Bu kəndin kişiləri gündüzlər güldükləri şeyi gecələr edirlər

Bu kəndin kişiləri gündüzlər güldükləri şeyi gecələr edirlər
30 dekabr 2017
# 10:00

Kulis.az “Naməlum kino” layihəsində müxtəlif illərdə, fərqli janrlarda çəkilmiş iki qısametrajlı bədii filmi təqdim edir.

Bunlardan biri Cahangir Mehdiyevin 1980-ci ildə çəkdiyi “Vah” adlı komediyasdır.

Əhvalat cənub rayonlarından birində baş verir. Qoca İbrahim (Məmməd Əlili) arvadı (Cəvahir Bayramova) ilə oğlunu görmək üçün qonaq gedir. Kişi eşşəkdə, qadın isə onun arxasınca, çiyinlərində ağır xurcun piyada yola düşürlər. Onlar kəndin mərkəzində yerləşən çayxanaya yetişir, kənd əhli ilə hal əhval tuturlar. Bu dəmdə kənd sakinlərindən biri dəhşətlə “Baxın, kişi səhənglə gedir” deyə çığırır. Hamı çönüb bulaqdan su gətirən gənc kişiyə baxır, onu məzəmmət edir. Qarşıdan gələn səhəngli qadınlar da onu məsxərəyə qoyurlar.

İbrahim və arvadı bu mənzərəni məyusluqla qarşılayır.

Qocalar axşam oğullarının evində gecələyəndə gəlin (Həmidə Ömərova) ərinə (Arif Qasımov) bulaqdan su gətirməyi rica edir. Anası oğlunu arvadının sözüylə oturub-durmaqda qınayır: “Belə getsə arvada çevriləcəksən”.

Amma maraqlı hadisələr bundan sonra baş verir.

Məlum olur ki, kənddə bütün kişilər, hətta İbrahim belə arvadına kömək etmək üçün, camaat bilməsin deyə gecəylə bulaqdan su daşıyırmışlar...

Maraqlıdır ki, sovet dönəmində qadın haqları önə çəkilsə də bu, bir çox hallarda formal bərabərlik xarakteri daşıyırdı. Kolxozlarda, kəndlərdə fiziki işi əsasən qadınlar görürdülər, pambıq, üzüm, tütün və s. becərir, kişilər isə onlara rəhbərlik edirdilər. Həyətyanı təsərrüfat da ən çox qadınların çiynində olurdu.

Qadın və kişinin məişətdə yeri, ailədəki münasibətləri indi də gender, dəyişən dəyərlər çərçivəsində çox müzakirə olunur. İlk baxışda əhəmiyyətsiz görünsə də zaman-zaman problemlər ailədə boşanmaya da, daha ciddi konfliktlərə də gətirib çıxarır. Rejissor problemə komediya janrının sərhədləri daxilində baxış eləyir. Müəllifin yumoristik baxışı bir daha təsdiqləyir ki, istənilən problemə universal yanaşmaq mümkündür. Cahangir Mehdiyevin digər filmlərində olduğu kimi burada da musiqi həlli uğurludur, əhvalatın atmosferi ilə uyuşur.

Film yazıçı Xizgil Avşalumovun "Bulaq başında görüşlər" hekayəsinin motivləri əsasında çəkilib. Ssenari müəllifi Vladimir Fərəcov, operator Hüseyn Mehdiyev, bəstəkar Mobil Babayevdir.

Digər adı “Bıy” olan film "Azərbaycanfilm" və "Mosfilm" kinostudiyasının birgə istehsalıdır.

***

İkinci film Ənvər Əblucun 1973-cü ildə çəkdiyi “Dənizə çıxmaq qorxuludur” lentidir.

Mahiyyət etibarilə bu ekran əsəri sovet ideologiyasını təbliğ edir. Hətta film sovet dövlət xadimi Sergey Kirovun 1919-cu ildə Bakı bolşeviklərinə yazdığı məktubuyla başlayır. O, məktubunda ağların ordusuna qalib gəlmək üçün Həştərxana benzin gətirilməsinin vacibliyini qeyd edir.

Filmin qəhrəmanı qoca Ələsgər (Sadıq Həsənzadə) oğlu Murtuzun (Rauf Qəniyev) bolşeviklərə qoşulmasının əleyhinədir. Çünki Xəzər dənizinə nəzarət edən ingilislər və ağqvardiyaçılar Həştərxana benzin aparan qayıqlara mane olur, bolşeviklərə yardım edənləri həbs edir və ya qətlə yetirir. Ələsgərin oğullarından biri də bu səbəbdən həyatını itirib. Ona görə də o, Murtuzun həyatına görə narahatlıq keçirir.

Oğlunun israrını görüb onu təkbaşına getməyə qoymur. Murtuz atası və kiçik qardaşı Novruzla (Fərhad İsrafilov) birlikdə yola düşür. Yolda onları ingilislərin gəmisi dayandırır...

Əhvalatın dramatik, önəmli səhnəsi ata və oğulların ingilislərlə qarşılaşma səhnəsidir. Həmin səhnə saspens elementləri ilə yüklənib. Gərginlik yaradan detallar, iri planlarda həyəcanlı insan üzləri, təmkinli operator işi tamaşaçıda real iştirak effekti yaradır.

Ssenarini Vera Qonçarova, Ənvər Əbluc və Ramiz Fətəliyev birgə yazıb. Əsər Hüseyn Abbaszadənin eyni adlı hekayəsi əsasında ekranlaşdırılıb. Operator Fərəməz Məmmdəov, bəstəkar Xəyyam Mirzəzadədir.

# 3729 dəfə oxunub

Oxşar xəbərlər

"Keçmişimdən kimisə qucaqlamaq istəyirəm..." - Edamdan qurtulan Dostoyevski qardaşına nə söz vermişdi?

"Keçmişimdən kimisə qucaqlamaq istəyirəm..." - Edamdan qurtulan Dostoyevski qardaşına nə söz vermişdi?

12:00 11 noyabr 2026
Qəhvə taciri, silah alverçisi, kəşfiyyatçı, şair Artur Rembo - Homoseksual sevgilisi onu niyə güllələmişdi?

Qəhvə taciri, silah alverçisi, kəşfiyyatçı, şair Artur Rembo - Homoseksual sevgilisi onu niyə güllələmişdi?

14:00 10 noyabr 2026
O, ailəni, dini, dövləti və sevgini rədd edirdi – Bazarovun düşüncəsinin arxasında hansı filosof dayanırdı?

O, ailəni, dini, dövləti və sevgini rədd edirdi – Bazarovun düşüncəsinin arxasında hansı filosof dayanırdı?

14:00 9 noyabr 2026
Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə  mövzusunda yazılmış məşhur romanlar

Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə mövzusunda yazılmış məşhur romanlar

14:00 8 noyabr 2026
"Mən səni haralarda axtardım, balam?!" - Ömrün urasında yaşanan və yazılanlar...

"Mən səni haralarda axtardım, balam?!" - Ömrün urasında yaşanan və yazılanlar...

10:00 8 noyabr 2026
"Həyat bütünlüklə xatirələrdən ibarətdir?" - Tanınmış amerikalı psixiatrdan sitatlar

"Həyat bütünlüklə xatirələrdən ibarətdir?" - Tanınmış amerikalı psixiatrdan sitatlar

11:01 7 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər