilməyən yaşlı fəhlə və qeyri-müəyyən dəyərləri rahatca tapdayıb məqsədinə gedən, açılacaq səhərə sahib çıxmaq istəyən gənc. İki zamanın, iki dünyanın siması olaraq onlar bir birini ittiham edir. Faciənin səbəbi kimdədir?

Sual verməyən, hansısa qeyri-müəyyən dəyərlərə riayət edən, kor-koranə bir tabeliklə deyiləni icra edən yaşlı Keçmiş? Yoxsa sual verən, ironiya edən, nə yolla olur-olsun məqsədə doğru getməyə məcbur edilən gənc İndi?

Epizodlardan birində yol polisi fəhlədən nə apardıqlarını soruşur. Nə aparıldığını bilməyə-bilməyə fəhlə polisi öz əsassız inamına yoluxdurur. Həm də sadə bir atributla - ağ saqqalı ilə.

Bilə bilmədiyimiz, olsun ki, böyük bir cinayət belə qeyri-müəyyən bir inamın, küt bir laqeydliyin hesabına örtülür. Faciənin kökü burada deyilmi?

Sadəcə, avtobusuna minib zibilini atacağın üçün insana “yaxşı adam” demək saxtalıqmı, sadəlövhlükmü, axmaqlıqmı, ümumiyyətlə nə deməkdir?

Əgər sürücüyə “Yaxşı adam” deyib “şirinlik” edən sovetdənqalma fəhlə bu qədər xoşməramlısa, sadəlövhsə qəfil söyüşü haradan çıxdı? Merkantil saxtakarsa, dəyərlər haqda didaktik mülahizəsi nəyə lazımdır? Bircə şey bəllidir: bu adam bütün xassələri və çalarlarıyla faciəvidir.

Bədbəxtlik üzündən-gözündən tökülür. Şamil Süleymanovun belə çoxqatlı aktyor oyununu “Yara” filminin əsas uğurlu cəhətlərindən biri saymaq olar.

Bəs sürücünün təmsil etdiyi inamsız, rasional dünyada, şübhələrlə baş-başa yaşamaq necə, insanı xoşbəxt edə bilərmi? Yeni dünyanın tənha qəhrəmanları nəyə nail olacaq? Bu aqressiya harda axırlarına çıxacaq? Ümumiyyətlə, kölə xislətli barışcıllıq yaxşıdır, yoxsa aqressiv dağıdıcılıq?

Finalda sürücü zibili daşıyıb tökən fəhləni elə ordaca güllə ilə vurur. Fəhlənin iniltiləri ilə hava işıqlaşmağa başlayır. Hələ ölməyən keçmişin iniltiləri ilə açılan səhərdən nə gözləmək olar? - Film finalı ilə daha bir sual qoyur, bu qədər sualın içində tamaşaçını keçmiş, indi və gələcək haqqında düşüncə müstəvisinə çıxarır və konteksti bu gün üçün aktual olan sosial məsuliyyət mövzusuna gətirir.

Bu yalnız ustaca seçilən dialoqların yox, aktyor seçiminin (aktyor Şamil Süleymanovun fəhləsi abırlı, mərifət yiyəsi kişiyə də oxşayır, sovetdənqalma tülüngüyə də - A.), aktyor oyununun, məkan və rəng həllinin, səs, işıq xırdalıqlarının yaratdığı atmosferin, kameranın “lal şahid” mövqeyinin sayəsində mümkün olur. Süjetin, dialoqların verdiyi informasiya məhdudluğu - Apardıqları nə idi? Niyə aparırdılar? Fəhləni niyə güllələdi? Bu gənclər kimdir? - daha da konteksti dərinləşdirir.

Və bu son iyirmi ildə publisistikada aktual olan tanış kontekstdir. İki dövrün, nəsillərin toqquşmasında ortaya çıxan ittihamlardır. Keçmişin dəyərlərinin çürük çıxdığını göstərən gəncliyin intonasiyası yumşalsa belə suallar hələ də açıqdır.

Rejissor Teymur Hacıyev onu “Yara” filminə sığışdıra bilib. 2013-cü ildə "FIL PRODUCTION" və "Cinex Azerbaijan Film & Digital production"da istehsal olunan, "Palm Springs International ShortFest" kimi festivallarda iştirak edən film yalnız sovet ittifaqı kimi ortaq tarixi olan coğrafiyalar üçün deyil, rasionallaşan dünya ilə, yeni dövr ilə üz-üzə təbəddülat yaşayan insanlara da xitab edir.

# 1196 dəfə oxunub

Oxşar xəbərlər

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

09:00 18 aprel 2024
Allah olmaq çətindir

Allah olmaq çətindir

10:00 11 aprel 2024
Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

09:30 9 aprel 2024
Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

13:00 3 aprel 2024
Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

10:17 3 aprel 2024
Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

09:01 3 aprel 2024
# # #