news-inner
clock14:00 calendar-gray 02 Yanvar 2018 view-gray705 dəfə oxunub
view-gray705 dəfə oxunub

Sən onda yaman zalımdın - Şeirlə yazılan məktublar

Kulis.az İlham Qəhrəmanın müxtəlif illərdə yazdığı məktublar silsiləsini təqdim edir.

1

Ağ köynəkdə qan bəllidi,

Sən mənə köynəklik al al.

Ya sən məni heç oxuma,

Ya da əlinə dəsmal al.

Yenə o günlərə qayıt,

Dəsmalının küncün islat.

Xəbər göndər “gələcəyəm”,

Yalandan günü günə sat.

Gəlmirsən canın sağ olsun,

Təki sağ sorağın gəlsin.

Sarğısı dəyişir, nolar,

Yarama sarığın gəlsin.

Səndən qalan xatirələr

Dünyanın təmiz yeridi.

Sənin məhəbbətin canda

Qurumuş dəniz yeridi.

Qurumuş dəniz yerinə

Ovcumda su daşıyacam...

Məndən arxayın ol, həkim

Deyir ki, çox yaşıyacam.

Fevral, 1999

2

Sən olan yerlər necədi,

Buralar yaman tünlükdü.

İl ildən pis gəlir, gülüm,

Həsrətin yamangünlükdü.

Mənim halımı soruşma,

Göz yaşlarım bıldır-bıldır...

Sən gedəni heç bilmirəm

Bu il öldüm, yoxsa bildir?!

İlhamın dərdin sorsalar,

Deyərsən: yarası mənəm,

Üzübelə sinəsində

Dərdlərin sırası mənəm.

...Bəlkə sizə tərəf gəldim,

Axşam bulaqda olarsan.

Deyirlər İlham itibdi,

Gözdə-qulaqda olarsan.

May, 1999

3

Sən gedib qayıtmadın, mən

Öldüm, ölümdən qayıtdım.

Ölsəm canım qurtarmışdı.

Sənin əlindən qayıtdım.

Niyə bir sədan gəlmədi,

Mən də sədanı qaytarım.

Eşitdim naxoşlamısan,-

Gəlim qadanı qaytarım.

Lalə bağrıtək sinəmdə

Sevgimizin yeri getdi.

Gəlib baş çəkmədin, zalım,

Bu il yaman geri getdim.

Mənə də qıydılar, gülüm,

Bülbülə bıçaq çəkənlər,

Dəhnədən suyu döndərib,

Çəməndən çiçək çəkənlər.

Yaza çıxan sal buz kimi

Əriyən can dərdə yemdi.

İçim xarabaya dönüb,

İçimin bayquşu kəmdi.

Məni hara aparmısan?

Hələ də bilə bilmirəm.

Sevgidə elə azmışam, -

Özümə gələ bilmirəm.

Allah deyəndən demirdin,

Sən onda yaman zalımdın.

Məni məndən kim alardı?!

Mən səndən ucuz alındım.

Aşiqə səni sevməkdən

Dünyada üstün nə gələr?!

O gül sifətini görsəm,

Sifətim üstümə gələr.

Mən mən olum, sən də sən ol,

Hər gün ağlat, kirit məni.

Aləmə möcüzə göstər -

Gah öldür, gah dirilt məni.

May, 2001

4

Getməyə qatar olmadı,

Xəbərə çapar olmadı.

İstədim ki, özüm gələm,-

Canımda tutar olmadı.

Sevgi gəldi sirr gözündə,

Tutdum onu pir gözündə.

Ayrılıq bizə xurcundu,-

Hərəmiz də bir gözündə.

Ah çəkdik – aha baxmadı,

Yaşlı yanağa baxmadı.

Allah üzümüzə baxdı,-

Şükür, günaha baxmadı.

Durub gendən soruşsunlar,

Can evindən soruşsunlar,

Özüm yerimi bilmirəm,

Məni səndən soruşsunlar.

Gül gördüm, güllüyə gəldim,

Avdala, Şelliyə gəldim,

Yanına gələ bilmədim,

Havayı gülləyə gəldim.

May, 2001

5

Nə vaxt yadıma düşürsən

Canımın yeri ağrıyır.

Durnalar səni deyirdi:

Bir nazlı pəri ağlayır.

Bizə də bir damla düşdü

Ayrılığın dənizindən.

Mənim ağzımla öpərsən

Yalqızlığın nəm üzündən.

Dilim də gəlmir deməyə

Adamlar pisdilər, gülüm.

Altında görüşdüyümüz

Ağacı kəsdilər, gülüm.

Ta bu şəhərdə qalmadı

Bizim bir qarış yerimiz.

Bir evin ortasındadı

O əziz görüş yerimiz.

2002

6

Gəzirəm əlimyandıda

Səni gördüm deyən yoxdu.

Yerin üstə, göyün altda

Yerin-yurdun bəyəm yoxdu?!

Bir belə səni gözlədim

Əl məndən...

ətək gecikir.

Builki yaz eynən sənsən,

Yaz da sənintək gecikir.

Daha ölürəm - məhlədə -

Hay düşüb,

sən də haya dur.

Dirinə yiyə durmadın,

Dur gəl ölünə yiyə dur.

Aprel, 2003

7

Ey dil, sünbülündə sular oynasın,

Sən məndən döndüyün gündən ölürəm.

