“Şəxsən mən ümidlə yaşaya bilmirəm” - "Aranfilm"dən REPORTAJ

<b>“Şəxsən mən ümidlə yaşaya bilmirəm” - "Aranfilm"dən <span style="color:red;">REPORTAJ </b>
15 dekabr 2017
# 13:08

“Zəlimxan Yaqubdan film çəkmərik” – “Aranfilm”dən REPORTAJ

“Aranfilm”in adını il ərzində baxdığım bir neçə filmdə görmüşdüm. Daha doğrusu, baxdığım bir neçə maraqlı bədii və sənədli filmin “Aranfilm” yaradıcılıq mərkəzinin istehsal olunduğunun fərqinə vardım. Həm də bu kiçik studiyanın bir illik fəaliyyəti ilə bağlı kiçik bir məlumatla rastlaşanda.

Quru məlumatdansa studiyanı görmək, işlə tanış olmaq yaxşı olar deyə, “Aranfilm”in yerləşdiyi binaya üz tutduq.

Binanın “Azərnəşriyyat”ı, “Azərbaycanfilm”i yada salan soyuq dəhlizinin hər hansı assosiasiyalar, yozumlar yaratmasına imkan vermədən otağa daxil oluram. Dəhlizin tam əksi. Otaqlar isti və işıqlıdır, qaynar ab-hava var.

“Aranfilm” Yaradıcılıq Mərkəzi bir il əvvəl ARB Aran televiziyasının nəzdində yaradılıb. Azərbaycanın folkloru, memarlığı, mədəniyyəti, tarixində iz buraxmış mühüm hadisələr və görkəmli şəxsiyyətləri haqqında bir çox sənədli filmlər burada istehsal olunub. Qurumun bədii rəhbəri kinorejissor Tahir Tahiroviçdir.

Qapıdaca rejissor dostumuz Yeganə Əbdülməmmədova ilə rastlaşıram. Deyəsən növbəti filminin çəkilişindən qayıdıb:

- Çoxdan burada işləyirsən?

- Bir az var. “Lider”də çalışırdım buna qədər.

- Bura necədir?

- Oooo… Çox azadam burada…

- Nə gözəl...

- Asudəçilik vermədinsə işçiyə, ona inzibati qaydalar tətbiq elədinsə… İşçi gəlib burada saatbasaat vaxtını keçirirsə, buna maaş yeri kimi baxır. Amma adam işini görübsə, ona rahatçılıq vermək lazım. Yaradıcı adamlardır bunlar. Sinoptiklər idarəsi deyil ki… - deyə Tahir Tahiroviç işçinin azadlığına haqq qazandırır.

Digər otaqda tanınmış kinooperator Rafiq Əliyev kinorejissor Babək Abbaszadə ilə növbəti filmin çəkilişləri üçün məsələləri müzakirə edir:

Rafiq Əliyev: Babək, sən bu səhnəni niyə parkda çəkmək istəyirsən ? Axı ora münasib deyil?

Babək: Müəllim, mən belə bir səhnəni Tofiq Tağızadənin filmində görmüşəm. Çox xoşuma gəlir.

Rafiq Əlliyev: Bilirəm, Tofiq sənin kumirindi.

O başda isə “Aranfilm” in redaktoru Orxan Fikrətoğlu deyəsən gələn il üçün tematik planları prodüser Qənirə Qurbanlı ilə müzakirə edir.

“Alatoran” jurnalından tanıdığım rejissor Nicat Qafuroğlu əlindəki Fuad Əbdürrəhmanov kitabını varaqlayır.

Montajçı Pərviz Səlimov filmin problemləri içində başını itirənə oxşayır. Hiss olunur ki, nəsə narazıçılığı var. Dəhlizdə deyinə-deyinə:

- Bu rejissor təsadüfən Siyavuşun yanında işləmiyib ki ? Heç olmasa “Dua”nı tapıb gətirsin...

- Ötən ilin sentyabrında 4 nəfərlə başlamışdıq. İndi on dörd nəfərik. – Tahir Tahiroviç bu çoxplanlı mənzərəni izah edir kimi söhbətə başlayır. Deyəsən, buradan o tərəfə artıq müsahibə olacaq.

- ARB Region TV-nin törəməsidir. ARB kimi fəaliyyətə keçəndən sonra İqbal müəllimlə düşündük ki, bir telefilm yaradaq. Bu da o vaxt idi ki, bütün kanallarda telefilmlər bağlanmışdı. Sənədli filmlər axı pul tələb edən sahədir. Veriliş kimi deyil. ATV-də “Vətən” yaradıcılıq birliyi 3 illik fəaliyyətindən sonra dayandı. Liderin Azərbaycan redaksiyası da dayandı. Azərbaycan televiziyasında və İctimai TV-də Telefilm və “Carçı” dövlətdən maliyyələşir. ARB televiziyası dövlətdən vəsait almır, buna baxmayaraq, biz “Aranfilm” yaradıcılıq mərkəzini yaratdıq. ARB Aranın nəzdində təsis olduğumuz üçün adını “Aranfilm” adlandırdıq.

Bu günədək istehsal etdiyimiz filmlərin sayı 25-ə çatıb.

- Tahir bəy, yəqin filmlər ARB televiziyasından sifariş olunur...

- Yox, ARB-nin nəzdində fəaliyyət göstərməyimizə baxmayaraq, bizə xüsusi sifariş olmayıb. Hamısı “Aranfilm”in təşəbbüsü ilə yaradılan filmlərdir. Bəzən İqbal müəllimlə mənim ortaq bir ideyamız olub və rejissorlarımıza təklif etmişik ki, gəlin bundan da film edək. Yeganə məsələn, Pərviz Rüstəmbəyov haqqında film çəkib təhvil verdi. Öz arzusu, öz ideyası idi. Uşaqlara da demişəm ki, azadsınız, kimin nə ideyası varsa, ortaya qoya bilər. Heyət seçimində gənclərə üstünlük verdik. Rejissorlarımız Nicat Qafuroğlu, Babək Abbaszadə, Yeganə Əbdülməmmədovadı. İki prodüserimiz var Qənirə Qurbanlı və Nicat Məmmədov. İki ofis menecerimiz var. Orxan Fikrətoğlu redaktorumuzdur. Kənardan da yetərincə rejissorlar dəvət edirik, film çəkirlər. Kamran Qasımov, Mübariz Nağıyev, Murad Muradov, Ayxan Əhmədov “Aranfilm”də film çəkiblər, Qulu Məhərrəmli, Arif Əliyev ssenarilər yazıb.

- Ümumiyyətlə, “Aranfilm” hansı layihələrə üstünlük verir? Prioritetlər nələrdir?

- Siz bizim filmləri görmüsünüz. Spesifik filmlərdir. Kinematoqrafiyanın tarixinə, qaranlıq qalmış, üstündən keçilmiş səhifələrinə işıq salan filmlər var. Məsələn Babək Abbaszadənin filmi var. “Ürək yaddaşı”, “Sonluğun izi ilə” belə filmlərdəndir. Pərviz Rüstəmbəyov haqqında, məsələn. Onun haqqında filmlər olmuşdu, amma dərindən araşdırılmamışdı. Bu filmi Yeganə çəkdi. Azərbaycanın ilk qadın Caz müğənnisi Tünzalə Qəhrəman haqqında elə yenə Yeganə xanım “Qızıl payız”ı çəkdi. Nicat Qafuroğlu Azərbaycan heykəltəraşlığı ilə bağlı iki film edib. İlk baxışdan portret görünsə də, bunlar portret mövzular deyil. Qaranlıq məqamları axtarmaqdır.

Prioritet dediniz. Kimsə gəlib Zəlimxan Yaqub, Bəxtiyar Vahabzadə, Səməd Vurğun haqqında portret film çəkmək istəsə biz bu layihəni götürməyəcəyik. Çünki bu insanların qaranlıq tərəfi qalmayıb. Amma Pərviz Rüstəmbəyov qaranlıq tərəfi qalmış insandır. Azərbaycan sirki haqqında üç film etmişik. Həsənağa Abbasquliyev - sirkdə 40 ildən artıq orkestrə rəhbərlik edib. Onun haqqında film etmişik. Biz Azərbaycan mədəniyyətində, tarixində incəsənətində izi olub, amma üzə çıxa bilməmiş, unudulmuş sənətçilər haqda film edirik.

- Bir də debüt filmə dəstək göstərmisiniz deyəsən. Aktyor Hikmət Rəhimovun filminə texniki dəstək verdiniz...

- Texniki dəstək başqa şeydir. Təəssüf ki, bunu qarışdırırlar. Hikmətin filmi “Aranfilm”in istehsalıdır. Filmin çəkilməsinə lazım olan hər şey ayrılıb və film çəkilib. İlqar Quliyevin “Qızıl diş” filmi də eynən elə. ARKİ-nin təşkil etdiyi müsabiqədə qalib gəlmiş ssenarisi var idi. “Arafilm”ə gətirdi. Film üçün yaradıcı heyət ayrıldı və bu ssenari əsasında film çəkildi. Yeri gəlmişkən, həmin qalib olan ssenarilərə müraciət edəcəyik. Bu gənclərə maksimum imkanlar yaratmaq istəyirik.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində kinorejissorluq, operatorluq fakültəsində təhsil alan, diplom işi çəkmək istəyib, amma şəraiti olmayıb çəkə bilməyən tələbələrə qapını açmışıq. “Aranfilm” olaraq tələbələrə dəstək verəcəyik. İndi “operatorluq”dan, “rejissorluq”dan gələn tələbələr var - onlar diplom işlərini burada çəkəcəklər.

- Tahir bəy, “Aranfilm”də çəkilən filmlər harada göstərilir, tamaşaçıya çatırmı?

- Ümumiyyətlə, bizim televiziyalar sənədli filmlərə ciddi yanaşmırlar. Televiziyada hər kəs reytinqdən danışır. Azərbaycan televiziyalarında reytinq kobud mənada bazar səviyyəsinə gətirilib. Reytinqi nə verir? Şou proqramlar. Məgər 9 milyonluq xalqın hamısının təfəkkürü budur? Cəmiyyət imkan yaradıb ki, şou-biznesdəkilər özlərinə şərait yaratsınlar. Çox əla. Efirləri də olsun, pulları da. Amma Azərbaycan televiziyaları ziyalıları da yaddan çıxarmamalıdır. Bəs televiziya niyə bu insanları düşünmür? Kimsə deyə bilər ki, televiziya müstəqil qurumdur. Razıyam. Axı televiziya həm də sosial institutdur. Sosial institutsa ancaq şou verə bilməz. Bütün ay ərzində toplasan iki saat, həftədə promtaymda 26 dəqiqə sənədli filmlərə vaxt ayırmaq olmaz? Deyirlər baxmırlar. Axı siz nə vaxt göstərdiniz baxmadılar? Bu reytinq Azərbaycan kinosuna, ədəbiyyatına, mədəniyyətinə belə zərbə vurur.

- Yəni, “Aranfilm”in çəkdiyi filmləri ARB-nin yox, başqa televiziyanın efirində görə bilmərik?

- Yox-yox, mümkün deyil.

- Niyə?

- Qısqanclıq elementidir. Heç bir kitabda adı olmayan filmləri tapıb ucuz qiymətə alıb efirdə ona saat yarım yer ayırırlar. Axı Zanussini, Polanskini, Nuri Bilgəni göstərmək də olar.

Kommersiya yolu ilə özünümaliyələşdirmə, televiziya kimi ideoloji silaha şamil edilə bilməz. Axı televiziya insan yetişdirir. Pul qazanmaq həvəsi ilə ideoloji öhdəlik reallığı da heç cür çarpazlaşa bilməzdi və bilmədi də. Reklamverən zövqü ilə xalqın mənəviyyatını formalaşdırmaq çox təhlükəlidir. Vətəndaş əylənə-əylənə, qapı deşiyindən maraqlı talelərə baxa-baxa ancaq telemaqnatların cibini doldurmur, həm də gələcək nəslin mənəviyyatını yaradır. Hansı formada ? Bunu yaxşı bilirsiz.

Demirəm ki, bütün televiziyalarda sənədli film studiyaları mütləq olmalıdır. Olsa yaxşı olar. Bu gün televiziyalar şou verilişlərin rəqabətinə keçiblər. 2000-ci illərdə televiziyalar bir-biriylə tok-şou və sənədli filmlərlə rəqabət aparırdı. Amma bu sənədli kinonun şou proqramdan fərqi odur ki, bu bir missiyadır. Yəni, biz buna qayğı göstərməliyik. Ciddi sənətə qayğı göstərməsən, o yaşamayacaq. Necə ki, kinostudiyada “Salnamə”, televiziyalarda isə “Azərbaycan”, “Vətən” redaksiyaları məhv oldu getdi.

- TVdən, gördüyünüz laqeydlik bunlar sizi ruhdan salır?

- Təbii ki. Amma bir də baxırsan ki, sən ömrünün 60-70 faizini artıq bu işə sərf etmisən. Üfüqdə nəsə görünə bilər, amma və lakin ora gedib çatmağa vaxtımız və imkanımız olmayacaq. Kino və televiziyalarımızda elə bil normal kontingent itib.

- Bəs bu çəkdiklərinizi kimə, hara hədəfləyirsiniz?

- Hədəf derkən?.. Bir var avtomobillə gedirsən; sağa-sola dönə bilirsən. Amma qatarla gedirsənsə, dəmir yolundan çıxa bilməzsən. Biz də özümüzü bu sənətə bağlamışıq və dəmir yolundakı kimi gedirik. Geriyə gedə bilmərik, sağa-sola yol yoxdur, hara qədər kömürümüz çatacaqsa ancaq irəli getməliyik. Amma bu yolda o qədər də ümidli deyiləm. Fatalist də deyiləm. Yolumuzu kəsməsələr belə, körpünü partladacaqlar. Şəxsən mən böyük mənada ümidlə yaşaya bilmirəm. Bu uzun yoldan nə qədər getsək qənimətdir.

- Hazırda hansı filmləriniz hələ ki, istehsal prosesindədir?

- İlin sonuna kimi istehsalda olan filmlərimizi yekunlaşdırırıq. Bunlar Pərviz Rüstəmbəyov, Rauf Əliyev, Sərdar Fərəcov, Ömər Eldarov haqqında filmlərdir. Bir də Qara Qarayev adına Mərkəzi İncəsənət məktəbinin 80 illiyinə həsr olunmuş filmdir. Gələn ildən çalışacağıq ki, qısametrajlı bədii filmlərin istehsalına başlayaq. İndiyədək iki qısametrajlı bədii film etmişik.

Birdə Ramil Ələkbərovla birgə yazdığımız ssenari əsasında çəkilən “Səssiz zaman” adlı tammetrajlı bədii film artıq yekunlaşdırılıb. Səslənmə, post-prodakşn işləri qalıb.

- Bildiyim qədər, “Aranfilm” teatr tamaşalarını çəkib arxivləşdirir.

- Kukla və Yuğ teatrına təklif etdim ki, tamaşaları çəkib arxivləşdirək. Belə bir imkanımız varsa niyə də etməyək? Bir neçə tamaşanı çəkmişik. Bu çəkilişləri də Film Fonda təqdim edəcəyik. Teatr tamaşalarının məşq, heykəltəraşların iş, və s. bu qəbildən olan prosesləri lentə almaq fikrindəyik. Tarix üçün....

# 2114 dəfə oxunub

Oxşar xəbərlər

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

Neftanaziya - Ana və üç qızının müəmmalı qətli

09:00 18 aprel 2024
Allah olmaq çətindir

Allah olmaq çətindir

10:00 11 aprel 2024
Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

Çəkiliş məkanlari üçün icazələr elektronlaşdırılacaq

09:30 9 aprel 2024
Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

Pozğun homoseksual yox, onun yaşadığı cəmiyyətdir

13:00 3 aprel 2024
Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

Kino haqqında qanunun təkmilləşdirilməsi üçün işçi qrupu yaradılır

10:17 3 aprel 2024
Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

09:01 3 aprel 2024
# # #