Utanasan, üstəlik, qızarasan bir az da... - Fərid Həsənzadənin yeni şeirləri

Utanasan, üstəlik, qızarasan bir az da... - <span style="color:red;">Fərid Həsənzadənin yeni şeirləri
23 fevral 2018
# 13:32

Kulis.az gənc şair Fərid Həsənzadənin yeni şeirlərini təqdim edir.

Elə çox istəyirdim

Ki, sən məni səvəsən.

Mən səni gözləyirdim,

Gec gəlirdin evə sən.

Bizim pəncərəmizdən

Sizin həyətə giriş

Görünürdü apaydın.

Elə hey istəyirdim,

Yerdən nəsə tapaydın.

Ləngiyəydin azacıq,

Yayınaydı diqqətin.

Yubanaydı addımın,

Belə baxıram, çətin.

Yolunu gözləməyin

Dadı-duzu başqadı

Və lazımdı arada.

Bu tərəfdə bir bağ var,

Səndən bir az bəridə.

O bağdan sənin üçün

Gizlicə gül dərməyin

Xəyalını qururam.

Yersiz çox düşünürəm,

Özümü çox yoruram.

Nəyə lazım bu təhər

Sənin dərdini çəkmək

Deyən kimi dolaşır

dilim,

dolaşır dilim.

Bu vaxt zəng eləyirsən,

- O biri həyətdəki

mağaza açıqdırmı?

Ay qız, mən hardan bilim...

***

Səbr edib yorulasan,

Daşmayasan hələ ki.

Özününkü sayasan,

Etmədiyin qələti.

Utanasan, üstəlik,

Qızarasan bir az da.

Qorxma, qorxma, rahat ol,

Nə olacaq bir azla?

Bu fikirlə yol gedib,

Öz içində azasan.

Nəfəsini dərməmiş,

Mənə məktub yazasan.

Mən də ki, tərsin biri,

Cırıb atam məktubu.

Durum çay süzmək üçün,

Sən aldığın fincanın

Görəm qırıqdı qulpu.

***

Bir güllə sıxıram alnıma indi,

Biri də cibimdə növbə gözləyir.

Düzülüb sırayla bütün günahlar,

Hərəsi bir cürə tövbə gözləyir.

Hər günah yaşayır öz taleyini,

Qoyma kimsə desin söz günahına.

Necə qoruyursan sənin olanı,

Elə də sahib çıx öz günahına.

Dayan, güzgüyə də bax arada bir,

Qorxma, güzgüdəki hələ özünsən.

Etdiyin yaxşılıq mərhəmətindir,

Etdiyin günahlar elə özünsən.

Hər oğrun günahın içində düzlük,

Hər doğru içində min günah yatır.

İndi icazənlə mən çıxım gedim,

İkinci güllənin növbəsi çatıb...

# 2043 dəfə oxunub

Oxşar xəbərlər

Pasifist mövqeli Dante aşiqi - Onu niyə "macar modernizminin beyni" adlandırırdılar?

Pasifist mövqeli Dante aşiqi - Onu niyə "macar modernizminin beyni" adlandırırdılar?

12:30 4 avqust 2026
Ovudulmaz ağrılar aşiqi - Afaq Məsud

Ovudulmaz ağrılar aşiqi - Afaq Məsud

11:00 4 avqust 2026
Eyni yuxunu görən Nəriman Həsənzadə və Şahmar Əkbərzadə  - Hansı el şairi ona buta vermişdi?

Eyni yuxunu görən Nəriman Həsənzadə və Şahmar Əkbərzadə - Hansı el şairi ona buta vermişdi?

15:30 1 avqust 2026
"Mütəxəssislərin sözü eşidilmir, ictimai qınaq kar eləmir…" - Bu işə kim əncam çəkəcək?

"Mütəxəssislərin sözü eşidilmir, ictimai qınaq kar eləmir…" - Bu işə kim əncam çəkəcək?

16:30 31 iyul 2026
Həqiqətənmi kitabın rəqibi sosial şəbəkələrdir? - Mətanət Vahid

Həqiqətənmi kitabın rəqibi sosial şəbəkələrdir? - Mətanət Vahid

11:00 30 iyul 2026
Süni İntellektuallarımız necə yarandı?

Süni İntellektuallarımız necə yarandı?

13:00 27 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər