news-inner
clock16:01 calendar-gray 27 Fevral 2018 view-gray493 dəfə oxunub
view-gray493 dəfə oxunub

Allaha asi düşən və ölüb-dirilən şair

Sonuncu Orxan

Hardasa beş-altı il olar Hikməti tanıyıram. Ondan əvvəl necə olub, kim olub bilmirəm. Elə feysbukda görmüşdüm ki, Qazaxda Carçılı Hikmət adında biri var, arada Allahı söyür, arada şeir yazır, arada da maraqlı statuslar.

Qazax şivəsində desək, tez-tez ayamasını dəyişer, gah Carçılı oleer, gah Hikmət Nazim, gah Orhun, gah da Qul Hikmət. Bunlar bütün şairlərin yaradıcılıq prosesində ələkdən keçirdiyi priyomlardır. Öz yolunu tapanacan yüz dona girirsən, özünü yaralı quş kimi ora-bura çırpırsan. Hikmət nəhayətdə Orhunun üstündə dayandı. Bilməyənlər üçün deyim ki, Orhun qədim Orxon-Yenisey abidəsinin Türkiyə türkcəsində deyiliş qaydasıdır.

İndi Hikmət haqqında iki cür danışa bilərəm: həm dost kimi, həm şair kimi. Əvvəl istəyirəm şairliyindən danışam. Hikmət necə yazır, nə yazır, hansı yerdədi?

Hikmətin “Qadın qolları dövrü” şeirlər kitabı çapdan çıxıb. Ədəbi mühitdə ciddi rezonans doğurmasa da düşünürəm ilk kitab kimi uğurlu və maraqlıdır. Məsələn, indiyə kimi hansısa yaradıcı adamın öz kitabına “Söz haqqında ön” kimi maraqlı giriş yazısı yazdığını görməmişəm.

Kitabı vərəqləyirəm... Sərbəst şeirlər nömrələrlə qeyd olunub. Yəni şair heç bir şeirə ad verməyib. Bu da maraqlı seçimdir. Təkcə sərbəst şeirlər yox, elə kitabdakı bütün şeirlər adsızdı. Mən də bunun tərəfdarıyam. Şeir adsız olanda maraqlıdır, oxucu istəyirsə özü aldığı təəssürata uyğun şeirə ad qoya bilər, bu adla yaddaşının bir küncündə saxlayar. Bu ixtiyarı oxucuya vermək ən düzgünüdür mənə görə. Yəqin Hikmət də belə düşünüb seçim eləyib. Bir də Hikmət, kitabı mərhum yazıçı dostumuz Mövlud Mövluda həsr eləyib. Mövluda həsr olunmuş ilk kitab kimi yadda qalacaq həm də.

Bu Hikmətin kitabı haqqında təəssüratlarım. Bəs yaradıcılığı haqqında nə düşünürəm? Mənə görə Hikmət necə şairdir?

İnciməsin, sərbəst vəzndə yazdıqları hecada yazdıqlarının yanında çox zəif görünür. Düşünürəm, Hikmət hecada ortaya qoyduğu potensialı sərbəst şeirlərində göstərə bilmir. Sərbəst şeirin ab-havasına düşə bilməyib, o məkana ayaq basa bilmir hələ. Hikmətin pasportu Qul Hikmət imzasıyla yazdığı qoşma, gəraylılarıdır. Hikmət bu müstəvidə hamımızdan bir pillə yuxarıdadır. Özündən deyən şairi qoşmarıyla qatlayıb qoyar cibinə. Məsələn, elə bax bu şeiri ilə:

İstəmərəm bica yerə söz deyəm,

Gərək sözüm hər adama xoş olsun!

Könlüm, gözüm yardan iraq düşməsin,

Ala gözə, qara qaşa tuş olsun!

Zalım fələk əlim işdən saxladar,

Şaha gedən qapıları bağladar.

Nədir belə cümləmizi ağladar,

İnsafdımı gözümüzdə yaş olsun!

Bu dünyanın qaydası var, tərzi var,

Yeri-göyü ölçüb-biçən dərzi var.

Qul Hikmətin ilahidən ərzi var,

Yetim-yesir ürəkləri xoş olsun!

Hiss olunur şeirə sənətkar əli deyib. Ahəngi, daxili bölgüsü, qafiyə quruluşu hamısı yerindədi. Klassik üslubda yazılsa da, “şah”, “fələk”, “bica” kimi arxaik sözlər işlənsə də, şeirin məna yükü, ifadə elədiyi ruh, məzmun diridir. Sərbəst şeirlərinin də içində maraqlı nümunələr var. Məsələn bu şeirini deyə bilərəm:

çəlimsiz uşaqların

gözündən oxunar ailənin kasıblığı...

ilk baxışdan anlarsan-

ayaqlarının altının döşəməsiz,

divarların suvaqsız olduğunu...

yatdığı otağı

üzünə köçürər körpələr.

Ümumən götürəndə Hikmət yaxşı şairdir, sözü bilən, duyan adamdır. Poeziyası da özü kimi təmizdir. Getdikcə daha da yaxşı nümunələr yaradacağına inanıram. O potensial var onda. Amma bir az hövsələsiz adamdı. Bir də görürsən feysbuku bağladı çıxdı aradan. Səbəbini də soruşanda deyir hövsələm çatmır bəzi şeylərə. Həm deyir hövsələsizəm, həm də bir şeirində yazır ki, içimdə Budda hüzuru var. Ay evi tikilmiş, hövsələsizlik hara, Budda hüzuru hara? Hikmətin belə ziddiyətli tərəfləri var. Həm də tez həvəsdən düşür. Adi tənqidi münasibət əlini yazıdan, oxumaqdan soyudur bəzən.

Hələ doğulan gün Hikməti ölmüş biliblər. Handan-hana təzədən dünyaya qayıdıb. Yaxşı ki də qayıdıb. Yoxsa biz o gözəl şeirləri oxuya bilməyəcəkdik. Hikmətin “ölümündən” bircə axsamağı yadda qalıb. Dostlardan biri zarafatla deyirdi ki, Hikmət doğulanda da axsaya-axsaya dünyaya gəlib. O axsamağı ucbatından Hikmət bir dəfə intihar da etməyə cəhd edib. Sevdiyi qız ona beləcə də deyibmiş: “Getsin, yeriməyi öyrənsin”. Ölümün cəngindən onu Mövlud xilas edib: “Adam da axsamağına görə intiharmı edər?” Dalınca zarafat: “Dur bir axsa görüm”. Bu hadisədən sonra Hikmətin axsamaq kompleksi it-bat olub. İndi hərdən özü də bu qüsuru ilə zarafat edir. Hikmətlə bağlı maraqlı birdənə də əhvalat var. Söz düşmüşkən onu da deyim. Bir gün yazdığı yazılardan biri hansısa azərbaycanlımızı bərk qəzəbləndirib. Hikməti döymək üçün əli geyişirmiş. Yer təyin edib. Uzaqdan Hikmətin axsadığını görəndə ürəyi yumşalıb, qabağına yüyürüb, hər addımı yıxılmağa cəhd olan Hikməti qucaqlayıb. Hikmət axsamağı ilə dostlaşıb sonradan. Ayaqlarına baxıb gülümsəyib. O ayaqlar şeir yazdırıb ona.

İndi o şeirlər qabağımdadır. Şeirləri ayaq tutub yeriyir... Axsamır. İnamlı addımlarla işıqlı sabahlara tələsir...

Oxşar xəbərlər

Xəbər lenti

Sevdiyi qıza şeir yazdığı üçün AYB-dən çıxarmaq istədilər, arvadı sözünə baxmadı deyə öldü, dəfnində Rəşid Mahmudovla Anar dalaşdı – Məşhur şairdən maraqlı faktlar
14:11 30 Noyabr 2020
Trampın arvadı Ağ Evdə baş verənlərdən kitab yazır
13:25 30 Noyabr 2020
Müharibə başlayıb, Nəbatat bağındayam... - Rəşad Nağı Mustafadan yeni şeir
12:43 30 Noyabr 2020
Qatarlar daşıdıqca qurtarmır yolçuluq – Təbrizdən şeirlər
12:11 30 Noyabr 2020
Əsgərlərimizin Zori Balayanın oğlunu dəhşətə gətirən qəhrəmanlığı - Bircə yazır...
11:39 30 Noyabr 2020
Yadındadı, içib qızlardan danışmağın? - Şuşada döyüşən zabit dostuma məktub
11:05 30 Noyabr 2020
"Ulduz müharibələri"nin qəhrəmanı vəfat etdi
10:30 30 Noyabr 2020
Regionlararası onlayn musiqi müsabiqəsinə start verildi
10:06 30 Noyabr 2020
Qərbin sülh riyakarlığı və bizim saxta pasifistlər – Sevda Sultanova yazır...
09:00 30 Noyabr 2020
Ölmək sənəti – Ağalar Qut yazır...
17:25 29 Noyabr 2020
“Cinema Radio”nun rəhbəri: “Onun səsi ilahi vergidir” – Müsahibə
17:04 29 Noyabr 2020
Nabokovdan hekayə: Sərnişin
15:30 29 Noyabr 2020
Atası xalq düşməni kimi güllələndi, bir manata rəsm çəkdi, Səttar Bəhlulzadə evini ona bağışladı... – Maraqlı faktlar
12:00 29 Noyabr 2020
İsti yatağım soyuq səngər misalı - Sara Selcandan yeni şeirlər...
16:28 28 Noyabr 2020
Azərbaycanda Mixail Qusmanın filminin premyerası oldu
15:01 28 Noyabr 2020
Bu nədir, Allahı danmaqdır? – Elçin yazır...
13:30 28 Noyabr 2020
"Şəngülüm, Məngülüm" tamaşası onlayn nümayiş olunacaq
12:01 28 Noyabr 2020
Türkiyədə "Azərbaycanlı şəhid uşaqların xatirəsinə" adlı konsert keçirildi - Foto
10:27 28 Noyabr 2020
Fuad Poladov: Qızla zirzəmidə görüşdüyümə görə məni məktəbdən qovdular – Müsahibə
09:00 28 Noyabr 2020
Ukrayna Milli Kitabxanasında Azərbaycan guşəsi açılacaq
18:31 27 Noyabr 2020