news-inner
clock17:00 calendar-gray 21 Oktyabr 2017 view-gray182 dəfə oxunub
view-gray182 dəfə oxunub

Ayxan Ayvaz: “Müsəlman olub-olmadığımı bilmirəm” - MÜSAHİBƏ

Söz İlahi işarədir. Sözün gücü var. Bir də söz sahibləri var. O söz sahibləri ki, sözün dəyərini bilir, onun üzərində zərgər dəqiqliyi ilə işləyir. Belə söz adamlarını tanımaq, onlarla ünsiyyət qurmaq bizim “söz” haqqında anlayışımıza yeni bir məna gətirir. “Söz adamı” layihəsinin növbəti qonağı yazıçı Ayxan Ayvazdır.

- Spinozanın fikrincə “Azadlıq dərk olunmuş zərurətdir...” Bu zərurət sizin üçün nə deməkdir?

- Azadlıq bizim uydurduğumuz bir sözdür. Azadlıq yoxdur. Lüğətlərdən çıxarılmalıdır. Biz həmişə qəfəs axtarışında olmuşuq. Eynən Kafkanın dediyi kimi. Mən bu həqiqətə inanıram. Heç kim azad ola bilmir. Azadlıq əli cibində veyl-veyl gəzmək deyil. Dərk olunmuş zərurət. Necə də düşünülmüş bir fikirdir. Azadlığın dərk olunduğunu sanmıram. Və o azadlığı dərk olunmuş sayanların haqlı olduğuna da inanmıram.

- Keçmiş, yoxsa gələcək?

- Keçmiş. Ona görə yox ki, orda ilişib qalmaq lazımdır. Keçmiş bizim vətənimizdir. O Vətənin torpağına mina basdırılsa da hərdən tez-tez gedib baş çəkmək vacib olur. Xatirələr acı versə də bizimdir, bizə məxsusdur. Onlarsız da, onlarla da yaşamaq olmur. Bu mənada keçmiş daha dolğundur, bitib tükənməzdir. Gələcək isə qaranlıqdır, o qaranlıqdakı işığı görmək üçün gözlərimizi uzun-uzadı qıymağımız gərək. Biz o işığa ümidli olub yaşaya bilmərik. Söykənəcəyimiz bir keçmişimiz əlbəttə var. Ancaq mən buddist fəlsəfəsinə daha yaxın olduğum üçün indiki zamanı seçərdim. Bu an. İndi. Yaşamaq indidir. İndi sizə cavab verirəm, düşüncəmi paylaşıram və bu düşüncəmi daha sonra, yəni gələcəkdə minlərlə adam oxuyacaq. Bu hissin doğurduğu sevinc var. Və indi xoşbəxtəm. Bir azdan da çay içəcəcəm. Gələcəkdə nələr olacağından xəbərsizəm. Bəlkə bir qonaqlığa dəvət etdilər? (gülür.)

- Yaradılış haqqında nə düşünürsünüz?

- Bir az şübhəliyəm bu barədə. Amma Yohal Novanın “Sapiens” kitabını oxuyandan sonra çox şey mənə aydın oldu. Elmin tərəfindəyəm. Sübuta ehtiyac duyuram. Bəzən isə mistik qüvvənin də varlığını hiss edirəm. Hərdən Allahla küsüb-barışıram. Gah inanıram ona, gah da yox. Məsələn, təzə bir hekayəmi yazıb bitirənə qədər Allaha inanıram, bitirəndən sonra isə inanmıram. (gülür).

- Dinə münasibətiniz...

- Bilmirəm. Həqiqətən. Məktəb vaxtı namaz qılmaq istəmişdim. Öyrənə bilmədim. İslam tarixini araşdırdım. Bu barədə bir neçə kitab oxudum. Sonra başa düşdüm ki, din sadəcə öz mifoloji qatı ilə mənə maraqlıdır. Ona həqiqət kimi baxa bilmədim. Dini rəvayətlər məni cəlb elədi sadəcə. Bir roman, hekayə kimi oxudum onları. İndi dini münasibətimizi soruşursunuz. Dəqiq deyə bilməyəcəm. Mən müsəlmanam, ya yox. Çətindir. Amma buddizmə yaxınam. Özümü buddist hesab edirəm. Buddizm isə fəlsəfədir. Yaşam fəlsəfəsi. Mən yaşamağa inanıram. İçində qadağaları olan din mənə uzaqdır. Və Allaha çatmaq üçün hər hansısa dinin köməyinə ehtiyac duymuram. Allahın da dini olmadığını düşünürəm.

- Müasir dövrdə texnologiyanın inkişafı ədəbiyyatı, musiqini, rəssamlığı müəyyən qədər kölgədə qoyur. Necə düşünürsünüz texnologiyanın inkişafı bu anlayışlara necə təsir edir?

- Dövr dəyişir və hər dövrün öz tələbi var. Sadaladığınız anlayışlar mədəniyyət sahələridir. Və bir ölkə, bir dünya mədəniyyətsiz heç bir texnoloji inkişafa sıçraya bilməz. Mədəniyyətdən uzaq dünya susuzluqdan mələyən çöl düzünü xatırladır. Susuz bir çöl düzündə yaşamaq qədər ağrılı heç nə ola bilməz. Mədəniyyət həyat qaranlıq, boz olduğu üçün mövcuddur. Tarkovski deyib bunu. Və mən Tarkovskiylə ikiəlli yox, dörd əlli razıyam. Mədəniyyət həyatın üzərinə yorğan kimi böyük işıq sərir.

- Hələ tanımadığınız və tanımaq istədiyiniz adamlar?

- Atam bir dəfə mənə ən böyük həqiqəti öyrətmişdi: “İnsanları tanıyanda qorxma”. Tanımaq qorxuludur.

- Günah hissi nədir?

- Etiraf edim ki, çətin sualdır. Bunu izah etmək mümkünsüzdür. Tərifi imkansız. Bir neçə dəfə özümü günahkar hiss etmişəm. Günah hissi çox doğma hisdir. Bu hiss bir insanda hələ də qəzaya uğramayıbsa, deməli o, insandır, onun içində möhtəşəm bir dünya var. Məsələn, günah hissi deyənə yadımda Jan Valjan (“Səfillər”), Nexlyudov (“Dirilmə”), Raskolnikov (“Cinayət və Cəza”) obrazları gəlir. Günah hissi dünya ədəbiyyatının qırmızı xəttidir. İnsanı Tanrıya qovuşduran hisdir. Günah hissindən məhrum olmaq insanı gözdən salır, onu cılızlaşdırır. Jan Valjanın oğurladığı gümüş şamdanlar və yepiskopun polisə gülümsəyərək “ona mən bağışlamışam” dediyi səhnə. Necə əzəmətli bir səhnədir. İnsanın vicdanının oyanmasını bu qədər möhtəşəmliklə göstərdiyi üçün Viktor Hüqonun qarşısında ehtiramla baş əymək gərək. Günah hissi insanın öz içinə səyahətdir. Və bu səyahət onu həqiqətə aparır.

- Növbəti kitab haqqında nə düşünürsünüz?

- “Buri” adlı hekayələr kitabım təzəlikcə çıxıb. Düşünürəm ki, hələ yeni kitab üçün çox tezdir. Mən tez-tələsik kitab çıxarmağı sevmirəm. Bundan sonrakı kitab əvvəlkindən qat-qat güclü olmalıdır. Və yəqin ki, növbəti kitab bir xeyli ləngiyəcək. Ölməsək, 3-4 ilə. Görək...

- Son olaraq “söz” haqqında sözünüz...

- Sözün canı var, onu hiss etmək, duymaq gərəkdir. Sözdən daha gözəl heç nə yoxdur bu dünyada. Onların möhtəşəm düzlüşünə baxıb heyrət etdiyim anlar çox olub. Sözlə xoşbəxt olduğuma görə sevincliyəm. Mən bu dünyanı içkidən, qadından daha çox sözlərə görə sevdim.

Tural Cəfərli

MANERA.AZ

news-inner-user

14403 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

Qadın rolu oynadığına görə küçədə döyülən Əməkdar artist - Maraqlı faktlar
12:25 27 Fevral 2020
Plagiat onun ruhuna hopub – Gənc yazıçını sərt tənqid etdilər
11:44 27 Fevral 2020
Qadınlarımızın Vatsap biabırçılığı
11:10 27 Fevral 2020
Allah məni qəbul edər, Leylası? - Rəşad Nağı Mustafanın yeni şeiri
10:40 27 Fevral 2020
Zorlamada günahlandırılan məşhur sənətçiyə qadağa qoyuldu
10:20 27 Fevral 2020
Əlillik mövzusunda kitab təqdim olunacaq
09:53 27 Fevral 2020
Müəlliməni şagirdlərinin intim videosu ilə şantaj etdi...
08:59 27 Fevral 2020
Murad Boz Xocalını belə andı
19:11 26 Fevral 2020
İsveç televiziyasında Xocalı haqqında film nümayiş olunacaq
18:40 26 Fevral 2020
Yuxu və qarabasmaları ilham mənbəyinə çevirən sürrealizm
18:09 26 Fevral 2020
Beynəlxalq elektron musiqi ifaçıları Bakıya gəlir
17:31 26 Fevral 2020
Qarabağ - Ruslan Mollayevdən qısa hekayə
16:53 26 Fevral 2020
Onlar kinomuzun ən kədərli obrazlarıdır - Siyahı
16:14 26 Fevral 2020
Disneyin 15 illik baş direktoru istefa verdi
15:37 26 Fevral 2020
“Kitabi Dədəm Qorqud”un “Türkmən Səhra” nüsxəsi Oğuznaməmi, yoxsa əlyazmamı?
14:59 26 Fevral 2020
"Ər və arvad" Musiqili Teatrın səhnəsində
14:29 26 Fevral 2020
Qəbələ RLS-in bəlaları ekrana gəlir
13:52 26 Fevral 2020
Pantomima teatrı martda - Afişa
13:16 26 Fevral 2020
Varisin yeni romanı çap olundu
12:38 26 Fevral 2020
Şəkilli evdən xatirə - Qismət yazır...
12:00 26 Fevral 2020