news-inner
clock21:00 calendar-gray 29 Noyabr 2019 view-gray2101 dəfə oxunub
view-gray2101 dəfə oxunub

Mirmehdi Ağaoğlunun Türkiyədə yayımlanan hekayəsi – Mətn

Kulis.az Mirmehdi Ağaoğlunun “Qonşu və ölüm” hekayəsini təqdim edir.

Qonşuluğumuzda nənə, qızı və nəvədən ibarət bir ailə yaşayırdı. Nənənin olardı 60 yaşı, qızının vardı 35, oğlanın 13. Ailənin bütün yükü gözəllik salonunda işləyən qızın çiyinlərindəydi. Hündürboy, bir az dolu qadındı. Arabir həyətdə rastlaşırdıq, salamlaşıb keçib gedirdik. Oğlunusa tez-tez görürdüm. Yayda çox vaxt uşaqlarımız bir yerdə oynayardı.

Həmən gün qonaq getmişdik, evə gec gəldik. Həyətə çatanda gördük binanın qabağında təcili yardım maşını dayanıb. Nədənsə dərhal hiss elədim ki, ölən var. Binamızda bir qoca kişi yaşayır, yanından keçəndə necə deyərlər, halva iyi verir. Düşündüm, ölən odur, nəhayət Allahın rəhmətinə qovuşdu. Ancaq hər ehtimala qapının ağzına yığışan arvadlardan soruşmaq qərarına gəldim. Soruşmasam da salamlaşan kimi özləri deyəcəkdilər. Bunun üçün yığışmayıblarmı?

Gözəllik salonunda işləyən həmin qadının öldüyünü öyrənəndə dilim ağzımda qurudu. Dəhşətə gəldim. O ki, sapsağlam idi! Zahirən dərdli adama oxşamırdı. Nə vaxt baxsan üzü gülürdü. İmkanları da sən deyən pis deyildi, qızın maşını da vardı.

35 yaşa ölüm yaraşır?!

Necə olub görəsən?

İşdən gəlib. Yemək yediyi yerdə ürəyi tutub. O dəqiqəcə keçinib. Tromp tıxanıb ürəyinə. Həkim gələndə gec imiş. Elə “təcili yardım”la birbaş morqa aparıblar.

Xəbəri eşidib bizimkilər də pərişan oldular. Qorxdum uşağa pis təsir edər. Odur ki, həyətdə ləngiməyib evə qalxdıq. Ancaq evə girəndən sonra fikirləşdim, düşüm aşağı bir xəbər öyrənim. Bəlkə cənazəni gətirərlər, kömək-filan lazım olar. Bayaq da meyiti düşürəndə adam olmayıb, xeyli əziyyət çəkiblər, liftə də sığmayıb – aşağıda qadınlar dedi. Pilləkənlərimizsə çox darısqaldı, iki adam qarşılaşanda maşın kimi dayanıb bir-birlərinə yol verməli olurlar.

Bir yandan da ürəyim sıxılırdı. Evdə oturmaq istəmirdim. Qocaların yox, yaşıdlarımın, tay-tuşlarımın ölüm xəbərini eşidəndə qorxuram, elə bilirəm növbə məndədi, bədənimi soyuq tər basır.

Ölüb bu dünyadan getməkdən çox hər şeyin yarımçıq qalmağı üzür adamı. Nə vaxt öləcəyini dəqiq bilsən işlərini də ona uyğun qurarsan; cavan öləcəksənsə neyləyirsən evlənməyi, uşaq doğurmağı; beş-ona günə öləssənsə nə əziyyət çəkib hər gün tezdən gözlərini ovuşdura-ovuşdura işə gedirsən; altı ay sonra öləcəyini dəqiq bilsən, “Unibank”dan beş-on min kredit götürüb şeşə-beşə xərcləyərsən, qoy səndən sonra oranın kobud işçiləri vurnuxa-vurnuxa qalsınlar.

Aşağı düşəndə gördüm ki, bayaqkı izdihamdan bir qırıq da qalmayıb. Hamı dağılışıb. Havamı dəyişmək üçün bir qədər həyətdə dolaşıb təzədən binaya girmişdim ki, liftin qabağında ölən qonşunun oğlu ilə qarşılaşdım. Təm-tək idi. Ağlamaqdan gözləri qan qoymuş, ağ bənizi bir az da ağarıb kağıza dönmüşdü. Salamlaşdıq. Həmişə qarşılaşanda salamlaşandan sonra hal-əhval tutardıq, ondan dərslərini necə oxuduğunu soruşardım, bizim uşaqla savaşıb-savaşmadığını xəbər alardım.

Bu dəfə də istədim nəsə deyim, ancaq bacarmadım. Duruxub qaldım. Açığı uşağın gözlərinə baxmağa utanırdım, onun bundan sonrakı həyatını gözümün qabağına gətirib xəcalət çəkirdim. Yersiz yerə içimdə günahkarlıq hissi baş qaldırmışdı. Bilmədim nə deyim, nə soruşum, “Allah rəhmət eləsin” deməyə dilim dönmürdü. Mənə elə gəlirdi ki, oğlan hələ anasının ölümü ilə barışmayıb. Onun üçün anası hələ diridi, ölməyib. Bir az yekə olsaydı demək olardı, qıçın boyda uşağa necə deyəsən ki, Allah anana rəhmət eləsin! Meyit soyumamış bu nə odünyabazlıqdır.