Məni güllələyib say öyrənirdin,

Bir! Durdum...

Beş! Durdum... mindən ölürəm.

Bir səndən o yan var, bir də bəri var,

Mənə nə eyləsən, eylə - yeri var...

Ölümə yox desəm dilim quruyar,

Mən səndən dirildim, səndən ölürəm.

Kim idi dar vaxtı çalırdı udu,

Gözümdən caladı, üzümü yudu.

“Öz əlim, öz yaxam” deyilən budu –

Mən elə sən idim, məndən ölürəm.

Noyabr, 2005

8

Məktubunu sən bilirəm

Gözümə təpirəm səni.

Günəş sudan öpən kimi

Uzaqdan öpürəm səni.

Sənsiz yaşamışam?!

Matam!

Gözəl adındı tək butam.

Adını tutmuşam şadam

Qoy şad olsun verən səni!

Ayrılıqlar nə yol qoyur,

Nə yol qoyur, nə hal qoyur?!

Sevgi yerində fal qoyur

Hələ də sevirəm səni.

27.10 2011

9

Mən səni görə bilmirəm,
Durnalar salam gətirər.
Bu bir durna sevgisidir,
Ayrısı yalan gətirər.

Mənim yaşda olan kişi

Bir yerdə çox dura bilmir.
Ürəyindən keçən olsa,
Adıyla axtara bilmir.

Mənə bir məktub yazasan,
Qırağına gül çəkəsən.
Qəfil böyürdən çıxasan
Saçıma bir əl çəkəsən.

Kiprik ilə qor götürdük,
Bu sevgidə oddan keçdik.
Sevgi körpüdü deyirlər –
Biz körpünün altdan keçdik.

Sən gün deyilsən, mən də buz,
Məni necə əridirsən?!
Su şüşədə sakit axır,
Məni də sən kiridirsən!

12. 06. 2012

10

Ürəyim atlanır birdən
Gəzib səni soraqlayım.
Tapım qıvırcıq telini
Barmağımla daraqlayım.

Gözün yadıma düşəndə
Varımdan yox olmağım var.
Boş arxa su dolan kimi
Gözlərimin dolmağı var.

Yaxında uzaq yerimsən
Könül sənin qürbətindi.
Haqqımda üçcə kəlmə de –
Sevdi həsrətlə yetindi.

Xəyallarım yüz don geyir,-
Hər gün bir dərzi tutarlar.
Xəyallarım gerçək olsa,
Görsələr bizi tutarlar.

05.02.2016

Oxşar xəbərlər

Xəbər lenti

"Aysel adını Azərbaycanda ilk dəfə mən qızıma qoymuşam" - Zahid Xəlillə müsahibə
21:01 22 Sentyabr 2021
Kitab və film eyni anda: “Rəngləri danışdıran adam”
18:59 22 Sentyabr 2021
Dünya şöhrətli rejissor komadan çıxdı
18:28 22 Sentyabr 2021
“Soyuq Günəş”in ssenaristi: “Yeni filmin çəkilişini başa çatdırdıq”
17:52 22 Sentyabr 2021
Fırlanmalısan - Hekayə-esse
17:22 22 Sentyabr 2021
İlk dərs günü məktəbdə necə biabır oldum?
16:36 22 Sentyabr 2021
Kiçik mətnə "böyük hesabla" uduzmaq - Kəramətin yeni romanını tənqid etdilər
16:01 22 Sentyabr 2021
Seymur Baycandan zəif olan gürcü yazarın dünya şöhrəti
15:10 22 Sentyabr 2021
Yeni poeziya almanaxı çap ediləcək - Əsər qəbulu başladı
14:25 22 Sentyabr 2021
Anamı ağlatdığım gün – Sərdar Amin yazır...
13:30 22 Sentyabr 2021
Məktəbə gəlməyə peşman olan əkiztayı, müəllimləri üçün darıxmayan uşaq, nəvəsindən bezmiş nənə – İlk dərs günündən reportaj
12:40 22 Sentyabr 2021
“Son günlər işdən qanıqara gəlirdi” - Qızı Fikrət Qocanın ölüm səbəbindən danışdı
11:49 22 Sentyabr 2021
Oğul, oğul, amandır! - Günün şeiri
11:14 22 Sentyabr 2021
Dərsin ortasında fıştırıq çalan şagird: Distant təhsildən reallığa
10:38 22 Sentyabr 2021
Məşhur aktyor vəfat etdi
10:18 22 Sentyabr 2021
Aktyor Elcan Rəsulov: “Afaq Bəşirqızı mənə dedi, çıx get burdan” – Müsahibə
09:00 22 Sentyabr 2021
Özündən 25 yaş kiçik qadınla evləndi, yoldaşının ikinci əri bütün şəkillərini yandırdı, məzarı hələ də bilinmir – Nəsibə Zeynalovanın atasının dramatik həyatı
21:00 21 Sentyabr 2021
Pekində beynəlxalq film festivalı başlayıb
18:55 21 Sentyabr 2021
Gənc yazarın ilk şeirlər kitabı nəşr edildi
18:15 21 Sentyabr 2021
Aqşin Yenisey: “Bu, milli biabırçılıqdır” – Müsahibə
17:47 21 Sentyabr 2021