Yollama, baxışlarını uzaqlara yollama... - YENİ İMZA

Yollama, baxışlarını uzaqlara yollama... - YENİ İMZA
27 dekabr 2017
# 11:32

Kulis.az “Yeni imza” layihəsindən Saqif Zeynalın yeni şeirləini təqdim edir.

İndi uzaqlardan

İndi uzaqlardan

Uzaqlardan bir qız gələ

Ayaqları gülə-gülə

Əlləri oxuya-oxuya

Nəfəsi sevgi qoxuya...

İndi uzaqlardan bir qız gələ,

Ahmet Kayanın sazının telində

Adamın qulağına

Sevgi pıçıldaya...

Sonra səssizliyə gömülə

Adamın qulaqları,

Paralana bir doğma öpüşə

Liman olmayan dodaqları...

Sonra ayağı məktublu quşlar kimi

Uçub gedə adamın ruhu

Uçub gedə o çapıqdan...

Uzaqları gözləmə

Bədənimdə çox soyutdum,

Çox soyutdum ayrılıqlar mərmisini.

Çox iriçaplı ayrılıqlara

Vətən oldu bədənim.

Əllərimlə tutdular,

Tutdular məni.

Əllərimlə vurdular,

Vurdular məni.

Əlim necə də ağır imiş, İlahi!

Kimsəni vurmaq üçün qaldıra bilmədim

Endi əllərim, öz başıma endi.

Ayaqlarımla çıxıb getdi gedənlər,

Məndən gedənlərin ayaqları olmadı.

Mən ayaqsızlığımın üstündə dayanaram düşündün...

Yollarımı da gözü dolusu verdim,

Verdim bütün yollarım sizin olsun, dedim

Gedin, gedin, ayağınız xeyrə işləsin...

Uzaqlara salladım baxışlarımı,

Kəsdilər, işığını kəsdilər.

Bir cüt quyuya düşdü gözlərim.

Yollama,

Baxışlarını uzaqlara yollama,

Gözləmə,

Bir də uzaqları gözləmə,

Gözləmə, qürbət bədənim...

Qaçqın iti

Quyruğunu bulamaz,

Hərdən yorğun-yorğun

Başını yelləyər,

Hürməzdi.

Heç mırıldamazdı da

Qapısını qoruyan itlərin yanında.

Elə bil bizimlə gəlməməli,

Həyətimizi yiyəsiz qoymamalı,

Qalıb düşmənlərə hürməli idi.

Hər gün bir az qocalırdı ağzından,

Hər gün bir az kədərli görünürdü qocalığından.

Qocalanda dünyanın ən yazıq canlısına çevrilirmiş itlər...

Öləcəyi axşam bir ağız ulamışdı.

Nənəm "Ay it, öz başını ye" demişdi.

Səhər öldüyünü biləndə ağlamışdı...

Qürbətdi vətən

Tanrım, gəl də bir sığal çək

Saçımın tumar yerinə.

Hicran ki var qoyub başın

Gözümün xumar yerinə.

Qəribə qürbətdi vətən

Boynuna minnətdi vətən

Yara düşübdü həsrətdən

Könlümün qubar yerinə.

Əllərimi göyə sərdim

Göz yaşımla gün becərdim

Neçə-neçə həsrət dərdim

Bir vüsal nübar yerinə.

Ta

Nə yaşasam indən belə

Nə yaşasam yarıdı ta.

Ömrün şanı ballanmalı

Vaxtım işçi arıdı ta.

Göz əriyib yaşa çıxır

Üz bərkiyib daşa çıxır

Dostun haqqı başa çıxır,

Üzüm haqqa sarıdı ta.

Ayrılığa dözərlər də

Qocaldıq da gözəllərdə...

Sevdiyimiz gözəllər də

Unudalı... qarıdı ta...

Gedər

Gedənlər xəbər salmaz

Yerindən durar gedər.

Baxmaz, ardına baxmaz

Nə yuva arar, gedər.

Udub içinə səsin

Yolun, izin, nəfəsin

O yar dərdin ölkəsini

Sinəmdə qurar gedər.

Ha haylayın, çağırın

Adamlar dalğın-dalğın...

Karvanlar yorğun-yorğun

İtləri yorar gedər...

Görüntünün olası içeriği: 1 kişi, yakın çekim ve açık hava

# 2210 dəfə oxunub

Oxşar xəbərlər

Can Xue, Enn Karson, Cerald Murnane, Mirça Kertaresku, Enrike Vila-Matas, Kristina Rivera Qarsa... - Nobeli kim qazanacaq?

Can Xue, Enn Karson, Cerald Murnane, Mirça Kertaresku, Enrike Vila-Matas, Kristina Rivera Qarsa... - Nobeli kim qazanacaq?

14:00 7 oktyabr 2026
"Tarix özünü  «baş abzas» elan edənləri yadda saxlamır..." - Hüseynbala Mirələmovdan Həmid Herisçiyə  cavab

"Tarix özünü «baş abzas» elan edənləri yadda saxlamır..." - Hüseynbala Mirələmovdan Həmid Herisçiyə cavab

11:00 7 oktyabr 2026
"Əgər xoşbəxtlik deyilən bir şey varsa..." - Sürgündə  yazan italyan yazıçı Natalia Ginzburq kim idi?

"Əgər xoşbəxtlik deyilən bir şey varsa..." - Sürgündə yazan italyan yazıçı Natalia Ginzburq kim idi?

10:00 7 oktyabr 2026
"Yaddaş, parçalanma və ayrılığın mümkünsüzlüyü..." - Sadra Abdollahi Hədiyyə Şəfaqətin romanı haqqında

"Yaddaş, parçalanma və ayrılığın mümkünsüzlüyü..." - Sadra Abdollahi Hədiyyə Şəfaqətin romanı haqqında

15:45 6 oktyabr 2026
Bədheybətlərlə empatiya qurmağı öyrədən yazıçı  Klayv Barker kimdir?

Bədheybətlərlə empatiya qurmağı öyrədən yazıçı Klayv Barker kimdir?

14:30 5 oktyabr 2026
"Başdan-ayağa qurama, karikatura, cansız, bədənsiz..." - Hekayə müzakirəsi

"Başdan-ayağa qurama, karikatura, cansız, bədənsiz..." - Hekayə müzakirəsi

15:00 1 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər