Həyat sənə bənzərmiş – YENİ ŞEİR

Həyat sənə bənzərmiş – YENİ ŞEİR
6 dekabr 2017
# 13:00

Baba Yaşaroğlu

mənim sevincim sənin

gülən gözlərindən başlayır, bilirsən

daha nə vaxta kimi,

qeyri-müəyyən şəxsli cümlələrdə

gizlədim səni, bacarmıram

bax, bir sevdadan digərinə, gerçəyinə

iki gün yol var, gəl

biri yaşanmış, biri yaşanacaq

ən yaxın günlərdə gəl

bu küləklərə bürünüb gizlincə şiddətli yağış ol

leysan ol, çök bu şəhərin üzərinə

amma torpağa dəymədən də əvvəl

ürəyimə baş çək,

sis dolu qış günlərində saflığınla sərinlət

damlalarınla susuzluqdan büzüşmüş

damarlarıma can ver, mənim xətrimə

gəlmək üçün səbəbmi axtarırsan,

bir öpüş üçün peşmanlığın qarşılığı

ikinci öpüş deyilmi

insan bir başqası olur sevərkən,

...arzularkən

bax, nə vaxtsa “səni sevirəm” deyə

utancaq və həyəcanlı bir səslə fısıldayan

bəzən də, göylərə eşitdirəcək qədər

kilsə zəngləri kimi çırpınan

başqa bir canlı varmı həyatda

bu labirint şəhərdə indi hansı ləpirlərlə addımlayım

hansı ötəri gülümsəmələrə inanım

səmimiyyəti mozaik təsvirlərlə bəzənmiş

o qədər mürgülü insan var ki

kimin qapısına dayanıb bir parça hüzur istəyim

bir vaxtlar, sarı qumsal bizim üçün bir dəftərdi

bizsə yazmağı yenicə öyrənən uşaqlar idik

səni “heç bitməsin” deyə arzuladığım

tənəfüs saatlarına bənzədərdim hər zaman

...dərs aralarında

bu nəyin təzminatıdır?

biləsən ki, getdiyin o gündən sonra

hər dəqiqəsini başqalarında qısqandığım

sənli, amma sənsiz düşündüyüm

24 saat da bəs etmir artıq

kimsə yerini doldurmur

sən demə rifahımızın sirri qanadlarında gəzərmiş

yəqin, sən həyatın özüsən,

həyat sənə bənzərmiş

amma adın qədər yaxınsan sanki

nadidə yoxuşlarda ayaq izlərin

pəncərəmdə şehli təbəssümün

hər anımda sən varsan

körpə nanə yarpaqları kimisən

xoşsan, təravətin dadında gizlidir

səvərək toxunmamaq da olmur

bu izahı mümkünsüz zövqlərə,

əvəzsiz yaşanmışlara şahidlik edən

başqa bir ürəksən sanki

adımın hərfləri ilə yaşayan, xoşbəxt

içimdəki ikinci bir ruh kimisən

...yaşamağa tələsirəm səninlə

boş vaxtımda məcbur qalıb bir dəfəlik

hərəmizin öz yerinə, radioları dinləyirəm

hərdən sözsüz, hərdən səsli

həsrət dolu bir ömürlük nəğmələri

ixtisarla beş dəqiqəlik

iki günlük intizarla dinləyirəm

oxşamaqdan yorulmayacağım gecələrimə dol,

damla-damla, arzularımdakı yerini tut

istirahət günlərində, bazar sabahlarında

rəngli lunapark xatirələrimə yazıl heç olmasa

Bax, sən demə,

bütün ürəkləri döyündürən sevda imiş,

neçə vaxtdır ki, mən nəfəs bilirdim

# 2601 dəfə oxunub

Oxşar xəbərlər

"Balkan ədəbiyyatının Qorkisi" - Hansı məşhur yazıçı onu ölümdən qurtarmışdı?

"Balkan ədəbiyyatının Qorkisi" - Hansı məşhur yazıçı onu ölümdən qurtarmışdı?

12:40 16 aprel 2026
"Gərək müəllif Zərrinin çiyninə dünyanın bütün dərdlərini yükləməyəydi" - Hekayə müzakirəsi

"Gərək müəllif Zərrinin çiyninə dünyanın bütün dərdlərini yükləməyəydi" - Hekayə müzakirəsi

15:00 15 aprel 2026
"Sartrın "Milçəklər”dəki azadlığı anarxikdir..." -  O, Tanrı haqqında nə yazırdı?

"Sartrın "Milçəklər”dəki azadlığı anarxikdir..." - O, Tanrı haqqında nə yazırdı?

13:00 15 aprel 2026
Poeziya, sevgi və intihar arasında Mayakovski... - Maksim Qorki onun haqqında nə yazmışdı?

Poeziya, sevgi və intihar arasında Mayakovski... - Maksim Qorki onun haqqında nə yazmışdı?

13:00 14 aprel 2026
Orxan Saffari özünü necə aldadır?

Orxan Saffari özünü necə aldadır?

11:07 14 aprel 2026
Fransa ədəbiyyatının usta təmsilçisi - Russo onun haqqında nə demişdi?

Fransa ədəbiyyatının usta təmsilçisi - Russo onun haqqında nə demişdi?

13:00 13 aprel 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər