Məşədi İbadın bığ-saqqalının saxlanıldığı yerdən REPORTAJ

<b>Məşədi İbadın bığ-saqqalının saxlanıldığı yerdən</b> <span style="color:red;">REPORTAJ
19 oktyabr 2017
# 09:00

Teatra ilk dəfə uşaq ikən getmişəm. 5-6 yaşım olardı. Güclə yadıma gəlir. Yadıma gəlir ki, musiqi var idi, bir də gülüş. Biz - qardaşımla mən gülməkdən gözləri yaşaran ata-anamıza baxıb “Niyə gülürsünüz?” soruşmaqdan yorulmuşduq. Darıxır, nıqqıldayır, zingildəyirdik. Axırda onlar ildə bir dəfə yaşadıqları bu əyləncəni burunlarından gətirməyək deyə aparıb bizi qarderoba verdilər, yəni, qarderobdakı xalaya tapşırdılar...

Beləliklə, mənim üçün teatr həqiqətən də qarderobdan başladı...

Musiqili Teatrın adamsız foyesi o vaxtkı kimi adamı darıxdırırdı ki, Üzeyir bəyin doğma musiqisi eşidildi və bu musiqi o xatirələri bütövləşdirdi. Darıxmaq nədir, ayağımın altını görmürdüm. Bir musiqi ilə tamaşa olarmı?

Köhnə Musiqili Komediya Teatrı, indiki Musiqili Teatr adını dəyişəli, təmir olunalı 4 il olar təxminən.

Bu reportajda məqsədimiz sizi bir teatrın, necə deyərlər, əndəruni tərəfi ilə tanış etməkdir. Musiqili Teatrın Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu bizi tikiş otağından səhnəyədək gəzdirməyə söz verib.

Çün tikiş otağı elə Samir bəyin otağına yaxındır. İçəridə 4 xanım var.

- Hansı tamaşanın geyimləridir?- rahatlıq gətirən sakitliyi pozub soruşuram.

- Hələ ki, ölçüləri düzəldir, paltarları bərpa edirik. Əlimizdə hansısa böyük iş yoxdur. -18 ildir teatrda dərzi işləyən Nübar Hüseynova deyir. - Əvvəlcə geyim üzrə rəssam bizə eskizləri təqdim edir, sonra biz bu eskizlər əsasında smeta tuturuq, parçaları təyin edirik, parçalar alınandan sonra, aktyorlardan ölçü götürürük. Bax belə... İndi mən sizə geyim eskizlərini göstərəcəm. Baxın, bunlar “Molla Nəsrəddinin beş arvadı” tamaşasının geyimləridir. Heç tanıya bilirsiz?

Hardan? Mən baxmamışam, bəlkə sizin aranızda baxanlar olub.

Tikiş sexindən birbaşa kostyum otağına giririk. Bayaqkı par-parça, eskiz burada hazır və bir-birindən qəşəng paltarlardır.

Həmişə mənə elə gəlib ki, teatr həyatın töküntülərini yığıb bizə təqdim edir, dəyər verir. Bəlkə ona görə Pantomima teatrının “Zibillik pərvanələri” tamaşasını çox sevirdim. Tör-töküntü həm də bir başqa təəssüratla bağlıdır. Tamaşasına rekvizit kimi köhnə-təzə əşyalar axtaran aktyorlar, rejissorlar görürdüm, zibilliyə atılmış köhnə bir çamadanın yanından rahat keçə bilməyən aktyor gördüm. Bunun dərdini niyə aktyor çəkməlidir, o da başqa məsələdir...

Geyim sexinin rəisi Aynişan Məmmədova kostyumların sanki sehri uçar deyə, ehmalca göstərir.

- Bax, bu, “999 gecə”dəndir. Bunlar balet truppasının geyimləridir.

Paltarları dartışdırmağımı görüb həyəcanla, - Dayanın, mən özüm sizə göstərim, - deyir. - Geyimlər başqa tamaşalarda da işlənir. Amma tarixi əhəmiyyəti varsa, onu muzeyə veririk. Baxın, bunlar Hacıbaba Bağırovun kostyumları, şapkalarıdır. “92 dəqiqə gülüş”də bunları qoyurdu.

Bu qədər gözəl ayaqqabını çətin bir də bir yerdə görək. İndi toylar da şadlıq evində olur – hansı astanada bu qədər ayaqqabı görə bilərsiniz? İraq olsun, yasda ola bilər, yasa da belə gözəl ayaqqabılar geyilməz.

Hələ pariklər... Nə lələklər, nə şlyapalar, nə yelpiklər, nə pariklər var... Bəlkə də teatr cins olaraq qadındır. Yoxsa niyə kiminsə himayəsinə can atsın daim? Daha düzü, qadınlar mahiyyətcə aktyordurlar, yoxsa adam niyə kirpik taxıb üzünə boya çəksin, hündür daban geyinib boyca hündür görünməyə can atsın?

- Bu Qar kraliçasının parikidir.

- Aha, tanıdım.

- Bu da uşaq tamaşasındandır.

- Bəs, bu?

- Bu Məşədi İbadın bığ-saqqalıdır. Bunları özümüz düzəldirik.

Qrimlər də alınır.

Rekvizit otağında Əlbəsə sexinin rəisi Kəmalə Novruzova ilə tanış oluruq. Bizi plova qonaq edir. Zarafat edirəm. Bu xəyal plovdur. Tamaşalarda verilən. Yalançı aş. Necə deyərlər, “ölüsü” də gözəldir.

Kəmalə xanım bizə “Hicran” tamaşasında aşiqlərə əlac etməyə gəlmiş qoca həkimin sakvoyajını göstərir:

- Təmir etdirdik, indi də tamaşalarda istifadə olunur.

Rekvizit sexi səhnənin lap yanındadır. Azca aralıda iri-iri dekorlar var. Səhnənin lap girəcəyində bir güzgü. Yəqin aktyorlar səhnəyə çıxmamışdan ən son bu güzgüdə özlərinə baxırlar.

Deyim sizə, səhnənin qara-qara pərdələrinin də, köhnə-təzə rekvizitlərinin də, lap elə yuxarıdan baxan sofit işıqlarının, hərlənən çərxi-səhnənin da bir mistikası var. Nə yalanlar, nə doğrular eşidiblər, hamısına lal-kar olmaqla yalanı doğru, doğrunu yalana tən edə biliblər. Bu düppədüz səhnədə nə doğru var, nə də yalan. Oyun var. Cənnətdə alma yeməklə oyuna qoşulmuş Adəm övladı var.

Tanrı şərt qoydu, şərt varsa, oyun var demək ki. Yəni oynamağı insana Tanrı özü təklif edib....

Tələbə yoldaşım, rejissor kursundan tanıdığım Elməddin Dadaşovu görən kimi “999-cu gecə” tamaşasındakı tutuquşunu xatırlayıram. Elməddin Dadaşovun son gördüyüm yaddaqalan rolu. Görüşən kimi tutuquşu yalan olur, yarım dəqiqəyə 70 söz deyirik bir-birimizə.

“O olmasın, bu olsun” tamaşasının orkestrlə məşqidir. Aktyorlar səhnəyə daxil olur. Samir bəy mənə truppa müdiri Vidadi Həsənovu göstərir:

- Onun işi çox ağır və məsuliyyətli işdir, - deyir.

Aktrisa, Əməkdar artist Nahidə Orucova qulluqçu Sənəmi oynamalıdır: “Deyin, belə gözəllikdə qulluqçu olarmı?”

Olmaz, əlbəttə. Gözəllik qulluq etməməlidir... Ona görə də tamaşanın sonunda Üzeyir bəy Sənəmi də ərə verir ki, bir evin xanımı olsun.

Orkestr çökəyinin işıqlarını görən kimi fotoqrafımız Sabirə işarə edirəm. Bunca əziyyət çəkib, teatra əlavə bir eksklüzivlik, canlılıq gətirən, amma sözün hər iki mənasında qaranlıqda qalan heyəti çəksin deyə.

“O olmasın, bu olsun”dan Üzeyir bəyin musiqisini dinləyə-dinləyə bir canlı sənət növü kimi teatrın nə qədər dəyərli olduğunu təzədən kəşf edirəm.

Hərçənd, ideya yoxdursa, bu canlı sənətin bütün komponentləri dağılır. Yəni, teatrda gərək həm o, həm də bu olsun...

# 1080 dəfə oxunub

Oxşar xəbərlər

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

Hamı bir nöqtədə - İtalo Kalvinonun hekayəsi

17:00 21 aprel 2024
Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

Oyunbazı Allah kimi qarşılayanlar - İnsan niyə özünə hörmət eləmir?

12:00 21 aprel 2024
Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

Səni sevməkdən də vacib işlərim var... – Qulu Ağsəsin şeirləri

17:00 20 aprel 2024
Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

Xəzəl vaxtı - Sara İbrahimin yeni hekayəsi

15:00 20 aprel 2024
"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

"Heç süni intellekt bu cür saxta dialoqlu mətn yaza bilməz" - Hekayə müzakirəsi

14:45 18 aprel 2024
"Cırıb atdım dualarımdan bütün bayraq və vətən fotolarını" - Tural Turandan yeni şeirlər

"Cırıb atdım dualarımdan bütün bayraq və vətən fotolarını" - Tural Turandan yeni şeirlər

17:00 17 aprel 2024
# # #