news-inner
clock15:30 calendar-gray 22 Yanvar 2018 view-gray330 dəfə oxunub
view-gray330 dəfə oxunub

Yaxşılıq çöllərə töküləsi döy... – Yaralı Bəxtiyarın şeirləri

Kulis.az Yaralı Bəxtiyarın yeni şeirlərini təqdim edir.

1.

Minnətli çörəkdə bərəkət olmaz

Qalar boğazında, qəhərə dönər

Əksik adamların artığından qaç

Yediyin, içdiyin zəhərə dönər

Artıq var, əksik var, bir deyil hamı

Özündən nişandı hər kəsin namı

Əzəl şirin olar müftənin tamı

Başa qaxılanda bibərə dönər

Yemə qəlbidaşın yuxasını sən

Görməzsən gədanın səxasını sən

Geymə əsilsizin çuxasını sən

Sonradan belində yəhərə dönər

Heç kimə demərəm-gedəni saxla

Gedib orda-burda gödəni saxla

Lazım olan ilən pərdəni saxla

Sonradan tikanlı çəpərə dönər

Yaralı Bəxtiyar, bir az dərin ol

Nə dərdin, nə qəmin, nə kədərin ol

Özün öz ağan ol, öz nökərin ol

Xaraba könülün şəhərə dönər

2.

Artırıb bir-iki inək elədim

Yaman dara düşdü yüzünün yeri

İki yol örüşü bir naxır basdı

Qaldı bizim mala izinin yeri

Mənnən ötrü həftə qara, ay qara

Payız qara, bahar qara, yay qara

Daş yeridi, mal yeri döy çayqara

Heç yoxdu qoyunun, quzunun yeri

Burda mal otarmaq lap işgəncədi

Örüş yeri bircə, qoruq oncadı

Bu yan süpürgədi, bu yan yoncadı

O yan da kartofun, pazının yeri

Mən dedim dolanım üçünnən babat

Qurd yedi ağacı içinnən babat

Qorunur Şuşadan, Laçınnan babat

Buraxma tulanın, tazının yeri

Görən yaraları kimlər qanatdı

Hər gün sındırılan qoldu, qanaddı

Pres beş manatdı, süd bir manatdı

Odlanır bağrımın közünün yeri

Sözünü qaytardım sözü dəyənin

Yalanı dəyənin, düzü dəyənin

Mənim mallarıma gözü dəyənin

Kalafa qalaydı gözünün yeri

Əyrilər düzləri hey danlar indi

Allahlıq eyləyir şeytanlar indi

Qalıb gədələrə meydanlar indi

Yoxdu Bəxtiyarın sözünün yeri

3.

Təcnis

Bir quyunun su olmasa özündə

El-oba yığıla, dolandı nə cür?

Hiyləgər, kələkbaz itətök olub

Kimlər aldadıldı, dolandı nə cür?

Namərd top kimidi, mərdim azarlıq

Tez çəkir özünə mərdi məzarlıq

Dolanma yoludu mərdiməzarlıq

Kimlər çörək tapdı, dolandı nə cür?

Kimə üyütdürür Həmzə dən indi

Dərindi həm yaran, həm zədən indi

Koroğlu üyüdür Həmzədən indi

Bəxtiyar, zəmanə dolandı nə cür?

4.

Suçəkən kimidi vəfalı dostlar

Çəkər bəlaları səndən ötürdər

Sənə can, can deyər “bijərtdək” adam

Özgənin əlinnən xətər yetirdər

Alimlik eyləyir naşı olanlar

Başsıza baş əyir başı olanlar

Özgə hesabına kişi olanlar

Yığdırıb üstünə adam gətirdər

Kiminin ürəyi çəkər yükünü

Kiminin öyrəşər yükə süysünü

Yaman övlad ata-ana köksünü

Dağlar, dağlar, ürəyini yatırdar

Özündə olmasa bir quyu dolmaz

Sürü də qaydasız tütəyə gəlməz

Yüz qanan qanmazı qandıra bilməz

Bir qanmaz qanana bəli dedirdər

Yaralı Bəxtiyar, qanana yalvar

Halal dolanmağa nə qədər yol var

Düşər görməmişin əlinə pul, var

Tez yoldan çıxardar, tezcə qudurdar

5.

Bizim yerlər kef yeriydi

Dərd nəmənə, qəm nəmənə.

Arxananın bulağının

Yanında Zəm-Zəm nəmənə

Axx, o dəmlər nə dəmiydi

Tikdaş mənim lələmiydi

Üz gülüydü, gül nəmiydi

Yanaqlarda nəm nəmənə

Bəxtiyara dəyən dəydi

Dünənki gədələr bəydi

Orda cənnət nəmənəydi

Burda cəhənnəm nəmənə

6.

“Yaman sınıxıbsan” deyən a dostum

Sinəmdə gör neçə yara yeri var

Sanasan bir köhnə taxtanın üstə

Hər cürə kora var, kora yeri var

Düz ilqar, etibar gərək deyilmiş

Halal qazanılan çörək deyilmiş

Ürək də salamat ürək deyilmiş

Para yeri yoxdu, para yeri var

Yaman varda üzür, yaxşı üzgündü

Yaxşı gün yüz andı, yaman yüz gündü

Gördüyüm ağ günün adı ağ gündü

Hansı yandan baxsan qara yeri var

Yaxşılıq çöllərə töküləsi döy

Şərəfdi, vicdandı əkiləsi döy

Bəxtiyarın dərdi çəkiləsi döy

Boş sözdü kim desə çara yeri var

7.

Adam var eləcə sayda gedəndi

Adama eləsi qiymət qoymaya

Qədirbilməzlərin yolunda adam

Tər töküb ortaya zəhmət qoymaya

Xain olar fürsətçisi daldeyin

Doğru sözə acıdırsa bal deyin

Oğlu, qızı bivec olan valdeyin

Özündən sonraya sərvət qoymaya

Nədən ki yetimə təkan olmasın

Yapışıb qəhrini çəkən olmasın?

Nə ola nadanda imkan olmasın

Bir yaxşılıq edib minnət qoymaya

Dünyanın işləri oldu baş-ayaq

Kimdi sayan yerimizdə ha sayaq

Yaralı Bəxtiyar, elə yaşayaq

Ellər başımıza töhmət qoymaya

8.

Adam var elə bir şeytanlıq edir,

Biçarə şeytanın özü belə döy.

Baxırsan tutduğu əmələ, amma

Söhbəti belə döy, sözü belə döy

Dombalıb baş əymək ayin kimidi

Bütün işlərimiz oyun kimidi

Adam var baxırsan qoyun kimidi

Yox, qoyun belə döy, quzu belə döy

Bizim yönümüzü qəmə çəkdilər

Danışan dillərə qəmə çəkdilər

Quyruq bulayanlar kimə çəkdilər

Heç tula belə döy, tazı belə döy

Töksün ətəyindən el bu daşları

Yalama daşları, qəlbi daşları

Görüm daşdan baxsın qəlbidaşları

Demə baxt belə döy, yazı belə döy

Altı qazanırsan, vergi beş kəsir

Adamın var isə, heçdi beş kəsir

Hakim var, suçsuza elə iş kəsir,

Dində baş kəsdirən qazı belə döy

Bəxtiyar, olmadı bizlər deyənlər

Yeyir haqqımızı hazıryeyənlər

O mənim başıma külü qoyanlar

İnan ayağımın tozu belə döy

9.

Həmişə özündə güc tap a dostum

Hər dərdə, əzaba sinə gərəsən

Dilin qıfıl olsun, qarnın xəzinə

Nəbadə bir sirri yada verəsən

İşin dolaşmaya hakim yanında

Bir yol olmayasan həkim yanında

Borclu qalmayasan heç kim yanında

Bir deyənə iki cavab verəsən

Ata-ana çıraq bilə özünə

Qardaş-bacı dayaq bilə özünə

Qonum-qonşu maraq bilə özünə

Ad-san ilən dövranını sürəsən

Bir halal yol tapıb yola qulluq et

Üstünə gələndə qula qulluq et

Ömür bağçasına elə qulluq et

Bəhrəsini övladında görəsən

Ən yaxın dost olsun sənə ağılın

Üst-üstə yığılsın ağ gün, ağ ilin

Təpəsinə vurmayasan oğulun

Razı-razı kürəyinə vurasan

Qocalıqda hamı səni bəyənə

Bir kimsəni salmayasan ziyana

Övladların qulluğunda dayana

Nəvələrin qulluğunda durasan

Ən yaxın dostunu darda taparsan

Dinclik necə şeydi, gorda taparsan

Harda yaxşı söz var, orda taparsan

Sən Yaralı Bəxtiyarı arasan

10

Təcnis

Gəl sənə söyləyim ay qarınqulu

Ha zaman süfrəmi sərsəm iti gəl.

Hər işdə özünə xeyir güdürsən

Demərəm köməyə sərsəm, iti gəl

Keçib gedən ömür film idi, nədi?

Kiminsə sənədli filmidi, nədi?

Tamahın ölçüsü filmidi, nədi

İtirmə yönü gəl, sər-səmiti gəl

Həmən Bəxtiyaram, həmən Bəxtiyar

Həm ən bəxtiqara, həm ən bəxtiyar

Qaç, qaç beləsindən həmən, Bəxtiyar

Çıxartma başına sərsəm iti, gəl

news-inner-user

17209 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Bəy ailəsində doğulsa da kimsəsiz böyüdü, Cəfər Cabbarlı ilə sinif yoldaşı oldu, gözləri görməyə-görməyə tamaşa oynadı – Kinomuzun Rüstəm bəyi
16:30 05 Dekabr 2020
Ceyms Bondun tapançası satıldı
15:45 05 Dekabr 2020
“Humay” mükafatının qalibləri məlum olub
14:35 05 Dekabr 2020
Birinci arvadını öldürməklə fəxr edən adam – Eyvaz Əlləzoğlunun hekayəsi
13:30 05 Dekabr 2020
Hüseyn Caviddən gözəl bir qoşma - Günün şeiri
12:30 05 Dekabr 2020
Oskar mükafatının təqdimetmə mərasimi virtual keçirilməyəcək
11:15 05 Dekabr 2020
Həvəskar və peşəkar rəssamlar arasında rəsm müsabiqəsi keçirirlir
10:12 05 Dekabr 2020
Fuad Poladov: "Bir qız zəng vurub evimizə deyib ki, Fuadı Rostovda öldürüblər" - Müsahibə
09:01 05 Dekabr 2020
Beynəlxalq müsabiqədə şəhidlərimiz yad edildi - Ukraynada
20:05 04 Dekabr 2020
"Italyansayağı xoşbəxtlik" tamaşası onlayn nümayiş ediləcək
19:30 04 Dekabr 2020
Aydın sabahların dostu
18:56 04 Dekabr 2020
Sirlərin bədii və elmi sərgüzəştləri – Elçin yazır...
18:10 04 Dekabr 2020
Azərbaycanlı rejissor qəhrəmanlarımızdan film çəkmək üçün müraciət etdi
17:35 04 Dekabr 2020
Şəhid dənizçilərə kitab həsr olunacaq
17:10 04 Dekabr 2020
Xudayar Yusifzadə və bütün Şəhidlərimizin ruhuna: Vətən yaxşıdır
16:28 04 Dekabr 2020
"Ulduz" jurnalının yeni nömrəsi Qarabağa həsr olundu
15:46 04 Dekabr 2020
Bizim üçün ölümə gülə-gülə gedən 2783 adam
15:03 04 Dekabr 2020
Günel Eminlinin yeni kitabı işıq üzü gördü
14:19 04 Dekabr 2020
Kamal Abdulla: “Mənim üçün ad günü kədərli gündür” - Müsahibə
13:37 04 Dekabr 2020
Koronavirusa qarşı qələbə vaksini
13:01 04 Dekabr 2020