news-inner
clock14:32 calendar-gray 09 Oktyabr 2017 view-gray203 dəfə oxunub
view-gray203 dəfə oxunub

Adı xəritəsinə sığmayan ölkə - İlham Qəhrəmandan YENİ ŞEİRLƏR

Kulis.az İlham Qəhrəmanın yeni şeirlərini təqdim edir.

Eşq ola ürək dolusu

Bəxtimizə bir gün düşə

Nə ağır, nə nəhs olmaya.

Yar səni xəlvətə çəkə

İnni, cinni, səs olmaya.

Bir qız ola yaz kimicə,

Qışdan çıxmış buz kimicə…

Yalayasan duz kimicə,

Yorulasan – bəs olmaya.

Bir söz desəm nə olası -

Ağrımarsanmı, balası? -

Eşq ola ürək dolusu,

Yar deyəcək kəs olmaya?!

08.10.2017

Gedənlər

Necəsiniz nəm dəsmalı,

Günəşə sərib gedənlər?!

Baramatək dörd yanını

Gözüyüb, hörüb gedənlər.

Təzə dərdə bax, cücərir,

Kim belə gözəl becərir?!

Bir dəfə gələn əcəli

Min dəfə görüb gedənlər.

Çıxarsan yola yüyürüb,

Yolu gedənlər əyirib...

Dünyaya qərib buyurub,

Dünyadan qərib gedənlər.

05.10.2017

***

Ömrün sonunda vurulmaq

əvvəlinə gecikməkdi.

Səni sevmək - bostana

özgə arxdan su çəkməkdi.

28.08.2017

Ölkə

Ayrılır mahal-mahal,

Kəsilir, doğranır bənd-bənd,

Yad olur şəhər-şəhər,

unudulur kənd-kənd.

Bir belə ağrıyla

lal kimi səsi, cınqırı

çıxmayan ölkə.

O qədər kiçilib

xəritəsinə adı sığmayan ölkə.

21.08.17

Sevgi

Sevgi gizlənmək bilməz,

İçini sərər günəşə.

Sevgi doyumluq deyil,

Aclıq çəkməkdi həmişə.

07.04.2017

İlahi, şair, söz

Hələ ki, qulağım səndədi mənim,

səni eşidirəm hələ, İlahi,

Səndən söz güdürəm söz bərəsində

gündü - keçirirəm belə, İlahi.

Gah çiçəkqabağı ağaca meh kimi

toxunur mənə sözlər,

Gah güldən gələn ətir kimi çatır,

Bəzən bir göz qırpımında –

şimşək üstə oxunan sətir kimi çatır.

Mən ki, bir yalquzağam,

səndən gəlmə yalquzaq xislətimlə

hər kəsdən aralanıb gendə yazıram.

Gündə yazmıram...

nə vaxt səni eşitsəm, onda yazıram.

Zaman tanımaz bu hal, -

(Mənimlə danışan bu lal)

Bəzən yuxudan oyanıb yazdım,

Bəzən yol gedəndə eşitdim səni,

Getdiyim yerdə dayanıb yazdım.

Gözdən yaşla qayıdan soğan acısı tək

gəlib məndən yazın qayıdır.

Bilirəm şair var gedir səndən bir söz eşidə

eşidə bilmir, əli ətəyindən uzun qayıdır.

İşim-peşəm budu mənim, -

Səndən söz alıram, söz qaytarıram,

Qorxuram nəfəsə gələ misralar

Üzərlik yandırıram, göz qaytarıram.

Sən qoyan mizan-tərəzi daha qalmayıb,

İndi şairlik bir quru addı, İlahi,

Səndən gələn sözün mənziliyəm,

Özüm bərbad gündə olsam da

Söz mənzilin abaddı, İlahi!

08.03.2017

Mərmiyəcən yaşamaq

(şəhidin dilindən)

Ömür vəfa etmədi -

qara buluda girən aya döndü,

gizləndi məndən...

Kim düzdü bu ömrü sapa bilmədim,

ha çırpındım -

ömrümün ardını tapa bilmədim.

