Aclığınız varsa çay için

Aclığınız varsa çay için
15 dekabr 2017
# 16:13

Bu gün Beynəlxalq Çay günüdür.

Çayın biri qaydadır

İkisi cana faydadır

Üçü nəsdi

Dördü bəsdi,

Çıxdı beşə

Vur on beşə

Çay nədir say nədir.....

Çay nədir? Çay bizim ən çox sevdiyimiz içkidir. Amma bir bölgəmiz var ki, çay deyəndə ağlımıza ilk o yer - Ordubad gəlir. Bəli, Ordubadda zarafatla deyərlər ki, aclığın varsa çay iç. Bu bölgənin harasına getsən səni tanıyıb-tanımadılar, əgər qonaq gəlimisənsə mütləq evə çay içməyə dəvət edəcəklər. Ona görə də bəzən sual yaranır ki, niyə məhz yemək üçün deyil də çaya çağırırlar? Və ya niyə ordubadlılar çayı bu qədər çox sevirlər? Bunu bu yerin insanlarının yemək vermək istəmədiyini deyərək simicliyi, yəni öz deyimləri ilə desək qırçılığı ilə izah edənlər olsa da, əslində bu heç də belə deyil. Azca araşdırma aparmaqla bunun şahidi ola bilərik.

Birinci qeyd edim ki, ordubadlılar çox mehriban, cana yaxın və qonaqpərvərdirlər. Yox, ordubadlı olduğum üçün onları təriflədiyimi zənn etməyin, bu həqiqətən də belədir. Hə, gələk əsas məsələyə... Niyə gələn qonağı çaya dəvət edirlər? Bu sualı verəndə bəzən yenə də zarafatla deyirlər ki, "iki çay bir yeməyə bərabərdir". Çay da deyib keçməyin ha. Bu süfrədə nələr olmur ki.... Bəzi yemək süfrələrindən daha zəngin və çeşidli. Ordubad mətbəxinin vaz keçilməzləri paxlava, şəkərbura, mürəbbələr, meyvə quruları, badam, qoz, püstə və təbii ki limonu, samovar çayı, həm də armudu stəkanda. Bu süfrəni görən kəs heç yemək də istəməz.

Ordubadlılar deyir ki, əgər evə qonaq gəldisə çay süfrəsi açmaqla, yemək hazırlamaq üçün vaxt qazanırıq. Birinci çay veririk ki, yol gəldikləri üçün dincəlsinlər və düşünməsinlər ki, qonağın gəlişinə məmnun deyilik. Çox qəribədir bir evə qonaq getdinsə çay içməmiş getməyi heç kəs düşünmür. Bir qayda olaraq ev sahibi də qonağı görən kimi çaydanı ocağa qoymuş olur. Hətta bəzən çayı tez verəndə deyirlər, tez verirsən ki, durub gedək. Yəni çay içmədən nə qonaq gedər, nə də ev sahibi qonağı çaysız buraxar.

Ordubadlılar çörək itirməzlər, biri ilə duz-çörək kəsdilərmi, bu ömürlük olur. Ona görə də bir çoxu deyir ki, qonağı çaya dəvət edirik ki, onun kim olduğunu, necə insan olduğunu bilək. Çay süfrəsində söhbət zamanı artıq bilirlər ki, bu qonağa yemək vermək olar ya yox. Onu da deyim ki, ən maraqlı söhbətlər də elə bu çay süfrəsi ətrafında yaranır. Ən müşkül məsələlər belə çay süfrəsi arxasında öz həllini tapır.

Siz ordubadlıların gəlinlik qızları çay süfrəsini bəzəməsinə görə bəyəndiklərini bilirsinizmi? "Filankəsin qızı elə bir süfrə açmışdı ki, süfrədə nə desən vardı" deyib elçi düşənlər az olmayıb. Zəngin süfrə ilə yanaşı mütləq burda cəldlik də önəmlidir. Ona görə də hər ordubadlının mətbəx şkafında əvvəlcədən hazırlanmış çay süfrəsi üçün nemətlər var. Elçi düşəndə ağsaqqallar "süfrəyə şirin çay gətirin ağzımızı şirin edək deyirsə" demək ki, qız evi razıdır. Qızın sözü veriləndən sonra "şirin çay" mərasimi başlayır ki, adətən oğlanın bibisi, xalasına çay verib əvəzində şirinlik alarlar.

Araşdırdıqca məlum olur ki, əslində "aclığın varsa çay iç" cümləsinin arxasında ən saf və təmiz duyğulardan irəli gələn səmimiyyət saxlıdır. Gələn qonaq narazı getməsin deyə bütün imkanlarını və ən önəmlisi qonaqpərvərliyini sərgiləyərlər. İnanmırsınız? Elə isə qonağımız olun... əgər aclığınız varsa....

Aytən Yusifova

# 2472 dəfə oxunub

Oxşar xəbərlər

“Vəhşi təbiətin super qəhrəmanları”  sərgisi açıldı

“Vəhşi təbiətin super qəhrəmanları” sərgisi açıldı

11:40 5 fevral 2026
Haaqa məktəbinin ən realist rəssamı - O, qohumu Van Qoqa nə öyrətmişdi?

Haaqa məktəbinin ən realist rəssamı - O, qohumu Van Qoqa nə öyrətmişdi?

11:30 5 fevral 2026
“Biblioqrafiyaşünas alim Nadir İsmayılov”  adlı sərgi hazırlandı

“Biblioqrafiyaşünas alim Nadir İsmayılov” adlı sərgi hazırlandı

11:20 5 fevral 2026
"Quran"ı əzbər bilən Qara Qarayev kimdir?

"Quran"ı əzbər bilən Qara Qarayev kimdir?

10:47 5 fevral 2026
"Netflix" BTS-in konsertini canlı yayımlayacaq

"Netflix" BTS-in konsertini canlı yayımlayacaq

10:25 5 fevral 2026
“Qış nağılı”  II Beynəlxalq Musiqi Festivalı başlayır

“Qış nağılı” II Beynəlxalq Musiqi Festivalı başlayır

10:23 5 fevral 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər