news-inner
clock09:00 calendar-gray 30 Oktyabr 2017 view-gray639 dəfə oxunub
view-gray639 dəfə oxunub

Kommunist partiyasının sədri: “Stalinin ad gününü qeyd edirik” – SÖHBƏT

Kulis.az Azərbaycan Kommunist Partiyası Mərkəzi İcraiyyə Komitəsinin sədri Hacı Hacıyevlə müsahibəni təqdim edir.

- Hacı müəllim, partiyanızda hansı əlamətdar günləri qeyd edirsiniz?

- Azərbaycan Kommunist Partiyasının proqram və nizamnaməsi var. Hər üç aydan bir partiyanın nizamnaməsinə uyğun olaraq tədbir keçirməli və əlamətdar günləri, tarixi hadisələri qeyd etməliyik. Biz də hər üç aydan bir geniş plenumlar keçiririk. Bu geniş tədbirlərdə rayon təşkilatlarımızın üzvləri də iştirak edir. Tədbirlərdə partiyanın qarşısında duran vəzifələr, partiya işi, yerlərdə partiya üzvləri qarşısında duran vəzifələr və sair bu kimi məsələlər müzakirə edilir.

- Bu tədbirlərə sovet dövründə keçirdiyimiz əlamətdar günlərin hamısı daxildir?

- Bəli. Demək olar ki, həmin əlamətdar günlərin hamısını qeyd edirik. Ola bilsin həmin əlamətdar gün plenuma düşməsin, ancaq partiyanın rəyasət heyətinin aylıq tədbir və iclaslarında olsa belə qeyd edirik. Biz partiya olaraq öz işimizi marksizm-leninizm üzərində qururuq. Həmin iclaslarda 1 Mayı da qeyd edirik, 9 Mayı da.

- 28 Apreli necə qeyd edirsiniz?

- 28 Apreli də qeyd edirik. Eyni zamanda Nəriman Nərimanovun ad gününü qeyd edirik və əzəmətli heykəlinin qarşısına əklil qoyuruq.

- Leninin ad gününü də qeyd edirsiniz?

- Bəli. Leninin, Stalinin, Marksın və Engelsin ad günlərini qeyd edirik.

- 28 Apreli - XI Qırmızı Ordunun Azərbaycana gəlişini qeyd edirsiniz. Ancaq bu günü indi biz işğal kimi qəbul edirik.

- Mən sizinlə razıyam. Tarixi bilməyənlər, ümumiyyətlə nə baş verdiyini dərk etməyənlər XI Qızıl Ordunun gəlişini işğal adlandırırlar. Ancaq XI Qızıl Ordunun keçdiyi tarixi bilən yoxdur. XI Qızıl Ordu Denikinin ağqvardiyaçı dəstələrini qova-qova gəlib Qafqaza çıxmışdı. Denikin Azərbaycana gələn dəmir yolu xətlərini kəsmişdi. Bakının ərzaqla bağlı böyük problemi var idi, aclıq idi. Özü də XI Qızıl Ordu deyəndə elə bilirlər təpədən-dırnağa silahlanmış müntəzəm ordu olub. Xeyr! XI Qızıl Ordu fəhlə-kəndlilərdən təşkil olunmuşdu. Onun tərkibində eləsi vardı yabayla gəlmişdi.

- XI Qızıl Ordu Yalamada qırğın törətmişdi. Bu barədə jurnalist Arif Əliyevin araşdırması da var. Yalamadakı o qırğında 350-dən çox azərbaycanlı öldürüldü.

- Neçə il tarix oxumuşam belə şeyə rast gəlməmişəm. Deyirlər guya, XI Qızıl Orduya müqavimət göstərilib. Heç bir müqavimət olmayıb. Siz o dövrdə bu coğrafiyada baş verən hadisələrə baxın. Türkiyənin tarixdən silinməsi məsələsi vardı. Atatürk Leninə məktub yazaraq ondan yardım istəyir. XI Qızıl Ordu da Leninin göstərişi ilə Azərbaycandan keçib Türkiyəyə köməyə gedirdi. Tərkibində inqilabçı türklər də vardı.

- Nəticə budur ki, ordu Türkiyəyə getmədi, Azərbaycanda qaldı.

- Türkiyəyə silah ötürdülər. Atatürk Nərimanova məktub yazır ki, qardaş ölkəyə borc ver. Nərimanov da ona cavabında qardaş qardaşa borc verməz, kömək edər, biz də sizə kömək edəcəyik deyir. Beləliklə əhalidən qızıl yığılıb Türkiyəyə göndərilir. Gəlin Atatürkün Türkiyəsi ilə Osmanlı İmperiyasını qarışdırmayaq.

- Siz XI Qırmızı Ordunu işğalçı hesab etmirsiniz?

- Etmirəm.

- O zaman Azərbaycan Demokratik Cümhuriyyətinə münasibətiniz necədir?

- Bilirsiniz, Azərbaycan Cümhuriyyəti müəyyən tarixi zərurət kimi ortaya çıxıb. Bəzi məsələlər var, mən onlara toxunmaq istəməzdim. Az qalıb, yenə mart hadisələri gələndə başlayacaqlar ki, ermənilərlə bolşeviklər qırğın saldı. Bəzi yalançı tarixçilər də çıxıb bu qırğında bolşeviklərin rolunu guya üzə çıxaracaqlar. Ancaq bolşevik partiyası olaraq demək istəyirəm ki, bolşeviklər milli məsələdə heç vaxt ayrı-seçkilik salmayıblar.

- Tarixi faktlar sübut edir ki, 31 Mart soyqırımının törədilməsində ermənilərlə yanaşı bolşeviklər də iştirak ediblər.

- Əzizbəyov başda olmaqla bolşeviklər çalışıblar ki, milli qırğın olmasın. Bu milli qırğını toqquşdurmaq istəyən maraqlı qüvvələr olub. O dövrdə Bakıda ingilis general Tompson oturmuşdu, özünü Bakının general-qubernatoru elan etmişdi. Onun icazəsi olmadan Bakıda bir güllə də atıla bilməzdi.

- Hacı müəllim, Sovet hökumətinin yenidən qurulacağına inanırsınız?

- Klassik kapitalizm dövlətlərinin özündə görürsən ki, sosial yönümlü partiyalar irəli çıxır, hakimiyyətə gəlir. Mən əminəm ki, dünyada sosializm qalib gələcək. Əmin olmasaydım partiya sıralarında olmazdım.

- Partiyanızın qərargahında hər şey keçmiş sovetlər mühitini xatırladır, sovet atributları bura yığılıb, hər tərəfdə Leninin büstləri, bayraqlar, gerb. Heç masanızın üstündə kompüter də yoxdur. Mənə elə gəldi ki, sovet nostalgiyasını yaşamaq, gündəlik problemlərdən qopmaq üçün bura toplaşırsınız.

- Bəlkə də sizin üçün belədir. Bilirsinizmi, sovet dövründə çoxlu səhvlər olub. Biz o səhvləri də araşdırıb öyrənirik. Burda ciddi işlərlə məşğul oluruq.

- Divarda asılmış oraq-çəkic nişanını görürəm. Əvvəlki oraq-çəkicdən fərqli olaraq bu loqoda qələm də var.

- Sovet hökuməti fəhlə-kəndli birliyidir. Sonra ziyalılar da onun yaranmasında rol oynadılar. Biz də loqoya qələmi əlavə elədik. Bu loqo Azərbaycan Kommunist Partiyasının simvoludur.

- Sovet dövrünün ən çox hansı illəri üçün darıxırsınız?

- O dövr keçib-gedib, ancaq deyim ki, indi insanlarda əvvəlki ruh yoxdur. O zamanlar əməyə münasibət başqa idi. Ən çox yetmiş-səksəninci illər üçün darıxıram. Fəhlə ailəsindən çıxıb Bakıya oxumağa gəldim. Burda qalıb işlədim, sonra da heç nəsiz həmin təşkilata rəhbər vəzifəyə gətirildim.

- Yoxsul insanların sovet hökumətinə qarşı çıxışını görəndə nə edirsiniz?

- Bəlkə kimsə deyə bilər ki, o dövrdə bizi yaxşı yaşamağa qoymurdular. Ancaq sizə bir şeyi deyim ki, bu quruluş fəhlə-kəndli quruluşu idi. Fəhlə haqlıdır-haqsızdır söhbəti getmirdi, fəhlə gəlib şikayət edirdisə onun istəyi təmin olunurdu. Çünki quruluş onun idi. Deyirlər, o dövrdə deputat fəhlə, sağıcı idi. Axı quruluş onun idi, o deputat seçilməli idi də.

- Sovet dövründə dinə münasibət necə idi bilirik? Bəs indi sizin partiyada dinə münasibət necədir?

- Sovet dövründə səhvlər olub. Ancaq dinə qarşı birbaşa mübarizə olmayıb. Dini fanatizmə, avamlığa qarşı mübarizə olub. Bizim üzvlər arasında namaz qılan da, oruc da tutan da var. Dini inancına görə bizdə heç kəs tənqid olunmur. Partiya üzvlərimizə elə bir qadağa qoyulmayıb.

- Hacı müəllim, indi arxivlər açıldıqca məlum olur ki, Stalin əslində xalqların atası deyilmiş, əksinə qaniçən diktator imiş...

- Sizin Stalin haqqında təsəvvürünüz yoxdur, indiki tarixə əsasən danışırsınız. Yenə deyirəm, kommunist partiyanın etdiyi səhvlər vardı, partiya kimlərə qarşı səhvlər etmişdi, həmin adamlar bəraət alıb.

- Bəraətlə iş bitmir axı. 37-ci il repressiyalarında neçə-neçə ziyalımız, xalqımızın dəyərli övladları sürgün olundu, məhv edildi.

- Biz özümüzü dünyanın ən humanist partiyası hesab edirik və bu istiqamətdə də iş qururuq. Kiminsə burnunun qanamasında da israrlı deyilik. Qaldı ki, Stalinin düşdüyü dövr, o çox mürəkkəb dövr idi. O zaman Stalin yumşaq davrana bilməzdi. Rəsulzadənin Stalin barədə xatirələri var. Orda yazır ki, Volqaboyu taxıl zəmilərini ağqvardiyaçılar, qolçomaqlar yandırmışdı, mən inana bilməzdim ki, onlar bu iqtisadiyyatı yenidən dirçəldə bilərlər. Ağqvardiyaçılar bir yandan, xarici düşmən digər yandan, 14 dövlət Rusiyanın üstünə düşmüşdü. Belə bir zamanda Stalin nə etməli idi?

- Bəs Rəsulzadəyə partiyanızın münasibəti necədir?

- Məmməd Əmin Rəsulzadə özünü demokrat adlandırırdı, elə deyil? Bayaq siz Stalinə qaniçən dediniz, ancaq gəlin faşizmlə kommunizmi müqayisə edək. Faşizmin başında Nitşe dayanır. Onun ideoloqudur. Kommunizmin başında isə Marks dayanır. Marksın davamçıları kommunistlərdir. Kommunistlər Yer üzündə dinindən, dillindən, irqindən asılı olmayaraq bütün xalqları dost və qardaş hesab edirlər. Faşizm nəzəriyyəsi isə bir milləti yer üzünün yiyəsi hesab edir. Faşizm deyir ki, alman xalqından başqa yer üzündə xalq yoxdur. Qalanı qırılmalı, məhv olmalı, alman xalqının nökəri olmalıdır. Yəni faşizmlə kommunizmi eyniləşdirmək olarmı? Harda faşizm baş qaldırsa kommunizm onu məhv etməyə çalışacaq. Hitler də ona görə SSRİ-yə hücum elədi. Rəsulzadə o zaman necə davrandı, Hitlerin yanına getdi ki, Azərbaycana kömək elə. Faşist Almaniyası yer üzündə heç bir dövləti tanımır, İngiltərəni tanımır, Fransanı tanımır, Polşanı tanımır, Azərbaycanı tanıyacaqdı? Tutaq ki, mən siyasətçiyəm, gedim Hitlerin qarşısında dayanım ki, sən SSRİ-yə qalib gəl, mənə müstəqillik verərsən? Sizcə bu inandırıcıdır? Demokrat bir adamın belə etməsi nə qədər doğrudur? Burda heç savad-filan da lazım deyil, istənilən normal adam deyəcək ki, düz etməyib. Hitler faşist idi, yer üzündə nə qədər adam qırmışdı.

- Görün, kommunizm Rəsulzadənin gözündə nə qədər böyük şər qüvvə imiş ki, ona görə Hitlerlə əməkdaşlığa da hazır olub.

- Bəşəriyyəti faşist taunundan xilas edən Sovet İttifaqı oldu. Bu faktı birmənalı olaraq hamı qəbul edir. Qərb dövlətlərinin çəkdiyi bir video-xronika var. 1934-cü ildə Çörçill Türkiyəyə gəlir. Atatürk ona deyir ki, siz Almaniyanı SSRİ-yə qarşı müharibə eləməyə təhrik edirsiniz, ancaq bilin, müharibədən sovetlər dövləti qalib çıxacaq. Çünki orda xalqla dövlət birdir. Bu xronikanı Qərb dövlətləri çəkib, bizimkilər çəkməyib ki, deyəsən uydurublar. Düzdür, Atatürk müharibəni görmədi, 1937-də vəfat etdi, ancaq dedikləri düz çıxdı. Görün necə uzaqgörən imiş.

Oxşar xəbərlər

Xəbər lenti

Xalq artistinin oğlu vəfat etdi
01:53 10 İyul 2020
Azərbaycanlı alimin kitabı Avropa dillərində nəşr olunacaq
18:37 09 İyul 2020
Uşaqlar üçün tamaşa
17:56 09 İyul 2020
Təranə Vahidin Türkiyədə çap olunan hekayəsi: "Durna adam"
17:15 09 İyul 2020
Qızını ərə verən atanın ölümü
16:26 09 İyul 2020
İspaniyada Haqverdiyevə həsr olunmuş poçt markaları buraxıldı
15:47 09 İyul 2020
Qadına görə başına bəla gələn məşhurlar: onların arasında Müşfiq də var
15:08 09 İyul 2020
Məşhur sənətçi prezidentliyə namizəd olacaq
14:19 09 İyul 2020
Yaltaqlıq ən perspektivli valyutadır
13:30 09 İyul 2020
Uşaq təbəssümü
12:53 09 İyul 2020
Qorxu və təşviş insanı necə formalaşdırır? – Nazlı Əmirova ekzistensializmdən yazır...
12:30 09 İyul 2020
Bəhram Bağırzadənin həyat yoldaşı: "Hələ danışa bilmir"
11:48 09 İyul 2020
Cinsi yanğısını Facebookda söyüşlə soyudanlar
11:19 09 İyul 2020
Son 200 ilin ən yaxşı qəzəli – Mətn
10:46 09 İyul 2020
Elton Conun şərəfinə sikkə hazırlandı
10:09 09 İyul 2020
Sovet ordusunda üsyan edib almanlar tərəfə keçən azərbaycanlı - Amerikadan yazırlar...
09:01 09 İyul 2020
Moskvada teatrlar avqustun 1-dən açılır
18:54 08 İyul 2020
Uşaq tabutunda basdırılan kişi - Günel Natiqdən yeni hekayə
18:22 08 İyul 2020
Son 10 ilin ən yaxşı qorxu filmləri - Siyahı
17:49 08 İyul 2020
Venesiya Film Festivalı əvvəlki qaydada keçiriləcək
17:10 08 İyul 2020