Ömrümün sonunda mərmi dayandı...

İyirmiyəcən yaşadım,

Həmin mərmiyəcən yaşadım.

Yıxıldım qaldım torpağınan,

son dəfə sarmaşdıq bayrağınan.

Ömrüm az oldu, amma,

vətən sevgimdən tamsındı bir az.

Yağış, günəş, qarıynan sevdim,

Qanım süzən əsgər paltarıynan

sevdim vətəni.

2

Anamın sevgisi

çardağımızın altı kimiydi

çardağın altında az oldum

anam ağlayanda

çardax axtarar məni.

Qonaq-qara olanda

daxaldan məclisə

gətirərdim bardağı...

qonaq gələndə

bardax axtarar məni.

Hər axşam

çöl qapının çırağını

mən yandırardım

axşam düşəndə

çırax axtarar məni.

3

Atam toya gedəndə

çəkmələrini silərdim,

toya hazırlaşanda

atamın yadına düşərəm.

Başımda iki burux vardı, -

“iki arvad alacaq” deyirdilər

ikiburuxlu baş qırxanda

ustamın yadına düşərəm.

...Sevgimi bildirməyə

ömür vəfa etmədi...

(...başımda iki burux varıdı)

Ürəyim boş deyil, -

bir mərmi,

bir nakam sevgi dadı,

bir də o qızın adı...

Nə o qızı soruşun,

nə də bir sual edin,

apardıqlarımı halal edin!

30.03.2017

news-inner-user

19490 məqalə

Oxşar xəbərlər

Xəbər lenti

İttifaqın katibi: “Ən böyük təhlükə “feyk” Azərbaycan kinosudur” – Müsahibə
12:30 02 Avqust 2021
Amaliya Pənahovanın barelyefinin açılışı olub - Fotolar
12:01 02 Avqust 2021
Kamal Abdullanın yeni romanı çap olunub
11:33 02 Avqust 2021
Kinostudiyanın direktoru: “Müjdə çox yaxındadır” – Müsahibə
10:51 02 Avqust 2021
Mərmi düşməyən pir, şükür edən İcra başçısı - Tap Qaraqoyunluda söz bayramı - Fotolar
10:30 02 Avqust 2021
Bu gün Milli Kino Günü qeyd olunacaq
09:56 02 Avqust 2021
Rüstəm Behrudi: “Xalq şairi adını versələr, qəbul eləmərəm” – Müsahibə
09:00 02 Avqust 2021
Səhnəmizin gerçək primadonnası: Amma danışmasın!
13:12 01 Avqust 2021
Rüstəm Behrudi intihar edən qardaşı oğluna şeir ithaf etdi
11:30 01 Avqust 2021
Biz tərəflər – Şərif Ağayardan hekayə
16:30 31 İyul 2021
"Memati" yeni serialda rol alacaq
15:00 31 İyul 2021
Aydın Xırdalanlı ölüm anında hansı videoya baxıb – Maraqlı Faktlar
13:30 31 İyul 2021
ADU-da Pakistan Mədəniyyət Mərkəzinin açılışı olub
12:52 31 İyul 2021
Flora Kərimova "Şərəf" ordeni ilə təltif olundu
11:48 31 İyul 2021
Ayaz Salayev: "O Ittifaqın başında bizə yaraşmayan insan dayanıb" - Müsahibə
11:33 31 İyul 2021
Tünzalə Ağayeva Türkiyəyə yardım göndərdi
10:26 31 İyul 2021
Ən başıbəlalı mahnımız: Onu Fatimeyi-Zəhraya, Şah İsmayıla və Cəfər Cabbarlıya nə bağlayır?
09:02 31 İyul 2021
Facebookda tənha insanları necə tanımaq olar?
21:00 30 İyul 2021
Ssenaristlər üçün Yay Məktəbi təşkil olunur
19:00 30 İyul 2021
Şəhidlərə həsr olunmuş kitab işıq üzü görüb
18:05 30 İyul 2021