Ən yaxşı gənc yazıçımız kimdir? – SORĞU

Ən yaxşı gənc yazıçımız kimdir? – <span style="color:red;">SORĞU
28 noyabr 2017
# 12:43

Azərbaycan ədəbiyyatında müstəqillik dövründən sonra nəsrdə yetişən bir çox maraqlı imzalar var. Hansı ki bu müəlliflər ədəbiyyatda sözünü demiş yazıçılardır.

Bu dəfə “Son illər nəsrdə yetişən ən yaxşı imzalar hanıslardır?” sualına yazarlaırn özləri cavab veriblər.

Yazıçı Səfər Alışarlı:

"Şərif Ağayar, Ayxan Ayvaz, Kəramət Böyükçül, Mirmehdi Ağaoğlu.”

Yazıçı Şərif Ağayar:

"İstedadlı imzalar çoxdur. Lakin ilk ağla gələn Mübariz Örəndir. Doğrudan da son illərin qeyri-adi imzasıdır. Onun mətnini oxuyanda elə bil nəğmə dinləyirəm. Sözbəsöz, cümləbəcümlə, möcüzə yarada bilir. Dil onun əlində bir ayrı effekt doğurur. Bəzi ladlar tanış gəlsə də ümumən yenidir, orijinaldır. Daha sonra Mirmehdi Ağaoğlunu qeyd edrədim. Xüsusən, onun mətni qurmaq bacarığı çox üstündür. O, yazacağı hekayəni, romanı öncədən bütöv şəkildə görə bilir. Daha bir nəsr hadisəsi Ayxan Ayvazdır. Ayxan nəinki hekayələrində, həm də reportaj və köşələrində yazıçı olduğunu göstərə bilir. Həm də zəhmətkeşdir. Öz üzərində işləyir, oxuyur. Ona inamım böyükdür. Başqa maraqlı imzalarımız da var. Mühit olsa, zəhmət çəksələr nəsə alına bilər.

Daha sonra bir az əvvəlki nəsildən Mübariz Cəfərli və Pərviz Cəbrayılın adını çəkməyə ehtiyac duyuram. Hələ neçə il əvvəl onlar məhz oxucuların görüşünə roman-kitabla gəlirdilər. Bu ənənəni demək olar ki, yaratdılar.”

Yazıçı Nəriman Əbdülrəhmanlı:

"Nəsrimizdə kifayət qədər sağlam ədəbi düşüncəsi olan, yetkinləşəcəyinə ümid bəslədiyim imzalar var. Onların gələcəyi öz əllərindədi, əgər özünü reklama yox, Sözə söykənsələr, uğurlu əsərlər yazacaqlar. Adlarını çəkmək istəmirəm ki, həsəd hədəfi olmasınlar. Amma iki imzanı istisna eləyirəm. Biri Haqq dünyasında olan Mövlud Mövluddu. Ədəbi yolunu düz gedirdi. Kritik həddə Heyif... 40 yaşından sonra daha mükəmməl əsərlər yaza bilərdi. Heyif ki...

İkincisi o kritik həddən sonra yazılarını üzə çıxarmış Mübariz Örəndi. Mübarizin nəsrində nəhəng yazıçı potensialı gizlənib. Əminəm ki, öz ətrafından təmizlənəndən sonra daha yaxşı əsərlərini oxuyacağıq.”

Şair Aqşin Yenisey:

"Mən nəsrimiz haqqında danışmaq istəmirəm, çünki həm özüm əsəbiləşəcəyəm, həm də dostları özümdən küsdürmüş olacağam. Bircə onu deyə bilərəm ki, nəsrimizdə heç bir yenilik yoxdur, hamı bildiyi əhvalatları yazır, həmişə olduğu kimi.”

Yazıçı Narıngül Nadir:

"Son illər şeirdən fərqli olaraq nəsrdə uğurlu imzalar çoxdur. Düşünmədən Mübariz Örənin adını çəkə bilərəm. "Ağ buludlar” povesti, mənim düşüncəmə görə, son illərin ən uğurlu əsəridir. Ayxan Ayvazın nəsri oxucunu sehrləyə bilir. Onun hekayələrini zövq alaraq birnəfəsə oxumaq olur. Şərif Ağayar, Hədiyyə Şəfaqət maraqla oxuduğum yazarlardı. Hər iki yazar psixoloji məqamları ustalıqla aça bilir, nəsrə poetik ovqat qatır. Gənc nəslə aid olmasa da Elçin Hüseynbəylinin adını çəkə bilərəm, romanlarını bəyənirəm. Siyahını uzatmaq, bir neçə imzanı da əlavə etmək olar... Ümumiyyətlə, məni nəsrdə daha çox üsluba önəm verirəm. Yazar nə yazdığından daha çox, necə yazdığının fərqində olmalı, nağıl etməyi, yeri gələndə təhkiyəni impravizə etməyi bacarmalıdır. Yuxarıda adlarını çəkdiyim imzalar üslubunu, təhkiyəsini formalaşdırmış yazarlardır.”

Yazıçı Mübariz Örən:

"Nəsrdə yetişmək məsələsi əslində çox mürəkkəb məsələdi. Bəlkə də belə bir anlayış heç yoxdu; nasirin "vegetasiya dövrü” bitmir. Texnoloji yeniliklərin insan beyninə "artan təcillə” nüfuz etdiyi bir vaxtda oxucunu mətnlə təəccübləndirmək olduqca çətin işdi. Tələblər daima yenilənir, çağdaş yazıçının bu tempə davam gətirməsi üçün təkcə istedad, mütaliə, müşahidə bəs eləmir. Daima yenilənmək – generasiya etmək qabiliyyəti! – nasirin əsas məşəqqəti bax burdadır.

Nasir əməyi Sizif əməyi kimi bir şeydi; - amma faydalı! - sənin zirvəyə çatdırdığın "daş”, görürsən ki, yeni açılmış bir zirvənin ətəyindədir...

Söhbət ən təzə "sizif”lərimizdən gedirsə, Şərif Ağayarı, Kəramət Böyükçolü, Ayxan Ayvazı tərəzinin bir gözünə, Qan Turalını, Mirmehdi Ağaoğlunu, Seymur Baycanı o biri gözünə qoyardım ki, daş-tərəzinin "ördək”ləri rahatca-arxayın öpüşsün.”

Şair, yazar Cəlil Cavanşir:

"Son illər Azərbaycan nəsrində diqqətimi çəkən imzaları qeyd edə bilərəm. "Ən yaxşı" və ya "yaxşıların yaxşısı" yarlıqlarını yapışdırmaq mənim işim deyil. Amma bizdən sonra gələn gənc imzalar arasında Ayxan Ayvaz, Çinarə Ömray, Ömər Xəyyam, İkinci Mahmud, Həmid Piriyev mənim üçün maraqlıdır.”

Yazar Səxavət Sahil:

"Mən düşünərəm ki Mübariz Örən, Qan Turalı, Kənan Hacı, Şərif Ağayar, Həmid Piriyev, Cavid Zeynallı, Ayxan Ayvaz, Ağa Cəfərli, Vüsal Nuru, Sayman Aruz kimi imzalar son dövrlərin ələdüşməz imzaları hesab oluna bilər.”

Yazar Sevinc Elsevər:

"Son illər deyəndə ən yaxın beş ili götürmək olar. Şəhriyar del Geraninin, Ayxan Ayvazın, Kəramət Böyükçölün, İkinci Mahmudun, Mübariz Örənin, Ömər Xəyyamın adını çəkmək olar. Bu müəlliflərin hərəsinin ən azı 2-3 hekayəsini, bəzilərinin bütöv kitabını oxumuşam. Elə dünən İkinci Mahmudun " Ümid arısı" kitabını oxuyub bitirdim. Demək olar, 2 günə oxudum. Maraqlı idi. Ondan əvvəl Ayxanın " Buri" sini oxumuşdum. Kitab haqqında düşüncələrimi burda deməklə olmayacaq. Tənbəlliyin daşını atıb yazı yazmaq olar o kitab barədə. Kitabda bir neçə hekayə vardı ki, təəssüratını ölüncə unutmaram. Oxucu üzərində uzun müddət qalıcı təsiri var o hekayələrin. Ümumiyyətlə, yeni nəsil maraqlıdı, öz üzərlərində işləyirlər, xarici ədəbiyyatı, mətbuatı izləyənləri də var. Vəziyyət yaxşıdı.”

Yazıçı Kənan Hacı:

"Bir az düşünmək lazım gəlir. İlk öncə ağlıma Şərif Ağayar gəlir. Şərif son illərin ən uğurlu yazıçılarından oldu. Gənclərdən Kəramət Böyükçölü deyə bilərəm. Heyf ki, jurnalistika onu yeyib-tükədir. Onun "Çöl" və "Səkkizinci gün" romanları kifayət qədər ciddi əsərlərdir. Mübariz Örənin adını çəkə bilərəm. Gec gəlsə də öz imzasını təsdiq edə bildi. Mübariz stixiyası olan yazıçıdır. Səxavət Sahilin "İsanın qadını" romanı yanaşma baxımından nəsrimizdə yenidir. Səxavətdən çox ciddi əsərlər gözləyirəm. Mirmehdi Ağaoğlu var, Ayxan Ayvaz var. Son illərdə onların bir-birindən maraqlı hekayələrini oxumuşam və hesab edirəm ki, onlar artıq peşəkar nasirdirlər.”

Yazar Günel Natiq:

"Nəsrdə orijinallıq əsas olmalıdır. Elə əsərlər var ki, çox təriflənir, amma oxuyanda görürsən ki, mətnin alt qatı yoxdu, hər şey zahirdə baş verir. Məna boşluğu var və oxucu yazını oxuyub qurtardıqdan sonra o boşluğu öz içində hiss edir. Bu çox qıcıqyaradan bir hisdir, belə kitabları oxuduqda mənim enerjim tükənir, əsəblərim gərilir. Bəlkə də zəif mətn qədər mənə əzab verən, əsəbiləşdirən ikinci bir nəsnə yoxdur. Bu mənada yaxşı əsərlər enerji verir, beynimə yeni informasiyalar yükləyir.

Məncə ədəbiyyat nümunəsi güclü hislər doğurmalıdır. Elə hislər ki, oxucunun ön yarğılı münasibətini üstələsin. Şərif Ağayarın "Arzulardan sonrakı şəhər”i və "Gülüstan”ı belə dərin hisslər doğurur. Yazıçı insan ağrıları haqqında sakit bir tərzdə yazır və bu sakit ağrılar müharibə mövzusunda yazılan əsərlərin fəryadından daha çox yadda qalır. Son illərdə yaranmış uğurlu əsərlərin müəllifi kimi Kənan Hacını qeyd edərdim, Kənan bəyin əsərlərinin (Məsələn, "Çəhrayı qan”, "Fironun dəftəri”) dili orijinaldır, təzədir, müəllifin tanış deyimləri yeni tərzdə ifadə etmək özəlliyi var. Son illər nəsrdə yetişən ən güclü imzalardan olan Mübariz Örənin "Balıq gülüşü” son illərdə yaranmış ən yaxşı əsərlərdən biri sayılır. Həmid Herisçi özünü təsdiqləyən imzalardandır. Rasim Qaraca nəsrdə də öz sözünü uğurla deyir. Təranə Vahidin uğurlu hekayələri var, Kaşğarlı mükafatını qazanmış "Mən toz dənəsiyəm” hekayəsi çox təsirlidir və hər zaman aktuallığını saxlayacaq. Son illərdə yetşən ən güclü imzalardan biri Qismət Rüstəmovdur. Qismət Rüstəmovun hər bir essesi bir təkrarsız nəsr hadisəsidir. Alpay Azərin, Ayxan Ayvazın hekayələrini oxuyuram, maraqlı nümunələrdir...

Gənc nasirlərin əksəriyyətinin yazılarını tam dolğun və yeni hesab etmirəm. Məncə yazmağa tələsirlər.” /adalet.az/

# 1666 dəfə oxunub

Oxşar xəbərlər

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
Seymur Baycanın qulağından uzaq

Seymur Baycanın qulağından uzaq

15:00 9 aprel 2024
#
#
# # #