Aqil N.Quliyevin əmisi kimdir? – Məqsəd Nurun hekayəsi

Aqil N.Quliyevin əmisi kimdir? – <span style="color:red;">Məqsəd Nurun hekayəsi
9 noyabr 2017
# 16:30

Kulis.az Məqsəd Nurun “Əmi” hekayəsini təqdim edir.

(V. Sınaqlar silsiləsindən)

Bu erkək tut ağacının altında ölüb-qalmaq xəcalətdi...

***

"Aqil N.Quliyev" - ona dostları belə deyirdilər. Hamı onu tanınmış rejissor Aqil M.Quliyevin əmisi oğlu bilirdi. Özünə də belə sərfiydi: qoy paxıllansınlar. Amma onun əmisi vur-tut bənnaydı və indi Aqil N.Quliyev erkək tut ağacının altında qan qusarkən bənna əmisinin mümkün qədər tez buraya - yanına gəlib-çatmağını istəyirdi. Əlbəttə, məşhur rejissor Aqil M.Quliyevin də əmisi bənna ola bilərdi - burda ayıb nə var ki? Amma Aqil N.Quliyevin əmisi onunçün xüsusi bənnaydı. Birincisi, 1992-dən qoyub-çıxdıqları Qaragüney kəndinin bütün evləri əmisinin ustalığıynan tikilmiş, ikincisi də əmisi ona qaçqınçılıqdan sonra atalıq eləmiş, o da əmisinin hesabına müharibədə itkin düşmüş atasının yerdə qalan iki yetiminə gün ağlaya bilmiş, özünü də əməllicə tutmuşdu - hətta, Bakının Qala kəndində özünə bir ev tikdirib anası, bacısı Nigar və balaca qardaşı Qabillə özcə damının altına sığına bilmişdi. Əmi onunçün hər şeydi! Hardadı bə, niyə yetmədi, niyə tapılmadı əmim, ay Allah!

***

Tutun da erkəyi olarmış - yəni meyvə gətirmirmiş: barama üçün yarpaq, kölgəlikçün çardağ olurmuş. Əgər Aqil N.Quliyev çox erkən yaşında, bacısı və qardaşıynan anasının sinəsinə sığınıb qorxudan gözlərini bərk-bərk yumaraq Qaragüneydən qaçıb çıxmaseydı mal-heyvan, ot-ələf, bağ-dirrik barədə eşidib-bildikləri lap çox olardı. Amma nə indi - erkək tutun dibində qan içində qaldığı anlarda, nə də bu xaraba şəhərdə keçirdiyi on səkkiz ildə Qaragüneydəki hər hansı bir tut ağacı barədə söhbət eşitməmişdi. Olseydı, nətərsə qulağına dəyərdi: Qaragüney barədə kəndçilərindən elə şeylər eşidirdi ki, (alma, armud, at, eşşək, poçt, Rizvanın dükanı) ona yuxu kimi gələn xatirələr bu eşitdiklərinin hesabına yaddaşında bərpa olunurdu. Yaxşı ki, bu iyirmi altı yaşında kəndçilərindən uzaq düşmədi - o da əminin hesabına... Hardasan ay əmi, axı mən əldən gedirəm, zalım əmi!

***

- Sənin canında düşmənin əksi yoxdu... bu hər kişidə olmalıdı... əgər gözlərinin ağında düşmənin şəkli görükmürsə, deməli sən oğraşsan... bax, dirəşmişəm gözlərinin içinə, orda özümü görürəm, amma düşmən görmürəm... sən mənim düşmənimsən, atam da... - deyib üzünü yana tutub əlindəki qalın pivə fincanın dolu içini axıracan sümürən əmisioğlu Zaza (əsl adı Zaurdu) bir az əvvəl Aqil N.Quliyevlə erkək tutun altında - "Çəllək" kafesində oturub söhbətləşirdilər.

- Sənin bu qədər tədbirli olmağın atama oxşayıb... gərək mən əmimin, sən də atamın oğlu oleydin... o vaxt əmimnən geri - Qaragüneyə mal-qaranın dalınca getseydin, indi bəlkə də əmim sağ qalardı, siz də atamnan bu nəslin başında otura bilməzdiz - deyə Zaza səsinin kobud yerində danışır və eləbil bu tonda da Aqili qarğıyırdı.

...Guya Zaza ondan danışırdı ki, əgər Aqil atasıyla geri - Qaragüneyə qayıtsaydı, onu yolundan qaytarardı, ya da atası özü Aqilin xətrinə geri dönərdi. Mühasirə vaxtı qırağa çıxsalar da Qaragüneydə qoyduqları beş-on davara görə təzədən geri dönərək özünü erməninin ağzına atıb orda it-bata düşməzdi.

***

- Zaza əmisiqızının yolunda canını verər! - deyə özündən çıxdı və iki dəfə sinəsinə döydü. Qız da onu sevir. Hamısı - Zaza da, Nigar da, Aqil də bir qabda yeyib böyüyüblər, bəs indi nooldu? İndi atayla əmioğlu iki gəncin arasında qaratikən koludu...- Bəs beynim çönsə, Nigarı götürüb qaçsam, neyniyə bilərsiz axı?!- Zaza bu dəfə ayağa durmaq istəsə də Aqil onu çiynindən basıb aşağı oturtdu və əlini yellədib pivə istədi, həm də ətrafın onlara göz qoyduğunu sezib sinirləndi...

Hətta istədi ki, qalalı qızı Dilbərxanım həmişəki kimi mətbəxdən çıxıb onlara baş çəksin, zarafatlaşsın, bir az da şəhərə daraşmış kəndçilərə mərifət öyrədə bilmədiyini deyib araya bir söz, stola isti qutablar atsın.-... qurban olasız Nigarın qiryətinə, o mənə yeri gələndə siqaret pulu da verir, sevir də... sizi yerə vurmamaqçün mənə qoşulub-qaçmır, bilirsiz? Amma o da bezəcək... atama de, qoy bilsin! - Zaza həm əmiyə, həm də yeri gəlmişkən Aqilin özünə xox gəlirdi.

Bu sözləri eşidəndə Aqil atası üçün bərk darıxdı - indi onun sağ olmağını, ya da onunla geri - Qaragüneyə qayıdıb erməni cəngində it-bata düşməyini bərk istədi.- Nigar sənə pul verməməlidi, onu öldürrəm... o elə bilir sən yönnü bir adamsan. Bilmir ki, haramzadasan. Bizim evdən nəşəyə pul çıxmamalıdı... - Aqil sakitcə dedi.- Niyə, haramçılıxnan qazanmırsız? - Zaza gözlərini bərəltdi - Atam da, sən də o yazıq Yaqub müəllimin tikintisini somurub bura satdığa daşımırsız?! Atam namaz qıla-qıla ona çörək verən adamın malını oğurlayır...- O "yazıq" dediyin adam özü bunu istəyir, hökümətin malıdı, bizim əlimiznən iş görür, o da öz anlayışıyla belə pul qazanır...- Onda gedib özündən soruşarıq görək...- Bəsdi... - deyə Aqil yenə Dilbərxanımın mətbəxdən çıxıb yanına gəlməsini arzuladı və hətta başını döndərib onu erkək tutun altına çağırmaq istədi.- Sizə bir həftə vaxt verirəm, Nigarla mənə xeyir-dua verməsəz, Yaqub müəllimin yanına gedəcəm, sonra da Nigarı götürüb itəcəm...

***

"Çəllək" kafesində "İnqilab" küçəsinin tikinti topdansatışçıları yığışır. Burda hamı bir-birini tanıyır, sövdələşir, pul alıb pul verir, pivə içib yemək yeyirdi. Qalalı qızı Dilbərxanım bu kafenin mətbəxində o qədər dadlı yeməklər və qutablar bişirir, hər kəslə elə ərklə danışır və ortalığı elə şənləndirirdi ki, hətta az danışan qarabaq əmi də bura gələndə bu ötkəm, şirindil cavan qıza bir-iki kəlmə xoş söz deməkdən vaz keçmirdi. Bu erkək tut da kafenin iri həyətində elə bir yerdədi ki, azca hündürdədi - indi, Aqil N.Quliyev qan qusarkən, həm cibinin dərinliyindəki pulqabını çıxarıb neçə illərdi xırda kağızların arasında saxladığı, kənddə birgə çəkdirdikləri rəngli şəklə baxmağa, həm də qarnının bir neçə yerindəki bıçaq deşiklərinin üstündəki nəm qabsilən dəsmalları sıxıb, axan qanını dayandırmağa çalışırdı.

# 1274 dəfə oxunub

Oxşar xəbərlər

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

Şəms Təbrizini kim öldürdü? - Bir qeybin anatomiyası

12:00 19 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
Adamın buna kitab deməyə dili gəlmir...

Adamın buna kitab deməyə dili gəlmir...

12:30 15 aprel 2024
Onlar üçün müqəddəs heç nə yoxdur...

Onlar üçün müqəddəs heç nə yoxdur...

17:00 10 aprel 2024
Bu mətnin niyə qələmə alındığını başa düşmədim

Bu mətnin niyə qələmə alındığını başa düşmədim

14:28 10 aprel 2024
Seymur Baycanın qulağından uzaq

Seymur Baycanın qulağından uzaq

15:00 9 aprel 2024
# # #