Ümumiyyətlə, insan bu qədər tez, bir anın içində ölməməlidir. Heç olmasa ətrafındakıları buna hazırlamalıdır. Belə haqsızlıq olmaz.

Özümü nə qədər məcbur etsəm də, ağzım açılmırdı. Elə bil oğlan da məndən bir söz eşitmək istəyirdi, buzdan yonulmuş heykəl kimi qarşımda dinməzcə dayanmışdı, ətrafa qütb soyuğu saçırdı.

Özümdən asılı olmadan soruşdum: “Necəsən?” Bircə söz dedi: “Pis!” Və buxar kimi qarşımdan yoxa çıxdı.

Mənə bax! Ömrüm boyu bəlkə min dəfə ölüsü düşən adamlarla qarşılaşmışam. Yas yerində nəyi necə etmək lazım olduğunu əzbər bilirəm, bərk dursam ölü də götürərəm. Hüzrü düşmüş adama verilən ən dəxilsiz sualın “Necəsən?” olduğunu da gözəl bilirəm. Əzizini itirən adam necə olmalıdır? Əlbəttə ki, pis. Bunu bilə-bilə bu cür qəbahət işlədim...

Liftin qapısı açıldı, içəri girdim. Kaş o an lift yuxarı yox, yerin dibinə gedəydi. Onsuz da yerin dibindəydim.

Səhər öyrəndim ki, morqdakı ekspertizadan sonra cənazəni rayona aparıblar. Bir neçə gün nə nənəni gördük, nə nəvəni. Bir də yeddisi günü binanın həyətində hüzr verildi. Orda oğlanı görəndə üzbəüz gəlməməyə çalışdım, qarşılaşanda başını zərbədən qaçırdan boksçu kimi göz təmasından yayınırdım.

Qadının qırxı çoxdan çıxıb. Yəqin üç-dörd aya ili olar. Mənsə hələ də oğlu ilə qarşılaşanda özümü itirirəm. Salamlaşmağa ürəyim gəlmir. Bir-iki qarşılaşmadan başqa qalanlarında çox vaxt oğlanı görməzdən gəlib yanından sükutla keçmişəm. Özümü nə qədər məcbur etsəm də heç nə alınmayıb.

Nə vaxta qədər belə davam edəcək bilmirəm. Yəqin bir müddət sonra keçər və mən yenə onunla “Necəsən?” deyə hal-əhval tutaram. Hərçənd onu da bilirəm ki, indən belə oğlanın kefi nə qədər yaxşı olsa da ömür boyu bütün “Necəsən?” suallarına dilində nə deməyindən asılı olmayaraq ürəyində yalnız bircə cavab səslənəcək: “Pis”.

Oxşar xəbərlər

Xəbər lenti

Berqmanın filmi əsasında serial çəkilir
16:39 10 İyul 2020
Azərbaycanlı müğənni koronavirusdan sağaldı
15:50 10 İyul 2020
Əliağa Vahidi ölümdən qurtaran dostu - Maraqlı faktlar
15:07 10 İyul 2020
Dördbucaqlı qətl hadisəsi – Əli Şirin Şükürlü yazır
14:20 10 İyul 2020
“Çəkməli pişik” onlayn göstəriləcək
13:39 10 İyul 2020
"Heç yerə çıxarda bilmirik" - Vaqif Bayatlıdan xəbər var
12:52 10 İyul 2020
Süni şöhrətə qaçan gənc şair və Allahın “cangüdənləri” – Sərdar Amin yazır...
12:15 10 İyul 2020
Tarık Akanın heç yerdə bilinməyən söhbəti
11:12 10 İyul 2020
Səni sevən öldü, zalım – Səhər Əhməd yazır...
10:35 10 İyul 2020
Notr-Dam kilsəsi yenidən bərpa ediləcək
10:01 10 İyul 2020
Dodağının altında məni söyüb qarğıyırdı - Bircənin romanı
09:00 10 İyul 2020
Xalq artistinin oğlu vəfat etdi
01:53 10 İyul 2020
Azərbaycanlı alimin kitabı Avropa dillərində nəşr olunacaq
18:37 09 İyul 2020
Uşaqlar üçün tamaşa
17:56 09 İyul 2020
Təranə Vahidin Türkiyədə çap olunan hekayəsi: "Durna adam"
17:15 09 İyul 2020
Qızını ərə verən atanın ölümü
16:26 09 İyul 2020
İspaniyada Haqverdiyevə həsr olunmuş poçt markaları buraxıldı
15:47 09 İyul 2020
Qadına görə başına bəla gələn məşhurlar: onların arasında Müşfiq də var
15:08 09 İyul 2020
Məşhur sənətçi prezidentliyə namizəd olacaq
14:19 09 İyul 2020
Yaltaqlıq ən perspektivli valyutadır
13:30 09 İyul 2020