news-inner
clock11:20 calendar-gray 07 Mart 2018 view-gray390 dəfə oxunub
view-gray390 dəfə oxunub

Kamal Abdulladan yeni hekayə: İkincisiz

Kamal Abdullanın “İkincisiz” hekayəsini təqdim edir.

- Sən məni daha sevmirsən…

- Elə deyil. – Samirin yuxusu qaçmağa başladı.

- Yox. Elədi. Mən bilirəm. Sevmirsən. –Cəmilənin ağzından kəsik-kəsik çıxan səs parçalarını həzin bir inilti bir-birinə güclə yapışdırdı.

Yataqda qurcuxa-qurcuxa qalmışdılar. Nəfəsləri az qala bir-birinə qarışırdı. Samir başa düşdü ki, söhbət bu dəfə də uzanacaq. Amma nəsə də olsa deməliydi:

- Mən… Sevirəm… - dedi, amma bu, inandırıcı çıxdımı?!

Cəmilə onun səsindəki açıq-aşkar tərəddüdü qulaqardına vurdu və artıq hücuma başqa müstəvidən keçdi:

- Kimi? – Cəmilə qandonduran faciəvi bir pıçıltıyla soruşdu.

- Səni… özümü…

- Özünü – hə! Məni isə… sevmirsən. Sevmirsən… sevmirsən… sevmirsən… sev…

Samir dərindən bir «ah» çəkdi. Sevimli ömür-gün yoldaşını yenə də adi həqiqətə - onu çox, lap çox, dünyalar qədər sevdiyinə inandırmaq lazım gələcəkdi. Bu, artıq məşəqqətə dönürdü. Hər dəfə yenidən, hər dəfə yenidən! Cəmilənin özü lap çox əzab çəkirdi, sabah tezdən gecəki söhbət üçün üzülürdü, gənc gəlinlər kimi utanıb qızarırdı, gözünü ondan qaçırdıqca qaçırırdı. Bəs Samir? Samir üzülmürdümü? Samir də eynən onun qədər üzülürdü. Çıxış yolu, elə bil, yox idi.

Beləliklə, Samir dərindən bir «ah» çəkib həmişəki dəlillərini (onun aləmində bu dəlillər çox inandırıcı idi) səbir və hövsələ ilə artıq neçənci gecə ortaya qoymağa başladı:

- Bilirsən, mənim balam, sən və mən axı bir bütövün içindəyik. Mən ikimizi bir yerdə sevirəm, səni və özümü, başa düşürsən bunu?!

- Başa düşmürəm. Başa düşmək istəmirəm. Sən – sənsən, mən də mənəm. Biz bir-birimizin içində deyilik. Bax, bunu mən başa düşürəm.

- Vallah və bllah ki, yox. Yox, yox və bir də yox… Təkcə biz bir-birimizin içində deyilik. Dünyada nə varsa, hamısı bir-birinin içindədi. Bir bütövdü. Anla bunu nəhayət. Anlasan o zaman inanacaqsan – mənim səni sevməməyim imkansızdır.

Samir bunları deyib qəflətən içində qəribə bir yorğunluq hiss elədi. Əslində bu, bir yüngüllük olmalıydı, amma yorğunluq oldu. Əməlli-başlı yorğunluq. Ona görə bu yorğunluq qəribə idi ki, ağır bir işlə məşğul olmamışdı, yük daşımamışdı, idman zalında özünə «əl» qatmamışdı. Yorğunluğun fiziki əsası yox idi. Sadəcə, hiss elədi ki, birdən sustaldı. Bütün daxili tarımsızlığa büründü, əzələləri boşaldı. Vücudunun içində əzalarını ayrı-ayrılıqda hiss elədi. Hiss elədi ki, ürəyi sıxılmağa başladı. Nəfəsi ağırlaşdı, havası çatmadı.

- Ürəyim sıxıldı…- deyib bu üzücü söhbəti burada kəsmək, nəhayət, yuxuya getmək istədi. Sabah tezdən durasıydı. «Qadın olmağa nə var ki… İş adlı bir anlayışları yoxdu. İşləsələr də, işləməsələr də, fərq eləməz - iş anlayışları yoxdu.»

Samir yataqda o biri böyrü üstünə çevrildi. İndicə düşündüyünü, yəni, qadınların iş anlayışlarının olmaması fikrini dilinə gətirmək istədi və gətirdi, amma onu sözlərə çevirmədi, eləcə, o fikir xəfif təbəssümə dönüb dodaqlarına qondu. Dodaqlarındakı o təbəssümlə də yuxuya getdi.

Cəmilə arxasını ona çevirən ərinə nifrətlə (amma bu nifrət o qədər böyük idi ki, öz içinə sadə bir sevgi selini də yığa bilmişdi) baxıb o da hikkə ilə arxasını Samirə çevirdi. «Kişilərə nə var ki. Hər şeyi zarafata çöndərə bilirlər. Amma darıxma, Samir müəllim, bu söhbətimiz burada bitmədi, heç bitmədi.»

Samir yuxu görürdü. Yuxuda hər şey bir-birinə qarışmışdı - rənglər, çalarlar… Özünəməxsusluqlar lazımsız təfərrüat kimi itib ərimişdi. Göylə Yer, dağla dəniz, ağacla çay, insanlar - qadınlar, kişilər, balaca uşaqlar, körpələr, qocalar, qarılar, evlər, binalar, yollar, tarlalar, meşələr, bulaqlar, itlər, pişiklər, atlar, qoyunlar, öküzlər camışlar… hər şey bir-birinin içində idi, hər şey sanki birnəfəsə deyilmiş möhtəşəm bir Sözə çevrilmişdi. Bu Söz əvvəldən var idi, əvvəlin də əvvəlində var idi, sadəcə, onu görmək, duymaq, hənirtisini, eşitmək hamıya hər zaman qismət olmurdu. O Söz anlaşılmazdan tədricən anlaşılana çevrilən musiqi kimi doğulurdu. O var idi, onu heç kim eşitmirdi.

Samir Qəribli yuxunu həyat kimi yaşayırdı. Onun indiyə qədər gözləri sanki qapalı idi, indi-indi görməyə başlamışdı və gördüklərini özündən başqa da kiməsə göstərmək istəyirdi. «Bax, diqqətlə bax, budur sənə demək istədiklərim, görürsən o bütöv yox deyil, var. Sən bunu görürsən? Bəs deyirdin sevmirəm səni?! İndi inandın?!»

Yuxuda gördükləri əvvəl gördüklərindən çox fərqli idi. Amma fərq nədə idi - bunu dərk edə bilmirdi. Bunu sözə gətirmək, söyləmək asan deyildi. Bəlkə heç mümkün deyildi. Hardasa beyninin dərinliyində o hiss edirdi ki, indi gördüklərinin rəngi yoxdur. Rəng ancaq birdən çox olan nədəsə mövcud ola bilər. İkinci olmasa rənglər müxtəlifləşməz, başqa olan nəyinsə üstünü örtə bilməz. Yuxuda da ikinci yox idi, hər şey birin, vahidin içində idi. İkincisiz dünya varmış. Varmış. Olmaya bilməzdi. `Amma buna inananlar yoxdu.

Cəmilə də yuxu görürdü. O, yuxusunda görürdü ki, ömür-gün yoldaşı Samir fəzada fırlana-fırlana ondan uzaqlaşır, ikiləşir, hətta üçləşir, dördləşir… «Bu qədər Samir mənim nəyimə gərəkdir?! Mənə biri bəsdir. Bunların axı biri mənim Samirimdir, o birilər mənimki deyil. Hansıdı o?! Hansıdı mənim Samirim?! Məni sevən, məni dünyalar qədər sevən Samirim hansıdır?» Bu sualların arasında Cəmilə əməlli-başlı çaşıb qalmışdı.

Yuxular elə ona görə yuxudur ki, səhərisi gün unudulmağa məhkumdular. Gecə gəldi və yenə də həmən «sevirəm-sevmirəm» söhbəti yataqda başlamadımı, başladı.

Ucsuz-bucaqsız fəzada isə bir-birinin içində ən müxtəlif mahiyyətlər uçur, birləşir, ayrılır, yenə birləşir, bir möhtəşəm vahid əmələ gətirirdilər. Əlbəttə ki, Samirlərin hamısı bu uçan vahidin içində idilər. Birindən başqa. Bu Samir öz evinin mətbəxində oturub səhər yeməyini yeyirdi və Cəmilənin dəmlədiyi çayı gözləyə-gözləyə gecə gördüyü yuxunuciddi-cəhdlə yadına salmağa çalışırdı. /sim-sim.az/

news-inner-user

18088 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Hacıbaba Hüseynovun qızı: “Atam onların üzünə söyürdü” - Müsahibə
21:03 03 Mart 2021
Anar Kərimov İstanbulda azərbaycanlı incəsənət xadimləri ilə görüşüb
18:40 03 Mart 2021
“Azərbaycan” jurnalının yeni sayı çap olundu
18:01 03 Mart 2021
Amerikalıları heyrətləndirən şuşalı qadın - Vilayət Quliyev yazır...
17:14 03 Mart 2021
Zibillik oyuncağı – Hekayə
16:15 03 Mart 2021
Gənc Tamaşaçılar Teatrının mart repertuarı
15:24 03 Mart 2021
Bakı bulvarını tikdirdi, bolşeviklərə qoşularaq cümhuriyyətə xəyanət etdi, həbsxanada özünü mələfə ilə asdı - Nazirimizin dəhşətli həyatı
14:30 03 Mart 2021
Azərbaycanlı yazıçı və oğlu koronavirusa yoluxdu
14:00 03 Mart 2021
Sultan Səlimin həyatı film olur
13:44 03 Mart 2021
Şeron Stoun makiyaj fırçası ilə rəsm çəkdi - Foto
12:59 03 Mart 2021
Onlar bu əsərləri ilə tanındılar - Siyahı
12:04 03 Mart 2021
“İlin Press Fotosu” müsabiqəsi keçirilir – Azərbaycanda ilk dəfə
11:56 03 Mart 2021
Rüstəm İbrahimbəyov dərs keçdi - Foto
11:30 03 Mart 2021
Oğlunu qurban kəsən ata və məni güldürən Anar müəllim
10:56 03 Mart 2021
Əməkdar artist xəstəxanaya yerləşdirildi
10:18 03 Mart 2021
Fəxrəddin Manafova ağır itki üz verib
09:36 03 Mart 2021
Otağımda çarmıxa çəkilmiş qadın bədəni – Malik Atilaydan yeni şeirlər
09:00 03 Mart 2021
Əməkdar artistin kitabı çap olunub
18:50 02 Mart 2021
Ancelina Coli keçmiş nazirin tablosunu satdı
18:01 02 Mart 2021
Mirzə Cəlili Qoqolun “Kolyaska”sına soxmaq cəhdləri
17:20 02 Mart 2021