Yer kürəsini insan yaradıb – Rahid Ulusel yazır...

 Yer kürəsini insan yaradıb – <span style="color:red;">Rahid Ulusel yazır...
25 oktyabr 2017
# 17:39

Kulis.az Rahid Uluselin “Ustad dərsi” essesini təqdim edir.

Biz insanlar Kainatla üz-üzə, onun “təhlükələri” önündə qalmamışıq, əksinə, onun ən optimal məkanının öncinahında ali məqsədlərinə doğru irəliləyirik.

İndiyədək gəldiyimiz yolun məntiqindən çıxış etsək, bu bəsirətdən işıqlanarıq ki, Kainat – İnsanı öz inkişafında yarımçıq qoya bilməz. Çünki Kainat saysız doğuluşlarının heç birində özünü sıfırdan başlamır.

Onun hər doğuluşu – Varlığın irəliyə doğru bir addımıdır. Varlığın balası – Kainat, Kainatın balası – İnsandır ki, damcı-damcı öz körpə həqiqətləri ilə böyüməkdə, materiyanın bir “elementi” və ya Yerin canlılarından biri yox, Kainat quruculuğunun bənnası, daha ali missiyasında memarı olmaq amacında!

Kainatın ali məqsədləri – Varlığın daha yüksək və kamil həyat dürlərində və kvint-essensial optumumunda təzahür etmək, bir tsiklində qazandığı enerjini digərinə ötürmək özəyində konsentrasiya olub. Kainat “dekadansı” – an, “renessansı” – əbədiyyət tək yaşayır.

Xaos – Kainatın buğumları, harmoniya – gövdəsidir. Od da Küllün bir addımı, Kül də Küllün bir addımıdır ki, gül açsın Kainat!

Kainat həyatının hər anı – onun arxitektonikasını ilahi nizamın daha yüksək səviyyəsinə çatdırır və ona öz quruluşunu təkmilləşdirməyin yeni imkanlarını açır.

Yaranışında yalnız fiziki cisim kimi mövcud olan, daha sonra canlı həyatı yetirən – milyardlarla il öncə arxeylərin (təkhüceyrəli orqanizmlər), milyonlarca il öncə dinozavrların yaşadığı Yerlə on minlərcə il öncə zühur edən insanın yaşadığı Yer tamamilə ayrı planetdir: son on min ildə Yer – Təbiət yaradıcılığı arenasından İnsan yaradıcılığı arenasına çevrilib.

Kainatın təkamülü şüur həyatını ərsəyə gətirmək üçün seçdiyi bu optimal məkanda – Yerin yalnız 200 milyon ildə bircə dəfə dövr edə bildiyi Süd Yolu qalaktikasında Günəş sistemi konfiqurasiyasını yaradıb. Deməli, bəşəriyyət yaranışından bəri indiyədək heç zaman getmədiyi, onun beşiyi 4,54 milyard yaşlı Yerin isə yaranışından bəri cəmi 22 dəfə fırlandığı bir “kosmik cığırla” hərəkət etməkdədir.

İndi şüur məhz həmin hərəkət nöqtəsindən Kainatı müşahidə edir. Yanıla da bilir, ancaq azmır! Kainatın İnsan Gözü onun ali məqsədlərini aydın şəkildə görür!

Əlbəttə, insan idrakı yalnız Kainat arxitektonikasının rasional loqosu ilə vəhdətdə Yer planetində yaratdığı sivilizasiyanın dayaqlarını möhkəmləndirə və inkişafının yeni pillələrində transkosmik həyat arenasına çıxa bilər.

Fəqət bu məkanda insan tək və müstəsna deyil: budaq üzərində yavaşca hərəkət edən qırxayaq da, döşəmə üzərində iməkləyən körpə də, Böyük Hadron Kollayderində şığıyan “Big Bang” yaddaşlı protonlar da Kainatın ali məqsədlərincə irəliləyir.

Hətta məzar da öz doğma planeti ilə birgə fəzada süzür! Bu Kainatda varlıq yaratmayan yoxluq mövcud deyil. İnsanın metafizik nihilizm və ya ekzistensial faciəvilik içrə çabalayıb-qıvrılmaları da – məsələn, Şopenhauer, Xəyyam, Paskal, Kyerkeqor, Hadi, Kamyu qatında – Kainatın ali məqsədlərindən yayınmalar yox, o məqsədlər üzrə böyük kosmo-antropos hərəkatının təbii sancıları, iztirablarıdır.

Bu məqsədlərə tuşlanmasaydı, Hüseyn Cavid yazardımı – “Dinlə həp Kainatı!”

Ona görə yaradıcı insan bütün əlamətləri ilə Kainata oxşayır. Kainat da onu öz ruhunca bəsləyir. Kainatdan “Ustad Dərsi” alın, sənətkarlar!

Image result for rahid ulusel

# 3013 dəfə oxunub

Oxşar xəbərlər

Onların yeganə vəzifəsi cümlə düzəltməkdir? - Azərbaycanda bədii redaktor problemi

Onların yeganə vəzifəsi cümlə düzəltməkdir? - Azərbaycanda bədii redaktor problemi

15:00 14 noyabr 2025
"Mən onun mətnləri ilə nəfəs alıram..." - Həmkarlarının Saday Budaqlı barədə fikirləri

"Mən onun mətnləri ilə nəfəs alıram..." - Həmkarlarının Saday Budaqlı barədə fikirləri

17:24 13 noyabr 2025
Azərbaycan nəsrini sanbala mindirən yazıçı - Saday Budaqlının sehirli qalmasının səbəbi nədir?

Azərbaycan nəsrini sanbala mindirən yazıçı - Saday Budaqlının sehirli qalmasının səbəbi nədir?

12:10 13 noyabr 2025
"Dramı yaşayırlar, faciəyə isə layiq olurlar..."  - Rolan Barta görə teatr bizə nəyi öyrədir?

"Dramı yaşayırlar, faciəyə isə layiq olurlar..." - Rolan Barta görə teatr bizə nəyi öyrədir?

10:52 12 noyabr 2025
"O, şərin ən kəskin vəkilidir" - Dostoyevski niyə meşşanlardan yazırdı?

"O, şərin ən kəskin vəkilidir" - Dostoyevski niyə meşşanlardan yazırdı?

12:00 11 noyabr 2025
İkimiz də sevgimizin kölgəsindəyik...  - Günün mahnısı

İkimiz də sevgimizin kölgəsindəyik... - Günün mahnısı

12:00 7 noyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər